Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-529/2021 01.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu X2 Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Xətai RPİ-nə PPX-nə polis nəfəri, polis kiçik serjantı rütbəsində xidmətə qəbul etdirəcəyi və 1 il sonra Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qiyabi təhsillə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2014-cü ilin sentyabr ayının sonlarında ünvan 1 ünvanda həmin vaxtı Azərbaycan manatı ilə məzənnəsi 5460 (beş min dörd yüz altmış) manat təşkil edən 7000 (yeddi min) ABŞ dolları və 34000 (otuz dörd min) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs qızma ümumilikdə 39460 (otuz doqquz min dörd yüz altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, eləcə də iş üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində də xüsusi qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 ittihamçının vəsatətinə etiraz edərək, Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətlə müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirlndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 287.2, 289.3.3, 303.3.1 və 303.3.6-ci maddələrinin tələblərinin pozulması hallarının aradan qaldırılması və Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsinin, iş üzrə sübut kimi mühüm əhəmiyyət kəsb edən ziddiyyətlərin aradan qaldırılması, tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının və müvafiq istintaq hərəkətlərinın yerinə yetirilməsinin təmin edilməsi məqsədilə cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi Müdafiəçi, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə ərizələr və vəsatətlər vermişlər. Həmin vəsatətlərdə təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakı ilə ibtidai istintaq zamanı dindirilməsini, istintaq hərəkətlərinin aparılmasını və zərərçəkmiş şəxslə üzləşdirilməsini xahiş etmişdir, lakin müstəntiq həmin vəsatətləri əsassız və qanunsuz olaraq rədd etmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi vəsatət verərək iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə ünvanlandığı eyni məzmunlu şikayət ərizəsi əsasında araşdırma aparıldığını göstərmiş, lakin müstəntiq qeyd edilən ərizə ilə əlaqədar ararşdırmanın aparılıbaparılmamasını aydınlaşdırmamış və əsassız olaraq həmin vəsatəti də rədd etmişdir. İş materiallarından görünür ki, cinayət işi 15.03.2021-ci il tarixdə başlanmış, 05.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Müdafiəçi ilə müqavilə bağlamış və sonuncu faktiki olaraq həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun müqavilə əsasında müdafiəçisi ibtidai istintaq zamanı dəfələrlə ərizələr və vəsatətlər verərək, ibtidai istintaqın gedişində məhz Müdafiəçi iştirakı ilə istintaq hərəkətlərinin aparılmasını, Müdafiəçi iştirakı ilə dindirilməsini və zərərçəkmiş şəxslə üzləşmənin aparılmasını xahiş etsələr də, müstəntiq əsassız olaraq həmin vəsatətləri rədd etmişdir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakını yalnız etiraz etmə, ibtidai istintaqın qurtarması, və cinayət işinin materialları ilə tanış etmə zamanı təmin etmiş, lakin onun iştirakı ilə hər hansı istintaq hərəkəti həyata keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi yenidən vəsatət vərərək cinayət işi üzrə müvafiq istintaq hərəkətlərini aparılmasını xahiş etmişdir. Lakin müstəntiq 10.09.2021-ci il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçinin vəsatətinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar 11.09.2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən prokuror tərəfindən ləğv edilmiş və vəsatətdə göstərilən xüsusatların araşdırılması müstəntiqə tapşırılmışdır. Lakin müstəntiq yenə də həmin vəsatətdə göstərilən halları araşdırmamış, 21.10.2021-ci il tarixdə vəsatətin rədd edilməsi haqqında yenidən qərar qəbul etmiş (vəsatətdə göstərilən halları ümumiyətlə araşdırmamışdır) və ibtidai istintaqı qurtarmışdır. 02.11.2021-ci il tarixdə ittiham aktını tərtib edərək ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən prokurora təsdiq üçün göndərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə ərizələr və vəsatətlər vermiş, həmin vəsatətlərdə təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı dindirilməsini, istintaq hərərkətlərin aparılması və zərərçəkmiş şəxslə üzləşdirilməsini xahiş etsə də, müstəntiq həmin vəsatətləri əsassız və qanunsuz olaraq redd etmişdir. Qeyd edilməlidir ki, müstəntiqin həmin hərəkətləri təqsirləndirilən şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını hüquqlarını məhdudlaşdırmaqla, cinayət işinin ibtidai istintaqının kobud pozulntulara yol verməklə aparılması ilə nəticələnmişdir. CPM-in 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 91.5.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;... 91.5.9. öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;... 91.5.10. ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək. CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir. CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin hüquqları pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3-cü maddəsinə müvafiq olaraq cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 91, 92, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.
Hakim: Vüsal Tağıyev