Məhkəmə qərarları › İş №1(001)-54/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-54/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-54/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, istintaq tərəfindən şəxsiyyəti i müəyyən edilməyən “Elgün” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 01 mart 2023-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Carolla” markalı **- FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində müştəri qismində mindikdən sonra avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, «Xırdalan dairəsi»nin yaxınlığında olan zaman əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs 890 (səkkiz yüz doxsan) manat , dəyərində olan “Samsung A52” markalı mobil telefonunu əlindən almış, sonuncu həmin telefonu ondan geri tələb etdikdə o, mobil telefonu qrupun üzvü “Elgün” adlı şəxsə vermiş və Zərərçəkmiş şəxs avtomobili tərk etməsindən istifadə edib o, “Elgün” adlı şəxslə birlikdə “Samsung A52” markalı mobil telefonunu ələ keçirməklə açıq talayaraq, Zərərçəkmiş şəxs 890 (səkkiz yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tanışları Elgün, Cavad, Abdulla, Tacirlə görüşüb birlikdə Binəqədi-Xırdalan yolunda yerləşən “Laguna” adlı kafeyə getmişlər. Orada dostları ilə birlikdə müxtəlif növdə spirtli içkilər qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində kafedən çıxmış və gec olduğuna görə otelə getmək qərarına gəlmişlər. Həmin vaxt dostlarından kimsə “Bolt” tədbiqi vasitəsi ilə taksi çağırmışdır. Bir neçə dəqiqədən sonra kafenin qarşısına “Toyota” markalı avtomobil gəlmişdir. O, dostları ilə birlikdə həmin avtomobilə əyləşmişdir. Adını sonradan bildiyi taksi sürücüsü Şahinə onları “Like” otelə aparmasını xahiş etmişlər. Taksi sürücüsü onları “Like” otelə gətirdikdən sonra avtomobildən düşüb, sürücüyə onları gözləməsini bildirib otelə, daxil olmuşlar. Otelin administratoru böyük otaqların hamısının dolu olduğunu demişdir. Tacir oteldə balaca otaqların birində qalacağını bildirmişdir. Abdulla onlara Xırdalan şəhərində yerləşən evinə getməyi təklif etmiş və onlar razılaşmışlar, geriyə qayıdıb yenidən həmin taksiyə əyləşmişlər. Elgün qabaq oturacaqda, Cavad arxa oturacaqda sol tərəfdə, o, ortada, Abdulla isə sağ tərəfdə oturmuşdur. Taksi sürücüsü Şahindən onları Xırdalan şəhərinə aparmasını xahiş etmişlər. Yolda Şahinin telefonuna zəng gəlmiş, telefonu götürüb danışmaq istədiyi zaman o, telefonu Şahinin əlindən almış və maşın sürərkən telefonla danışarkən qəza törədə biləcəyini deyib, irad bildirmiş və telefonu yenidən özünə qaytarmışdır. Şahin onun əsəbi halda irad bildirməsindən qorxmuş, o, isə Şahinə qorxmamasını bildirmişdir. Xırdalan dairəsinə çatdıqda onlar Şahinə avtomobili saxlamasını, mağazaya gedəcəklərini demişlər. Həmin vaxt Şahin avtomobildən düşüb qaçmışdır. Bundan sonra Cavad Şahinin arxasınca getmiş, onlar isə həmin yerdən getmişlər. Bir qədər sonra Cavad ona zəng edərək Şahinin telefonunun itdiyini demiş, o, isə telefonun itməsinin onlarla əlaqəsinin olmadığını demişdir. O, tanışları ilə birlikdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayət əməlini törətməmişdir. Buna baxmayaraq ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs vurulmuş zərəri ödəmiş və sonuncu ilə barışmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsin əlindən mobil telefonu alaraq yenidən onun özünə qaytarmış, o, Elgünə telefon verməmiş, həmin zaman üzərində bıçaq olsa da, çıxardaraq nümayiş etdirməmişdir. İbtidai istintaq zamanı hazırda olduğu kimi ifadə vermiş, lakin ifadəsini oxumadan imza etmişdir. Qeyd edilənləri nəzərə alıb, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Toyota Corolla” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkətində qeydiyyatdan keçərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində telefonuna sifariş gəlmiş və sifarişdə müştəriləri Binəqədi- Xırdalan şosesindən adını xatırlamadığı kafedən götürüb, Binəqədi rayon ərazisində yerləşən “Like” otelə aparmalı olduğu qeyd edilmişdir. O, sifarişi qəbul edib, həmin ünvana gəlmiş, orada avtomobilinə əvvəllər tanımadığı 5 nəfər şəxs müştəri qismində əyləşmişdir. Həmin şəxslər avtomobilə əyləşən kimi öz aralarında zarafatlaşmağa başlamışlar. O, həmin şəxslərin dedikləri ünvana, yəni “Like” otelə aparmışdır. Həmin şəxslər avtomobildən düşmüşlər və otelin administratoru ilə söhbət etməyə başlamışlar. Bir neçə dəqiqədən sonra avtomobilinə müştəri qismində əyləşmiş şəxslərdən biri oteldə qalacağını söyləmiş, digər 4 şəxs isə onları Xırdalan dairəsinə aparmalarını xahiş etmişlər. O, həmin şəxslərin təklifi ilə razılaşmış və onlar avtomobilinin salonuna əyləşmişlər. Avtomobil hərəkətdə olan zaman sonra onun telefonuna zəng gəlmiş və o, telefonuna cavab vermişdir. Bu zaman avtomobilin salonunda arxada oturmuş şəxs, adını sonradan bildiyi Nihad telefonu onun əlindən almış, maşın sürərkən telefonla danışmamasını demişdir. O, Nihaddan telefonunu qaytarmasını tələb etmiş, lakin sonuncu “maşınını sür, artıq telefon dostumundur” deyib telefonu qabaq oturacaqda əyləşmiş adının sonradan Elgün olduğunu bildiyi şəxsə vermişdir. O, telefonunu qaytarmasını yenidən xahiş etmiş, Elgün isə Nihada tərəf dönüb sonuncudan bıçağını istəmişdir. Bu sözdən sonra Nihad Elgünə bıçaq vermişdir. Elgün bıçağın düyməsini bir neçə dəfə basıb tiyəsini açıb bağlamışdır. Sonra isə tiyəsi açıq vəziyyətdə olan bıçağı əlində oynatmağa başlamış və ona göstərib necə bıçaq olduğunu soruşmuşdur. O, Elgünün onu vuracağından qorxmuş və imkan olan kimi avtomobildən düşüb qaçmağı düşünmüşdür. Xırdalan dairəsinə yaxınlaşanda onlara yalandan özü üçün su almaq istədiyini bildirmiş və avtomobilini Xırdalan dairəsində yolun qırağında saxlamış, avtomobildən düşmüş və “Hyundai servis” istiqamətində qaçmışdır. O, servisin yanında gizlənmiş və arxasınca heç kimin gəlmədiyini görmüşdür. Təxminən 20 dəqiqədən sonra dostu Balabəyin özünə məxsus avtomobillə “Hyundai servis”in qarşısına gəldiyini görmüşdür. Balabəyin yanına yaxınlaşdıqda avtomobilində Nihadın dostlarından birinin, adının sonradan Cavad olduğunu bildiyi şəxsin olduğunu görmüşdür. Balabəy onu öz avtomobilinin yanına aparmışdır. O, özünə məxsus avtomobilin salonuna baxan zaman salonun dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Daha sonra avtomobilin salonunda olan pul kisəsinin içərisində olan 120 manat pulun da yerində olmadığını aşkar etmişdir. O, Cavaddan pulun və telefonunun geri qaytarılmasını tələb etmişdir. Lakin Cavad heç bir şey götürmədiyini bildirmişdir. Bundan sonra birlikdə Elgünlə Nihadı axtarmışlar, lakin onları tapa bilməmişlər. Həmin vaxtı yanında olan Cavadın avtomobildə olan zaman ona qarşı hər hansı bir hərəkətinin və yaxud hədəsinin olmadığına görə buraxmışdır. Özü isə Binəqədi RPİ 6-cı PB-yə gedib ərizə ilə müraciət etmişdir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Vəliyyətdin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tanışları Elgün, Abdulla, Nihad və Tacirlə birlikdə Binəqədi-Xırdalan yolunda yerləşən “Laguna” adlı kafedə müxtəlif növdə spirtli içkilər qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində kafedən çıxıb evə getmək istəmişlər, lakin vaxtın gec olduğunu nəzərə alaraq, otelə getmək qərarına gəlmişlər. Dostlarından kimsə taksi çağırmış, bir neçə dəqiqədən sonra kafenin qarşısına “Toyota” markalı avtomobil gəlmişdir. O, dostları ilə birlikdə həmin avtomobilə əyləşmiş və sürücüdən onları “Like” otelə aparmasını xahiş etmişlər. Adını sonradan bildiyi taksi sürücüsü Şahin onları “Like” otelə aparmış, otelin administratoru böyük otaqların hamısının dolu olduğunu demiş, Tacir oteldə balaca otaqların birində qalacağını bildirmişdir. Onlar həmin taksiyə yenidən əyləşmişlər. Elgün ön oturacaqda, o, arxa oturacaqla sol tərəfdə, Nihad ortada və Abdulla sağ tərəfdə əyləşmişdir. Abdullanın evinə getmək üçün Şahinə onları Xırdalan şəhərinə aparmasını demişlər. Yolda olarkən Şahinin telefonuna zəng gəlmiş, Nihad buna əsəbiləşmiş və Şahinin əlindən mobil telefonu götürmüşdür. Bir neçə dəfə Şahin telefonu geri-tələb etsə də, Nihad mobil telefonu geri qaytarmamışdır. Həmin vaxtı Nihadın hərəkətlərinə əhəmiyyət verməmiş, Nihadın sürücü ilə zarafat etdiyini düşünmüşdür. Şahin təkrarən telefonunu tələb etdikdə, Nihad telefonu Şahinə qaytarmışdır. Bundan sonra Elgün Nihaddan bıçaq istəmiş və Nihad cibindən açılıb bağlanan bıçağı çıxarıb Elgünə vermişdir. Elgün Nihaddan götürdüyü bıçağı əlində oynatmışdır. Bir neçə dəqiqədən sonra Şahin avtomobili yolun kənarında saxlayaraq su almağa getdiyini bildirmişdir. Şahin avtomobildən düşmüş bir neçə addım atdıqdan sonra qaçaraq yanlarından, uzaqlaşmışdır. Onlar da avtomobildən düşüb bir qədər Şahini gözləmişlər. Bir qədər sonra Abdulla, Elgün və Nihad getmiş, o, isə avtomobilin yanında durub Şahini gözləmişdir. Bir neçə dəqiqə sonra həmin yerə Şahinin tanışı gəlmiş və Şahinin harada olduğunu soruşmuşdur. O, isə Şahinin avtomobilin yanından getdiyini bildirmiş və həmin şəxslə birlikdə gedib, Şahini tapıb gətirmişlər. Şahinin avtomobilinin salonuna baxmış və pul kisəsinin içərisində olan 120 manat nağd pulunun və mobil telefonun oğurlandığını bildirmişdir. Bundan sonra Şahin polis bölməsinə, o, isə evə getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elgün Nihaddan aldığı bıçaqla Şahini hədələməmiş, həmin bıçağı əlində oynatmışdır. Həmin vaxt Nihad Şahinin telefonunu özünə götürməmiş, sonuncuya qaytarmışdır. O, ibtidai istintaq dövründə ifadə verərkən hal-hazırda qeyd etdiklərini bildirmiş, ifadəsini imzalayarkən oxumamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 23 radələrində tanışları Elgün, Cavad Nihad və Tacirlə birlikdə “Laguna” adlı kafedə əyləşib müxtəlif növdə spirtli içkilər qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində kafedən çıxıb evə getmək istəmişlər, lakin vaxtın gec olduğunu nəzərə alaraq, otelə getmək qərarına gəlmişlər. Onlar adını sonradan bildiyi Şahin adlı taksi sürücüsünün idarə etdiyi “Toyota” markalı avtomobillə “Like” adlanan otelə getmişlər. Həmin oteldə böyük otaq olmadığına görə Tacir orada qalmışdır. Həmin vaxt o, Elgün, Nihad və Cavada Xırdalan şəhərində yerləşən evinə getməyi təklif etmişdir. Onlar yenidən Şahinin idarə etdiyi taksi avtomobilinə əyləşmişlər. Həmin vaxt Elgün ön oturacaqda, o, isə Cavad və Nihadla birlikdə arxa oturacaqda əyləşmişdir. Yolda olarkən Şahinin mobil telefonuna zəng gəlmiş, sonuncu zəngə cavab verdiyinə Nihad Şahinin əlindən telefonu almış və avtomobil idarə edərkən telefonla danışmamasını, qəza törədə biləcəyini demişdir. Şahin telefonu geri tələb etdikdə Nihad telefonu Şahinə qaytarmışdır. Xırdalan dairəsinə çatdıqda Şahin su almaq istədiyini deyib, maşından düşmüş, bir neçə addım atdıqdan sonra qaçıb oradan uzaqlaşmışdır. Onlar Şahini bir qədər gözləmiş, lakin gəlmədiyini görüb getmək qərarına gəlmişlər. Həmin vaxt Cavad avtomobili nəzarətsiz qoymamaq üçün orada durmuşdur. O, sonradan bilmişdir ki, Şahin mobil telefonunun Nihad tərəfindən alındıqdan sonra geri qaytarılmaması barədə şikayət etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahinə məxsus avtomobildə gedərkən Nihadın Elgünə bıçaq verməsinin, sonuncunun Şahini bıçaqla hədələməsinin, mobil telefonu özünə götürməsinin, Şahinin idarə etdiyi avtomobildən hər hansı məbləğdə pul oğurlanmasını şahidi olmamışdır. O, ibtidai istintaq dövründə ifadə verərkən hal-hazırda qeyd etdiklərini bildirmiş, müstəntiq tərəfindən kompüterdə yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi, Xırdalan dairəsinin yaxınlığında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 18:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş soyğunçuluq hadisəsi üzrə digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasından Təqsirləndirilən şəxs tanıyaraq hadisə vaxtı telefonu ondan götürən və bıçaq çıxarıb öndə oturan tanışına verən şəxs olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən Elgün adlı şəxsin əməli CM-in 180.1-ci maddəsindən həmin məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-204/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 Vəliyyətdin oğlu arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid1 Vəliyyətdin oğlunun üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid2 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncu ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildmirşdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-204/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-662/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən həmin məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. 22.08.202-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından istintaq orqanı tərəfindən şəxsiyyəti müəyyən edilməyən Elgün adlı şəxs barəsində CM-in 177.2.2 və 180.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiqi edilməmiş, bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxş olmuşdur. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-ci tarixli, 181841 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 06 ay 14 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 05 ay 14 gün təşkil edir. Təqsirləndirilən şəxs özünü CM-in 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək soyğunçuluq cinayət əməlini törətməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid1 Vəliyyətdin oğlu və Şahid2 Təqsirləndirilən şəxs ilə oxşar ifadə verməsi iş üzrə toplanmış sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin digər sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən məhkəmə həmin ifadələri tanışları olan təqsirləndirilən şəxs Əl Təqsirləndirilən şəxs müdafiə etmək və məsuliyyətdən azada etmək məqsədi ilə verilməsin nəzərə alır və işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 14 gününü çəkmiş, 05 ay 14 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və həmin məhkumluq üzrə cəzanı çəkməməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 2 (iki) 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-204/2023 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(001)-204/2023 və xx.xx.2023-cü il tarixli, 4(001)-662/2023 nömrəli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-431/2022 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar