Məhkəmə qərarları › İş №1(001)-539/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-539/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-539/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1990-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, subay, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 00:05 radələrində ictimai yer hesab edilən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Niyət Şirəliyev küçəsində ondan harada yaşamasını soruşmasını bəhanə edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ünvanına nəlayiq söyüşlər söyməklə təhqir edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs1 üzərində zor təttbiq edib sifət nahiyyəsinə bir neçə dəfə qəsdən vurub xuliqanlıq etmiş və alt çənənin sağ və sol bucağının yerdəyişmiş, çənənin sağ oynaq nahiyyəsinin yerdəyişməmiş sınıqları kimi xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, təkrarən 30 aprel 2023-cü il tarixdə saat 01:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, parkın içərisində, yəni ictimai yer hesab edilən parkda verdiyi salamı almamasını bəhanə edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq söyüşlər söyməklə təhqir edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Habil Alahverdiyevin üzərində zor tətbiq edib yumruğu ilə sifət nahiyyəsindən bir dəfə qəsdən vurub yerə yıxaraq əlindəki 30 manat dəyərində olan “KGTEL” markalı mobil telefonu alıb yerə çırparaq yararsız hala salıb məhv edərək xuliqanlıq etmiş və alt çənə sümüyünün sınığı ilə müşayiət olunan üst dodağın sol yarısının haşiyəsinin və selikli qişasının əzilmiş yaraları kimi xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 00:05 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Niyət Şirəliyev küçəsində ondan harada yaşamasını soruşmasını bəhanə edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə aralarında baş verən mübahisə nəticəsində Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə iki dəfə qəsdən yumruqla vurub alt çənənin sağ və sol bucağının yerdəyişmiş, çənənin sağ oynaq nahiyyəsinin yerdəyişməmiş sınıqları kimi xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, təkrarən 30 aprel 2023-cü il tarixdə saat 01:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, parkın içərisində zərərçəkmiş şəxsin ondan əynində olan puloveri haradan aldığınıı soruşmasını bəhanə edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən iki dəfə qəsdən sillə vurub yerə yıxaraq əlindəki 30 manat dəyərində olan “KGTEL” markalı mobil telefonunun zərərçəkmiş şəxsin cibindən yerə düşməsini görüb onun heç bir yerə zəng edib şikayət edə bilməməsi üçün batareyasını çıxarıb kənara atmış, telefonu isə üzərinə çırpmış, alt çənə sümüyünün sınığı ilə müşayiət olunan üst dodağın sol yarısının haşiyəsinin və selikli qişasının əzilmiş yaraları kimi xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamla ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər karate idman növü ilə məşğul olmuş və iki qat dünya çempionu, 10 qat Azərbaycan və 8 qat Bakı çempionu olmuşdur. 30 aprel 2023cü il tarixdə təxmini gecə saat 00:05 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Şahsarayı restorada məşq yoldaşının oğlunun toyundan çıxmış, içkili olduğu üçün xatırlmadığı avtomobillə Sulutəpəyə yaşadığı evə tərəf gəlmiş və Sulutəpədə Pramida adlanan yerdə əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 rastlaşmışdır. Onun telefonunu üzərinə atdığını, sındırmadığını, ona heç bir söz atmadığını bildirmişdir. “Köynəyimin düyməsini qaytar” deyə mübahisə etdiyini, həmin şəxsin ondan telefon istədiyini xatırladığını, mübahisənin hansı səbəbdən başlandığını xatırlamadığını qeyd etmişdir. Hər iki epizod üzrə içkili olduğundan digər hadisənin ümumiyyətlə necə baş verdiyini xatırlamadığını bunu cinayət işi üzrə müstəntiqə də bildirdiyini əlavə etmişdir. Əməlindən peşman olmasını, əməlində xuliqanlıq tərkibi olmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü ildə saat 23:00-da işdən çıxıb tək yaşadığı evə getməyə başlamışdır. İş yeri Hökməli dairəsinə yaxın yerləşdiyindən o, işdən çıxıb piyada evə getmişdir. Yaşadığı Sulutəpə qəsəbəsi, N.Səmədov küçəsində, Pramida adlanan ərazidə bir nəfər cavan oğlanın yanından keçərkən onu saxlayıb söhbət etməyə başlamışdır. O, həmin oğlandan kim olduğunu və harada yaşadığını soruşmuşdur. Həmin cavan oğlan ona həyət evini göstərib orada yaşadığını bildirmişdir. O, həmin evdə onun yaşamadığını, başqa adam yaşadığını bildirəndə, həmin oğlan ona “sən mənə ağıl öyrədirsən, yol göstərirsən, nə isə mənə deyirsən” deyə cavab vermişdir. O da onun içkili olduğunu görüb çiyninə nəvazişlə bir neçə dəfə əli ilə vurub getməsini deyərək ondan kənara çəkilib getmək istəmişir. Bu zaman Səfa adlı cavan oğlan onun sifətinə sol tərəfdən çənə nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbədən yerə yıxılmışdır. Yerə yıxılarkən də uzanaqlı vəziyyətdə Səfa onun sifətinin çənə nahiyyəsinə bir neçə dəfə yumruqla vurub qaçaraq oradan uzaqlaşmışdır. O, bir neçə dəqiqə yerdə qalıb özünü toparlayıb ayağa qalxmışdır. Sifətində, yəni çənəsində arğılar hiss etmişdir. Evə gəlmiş, güzgüyə baxanda çənə sümüyünün asılı qaldığını və danışa bilmədiyini hiss etmişdir. Ağrıları gücləndiyini görüb 20 Yanvarda yerləşən Respublika Xəstəxanasına getmişdir. Orada ona ilkin tibbi yardım göstərib bir neçə gündən sonra onu əməliyyat etmişlər. Həkimlər çənə sümüyünün sındığını bildirmişlər. Birinci əməliyyat uğursuz olduğundan, onu təkrar əməliyyat etmişlər. Bədənində başqa xəsarətlər olmamışdır. Onu Səfa yalnız yumruqla vurub xəsarət yetirmişdir. Safanın onu hansı səbəbdən vurmasını bilməmişdir. Safa onu vurarkən ondan heç bir şey tələb etməmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 30 aprel 2023-cü il tarixdə təxminən gecə saat 00:05 radələrində tanımadığı taksi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Rahat marketin yanına gəlmiş və avtomobildən düşüb piyada parkın içi ilə bərbərə gedən zaman əvvəlcədən tanımadığı şəxs lakin sonradan adını bildiyi Təqsirləndirilən şəxs parkda skamyada oturduğunu görmüş, onun puloverini bəyəndiyi üçün ona yaxınlaşaraq haradan almasını soruşmuş, bu zaman həmin şəxs bu sualı bəyənməmiş və “poluver özümündü” deyərək sərt formada cavab vermiş, mübahisə bununla başlamışdır. Təqsirləndirilən şəxs elə düşünmüşdür ki, Zərərçəkmiş şəxs2 həmin sualı poluverin oğurluq olduğunu düşündüyü üçün vermişdir. Sözlü mübahisə etdikləri zaman Təqsirləndirilən şəxs ona əli ilə 2-3 sillə vurmuş və bu zaman o müvazinətini itirərək yerə yıxılmışdır. Yıxılan zaman cibində olan “KGTEL” markalı mobil telefon cibbindən yerə düşmüş Təqsirləndirilən şəxs onun kiməsə zəng edib şikayət etməsinin qarşısını almaq üçün həmin telefonu götürərək arxasını açmış, batareyasını çıxartmış və telefonu uzaq məsafəyə tullamış, həmin yerdən qaçaraq uzaqlaşmışdır. Həmin vaxt yanlarında heç kim olmamış, onlara heç kim yaxınlaşmamışdır. O yerdən qalxaraq taksiyə əyləşmiş və taksidə huşunu itirmişdir. Həmin hadisə təxmini bir neçə dəqiqə davam etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, gənc olmasını nəzərə alıb ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040510 №-li cinayət işi 06 may 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Fuad Bağırov tərəfindən fakt üzrə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə başlanmışdır. 06 may 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Fuad Bağırov tərəfindən icraatında olan HK/1-839 saylı material ********* saylı cinayət işinə əlavə edilmişdir. 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 07 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin CM-in 127.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 may 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə, yəni 06 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 02 iyun 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiman tədbirinin müddəti 02 ay, yəni 06 avqust 2023-cü il tarixədək uzadılmışdır. 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli 818 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – alt çənənin sağ və sol bucağının yerdəyişmiş, çənənin sağ oynaq nahiyəsinin yerdəyişməmiş sınıqları, sol gözaltı nahiyənin qançırı, sağ diz oynaq nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik xəstəxanası” X3 müraciət etdiyi xx.xx.2023-cü il saat 01:31-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən alt çənənin sağ və sol bucağının yerdəyişmiş, çənənin sağ oynaq nahiyəsinin yerdəyişməmiş sınıqları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, sol gözaltı nahiyyənin qançırı, sağ diz oynağı nahiyəsinin sıyrığı isə həm ümumilikdə,həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri “Yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli 818 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü vət. Nuriyev 31 may 2023-cü il tarixli 820 saylı rəyindən görünür ki, 1974-cüil təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət-alt çənə sümüyünün sınığı ilə müşayiət olunan üst dodağın sol yarısının haşiyəsinin və selikli qişasının əzilmiş yaraları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nə müraciət etdiyi xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbə (zərbələr) nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə 20% məbləqdə pul tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə isə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun hərəkətlərində CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Belə ki, CM-in 221.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməklə müşayiət olunduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməsi, ictimai qaydanı kobud surətdə pozması görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə yaxınlaşaraq onunla söhbət etməsindən sonra baş vermiş və tamamlanmış, davam etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri yumruqla vuraraq onlara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxslərə xəsarət yetirmək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı pozmadığından, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmədiyindən, cəmiyyətə açıqca hörmətsizlik, yəni təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi halları müəyyən edilmədiyindən onun əməlində CM-nın 221.2.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində həmin əlamətləri aşkar etməmişdir. Eyni zamanda həmin hadisə nəticəsində zərərçəkmiş şəxslər xəsarət aldığından, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret zərərçəkmiş şəxslərə yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından sonuncunun əməlində cinayət tərkibi olmadığı əsası ilə CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Digər tərəfdən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarının 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq CM-nin 127.2.3cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin tötətdiyi cinayət əməlinin xuliqanlıq motivi ilə törədildiyi qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı mübahisənin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri cüzi səbəblə, yəni Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs içkili olduğunu görüb çiyninə nəvazişlə bir neçə dəfə əli ilə vurub getməsini, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs puloverini haradan almasını soruşmaqla ondan guya oğurluqda şübhələnməsini bəhanə edərək ciddi olmayan səbəblərlə zərərçəkmiş şəxslərə zərbə yetirməklə onlara az ağır xəsarət yetirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməli, o, CMin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ondan heç bir şikayət və tələbin olmamasını, karate idman növü üzrə müxtəlif medallarla təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 06 ay 08 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından, o, təqsirsiz bilinib, cinayət işinə həmin hissədə bəraət verilməlidir. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 06 ay 8 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar