Məhkəmə qərarları › İş №1(001)-532/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-532/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-532/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Kürdəmir rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində azyaşlı uşağı olan, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında cəzasının çəkilməmiş 01 il 05 ay 28 gün hissəsi hökmün icrası qaydasında 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Kürdəmir rayonu Sor-sor kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,629 qram ağ rəngli rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd ağ rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 19:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, daş bazarının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 1,629 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. 24 yanvar 2024-cü ildə saat təxminən 18:30 radələrində Binəqədi qəsəbəsi, 3-cü mədəndə, daş bazarı adlanan yerin yaxınlığında olan zaman bir nəfər tanımadığı, adının söhbət zamanı İlham olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxslə söhbət etmiş, söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Həmin şəxs ona psixotrop maddə metamfetamin satmağı təklif etmişdir. Həmin şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümün içərisində “patı” adlanan psixotrop maddə metamfetamin almışdır. Aldığı psixotrop maddə metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. 24 yanvar 2024-cü ildə saat 19:00-da Binəqədi qəsəbəsi, 3-cü mədəndə, daş bazarının yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları onu 43-cü polis bölməsinə dəvət etmişlər. Onlarla razılaşmış və polis əməkdaşları ilə 43-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb, əynində olan qara rəngli şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəkinin nə olduğunu, haradan aldığını soruşanda, həmin maddənin “patı” olduğunu, daş bazarının yanında İlham adlı tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, həmin psixotrop maddəni əldə etdikdən təxminən 30 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin tərəzidə çəkildikdə çəkisinin 1,76 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış özünün və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamış, habelə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən və psixotrop maddələrdən yalnız özünün şəxsi istehlakı üçün istifadə etmişdir. Əməlindən peşmandır. Himayəsində 3 azyaşlı uşağı olduğunu nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilmə qaydalarını pozduğu üçün probasiya idarəsi təqdimatla məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsində təqdimat təmin edilməmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(103)-1/2024 nömrəli qərarı əsasında təqdimat təmin edilməklə ona Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 5 ay 28 gün hissəsi 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasının əvvəli xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2024-cü ildə bitir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, cinayətin törədildiyi zaman Binəqədi RPİ-in 43-ci PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Polis bölməsinə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş və PB-in əməliyyat müvəkkili Şahid1 ilə hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü ildə, saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən daş bazarının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq işlədiyi bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün içərisindəkinin “patı” olduğunu, həmin “patını” həmin günü tutulmamışdan yarım saat əvvəl Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən daş bazarında İlham adlı şəxsdən 20 manata almasını, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə “patı” adlanan ağ kristallik maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcədə üzərində axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19-20). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, daş bazarının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 31-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/524 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” - sözlər, soyad və imzalar...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,629 qram olan ağ rəngli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 35-38). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 53-54). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 72-74). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 1,629 qram psixotrop maddə metamamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 1,579 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 86-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 1832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 117-118). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli Tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(103)-1/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 5 ay 28 gün hissəsi 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli xx.xx.2024-cü ildə hesablanmışdır (cild 1, i.v 127-128, 133-138). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyənləşdirilməsi zamanı nəzərə alınmır. Elekton Məhkəmə İnformasiya Sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2006-cı il təvəllüdlü Ağayar, xx.xx.2010-cu il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Emiliya adlı uşaqları var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olduğunu Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddələr aludəçisi olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası CMin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(103)-1/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 16 gün hissəsi ona hazırkı hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1832 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 1,579 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib üzərində qəti cəza 1 (bir) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edlsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 1,579 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar