Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-538/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 17 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində məşq etdiyi ünvan 3 ünvanında yerləşən “Veqas” idman və sağlamlıq mərkəzində həmin vaxt məşq edən digər şəxs Zərərçəkmiş şəxs ilə sakit məşq etmələri barədə qarşılıqlı surətdə tutduqları irad səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona döş qəfəsinin və boyun kökünün qançırları, sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu nahiyəsinin və sağ dirsək oynağı nahiyəsinin dərialtı hematoması kimi bədən xəsarətləri yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 17 yanvar 2024-cü il tarixdə baş vermişdir. O, demək olar ki, hər gün idman zalına getmiş, indiyə kimi də heç kimlə bir problemi olmamışdır. Onun şahid qismində dindirilən Pərvanə xanımla problemi olmuş, ilk gündən sonuncu ilə yola getməmişdir .Pərvanə və tələbələri öz aralarında söyüşlə danışmış, o, bu barədə idman zalının rəhbərliyinə də bildirmişdir. O, bizneslə məşğul olduğu üçün tez-tez telefonla danışmış, yanında olan şəxslər söyüş söydükləri üçün o, narazılıq etmişdir. Buna görə Pərvanə ilə sözü uyğun gəlməmişdir. Hadisə baş verən günü o, xizək adlanan qurğuya çıxıb, idman etməyə başlamışdır. O, təxminən 10 dəqiqə idman etdikdən sonra telefonla danışmış, arxada olan Zərərçəkmiş şəxs isə ağırlıq daşlarını biri-birinə vuraraq səs salmışdır. O, arxaya çevirilib Günaya Cəlilovaya səs salmamasını demiş, sonuncunun qulağında qulaqcıq olduğuna görə onu eşitməmişdir. O, ikinci dəfə də irad bildirəndə yanında olan şəxslər ona Zərərçəkmiş şəxs baş qoşmamasını demişlər. O, Zərərçəkmiş şəxs idman zalında həmin gün birinci dəfə görmüşdür. Onu zalda hamı tanımış, hörmət etmişdir. O, Zərərçəkmiş şəxs ikinci dəfə irad bildirərkən sonuncu onu nalayiq sözlərlə təhqir etmişdir. O, Zərərçəkmiş şəxs üstünə getmək istəyəndə onu saxlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ilə aralarında 1-2 dəqiqə davam edən söz mübahisəsi olmuşdur. O, Zərərçəkmiş şəxs zaldan qovmuş, sonuncu ərinin DTX-da işlədiyini, onu “süründürəcəyini” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. O, 48 dəqiqə xizək sürdükdən sonra çay içmişdir. Bundan sonra qeydiyyatda işləyən Aygül ona polis əməkdaşlarının onu gözlədiyini demişdir. O, zaldan çıxdıqda Zərərçəkmiş şəxs həyat yoldaşının 5-6 nəfər polis əməkdaşı ilə orada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs həyat yoldaşı onu “süründürəcəyini” demişdir. O, polis əməkdaşı ilə 7-ci polis bölməsinə getmişdir. Ona polis bölməsində ekspertizaya getməyi təklif etdikdə o, xəsarət almadığını deyib, ekspertizaya getmək istəmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə dalaşmamış, əlbəyaxa olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 5 ilə yaxındır məşq etmək üçün idman zalına getmiş, Zərərçəkmiş şəxs ilk dəfə hadisə günü görmüşdür. Onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Zərərçəkmiş şəxsın söyüşünə söyüşlə cavab verməmişdir. O, ibtidai istintaq dövründə də özünü təqsirli bilməmişdir. Müstəntiq tərəfindən yazılan ifadələri imzalamışdır. O, Zərərçəkmiş şəxs vurmamış, xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs zaldan qovmuş, sonuncu zaldan ağlaya-ağlaya çıxmışdır. Ola bilər ki, Zərərçəkmiş şəxs həmin vaxt söyüş söydüyünə görə sonuncunu zaldan çıxması üçün itələmişdir. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmaısnı xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,17 yanvar 2024-cü il tarixdə saat 08:30 radələrində zala daxil olmuşdur. Ayağında sinirlə bağlı problemlər olduğuna görə, həkim məsləhəti ilə 2 aydır ki, zalda idmanla məşğul olmağa başlamış, birinci getdiyi müəllim onu qane etmədiyinə görə Pərvanə xanımın qrupuna yazılmışdır. 2 ay ərzində Pərvanə xanımla səmimi münasibətləri yaranmış, həmçinin zalda məşq edən digər qızlarla da normal münasibəti olmuşdur. Zalda məşq etdiyi 2 ay ərzində o, orada heç bir söyüş eşitəməmişdir. O, Təqsirləndirilən şəxs zalda 2 dəfə görmüşdür. Hadisə günü o, idman qurğusunda məşq etmək üçün hazır vəziyyətə gətirərkən onun arxasında Təqsirləndirilən şəxs xizək adlanan qurğuda məşq edərək telefonla danışmışdır. Təqsirləndirilən şəxs telefonda şəxsi söhbətlər etmiş, gülüb danışmışdır. O, həmin vaxt qulaqcığın bir tayını qulağına taxmış, kinoya baxaraq idman etməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin vaxt arxadan qışqıraraq çox sərt bir şəkildə onu ələ salmış və ondan məşq etdiyi aparatın səsini almağını tələb etmişdir. O, Təqsirləndirilən şəxs heç bir şey deməmiş, aparatı düzəltməyə çalışmışdır. O, Pərvanə xanımı çağırana kimi Təqsirləndirilən şəxs ona zala özünü göstərmək üçün bəzənib gəldiyini demişdir. Təqsirləndirilən şəxs onu nalayiq sözlərlə təhqir edib, ani bir şəkildə arxadan cumaraq onun sinə və qol nahiyəsinə xəsarətlər yetirmişdir. Pərvanə xanımla qeydiyyatda olan xanım səsə gələrək onu Təqsirləndirilən şəxs əlindən almışlar. Bundan sonra o, zaldan çıxmış və əvvəl polisə, daha sonra həyat yoldaşına zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt onun halı pisləşmiş, zalda olan digər şəxslər ona dərman vermiş, sakitləşdirmişlər. Təqsirləndirilən şəxs onu polislərin yanında təhqir etmiş, eyni zamanda polis əməkdaşlarını da çox ağır ifadələrlə təhqir etmiş və bundan sonra polis əməkdaşları tərəfindən aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir. Təqsirləndirilən şəxs ondan bir dəfə aparatın səsini almağı tələb etmış və söyüş söyməyə başlamış, ikinci dəfə isə üstünə hücum edib, xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu aparatdan çəkib çıxararaq sinəsinə və qoluna zərbə vurmuşdur. Onu Təqsirləndirilən şəxs əlindən Pərvanə və zalda olan digər şəxslər almışdır. O, xəsarət aldıqdan sonra müalicə olunmuşdur. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Oqtay qızı ifadəsində göstərmişdir ki, hadisə günü zala Zərərçəkmiş şəxs daha sonra isə Təqsirləndirilən şəxs gəlmişdir. Zərərçəkmiş şəxs aparata əyləşəndə aparatda bir az nasazlıq olmuşdur. Aparat yağlanmış, işləməyə başlayanda hissələri bir-birinə dəyib səs çıxarmışdır. Təqsirləndirilən şəxs “elips” aparatının üzərində məşq edərkən uca səslə telefonla danışmış və Zərərçəkmiş şəxs bir az sakit olmasını, səsin başına düşdüyünü demişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs uca səslə telefonla danışdığını, buna baxmayaraq narahat olmadıqdlarını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “əcəb edirəm, yaxşı edirəm ,sən kimsən məni öyrədəsən ?” deyib təhqiredici ifadələr səsləndirməyə başlamışdır. Təqsirləndirilən şəxs nalayiq söyüşlər söydüyünə görə zalda olan digər şəxslər də etiraz etmişdir. Həmin vaxt o, zalın başında olmuş, Təqsirləndirilən şəxs zalda olan şəxslərə Zərərçəkmiş şəxs zaldan aparmalarını dediyini, sonuncunun üzərinə hücum çəkib, yumruqla vurduğunu, boğduğunu görmüşdür. Onlar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən güclə almışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şiddətlə boğmuş, qeydiyyatda işləyən Aygülü də kənara itələmiş, nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özünü itirmiş, əlləri əsməyə başlamışdır. Onlar Zərərçəkmiş şəxs dərman verib sakitləşdirmişlər. Günal Novruzova isə məşqini davam etdirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zalda məşq edən bəzi qadınlar hicablı olduğuna görə zalda video müşahidə aparılmamışdır. Onun iş qrafiki həftənin 1,3,5-ci günləri, saat 8-dən saat 10-a kimi olmuş, bəzən zala saat 8-ə işləmiş gəlmişdir. O, zalda fitnes məşqçisi işləmiş, 7-8 tələbəsi olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış X3 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdiyi ifadənin elan olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi ünvan 3 ünvanında yerləşən “Veqas” idman və sağlamlıq mərkəzində baş vermişdir. xx.xx.2024-cü il tarixli, 99 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu nahiyəsinin və sağ dirsək oynağı nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin və boyun kökünün qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu nahiyəsinin və sağ dirsək oynağı nahiyəsinin dərialtı hematoması, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, döş qəfəsinin və boyun kökünün qançırları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşməsinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmləri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəriməni tam şəkildə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZ-İİ 545357 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-538/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-538/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver