Məhkəmə qərarları › İş №1(001)-529/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-529/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-529/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 22 may 2022-ci il tarixdə, saat 03:17də Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 3 ünvanında yerləşən binanın qeyri-yaşayış sahəsinə aid 2-ci mərtəbəsində yerləşən şirniyyat mağazasının plastikdən olan giriş qapısını üzərində gəzdirdiyi vintaçanla güc tətbiq edərək qapını açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri olan dolabın siyirməsində olan 360 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 360 ( üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi 18 sentyabr 2023-cü il tarixdə, saat 03:51-də Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 4 ünvanında yerləşən “Komagene” adlanan restoranın qapısını üzərində gəzdirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edərək qapını açmaq yolu ilə restorana qanunsuz daxil olub, oradan saxlanc yeri olan dolabın siyirməsində olan 130 manat nağd pulu, 1 ədəd 100 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonu və dolabın üst hissəsində olan 1 ədəd 20 manat dəyərində qulaqcığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi 18 sentyabr 2023-cü il tarixdə, saat 03:55-də Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 5 ünvanında yerləşən “AG boutique” adlı geyim mağazasının plastikdən olan giriş qapısını üzərində gəzdirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edərək qapını açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, saxlanc yeri olan dolabın siyirməsindəki kitabçanın içərisində olan 3.600 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3.600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, hazırda ifadə vermək istəmədiyini, ittiham aktında yazılanların hamısının doğru olduğunu, ona elan edilmiş ittihamda göstərilmiş hər 3 epizod üzrə özünü təqsirli bildiyini göstərimişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 22 may 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən binanın qeyri-yaşayış sahəsinə aid 2-ci mərtəbəsində yerləşən şirniyyat mağazasına daxil olaraq orada olan dolabın siyirməsindən 360 manat nağd pulu götürmüşdür. Bundan sonra isə 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində bir birinə yaxın yerləşən “Komagene” adlanan restorana və “AG boutique” adlı geyim mağazasına daxil olaraq restorandan pul, samsunq markalı telefon və qulaqlıq, geyim mağazasından isə nağd pul götürmüş, telefon və qulaqcığı tutulduqdan sonra polis əməkdaşlarına qaytarmış, götürüyü pulları isə xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayından işlətdiyi ünvan 3 ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində olan şirniyyat mağazasını icarə əsasında götürərək işlədir. 22 may 2022-ci il tarixdə saat 11 radələrində icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində olan şirniyyat mağazasına yaxınlaşaraq həmin mağazanın ümumi giriş qapısını açmaq istəyərkən, qapının açıq olmasını, mağazadan olan dolabın siyirməsindən ona məxsus 360 manat pulun oğurlanmasını aşkar etmişdir. Sonra baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Ona dəymiş ziyanın ödənilməmişdir, hal-hazırda şikayətçidir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, təxminən bir ildir ki, ünvan 4 ünvanında yerləşən “Komagene” adlı restoranı işlədir. 18 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində restorana getmiş, ancaq oranın qapısının kilidləyib getdiyi kimi deyil, kiliddən çıxarılmış və kənarları sıxılmış vəziyyətdə görmüşdür. Dərhal içəriyə baxıb dolabın siyirməsinin içərisində saxladığı “Samsung Galaxy J3” markalı mobil telefonun, 130 manat məbləğdə nağd pulun və həmin dolabın üst hissəsində saxladığı, bir ədəd qara rəngli qulaqcığın yerində olmadığını görmüşdür. Bundan sonra mağazadan oğurluq edildiyini başa düşmüş, bir qədər sonra DİN-nin “102” xidmətinə hadisə barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri aparmışlar. Hadisə nəticəsində işlətdiyi restorandan 130 manat məbləğdə nağd pul, 100 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonu və 20 manat dəyərində bir ədəd qulaqcıq oğurlanmışdır. Ona cəmi 250 manat məbləğdə maddi ziyan vurulmuşdur, həmin pul, telefon və qulaqcıq özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, “Təxminən dörd ildir ki, ünvan 6 ünvanında yerləşən “AG boutique” adlı qadin geyim mağazasını işlədir. Orada adətən saat 11:00-dan saat 17:00-dək olan müddətdə işləmiş və həmin mağazanı həmişə özü açıb bağlamışdır. Bu qaydada sonuncu dəfə 17 sentyabr 2023-cü il tarixdə saat 17:00-da həmin mağazanı adı qaydada kilidləyib oradan getmişdir. Səhəri gün, yəni 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində mağazaya getmiş, ancaq mağazanın qapısının kilidləyib getdiyi kimi deyil, kiliddən çıxarılmış və kənarları sıxılmış vəziyyətdə görmüşdür. Dərhal içəriyə baxıb dolabın üzərinin nisbətən dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Dolabın siyirməsində saxladığı kitabçanı açıb içərisinə qoymuş olduğu 3.600 manat məbləğdə nağd pulun yerində olmadığını görmüşdür. Bundan sonra mağazadan oğurluq edilmiş olduğunu başa düşmüşdür. Bir qədər sonra DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri aparmışlar. Hadisə nəticəsində onun işlətdiyi mağazadan 3.600 manat məbləğdə nağd pulu oğurlanmış və ona həmin məbləğdə maddi ziyan vurulmuşdur.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, “AG Boutique” geyim mağazasından 3600 manat məbləğində nağd pulun oğurlanmasına dair fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 işlətdiyi “Komagene” adlı restorandan 130 manat nağd pul, “Samsung Galaxy J3” markalı mobil telefon və bir ədəd qulaqcıq oğurlanmasına dair fakt üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü və dəqiqliyi hadisə yerinə yoxlanmış, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 01 ədəd DVD formatlı disk açıldıqda 1 ədəd "VİD-20240605- WA0013.mp4" adlı, 01 ədəd "VİD-20240605-WA0014.mp4" adlı, 01 ədəd "VİD-20240605- WA0015.mp4" adlı video fayl aşkar olunmuşdur. Həmin 01 ədəd "VİD-20240605- WA0013.mp4" adlı video fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 05:34-də bir nəfər əynində qırmızılı qaralı gödəkcə olan kişi cinsli şəxsin köşkə yaxınlaşıb nə isə soruşaraq çıxıb getməsi müşahidə olunmuşdur. İkinci 01 ədəd "VİD-20240605- WA0014.mp4" adlı video fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 03:56-də bir nəfər əynində qırmızılı qaralı gödəkcə olan kişi cinsli şəxsin əlində olan pulları sayaraq ünvan 4 ünvanında yerləşən "Komagene" restoranının qarşı hissəsindən keçərək uzaqlaşıb getməsi müşahidə olunmuşdur. Sonuncu 01 ədəd "VİD-20240605- WA0015.mp4" adlı video fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 03:51-də bir nəfər əynində qırmızılı qaralı gödəkcə olan kişi cinsli şəxsin ünvan 4 ünvanında yerləşən "Komagene" restoranının qarşı hissəsində olan plastik giriş qapısına yaxınlaşaraq əlində olan alətlə qapıya müdaxilə edərək qapını itǝləmək yolu ilə açaraq içəri daxil olması, həmin şəxsin satış üçün nəzərdə tutulmuş yerdə olan kassa hissəsinə yaxınlaşaraq dolabın siyirmələrini axtarması, axtarış zamanı dolabın siyiməsindən tapdığı pulu, mobil telefonu və qulaqcığı götürüb cibinə qoyaraq çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə köşkə yaxınlaşan və ünvan 4 ünvanında yerləşən "Komagene" restoranına daxil olaraq oğurluq edən şəxsin özü olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3-cü çaddəsi ilə başlamış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və bu cinayət işi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, həmin fakta görə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi il təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:20 radələrində ünvan 7 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində olan şirniyyat mağazasının giriş qapısına müdaxilə edərək qapını açıb içəri daxil olması və orada olan şkafın siyirməsini (kassanı) açaraq orada olan pulu götürərək mağazanı tərk etməsi aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1292/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin görüntüsü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin görüntüsü olan 1 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndində göstərilmişdir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə yetkinlik əsasən yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını (AR CM 59.1.2), törətdiyi əməldən peşman olmasını (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti barədə müddəalarının tələblərini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, törətdiyi cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinin təmin edilməsi mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 1292/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli (CM-85.5.1), azadlıqdan məhrum etmə cəzası yerində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs na göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 1292/2023 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin, cəzasının 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzası yerində cəza çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 240 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar