Məhkəmə qərarları › İş №1(001)-540/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-540/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-540/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun mudafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Quruzma ərazi dairəsi, Qəzli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 9 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 dekabr 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 2021-ci ilin iyul ayının sonlarında istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,054 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 19.08.2021-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş təmiz çəkisi 1,054 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5-6 ay əvvəl narkotik vasitə olan kakos istifadə etmişdir. Daha sonra isə həkim məsləhəti ilə müalicə aldıqdan sonra həmin narkotik vasitənin istifadəsini saxlamışdır. Təxminən 2 ay olar ki, həmin narkotik vasitədən istifadə etməmişdir, lakin 1-2 dəfə pati adlanan metamfetamindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20-25 gün öncə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bazarın yaxınlığında olan zaman yerdə olan bir ədəd ağ rəngli siqaret kağızında “patı” adlanan psixotrop maddəni tapmışdır. Daha sonra həmin maddəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin patı deyilən maddəni, yəni metamfetamini zibil qutusuna atmağı unutmuşdur. 19.08.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona psixotrop maddələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli olduğunu bildirərək, onu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin inzibati binasına getmişdir. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuş, onun üzərinə şəxsi axtarış və götürmə aparılacağı barədə məlumat verilmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş altında şəxsi axtarış və götürmə aparılmasına razılıq vermiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Həmin vaxt Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bazarın yaxınlığında yerdən tapdığı siqaretin ağ rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 avqust 2021-ci il tarixdə əməliyyat yolu ilə əldə etdiyi məlumata əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yeni tikilidə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib qəbul etdiyi məlum olmuşdur. Həmin məlumat bölmə rəisinə məruzə olunduqdan sonra qərara alınmışdır ki, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilsin. Bu məqsədlə 19 avqust 2021-ci il tarixdə rəhbəri özü təyin edilməklə, onun və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmışdır. Bundan sonra 19 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9 ünvanının yaxınlığına gedib orada əməliyyat tədbirinə başlamışlar. Əldə etdikləri əməliyyat məlumatına əsasən həmin ünvanda olduqları zaman saat 19:30-da Təqsirləndirilən şəxs ünvanın yaxınlığına gəlib çıxmış və onlar özlərini ona təqdim edərək polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxslə birlikdə 4-cü Polis Şöbəsinin inzibati binasına gəldikdən sonra raportla bu barədə məruzə etmişdir. Bundan sonra bölmənin təhqiqatçısı Davud Zamanov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və çəkiliş aparılacağı bildirildikdən sonra sonuncu üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmış, daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızında bükümü çıxarıb təqdim etmiş, həmin bükülü açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içindəki metamfetamindir, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bazarın yaxınlığında yerdən tapmışdır. Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və hamılıqla zərfin üzərində və protokolda imza etmişlər. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə tam uyğun ifadə verdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 30-31-ci vərəqlərindəki 19.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızında bükülü aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürməni əks etdirən videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər-hansı bir qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümdə olan maddəni çıxararaq könüllü şəkildə təqdim etmiş, maddənin metamfetamin olduğunu bildirmişdir. Azərbaycan Respublikasının CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı müəyyən edilmişdir. İş materiallarının 42-47-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3628 saylı, 20.08.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,054 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq 1,004 qram çəkidə metamfetamin bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. İş materiallarının 114-115-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3677 saylı 29.09.2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarındakı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad rayon İcra və Probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Binəqədi rayon Məhkəməsinin 1(001)-26/2017 saylı, 02.02.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və cəzasını başa vurmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, məhkumluğu olmayan hesab edilməldir. İş materiallarının 17-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarının 90-94-cü vərəqlərindəki Binəqədi rayon məhkəməsinin 21.08.2021-ci il tarixli, 4(001)-871/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 19 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, məhkumluğunun olmamasını, iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 həbsdə saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispaserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,004 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bü Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 25 saat hüquqi xidmətə görə Müdafiəçi 150 manat (25 x 6) məbləğində əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 7 (yeddi) ay 8 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudllaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 9 ünvanında yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumamtlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319,büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,004 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat məbləğində əmək haqqı Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar