Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-529/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə günorta saatlarında qohumu X2 idarə etdiyi “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin qismində əyləşib birlikdə hərəkətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsindəki köməkçi yolun Tbilisi prospekti ilə kəsişməsində yolun daralması nəticəsində yaranmış nəqliyyat axınının sıxlığı zamanı eyni yolda hərəkətdə olan “Toyota Corolla” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs yol verməyərək onların olduğu avtomobili səkiyə doğru sıxmasını və sürücünün buna əhəmiyyət verməyib hərəkətinə davam etməsini əsaslı səbəb kimi qəbul etdiklərindən Tbilisi prospektinə, oradan isə Bakı-Sumqayıt magistral avtomobil yoluna çıxmış Samir Əliyev idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artırmaqla irəlidə hərəkət edən Zərərçəkmiş şəxs avtomobilini təqib etməyə, eyni zamanda sonuncunun hərəkətini dayandırması məqsədi ilə davamlı olaraq uzaq işıq cihazlarını sayrışdırmağa başlamış, saat 16:30-da Bakı şəhəri, Binəqədi rayonu Bakı-Sumqayıt magistral avtomobil yolunun Biləcəri qəsəbəsinə gedən sağ köməkçi yolla kəsişməsində yerləşən avtobus dayanacağının qarşısında Zərərçəkmiş şəxs avtomobili saxlamasına nail olduqdan sonra isə avtomobildən enmiş Samir Əliyev bir qədər öncəki mübahisəli yol şəraitində haqsız tərəf kimi gördüyü Zərərçəkmiş şəxs bununla bağlı iradını bildirib əli ilə sonuncunun başına vurmaqla fiziki ağrılar yetirdiyi anda o, tərəflər arasında yaranmış münaqişəyə müdaxilə edib əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vurmaqla alt və üst dodağın selikli qişalarının ağız boşluğuna keçən əzilmiş-cırılmış yaraları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir və hazırda əməlindən səmimi olaraq peşmandır. Həmçinin Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam şəkldə ödəmişdir və hazırda sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyan tamamilə ödəməsini, həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı çıxış edərək, hazırkı iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığından, heç bir şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmıış material üzrə faktı görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Bakı- Sumqayıt şossesinin Xırdalan dairəsi istiqamətində yolun sağ tərəfində baş vermişdir. xx.xx.2022-ci il tarixli, 1198 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi eskpertizasına və tibbi sənədlərdə qeyd olunanlara əsasən, hadisə haqqında qərarda yazılanları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq ekspert aşağıdakı nəticəyə gəlmişdir:
1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-alt və üst dodağın selikli qişalarının ağız boşluğuna keçən əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq və sillə ilə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham olunmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xüsusilə mühüm işlər üzrə baş müstəntiq Əlibala Hacıyevin icraatında cinayət işlərinin mürəkkəbliyi və çoxluğu nəzərə alınmaqla ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin müstəntiqi polis baş leytenantı Xəlil Əsgərovun icraatına qəbul olunmaqla ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli təkrar məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş Zərərçəkmiş şəxs alt və üst dodağın selikli qişalarının ağız boşluğuna keçən əzilmiş-cırılmış yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci ildə yarana bilərdilər və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 4,6,7. Vətəndaş Zərərçəkmiş şəxs Abşeron RMX-da xx.xx.2022-ci il tarixdə çəkilmiş üz skeleti sümüklərinin KT müayinəsinin nəticəsində “sol almacıq çıxıntısının xətti sınığı” və “hər iki burun sümüyünün yerdəyişən sınığı” kimi qeyd edilən dəyişikliklər istər ilkin, istərsə də təkrar ekspertiza aparılarkən Birliyin eskpert-radioloqu tərəfindən göstərilən sümüklərin anatomik-arxitektonik görüntüləri kimi təsvir edildiyindən onların xəsarət kimi məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi mümkün olmamışdır. 5.Zərərçəkmiş şəxs gözlə görünən xəsarətlərinə aid olan bir dişinin itirilməsi, digərinin zədələnməsi xəsarətləri, eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi və istintaqa təqdim etdiyi fotoşəkildə təsvir olunan hər iki gözaltı nahiyələrin göyərməsi, sol alın nahiyəsinin şişməsi fotoşəkillər markirovka edilmədiyindən və eləcə də tibbi sənədlərdə də bu haqda hər hansı məlumat olmadığından onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli tanınma aparılması haqqında protokoldan görünür ki, 05 iyul 2023-cü il tarixdə cinayət işi üzrə fotoşəkillər əsasında tanınma istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ona təqdim olunmuş 4 nəfər kişi cinsindən olan şəxslərin fotoşəkillərindən 2 nömrəsi altında qeyd edilmiş fotoşəkildə olan şəxsin, yəni Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş şəxs olduğunu, həmin şəxsi üz cizgilərindən, burnu, gözləri və çənə quruluşundan tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Zamiq Bağırov