Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-536/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 10, mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri A.Salamzadə küçəsi, ev 53-də faktiki yaşayan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixə 04 ay 11 gün çəkilməmiş cəzası qalan və barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xutor adlandırılan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,295 qram ağ kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən 7-ci Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,295 qram ağ kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır, tutulana qədər təxminən 8-9 ay olardı ki, psixotrop maddə metamfetamini və ya əldə edə bildiyi narkotik vasitələrdən istifadə edirdi. Bundan qəbul etmədikdə bədənində ağrılar olur. Odur ki, 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xutor adlandırılan ərazidə 10 manat ödəyərək təsadüfən gördüyü və əvvəl tanımadığı, ola bilsin ki, adının Samir olduğunu zənn etdiyi şəxsdən 01 ədəd bükümdə psixatrop maddə metamfetamini öz istifadəsi üçün alıb üzərində saxlamışdır ki, münasib vaxt olanda istifadə edə bilsin. 10 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə gətirmişdirlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən mobil telefonu və əvvəl məhkum olunaraq azadliğinin məhdudlaşdirilmasi ilə bağli üzərində məcburi gəzdirməli olduğu “Attenti” markalı cihaz, həmçinin, tünd boz rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə olan psixatrop maddə metamfetam aşkar edilib götürülmüşdür. Üzərindən aşkar olunmuş metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imza ilə təsdiq etmişdir. Hadisə ilə bağlı digər ifadəsi yoxdur, o, psixotrop maddənin satışı ilə məşğul olmamış, yalnız bədənindəki ağrılarla bağlı özü istifadə edirmiş. Cinayət əməlinin zəruri xüsusatlarının aydınlaşdırılması məqsədi ilə ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlamır. Həmin psixotrop maddəni Binəqədi rayonu, Xutor adlandırılan ərazidə təsadüfən gördüyü və əvvəl tanımadığı, ola bilsin ki, adının Samir olduğunu zənn etdiyi şəxsdən 10 manat verərək almışdır. Psixotrop maddəni hər hansı bir şəxsə satmamış və ya verməmişdir. Başqa cinayət törətməmişdir. O, əməlindən peşman olduğunu bildirərək ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baki şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. Törədilmiş cinayət əməli ilə bağlı bildirir ki, 10 aprel 2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəfləridən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 10 aprel 2022-ci il tarixdə saat 22:00-da ünvan 1 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Bu zaman özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs şübhəli olduğundan həmin PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Rəşad Bayramova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, qara rəngli gödəkçəsinin sağ yan cibindən “Attenti” markalı cihaz çıxarıb masa üzərinə qoymuşdur, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, onun geyindiyi paltarların ciblərinə, ayaqqbısına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 bükümün içərisində ağ kristalik maddə aşkar olunmuş, sonuncu bunun “şüşə” adlandırılan psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünun haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə adını Samir kimi bildiyi şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması haqda məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən şahid qismində dindirilmiş Şahid2 iş yoldaşı Şahid1 ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 11 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Bayramov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 7-ci PBnin baş təhqiqatçısı, polis mayoru Rəşad Bayramov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 10 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokolla və ona əlavə edilimiş videçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan ümumi təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərilərində daşıyaraq saxlaması faktı təsdiq olunmuşdur. 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədova vəsatət verilmişdir. Həmin tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunması və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 aprel 2022-ci tarixli 6/2017 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 iyul 2022-ci il tarixli 3772 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, 20 aprel 2022-ci il tarixli tələbnamədən və Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-14724/13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində olan hökm xx.xx.2022-ci il tarixdə idarəyə daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və cəzanın icrasından yayındığı üçün xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 01 ay 14 gününü çəkmiş, 04 ay 16 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan 1 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdəməhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx.xx.2022-ci il tarixə 04 ay 11 gün təşkil edir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan yeni cinayət törətmişdir ki, bu da o deməkdir ki, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza onun islah olunmasını təmin etməmiş öz məqsədinə çatmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi və məhkumluğu ödənilmədən yeni cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyin edilməsi cəzanın məqsədinə çatılmasına nail olmamışdır. Məhkumluğu ödənilmədən yeni cinayətin törədilməsi onun yüngül cəza ilə islah olunmadığını göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığını habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarətinə vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir və ona təyin edilmiş cəzanın əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67 maddəsinin tələblərinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzayla qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 04 ay 11 gün müddətə azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmalı və hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,245 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 11 günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökm üzrə təyin edilmiş 01 il (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,245 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-536/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-536/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver