Məhkəmə qərarları › İş №1(001)-530/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-530/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-530/2022 01.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkillər bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olan və ödənilməyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd TT-5488 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, həmçinin atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, yəni 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cü ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) kostruksiyalı tapançaların ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq əldə edib üzərində gəzdirərək daşıyıb saxlamış və 17 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 14-cü sırada yerləşən fərdi yaşayış evlərinin qarşısında Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən qanunsuz olaraq əldə edib gəzdirərək daşıyıb saxladığı həmin texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd TT- 5488 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança onun əynindəki boz rəngli cins şalvarının arxa bel tərəfindən, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, yəni 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cü ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) kostruksiyalı tapançaların ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq isə həmin şalvarının sağ ön yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə məhkumluğu olunmuşdur, 2022-ci ili aprel ayının təxminən 14-də, yəni aprel ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu «Karl Marks» kimi də adlanan ərazinin yaxınlığında «Xutor» kimi adlanan yerdə, daha dəqiq Eldar Babayev küçəsində zibilliklər olan yerdə yığmaq üçün dəmir tullantılar axtaran zaman yerdə qara rəngli bir sellofan paket görmüşdür, həmin paketi qaldırdıqda ağır olduğunu görüb paketi açdıqda içərisində artıq markası ona bəlli olan «Makarov» tapançası olduğunu aşkar edərək götürmüşdür. Əvvəlcə elə bilmişdir ki, tapança oyuncaq tapançadır, lakin həmin tapançanı nəzərdən keçirdikdə gördmüşdür ki, tapança həqiqidir, odlu silahdır, darağında, yəni sandıqçasında patronlar da vardır. Həmin tapançanı götürüb özündə saxlamaq qərarına gəlmiş, ətrafda heç kimin olmadığını görüb həmin tapançanı əynindəki şalvarının arxa bel tərəfinə keçirib saxlamışdır. Tapança tapdığını heç kimə bildirməmiş, tapançanın darağını nəzərdən keçirəndə görmüşdür ki, daraqda 03 ədəd patron var. O, tapançanı həmin vaxtdan daim üzərində gəzdirmişdir. 17 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxın olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 14-cü sırada yerləşən fərdi yaşayış evlərinin qarşısı ilə təklikdə piyada keçərkən polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim edərək saxlayıb Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə gətirmişlər. Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində onun üzərinə baxış keçirilməmişdən əvvəl müdafiəçi dəvət edilib təqdim edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. O, videoçəkilişin aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı bildirir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa polisə təqdim etsin. O da artıq polisin üzərindəki əşyaları masanın üzərinə qoymağını tələb etdiklərini, ifşa olunduğunu görüb onlara bildirir ki, mənim üzərimdə silah var. Həmin vaxtı polis əməkdaşları onun üzərinə özləri baxış keçirib axtarmağa başlamışlar. Onun üstünü axtaranda əynindəki boz rəngli cins şalvarının arxa bel tərəfinə keçirib qoymaqla saxladığı həmin «Makarov» tapançasını, həmçinin həmin şalvarının sağ ön yan cibindən içərisində 03 ədəd patron olan tapançanın darağını aşkar etmişlər. Polis əməkdaşı tapançanın içərisində, yəni lüləsində də patron olub- olmamasını yoxmalaq üçün tapançanın lüləsinə baxış keçirdikdə orada başqa patronlar aşkar olunmadı. Polis əməkdaşı tapançanın üzərindəki və daraqda olan 03 ədəd patronların üzərlərindəki seriya nömrələri oxuyub elan edir. Bundan sonra polis əməkdaşları üzərinə baxıb axtardılar, tapança və 03 ədəd patronla bərabər tapança darağından başqa üzərindən digər qanunsuz maddə və ya əşya aşkar olunmadı. Polislər üzərinə axtaranda ayağımda «probasiya» idarəsi tərəfindən quraşdırılmış “braslet” görəndə polis əməkdaşlarına demişdir ki, məhkum olunmuşam, məhkəmənin hökmü ilə «şərti» azadlıqdayam. Polis əməkdaşları üzərindən aşkar olunan tapança, patronlar və daraqla maraqlandıqda bildirmişdir ki, «həmin tapançanı və patronlarla bərabər tapança darağını təxminən 3-4 gün əvvəl «Karl Marks» kimi də deyilən ərazidə zibillik ərazi olan yerdə dəmir tullantıları axtaran zaman yerdən tapmışdır, həmin tapança patronlarla bərabər qara paktetdə idi, əvvəlcə elə bilmişdir ki, alışqandır, lakin nəzərdən keçirəndə görmüşdür ki, həqiqi tapançadır, odlu silahdır. Tapançanı da tapdığı vaxtdan istifadə etmədən üzərində daşıyıb gəzdirmişdir. Bundan əlavə polislərə bildirmişdir ki, «avtomobili yoxdur, yaşadığı evdə də başqa qanunsuz əşya və ya maddə yoxdur, tapançanı tapıb elə-belə üzərində gəzdirib daşımışdır. Beləliklə baxış zamanı polis əməkdaşları üzərindən aşkar olunmuş, artıq ekspertiza rəyinə əsasən, ittihamda da qeyd olunan «Makarov» tapançanı, 03 ədəd patronu, tapança darağını, yəni sandıqçanı götürüb qablaşdıraraq möhürlədilər. Üzərinə şəxsi axtarışın çəkildiyi videoçəkilişə baxmış və şəxsi axtarışla bağlı tərib olunmuş protokol ucadan oxunduqdan sonra o tanış olub imzalamışdır. Ona, polisdə heç bir təzyiq olunmadı. 17 aprel 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunan, yəni əynimdəki boz rəngli cins şalvarının arxa bel tərəfindən və həmin şalvarın sağ ön yan cibindən aşkar olunmuş ittihamda da qeyd olunan texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd TT-5488 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, yəni 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cü ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) kostruksiyalı tapançaların ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq ona məxsusdur. Həmin üzərindən aşkar olunmuş tapançanı patron və daraqla bərabər o 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, «Karl Marks» kimi də adlanan ərazinin yaxınlığında «Xutor» kimi adlanan yerdə, yəni Eldar Babayev küçəsində zibilliklər olan ərazidə yerdən qara paketin içərisində təsadüfən tapmış və həmin vaxtdan da, özünü qorumaq üçün üzərində gəzdirib daşımışdır. O həmin tapançadan istifadə etməmişdir. Onda tapança olmasını heç kimə bildirməmişdi, göstərməmişdir, nümayiş etdirməmişdir. Tapançanı kiməsə vermək və satmaq fikri yox idi, sadəcə üzərində gəzdirib daşımışdır. Bundan sonra polis əməkdaşları tərəfindən ondan götürülmüş, orada qeyd etdikləri polis əməkdaşı tərəfindən protokollaşdırılmış, protokol oxunmuş, heç kim qeyd və əlavə etməmiş və onun iştirakı ilə polis əməkdaşları həmin protokolu imza etmiş və DİN-in 176 nömrəli möhürü ilə möhürlənmiş, maddi sübutun üzərini imza etmişlər. Əməlindən peşman olduğunu, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil oldu ki, xx.xx.1993-cü il təvəllüdlü, Xırdalan şəhəri, Abşeron rayonu ,məhəllə 27 ev 1 mənzil 14-də qeydiyyatda olmaqla Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 15-ci sıra ev 97-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahın sursatın gəzdirməsi bildirilmişdir. Bu barədə 7-ci PB-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradıldı və sənədləşdirmə işləri görüldükdən sonra qrupa rəhbərlik mənim rəhbərliyimlə əməliyyat qrupunun digər üzvləri-əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə həmin əməliyyat məlumatı ilə əlaqədar xidməti fəaliyyətə başladıq. 17 aprel 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi sıra 14 ünvanında zahiri görünüşcə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər gördük. Yaxınlaşaraq özümüzü təqdim etdik və həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o, bildirdi ki, xx.xx.1993-cü il təvəllüdlü, Xırdalan şəhəri, Abşeron rayonu, məhəllə 27 ev 1 mənzil 14-də qeydiyyatda olmaqla Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 15-ci sıra ev 97-də yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şübhəli olması tərəfimizdən deyilərək, Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilərək xidməti otaqların birinə yerləşdirilmişdir. X2 üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olundu. Təqsirləndirilən şəxs hüquqları izah olundu. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşuldu. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa təqdim etməsi deyildikdə Təqsirləndirilən şəxs üzərində silah olmasını bildirdikdə dərhal onun qollarını tutaraq bel nahiyəsində kəmərinin arasına sıxışdırdığı odlu silah olan Makarov tipli tapanca və şalvarının sağ yan cibindən bir ədəd həmin silaha məxsus daraq və həmin darağın icərisində 3 ədəd patron götürülərək masanın üzərinə qoyulmuş, sonra isə üzərinə baxış zamanı onun əlindəki boz rəngli şalvarının və qara rəngli köynəyinin ciblərinə baxılmış lakin heç bir qanunla qadağan edilmiş əsiya aşkar edilməmiş, üzərindən aşkar edilmiş “TT-5488-1982” nömrəsi olan 1 ədəd Makarov tipli tapanca, 3 ədəd güllə patronu, 1 ədəd Makarov tipli tapancanın darağına bənzər əşyalar aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilən əşyaları tutulmazdan əvvəl yəni 3-4 gün bundan əvvəl Binəqədi rayonu Xutot adılanan yerdə tullantı qutularında dəmir axtardıqda qara rəngli bir paketin icərisində olduğunu aşkar edərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra keçirilən baxış protokollaşdırılmış, ucadan oxunmuş, heç kim əlavə və qeyd etməmiş və onlar, Təqsirləndirilən şəxs tərəfindən imza olunmuşdur. Həmin silah maddi sübutun üzərinə DİN-in 176 nömrəli möhürü ilə möhürlənib qablaşdırıldıqdan sonra odlu silah olubolmadığı müəyyən edilməsi üçün tərəflərindən DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli 22/313R nömrəli rəydən aydın olmuşdur ki, aşkar edilmiş silah 9 mm kalibrli Makarov konsturuksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Məhkəmə istintaqı zamanı dindirilmiş digər şahid Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin tarixdə saat 19:40 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 14 ünvanında küçədə 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq onun üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs şalvarının arxasından kəmərə sıxışdırılmış “TT5488” nömrəsi olan 1 ədəd Makarov tipli tapança, sağ yan cibindən isə bir ədəd həmin tapancanın darağı və həmin tarağın icərisində 3 ədədə gülləsi aşkar edilmiş, təxminən 4 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu «Karl Marks» kimi də adlanan ərazinin yaxınlığında «Xutor» kimi adlanan yerdə, daha dəqiq Eldar Babayev küçəsində zibilliklər olan yerdə yığmaq üçün dəmir tullantılar axtaran zaman yerdə qara rəngli bir sellofan paket görmüşdür, həmin paketi qaldırdıqda ağır olduğunu görüb paketi açdıqda içərisində artıq markası ona bəlli olan «Makarov» tapançası olduğunu bilərək tapmış, vəhəmin vaxtan üzərində gəzdirməklə 17 aprel 2022-ci il tarixdə həmin polis əməkdaşları tərəfindən saxlanılmış, keçirilən hərəkət protokollaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Zaur Qüdrətov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci polis bölməsinin baş təhqiqatçısı polis kapitanı Zaur Qüdrətov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Binəqədi RPİnin MSY-nə yerləşdirilmişdir. 19 aprel 2022-ci il tarixdə sabiq müstəntiq Ceyhun Rəhimov tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs Qasımov X3 rayon Məhkəməsinin qərarıilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18 aprel 2022-ci il tarixli, 22/313R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd TT5488 nömrəli, silah zavod üsulu ilə kecmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapancadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə üçün yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində sonradan təyinatının dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 03 ədəd patronlardan 01 ədədi kecmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cu ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konsturuksiyalı tapançaların ştat patronlarıdır, döyüş dursatıdırlar və atəş üçün yararlıdırlar. 01 ədəd daraq zavod üsulu ilə istesal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuuş. Həmin kalibirli Makarov konsturuksiyalı tapancaların komplekt hissəsidir-darağıdır, texniki cəhətən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06 iyun 2022-ci il tarixli, 3020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş əşyaların odlu döyüş silahı və onun komplekt hissələri olması müəyyən edildiyindən, həmin “TT5488” nömrəsi olan 1 ədəd Makarov konsturuksiyalı tapança , 3 ədəd 9x18 mm güllə patronu, 1 ədəd Makarov konsturuksiyalı tapançanın darağı iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəsasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılmasının çəkilməmiş 08 ay 09 gün hissəsi 04 ay 04 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67 maddəsinin tələblərinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-408/2021 nömrəli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 09 gününün Bakı Apellyasiya Məhkəməsinin 7(103)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən əvəz edilmiş 04 ay 04 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəzayla qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu-yivli silah olan 9x18 mm kalibrli, Makarov konstruksiyalı PM modelli tapança, Makarov konstruksiyalı silahlartın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı daraq, zavod üsulu ilə istehsal olunmuş 03 ədəd, yəni 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cu ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə vəkilə dövlət büdcəsi hesabından vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-408/2021 nömrəli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 09 gününün Bakı Apellyasiya Məhkəməsinin 7(103)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən əvəz edilmiş 04 ay 04 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 il (bir) 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu-yivli silah olan 9x18 mm kalibrli, Makarov konstruksiyalı PM modelli tapança, Makarov konstruksiyalı silahlartın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı daraq, zavod üsulu ilə istehsal olunmuş 03 ədəd, yəni 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 02 ədədi isə Azərbaycan Respublikasında 2009-cu ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 258 (iki yüz əlli səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar