Məhkəmə qərarları › İş №1(001)-539/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-539/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-539/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Ş.Əsgərov küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid4, Şahid3 və Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 yanvar 2020-ci il tarixdə, saat 14 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid4 Zərərçəkmiş şəxs evə getdiyi halda xəbər verilməsi üçün sonuncunun işlədiyi yerdə olmuş, o isə Şahid5 ilə birlikdə Şahid3 etibarnamə ilə idarə etdiyi “VAZ 21011” markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobilli ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 evinin yaxınlığına gedərək, cinayət planına əsasən Şahid3 avtomobili kənarda saxlayıb gözləmiş, o, Şahid5 ilə birlikdə evin giriş qapsının açıq olmasından istifadə edib evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən qonaq otağında divardan asılmış 2000 manat dəyərində olan 01 ədəd “LG” markalı, qara rəngli televizoru gizli olaraq taladıqdan sonra o, Şahid5 və Şahid3 ilə birlikdə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayının təxminən 9-da, axşam saatlarında kirayədə yaşadığı evdə olan zaman Şahid4, Şahid5 və Şahid3 oturub söhbət emişlər, həmin vaxt söhbət əsnasında Səfa bazarda işləyən Zərərçəkmiş şəxs haqqında bir çox söhbət edərək onunla yaxın münasibəti olduğunu yaşadığı evinə get-gəl etdiyini demiş, hətta Səfa bir dəfə onun evindən oğurluq etmək fikrində olduğunu, evini axtardıqda heç nə tapmadığını bildirmişdir. O, həmin vaxt onlarla bir masada əyləşən Səfaya həmin evdən oğurlana biləcək əşya olub-olmamasını soruşmuş, Səfa isə Yaqutxanımın yaxın zamanlarda bahalı televizor götürərək istifadə etdiyini və həmin televizoru oğurlamağın mümkün olduğunu bildirmişdir. Həmin vaxt Səfa televizoru oğurlamaqla bağlı heç bir maneə ilə qarşılaşmayacaqlarını söyləmişdir. Belə ki, Səfa evdə yaşayanların səhər saatlarında evdən çıxaraq bazara gəlib axşam saatlarında evlərinə qayıtdıqlarını, sonunculardan başqa evdə heç kimin yaşamadığını, eyni zamanda həmin evin qapılarının açıq olduğunu da onlara bildirmişdir. Belə olan halda həmin evdən baş verəcək oğurluq hadisəsinin törədilməsi qətiləşdirildi. Səhər saatlarında Yaqutxanım oğlu ilə bazarda olan zaman gedib həmin televizoru oğurlamağı onlar planlaşdırdılar. Həmin vaxt oğurluq hadisəsinin törədilməsi Peymana təklif olunmuş, lakin o, oğurluq təklifini rədd etmişdir. 10 yanvar 2020-ci il tarixdə, saat 12 radələrində o, Tofiq və Səfa ilə birlikdə Səfanın idarə etdiyi “Jiquli” markalı avtomobil ilə Yaqutxanımın yaşadığı ünvan 1 ünvana yollanmışlar. Həmin ünvanı Səfa yaxşı tanıyırdı, onlar Yaqutxanımın yaşadığı ünvana çatdıqda Səfa maşını saxlamış və o Tofiqlə birlikdə maşından düşüb ətrafda kimsənin olmadığına əmin olduqdan sonra Tofiqlə birlikdə qeyd olunan ünvandakı evin qapısı açıq olduğundan həyətə daxil olaraq vaxt itirmədən evə daxil olmuşlar. Belə ki, Səfanın dediyi kimi evin ikinci mərtəbəsinə qalxıb qonaq otağındakı televizoru Tofiqlə birlikdə köməkli şəkildə götürüb Səfanın maşınının salonuna televizoru yerləşdirib oğurlamış olduqları televizoru Sədərək ticarət mərkəzinə gedib oradakı dükanların birinə satmaq üçün həmin gün saat 14 radələrində birlikdə Sədərək ticarət mərkəzinə gəlib çatmışlar. Burada olan zaman Tofiq onları kənarda gözləmiş, o və Səfa televizoru maşından götürüb orada yerləşən dükanların birinə doğru getmişlər. Dükanların birinə yaxınlaşıb içəri daxil olaraq adını sonradan bildiyi “Niyaməddin” adlı şəxsə televizor satmaq istədiyii bildirmiş, həmçinin də həmin televizorun özünə məxsus olduğunu, lakin pula ehtiyacı olduğundan satmaq məcburiyyətində olduğunu söyləmişdir. “Niyaməddin” adlı şəxs televizora baxdıqdan sonra son qiymət olaraq 400 manat olaraq razılaşmış, nəticədə isə o özünə məxsus olan şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, müvafiq qeydlər apardıqdan sonra 400 manat pulu ona vermiş və Səfa ilə birlikdə oradan çıxıb maşına tərəf getmişlər. Oğurlanmış televizorun satışından əldə edilmiş puldan 40 manat Peymana verilmiş, Peymanın qeyd olunan cinayət əməlindən xəbəri olmuş, Yaqutxanım bazarı tərk edib evə gələn zaman onlara bu barədə məlumat verməli olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, barışıq əldə olunmuşdur. Eyni zamanda cinayət əməlini səmimi etiraf etməsinin və xəstə olmasının nəzərə alınmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 5, fərti tikili evdə oğlu X2 ilə birlikdə yaşayır. O, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Təzə Bazar”da alver işi ilə məşğul olur. O, işlə bağlı olaraq yaşadığı evdən hər gün səhər saat 06 radələrində çıxır və axşam saat 20 radələrinə kimi işini bitirdikdən sonra evinə qayıdır, oğlu isə gün ərzində səhər saat 10 radələrindən evdən çıxır. X2 ona zəng vuraraq hava yağışlı olduğundan və sonuncu ilə növbəli şəkildə işlədiyindən evə getmək istədiyini bildirmişdir. O, da Orxana etiraz etməmiş və sonuncu evə getmişdir. Həmin gün günorta, saat 14 radələrində işdə olan zaman oğlu Orxan ona zəng vuraraq evin həyətinin darvazasının, həmçinin də evin giriş-çıxış qapısının açıq vəziyyətdə olduğunu, evin birinci mərtəbəsində qonaq otağında divara bərkidilmiş 01 ədəd qara rəngli “LG” markalı plazma televizorun yerində olmadığını bildirmişdir. O, həmin vaxtı yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq əməli törədildiyini anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Həmin vaxtı Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları yaşadığı evə gəlib sənədləşmə işlərini həyata keçirmişlər, o da Binəqədi RPİ-nin 6-cı PB-də oğurluq hadisəsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfində vurulmuş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 10 01.2020ci il tarixdə 01 ədəd “LG” markalı televizoru satan şəxslərdən birinin boyu təxminən 160- 165 sm, üzü tüklü, saçı ağımtıl, arıq bədən quruluşlu, digəri isə orta yaşlı boyu təxminən 160 sm olardı. Televizoru satan şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, televizorun özünə məxsus olduğunu, lakin aksessuarlarının itdiyini bildirmişdi, o da 400 manata qeyd olunan televizoru almışdır. O, həmin televizorun oğurluq olub-olmamasını maraqlandıqda “Natiq” adlı şəxs özünə məxsus olduğunu bildirirərək onda inam yaratmışdır. Təqdim olunan şəxsiyyət vəsiqəsi isə dükanda təmir olan müddətdə o, həmin sənədi itmişdir. O, aldığı həmin televizoru isə 700 manata tanımadığı şəxsə satmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarından qazanc məqsədilə Bakı şəhərinə gələrək etibarnamə əsasında idarə etdiyi “VAZ 21011” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili aylıq ödəniş əsasında icarəyə götürüb çörək pulu qazanmış, həmin müddətdə o, Nəsimi rayonunda yerləşən “Təzə Bazar”da Yaqutxanım adlı qadınla tanış olmuş, Yaqutxanım özü ilə bir neçə dəfə bazar məhsullarını müxtəlif ünvanlara apardığı üçün tanışlıq əlaqəsi yaranmışdır. Tanışı Şahid4 də qeyd olunan bazarda onun kimi fəhlə işləyirdi. 09 yanvar 2020-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Təzə Bazar”ın yaxınlığında o, Peyman, Tofiq və Natiqlə birlikdə yeyib içərkən söhbət zamanı orada olan şəxslərdən biri ona səhəri gün onların işi olduğundan imkan daxilində ünvana çatdırmaqla bağlı ondan xahiş etmiş, o, da onların xahişini qəbul etmişdir. 10 yanvar 2020-ci il tarixdə, saat 12 radələrində əvvəlcədən razılaşdığı kimi onları “Təzə Bazar”ın qarşısında Tofiq və Natiqi maşına əyləşdirib onları əvvəllər tanıdığı Yaqutxanımın yaşadığı ünvan olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsinə aparmışdır. O, yolda olan zaman Tofiq və Natiqin oğurluq etmək məqsədilə onu Yaqutxanımın yaşadığı ünvana apardığını öyrənmişdir. Natiq və Tofiq maşından düşərək Yaqutxanımın evinə getmişlər və onları orada gözləməyini ona bildirmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Tofiq və Natiq əllərində adyala bükülmüş televizoru maşının salonuna yerləşdirib maşına əyləşdikdən sonra televizoru satmaq üçün maşını Sədərək ticarət mərkəzinə sürməyi bildirilmişdir. O, həmin gün, saat 14 radələrində onlarla birlikdə qeyd olunan ünvanda olan zaman maşını saxlamış, daha sonra o, Natiqlə birlikdə televizoru götürüb orada yerləşən dükanların birinə yaxınlaşmış, Tofiq isə kənardan onları gözləmişdir. Dükanın qarşısında olan zaman Natiq özləri ilə gətirmiş olduğu televizorun satan satıcıya özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq fikrində olduğunu bildirmişdir. Satıcı ilə televizorun son qiymət həddi 400 manata razılaşdıqdan sonra Natiqin şəxsiyyət vəsiqəsi ilə televizoru həmin qiymətə satıb oradan çıxıb maşına gəlib oradan ona yol xərci olaraq 10 manat pul verilmiş, növbəti gün onu yaşadıqları ünvana dəvət edərək oğurluq hadisəsi ilə bağlı əlavə olaraq 20 manat pul verilmişdir. Oğurlanmış televizorun satışından əldə edilmiş puldan 40 manat Peymana verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayının təxminən 9-da axşam saatlarında işlədiyi təzə bazardan çıxıb yaxınlığında kirayədə yaşayan Tofiq və Natiqin yaşadığı evə getmişdir. O, sonuncuların evlərinə daxil olanda Tofiq, Natiq və Səfanın oturub söhbət etdiklərini görmüşdür. Həmin vaxt söhbət əsnasında Səfa bazarda işləyən Yaqutxanım haqqında söhbət edərək sonuncu ilə yaxın münasibəti olduğunu, yaşadığı evinə getdiyini demişdir. Hətta Səfa bir dəfə sonuncunun evindən oğurluq etmək fikrində olduğunu, evini axtardıqda heç nə tapmadığını bildirmişdir. Həmin vaxt onlarla bir masada əyləşən Natiq Səfaya həmin evdən oğurlana biləcək əşyanın olub-olmamasını soruşmuş, Səfa isə Yaqutxanımın kreditə bahalı televizor götürdüyünü, həmin televizoru oğurlamağın mümkün olduğunu, bununla bağlı heç bir maneə ilə qarşılaşmayacaqlarını, Yaqutxanımın həmin evdə oğlu ilə yaşadığını və sonuncuların səhər saatlarında evdən çıxaraq bazara gedib axşam saatlarında evlərinə qayıtdıqlarını bildirmişdir. Səhər saatlarında Yaqutxanım oğlu ilə bazarda olan zaman gedib həmin televizoru oğurlamaq planlaşdırıldı. Həmin vaxt oğurluq hadisəsinin törədilməsi ona təklif olunmuş, o, edilmiş təklifi rədd etmişdir. O, həmin günün səhəri bazara gedib öz işi ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin yanvar ayının təxminən 10-da, axşam saatlannda Tofiq onun istifadəsində olan mobil telefonuna zəng edərək yaşadığı evinə dəvət etmişdir. O, Tofiq, Natiq və Səfa birlikdə yemək yeyib içki qəbul etmişdir. Həmin vaxt Tofiq Natiqlə səhər saatlarında Yaqutxanımın evində olan televizoru Səfanın “Jiquli” markalı avtomaşınından istifadə edərək oğurlayaraq aparıb Sədərək Ticarət mərkəzində 400 manata satdıqlarını və həmin pula yeyib-içmək təşkil etdiklərini bildirmişdir. Ona oğurlanmış televizorun satışından əldə edilmiş puldan ona 40 manat verilməmiş, cinayət barəsində qabaqcadan məlumatı olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı çəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş ərizəsindən görünür ki, Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Heç bir əlavəsi və şikayəti yoxdur. O, “xroniki vərəm” diaqnozu ilə müalicə olunduğu üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid5 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (İ cild, i.v. 1-3) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.5). xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayəti zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 evdə törədilmişdir (cild 1, i.v.9-10). xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət üzrə törədilmiş əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 26) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (İ cild, i.v. 48) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.3.6-cı maddəsinə əsasən təzələnmişdir. (İ cild, i.v. 50) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (İ cild, i.v. 55) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (İ cild, i.v. 88-89) xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. (İ cild, i.v. 98-99) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmişdir. (İ cild, i.v. 108-109) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi icraata qəbul edilmişdir. (İ cild, i.v. 110) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (İ cild, i.v. 121-122) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 150.2.3, 228.4, 234.1.-ci maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. (İ cild, 148-151, 172-180, İİİ cild, i.v. 213-218) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (İ cild, i.v. 181) xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini Şahid3 üzünə qarşı bir daha təsdiq etmişdir. (İİ cild,i.v. 38-41) xx.xx.2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Muxtarlı X1 Natiq Rafiq oğlunu göstərərək televizoru satan şəxslərdən birinin olduğunu bildirmişdir. (İİ cild,i.v. 42-44) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 may küçəsi, döngə 5 saylı evdə törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İİ cild i.v. 45-46) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İİ cild, i.v. 55-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5545 saylı saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2019-cu ilin dekabr ayında alınmış 01 ədəd «LG» markalı, «Oled» tipli, 139 sm diaqonallı «55 düyümlü» televizorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə olan bazar qiyməti nəzəri qaydada təxminən 2000.00 manat müəyyən olunur. (İİ cild, i.v. 68-69) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (İİ cild, i.v. 109-110) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İİİ cild, i.v. 135) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (İİİ cild, i.v. 136-138) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nə gətirilmişdir. (İİİ cild, i.v. 139) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (İİİ cild, i.v. 141-143) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (İİİ cild, i.v. 172-173) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-593/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİİ cild, i.v 189-193) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-814/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v 244-248) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanan Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək ona hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay müddətinə azaldılmışdır. (İİİ cild, i.v. 199-200) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-326/2022 nömrəli hökmdən görünür ki, Şahid3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün, Şahid4 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il və Şahid5 isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (İİİ cild, i.v. 201-212) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablandığından və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay müddət azaldıldığından 2 il çəkilmiş cəzanın müddəti xx.xx.2022-ci il tarixdə bitir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-262/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə qəbul olunduğundan cəzada azad edilmiş hesab olunmaqla «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə barəsində CM-nin 66.5-ci maddəsinin tələblərinin tətbiq olunmasını istisna edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nə gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası xərclərinə münasibətdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Şahid4, Şahid3 və Şahid5 müştərək qaydada tutulması müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin hissə nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 27 may 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Şahid4, Şahid3 və Şahid5 müştərək qaydada tutulması nəzərə alınsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar