Məhkəmə qərarları › İş №1(001)-54/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-54/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-54/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Qırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonunda Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə 20 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 iyun 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən parkda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən həmin 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün bir ilə yaxındır ki, az miqdarda narkotik vasitə olan heroin qəbul edir.2022-ci ilin may ayında Bakı şəhəri “Papanin” adlanan ərazidə olarkən əvvələr tanımadığı şəxsə 20 manat ödəyərək öz istifadəsi üçün 1 ədəd şəffaf selofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin əldə edib üzərində gəzdirmişdir ki, münasib vaxtda özü istifadə etsin. 06 iyun 2022-ci il tarixdə saat 17 radələrində Binəqədi rayonu, 6-cı mikrorayondakı parkda olarkən Binəqədi RPİnin 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onu narkotik vasitələr daşımaqda şübhəli bilindiyi üçün 7-ci PB-nə dəvət etmişlər, bölmədə onun razılığı ilə müdafiəsi üçün vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulmuşdur, video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. O, əynindəki boz rəngli şalvarın sağ yan cibindən telefonları, sol yan cibindən isə 1 ədəd selofan bükümdə olan heroini masanın üzərinə qoymuşdur və həmin heroini Bakı şəhəri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirmişdir.Üzərindən aşkar edilmiş narkotik vasitə protokollaşdırılaraq götürülmüşdür. O, daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının araşdırılması üçün o da, daxil edilməklə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupu 06 iyun 2022-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs adlı şəxsi Binqədi rayonu, 6-cı mikrorayonda olan parkda saxlayaraq Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, video çəkiliş aparılmaqla hüquq və vəzifələri izah edilərək üzərində olan əşyaların təqdim edilməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində oan boz rəngli şalvarın qabaq sağ yan cibindən 2 ədəd telefon və qabaq sol yan cibindən 1 ədəd selofan bükümdə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur və həmin heroini Bakı şəhəri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində həmin faktı olduğu kimi təsdiq etdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 45-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi») ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3186 saylı rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. İş materiallarının 104-107-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3288 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Zaur Qüdrətov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən video çəkilişdən istifadə olunmuşdur, həmin video çəkilişi özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarın qabaq sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş halda bir bükümdə narkotik maddə sayılan heroin aşkar olunması müşahidə olunur. Azərbaycan Respublikasının CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarının 99-cu vərəqindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 (iki) ili keçdikdə məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs cəzasının çəkib qurtardığı gündən 2 (iki) il müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab edilməlidir. İş materiallarının 119-126-cı vərəqlərindəki Nərimanov rayon məhkəməsinin 1(005)- 303/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən tutulduğu 1 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 237966/2022 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 01 ay 27 gününü çəkmiş, həmin tarixə 02 il 4 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. İş materiallarının 22-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 06 iyun 2022-ci il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. Binəqədi rayon prokuroru ədliyyə müşaviri Fuad Məmmədovun 08 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İS-nin müstəntiqi Vüsal Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 14 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayəti Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 1(005)-303/2022 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də, təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 239766/2022 saylı məktubundan görünür ki, Məmmədov X3 rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(005)-303/2022 saylı hökmünə əsasən, ona təyin olunmuş 2 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə 01 ay 27 gününü çəkmişdir, 02 il 04 ay 01 çəkilməmiş cəzası qalmışdır. Hazırki vaxta isə Təqsirləndirilən şəxs çəkilmiş cəzası 3 (üç) ay 28 (iyirmi səkkiz) gün, çəkilməmiş cəzası isə 2 il 2 ay təşkil edir. Bu səbəbdən və istinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərmanov rayon məhkəməsinin 1(005)-303/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasından qismən hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli, cəzasının əvvəli tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,162 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli manat) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-303/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum olunduğu 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, iki gün bir günə hesabı ilə hesablanmaqla, yəni 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-303/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum olunduğu cəzanın çəkilmiş hissəsi, yəni 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs üzərində qəti qəti olaraq 1 (bir) il 1 (bir) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbs edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,162 qram olan narkotik vasitə heroin məhv edilsin. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar