Məhkəmə qərarları › İş №1(001)-540/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-540/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-540/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-589/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 11 ay 28 günə endirilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yerləşən fərdi nörməsiz evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan küçədə yerləşən poçt məntəqəsinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,600 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 12:40-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan küçədə yerləşən “Araz” marketin yaxınlığında saxlanılıb oradan 43-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,600 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 11 aprel 2022-ci il saat 12:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə yerləşən “Araz” marketinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu 43-cü PB-nə dəvət etmişlər.Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü və həmin göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sarı rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra cins şalvarının və tünd yaşıl rəngli gödəkçəsinin ciblərini açmağı tələb olunduqda oradan hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Aşkar olunmuş 01 ədəd içərisində şəffaf rəngli sellofana bükülmüş halda büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman o, həmin bükümün içərisindən çıxan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir.O, həmin narkotik vasitə olan “heroin”i xx.xx.2022-ci il tarixdə, saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi adlanan yerdə poçtun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə olan “heroin” polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayorudur.11 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 43-cü PB-nə mötəbər mənbədən daxil olan məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 30-da nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur.Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması məqsədilə 43-cü PB-nin inzibati ərazisinə aid olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə yerləşən “Araz” marketin yaxınlığında qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır.Həmin qrupa o və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil olmuşlar.Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi adlanan yerdə yerləşən “Araz” marketin yaxınlığında 11 aprel 2022-ci il tarixdə saat 12:40 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsi tələb edildikdə həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Onlar ona narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 43-cü PB-nə dəvət etmişlər.Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir.O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir.Onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan öncə üzərində qeyri-qanuni əşya varsa könüllü şəkildə təqdim etməsi bildirildikdə o, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş büküm və həmin göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sarı rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan sonra onun göy rəngli şalvarın və tünd yaşıl rəngli gödəkçəsinin ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Aşkar olunmuş 01 ədəd içərisində şəffaf rəngli sellofana bükülmüş halda büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman o, həmin bükümün içərisindən çıxan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir, “heroin”i 11 aprel 2022-ci il tarixdə saat 12.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi adlanan yerdə poçtun yaxınlığında tanımadığı şəxsdən 25 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən şəffaf rəngli sellofana bükülmüş halda qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir.Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2032 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “F.Alıyev-imza; imzalar...” yazılı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,600 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3660 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin də öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-589/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 11 ay 28 günə endirilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, himayəsində 2 (iki) azyaşlı övladı var və ailənin yeganə qazanc gətirən şəxsidir və əməlində cəzanı ağırlaşdıran hallar, ümumiyyətlə yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cıi il tarixli 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin Qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında 11 aprel 2022ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli qərara əsasən məlum olur ki, 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, buraxılmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı –Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 30, fərdi nömrəsiz evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə-heroinin 0,550 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 60 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 2, fərdi nömrəsiz evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə-heroinin 0,550 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ**********00********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar