Məhkəmə qərarları › İş №1(001)-543/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-543/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-543/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X17, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin 02 noyabr 1993-cü il tarixli hökmünə əsasən AR CM-nin 144-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X26 küçəsi, ev 24, mənzil 94 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir – ondan ötrü ki o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs - 12 may 2022-ci il tarixdə, saat 17-00 radələrində kirayədə yaşadığı X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində orta dərəcəli alkoqol sərxoşlugu vəziyyətində olarkən həmin vaxt evdə həmçinin sərxoş vəziyyətdə olan Məhərrəm Məlikov spirtli içki içmək istədiyini bildirərək ondan araq almasını tələb etdiyinə görə «Məhərrəm, çox içmisən, bugünlük bəsdir» deyərək sonuncuya iradını bildirməsinə baxmayaraq, Məhərrəm Məlikov “içəcəyəm” deyərək ondan təkidlə spirtli içki-araq almasını tələb etdiyi üçün həmin səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun hərəkətləri onu əsəbləşdirmiş və o, Məhərrəm Məlikovun yıxılaraq ağır xəsarət ala biləcəyini və yaxud ölə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq göstərərək baş vermiş nəticəni görməyərək, əvvəlcə sonuncunun sifət nahiyəsinə qəsdən sağ əli ilə iki dəfə sillə vuraraq ona ölümü ilə səbəbli əlaqəsi olmayan, dərəcəsinə görə sağlamlığa zərərvurmayan burun ucunun sıyrığı xəsarətini yetirmiş və bundan sonra həmin vaxt arxası ona tərəf çevrilmş vəziyyətdə olmaqla yatağına tərəf getmək istəyən Məhərrəm Məlikovun başının arxa-ənsə nahiyəsinə qəsdən bir dəfə sağ yumruğunun alt hissəsi ilə yumruq vuraraq, ona sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması xəsarətini yetirmiş və onun vurduğu yumruq zərbəsinin təsirindən Məhərrəm Məlikov müvazinətini saxlaya bilməyib üzü üstə yerə-döşəməyə yıxıldığından baş nahiyəsinin ön hissəsinin döşəməyə zərblə çırpılması nəticəsində dərəcəsinə görə hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid burun sümüyünün sınığı ilə müşayiət olunan burun belinin sıyrığı xəsarətləri və canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla Məhərrəm Məlikovun ölümünə səbəb olmuş sol alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı və sol alın-təpə payının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin qançırı, sol qaş nahiyəsinin əzilmiş yarası, sol üst göz qapağının qançırı və alın nahiyəsinin sıyrıqlarından ibarət olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq həmin xəsarətlərdən 12 may 2022-ci il tarixdə, saat 20.00 radələrində hadisə yerində-yuxarıda göstərilən ünvanda yaşadığı evin otağında ölmüş, bununla da Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Məhərrəm Məlikovu öldürmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər müxtəlif yerlərdə kirayədə yaşamışdır.2022-ci ilin təxminən mart ayından etibarən X4 təklifi ilə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Kor-71, 398 nömrəli evdə kirayədə yaşamağa başlamışdır.Aralarında olan razılığa görə kirayə haqqı olaraq ona aylıq 100 manat pul ödəmişdir.Həmin evdə Məhərrəm Məlikovla yalnız yaşamışdır. Otaqları ayrı olmaqla yanaşı üzbəüz yerləşir.Evin giriş qapısından sağ tərəfdə yerləşən birinci otaqda o, sol tərəfdə birinci otaqda isə Məhərrəm yaşamışdır. Gündəlik olaraq onlar birlikdə yemək yemiş, spirtli içkini də birlikdə qəbul etmişlər.Məhərrəm Məlikov da onun kimi spirtli içki aludəçisi olmuşdur.Bu səbəbdən də ailəsi, yəni arvadı və övladları Məhərrəmi tərk etmişlər, yalnız övladı Pərviz arabir ona baş çəkmişdir.Həmçinin, Məhərrəmin yaxın qohumları da onunla münasibəti kəsmişdirlər. Məhərrəmlə onların arasında əvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Lakin bəzən aralarında sözlü mübahisələr olmuşdur.Mübahisələrin əsas səbəbi Məhərrəmin hər gün ondan spirtli içki tələb etməsi olmuşdur.Məhərrəm ayıq olanda onunla mehriban davranmış, bu səbəbdən də ona kin saxlamamışdır.Baş vermiş hadisə barədə onu deyə bilər ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində evə gəlmiş, həmin vaxt Məhərrəmi sərxoş vəziyyətdə görmüş, lakin onun nə vaxt, nə qədər spirtli içki qəbul etməsini görməmiş, nə də ki ondan bu barədə soruşmamış, ona heç nə deməyib öz otağına keçib çarpayısında uzanmışdır.Təxminən saat 17:00 radələrində Məhərrəmin otağına keçmiş, sonuncu yenə içmək istədiyini bildirmiş, o, “Məhərrəm, çox içmisən, bu günlük bəsdir” demişdir.Lakin Məhərrəm ondan araq almasını tələb etmiş, o, imtina etdikdə Məhərrəm deyinməyə başlamış və yenə araq tələb etdikdə əsəbiləşib əvvəlcə onun sifət nahiyyəsinə iki dəfə sağ əli ilə yüngül sillə ilə vurmuşdur.Bu sillədən sonra onun daha Məhərrəmi vurmaq fikri olmamışdır.Lakin Məhərrəm arxasını ona çevirib yenə “içəcəyəm” deyib yatağına getmək istəyəndə əsəblərini cilovlaya bilməyib sağ yumruğunun alt hissəsi ilə onun başının arxa nahiyyəsinə zərblə vurmuşdur.O, heç Məhərrəmin baş nahiyəsinə də vurmaq istəməmişdir, yəni yumruğunu məhz onun baş nahiyəsinə vurmağa istiqamətləndirməmişdir, təsadüfən yumruğu onun baş nahiyəsinə dəymişdir. Bundan sonra da zərbənin təsirindən Məhərrəm üzü üstə yerə dəymiş, onun başı və sifət nahiyəsi döşəməyə dəymişdir. Nəticədə Məhərrəmin burnu qanamışdır. O, Məhərrəmi ayağa qaldırmağa kömək etmiş, bundan sonra Məhərrəm ona dəsmal gətirməyini xahiş etmiş, ona dəsmal vermiş, Məhərrəm dəsmal ilə burun nahiyyəsini silib otağında divanda uzanmışdır. Məhərrəm divanda ona “özümü pis hiss edirəm, öləcəm” deyə bildirmişdir.Lakin o, Məhərrəmin sözlərini ciddi qəbul etməyib öz otağına keçmiş və çarpayıda uzanmışdır. Saat 20:00 radələrində Məhərrəmə yaxınlaşıb onu oyatmaq istəmiş, lakin reaksiya vermədiyini görüb öldüyünü başa düşmüşdür.Əvvəlcə təcili-tibbi yardım çağırmaq istəsə də, sonra çaş-baş qalmış və heç kəsə xəbər verməmişdir.Bir qədər sonra Məhərrəmin qohumları, oğlu Pərviz gəlmiş, ondan nə baş verməsini soruşduqda qorxusundan Məhərrəmi vurduğunu onlara deməmiş, sadəcə Məhərrəmin ölməsini bildirmişdir. O, Məhərrəmin ölməsini istəməmişdir.Çünki onunla arabir mübahisələri olsa da normal dolanmışlar.Məhərrəm həmin günü ondan spirtli içki tələb etdiyi və onu bezdirdiyi üçün sillə və yumruqla vurmuşdur.Öldürmək məqsədi olsa idi Məhərrəm yerə yıxılanda ona kömək etməz, həmin vaxtı hər hansı vasitə ilə onun həyatına son qoyardı.Lakin o, Məhərrəmi ayağa qaldırmış, burnundan axan qanı təmizləməsi üçün dəsmal gətirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirini bilmədiyini, zərərçəkmiş şəxsi öldürmək istəyinin olmamasını, baş vermiş hadisəsinin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin öz müvazinətini itirərək yerə yıxılmasını və yıxıldığı zaman başının yerə bərk çırpılaraq aldığı xəsarətlərdən ölməsini nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, anası X18 və 2010-cu il təvəllüdlü qardaşı X15 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küç., 75, mənzil 13-də kirayədə yaşayır. 2017-ci ilə qədər onlar atası Məhərrəm Məlikova məxsus ünvan 3 nömrəli mənzildə yaşamışlar. Təxminən 4-5 yaşı olandan atasını spirtli içki aludəçisi kimi bilmişdir. Uzun illər atasının içməsi ilə bağlı həmişə evdə söz-söhbət olmuşdur.Atası iki dəfə müalicə alaraq qısa müddətlik spirtli içkidən asılılıqdan uzaqlaşsa da, tamamilə bu asılılıqdan qurtula bilməmişdir.2015-ci ildə o, hərbi xidməti başa vurub qayıdanda atasının spirtli içki qəbul etməsinin daha da artmasını görmüşdür.Bu səbəbdən də 2017-ci ildə anası, o və qardaşı atasını tərk edib kirayədə yaşamağa başlamışlar.2018-ci ildə isə anası atasından rəsmi olaraq boşanmışdır. Ayrıldıqdan sonra anası ilə qardaşı atası ilə əlaqəni tamamilə kəsmişdirlər. Yalnız o, arada bir atasına baş çəkib onunla maraqlanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavətləri olmamışdır.Təxminən 2022-ci ilin mart ayından Təqsirləndirilən şəxs atasının evində kirayədə yaşamağa başlamışdır.O, bir neçə dəfə atasına baş çəkməyə gedəndə müşahidə etmişdir ki, Aydın da spirtli içki aludçəsidir.Baş vermiş hadisə ilə bağlı onu deyə bilər ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı evdə olarkən atasının yaşadığı məhəllədə yaşayan Etibar adlı köhnə məhəllə yoldaşı zəng edərək atasının ölməsini, bu barədə anasına da xəbər verməsini bildirmişdir. Lakin o, anası qorxmasın deyə evdə heç kəsə demədən atasının yaşadığı evə getmişdir. Evin həyətinə çatanda artıq orada əmisi Əliəskəri, onun kürəkəni Nazimi, bibisi oğlu Rəşadı və adlarını xatırlamadığı qonşuları görmüşdür.Evə daxil olanda Aydını öz otağında ağır dərəcəli sərxoş vəziyyətdə yatağında oturmasını görmüş, ondan nə baş verməsini soruşduqda çətinliklə atasının ölməsini bildirmişdir.Bundan sonra atasının yatdığı otağa keçib onun ölməsini görüb əmin olmuşdur.Atasının sifət nahiyəsindəki xəsarəti, yerdəki qanlı dəsmalı gördükdə onun ölümü şübhəli gəlməyə başlamışdır.Sonradan ona məlum olmuşdur ki, Aydın atasının başının arxa tərəfindən yumruqla vurması nəticəsində yerə yıxılaraq ağır xəsarət almış və ölmüşdür. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, o təqsirləndirilən şəxsdən şikayətçidir, buna görə də, Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini və ona cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, X10 qayınatasının qardaşıdır. Məhərrəmi evləndiyi vaxtdan tanıyır.xx.xx.2022-ci il tarxidə iş rejiminə əsasən istirahət günü olduğu üçün işə getməmiş, həmin tarixdə təxminən saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 115 ünvanında yaşadığı evə yaxınlıqda yerləşən “Dəliçiçək” adlı kafeyə gedib dostları Asəf və İsmətlə birlikdə oturmuşdur.Həmin kafe Səməndər adlı şəxsə məxsusdur. Təxminən saat 21:30 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs kafedə işləyən Ağayar adlı şəxsə yaxınlaşıb qayınatası Ələskərin telefon nömrəsini soruşmuş, həmin vaxt Asəf həmin şəxsdən Ələskərin nömrəsini niyə istədiyini soruşmuşdur. Qayınatası onun yaşadığı ünvanın yaxınlığında yaşayır və Asəf də onunla eyni məhəllədə yaşadığı üçün qayınatasını tanıyır.Asəf soruşduqdan sonra həmin tanımadığı şəxs Ələskərin qardaşının öldüyünü və bu barədə Ələskərə məlumat vermək istədiyini bildirmişdir.O, həmin şəxsə Ələskərin qayınatası olduğunu və ona özü məlumat verəcəyini bildirmişdir.Bundan sonra dərhal qayınanası X7 zəng edib Məhərrəmin ölməsi barədə məlumat vermişdir.Telefonla danışdığı zaman qayınasının ona dediklərini qayınatasına dediyini eşitmişdir.Qayınanası ona Məhərrəmin yaşadığı ünvana gedəcəklərini demiş, o da həmin ünvana gedəcəyini bildirmişdir.Bundan sonra Asəf və İsmətlə birlikdə Məhərrəmin yaşadığı ünvana getmişlər.Əvvəlcə evin giriş qapısını bir neçə dəfə döymüş, lakin qapını açan olmadığını görüb üçü də evə daxil olmuşdur. Evin giriş qapısı qapalı olsa da, kilidli olmamışdır.Evə daxil olan kimi sağda yerləşən otaqda bir nəfər tanımadığı, sonradan adının Aydın olduğunu öyrəndiyi şəxsin yataqda uzandığını görmüşdür.Həmin şəxsdən kim olduğunu soruşmuş, Aydın ona orada kirayədə yaşadığını bildirmişdir.Aydından Məhərrəmin harada olması barədə soruşduqda Aydın ona “Məhərrəm o biri otaqdadır, ölüb” deyə bildirmişdir. Həmin vaxt Aydının danışığından və hərəkətlərindən sərxoş olduğu açıq-aşkar hiss olunmuşdur. İsmət və Asəflə birlikdə digər otağa daxil olmuşlar. Əllərindəki telefonun işığı ilə otağa baxdıqda görmüşdür ki, Məhərrəm həmin otaqdakı divanda uzanıb. Asəf Məhərrəmin olduğu otağın işığını yandırdıqdan sonra döşəmədə iki yerdə xırda diametrdə qan ləkələri olduğunu görmüşdür. Məhərrəmin yanına yaxınlaşdıqda onu arxası üstdə divanda ölü vəziyyətdə aşkar etmişdir. Ondan spirtli içki qoxusu gəlmişdir. Məhərrəmin burnunda qan da olmuşdur. Onun qarın hissəsi adyal ilə örtülmüşdür. Həmçinin otaqdan pis iyi hiss olunmuşdur. Bundan sonra onlar evdən çölə çıxmışlar. Bir neçə dəqiqə sonra Məhərrəmin bacısı oğlu Rəşad gəlmişdir. Rəşadı evlənməmişdən də əvvəldən eyni yerdə işləsi ilə əlaqədar tanıyır. Qayınatasıgil və mərhumun oğlu Pərviz də bir neçə dəqiqə sonra qeyd olunan ünvana gəlmişlər. Onlar gəldikdən sonra o, təcili tibbi yardım stansiyasına zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadə verən Şahid5 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi halları tam təsdiq etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid3 bildirmişdir ki, mərhum X10 qonşusu olmuşdur. Yaşadığı evlə Məhərrəmin yaşadığı ev arasında təxminən 150-200 metr məsafə vardır. Məhərrəm məhəlləyə köçən vaxtdan onunla münasibəti yaranmışdır. Sonradan Məhərrəm spirtli içkidən asılı vəziyyətə düşmüş və bununla əlaqədar təxminən 5-6 il bundan əvvəl ailəsi ondan imtina edib onu tərk etmişdir. Məhərrəm son vaxtlar işləməmişdir. Bu səbəbdən qonşular ona yemək, bəzən maddi yardım da etmişdir. O, bəzən imkan olduqda Məhərrəmə 3-5 manat pul yardımı etmiş, bəzən də arvadının onun üçün hazırladığı yeməyi ona ac qalmamasını üçün aparıb vermişdir. Təxminən 2 ay idi ki, Məmmədov X16 evində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs da spirtli içki aludəçisi olmuşdur. O, Aydını çox vaxt sərxoş vəziyyətdə görmüşdür. Aydın kimi görsə ona yaxınlaşıb pul istəmiş, verilən pula da araq almışdır. Hadisənin barədə deyə bilər ki, Məhərrəm 9-xx.xx.2022-ci il tarixlərdə işdə olduğu zaman yaşadığı evə gəlib onu axtarmış, arvadı isə işdə olduğunu, ona xəbər edəcəyini bildirmişdir.Həmin günlərdə işi çox olduğundan Məhərrəmin yanına gedə bilməmişdir.Məhərrəm belə onu axtaranda adətən araq almaq üçün pul istəmişdir.xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində işdən evə gəlib çörək yeyib, təxminən saat 21:00 radələrində Məhərrəmə dəymək üçün onun yaşadığı evə getmişdir.Evin həyətinin qapısını açıb Məhərrəm deyə səslənmiş, səs gəlmədiyindən onun evinin qapısını döyüb evinə daxil olmuş, evin işıqları sönülü olmuş, təkrarən Məhərrəm səsləyəndə Təqsirləndirilən şəxs “o ölübdür” sözünü eşitmişdir.Aydına baxanda onun yerində uzanmasını görmüş, ondan necə ölübdür soruşduqda Aydın “orada” deyib əli ilə Məhərrəmin otağını göstərmişdir. O, həmin otağa daxil olub işığı yandırmış, Məhərrəmin nəbzini yoxlayıb onun ölməsini bilmişdir. Məhərrəmin öz əcəli ilə ölməsini fikirləşib bu səbəbdən də onun qardaşı Ələskərə xəbər verməyi qərarlaşdırmışdır. O, Ələskəri əvvəldən tanımış, sonuncu Binəqədi rayonu, Binəqədi qəsəbəsi, hərbi komissarlığın yanında kafedə kababçı işləmişdir. Yaşadığı məhəllədən həmin kafeyə təxminən 15 dəqiqəlik piyada məsafəsi vardır. O, piyada kafeyə gedəndə qonşusu Namiqi görmüş, ona Məhərrəmin öldüyünü, sonuncunun kafedə işləyən qardaşına məlumat verməyə getdiyini bildirmişdir. Namiq də ona qoşulmuş və onlar birlikdə həmin kafeyə getmişlər. Kafeyə çatdıqda Namiq kafenin qarşısında çöldə gözləmiş, o, isə içəri daxil olmuşdur. Kafedə işləyən adını bilmədiyi şəxsə yaxınlaşıb Ələskəri soruşmuş, həmin şəxs Ələskərin burada olmamasını dedikdə ondan sonuncunun telefon nömrəsini soruşmuşdur. Həmin şəxs ondan Ələskərin nömrəsini niyə istədiyini soruşmuş, ona Ələskərin qardaşının öldüyünü və bu barədə Ələskərə məlumat vermək istədiyini bildirmişdir.Həmin vaxt orada olan bir cavan oğlan ona Ələskərin qayınatası olduğunu və ona özü bu barədə məlumat verəcəyini bildirmişdir.Bundan sonra o, Namiqlə oradan məhəlləyə qayıtmış, hərəsi öz evlərinə getmişlər.Sonradan qonşuların sözlərindən ona məlum olmuşdur ki, Aydınla Məhərrəm arasında mübahisə yaranmış və Aydının onu başına yumruqla vurması nəticəsində Məhərrəm yerə yıxılaraq ölmüşdür. Məhkəmə iclasında ifadə verən Şahid2 digər Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi halları tam təsdiq etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X13 bildirmişdir ki, ünvan 5 ünvanında anası X3 ilə birlikdə yaşayır. X10 qonşusu olmuşdur. Məhərrəmin yaşadığı ev onun yaşadığı evdən təxminən 20 metr məsafədədir. Bəzi hallarda onunla oturub yeyib-içmiş, o cümlədən spirtli içki qəbul etmişlər. Məhərrəm demək olar hər zaman sərxoş vəziyyətdə olmuşdur. Məhərrəm də onun kimi iş olduğu hallarda fərdi qaydada usta kimi fəaliyyət göstərmiş, o cümlədən Məhərrəm telefon işlətməmişdir. Təxminən 2022-ci ilin aprel ayından Məhərrəmin evində Aydın adlı şəxs kirayədə qalmışdır. Aydın təzə köçən vaxtı üçü birlikdə oturub spirli içki də qəbul etmişlər. Həmin vaxtı adi məsələlərdən, məsələn kinolardan, lətifələrdən və s. söhbət etmişlər, lakin Aydınla Məhərrəmin hansı formada birbirilərinə tanımaqları barədə söhbət etməmişdirlər və hal-hazırda da bu barədə məlumatı yoxdur. Hadisə barədə deyə bilər ki, sonuncu dəfə təxminən xx.xx.2022-ci il tarixdə Məhərrəmi görmüşdür. Belə ki, siqareti qurtardığı üçün onun evinə gedib qısa müddət orada oturub qayıtmışdır.Həmin vaxt Aydın evdə olmamış və Məhərrəmdə hər hansı anormallıq görünməmişdir. Bundan sonra onu görməmiş və hər hansı formada əlaqə saxlamamışdır. xx.xx.2022-ci il tarixdə bütün gün evdə olmuşdur. Yalnız günorta saatlarında evdən çıxıb yaxınlıqda yerləşən mağazadan araq alıb evə qayıtmışdır.Bundan sonra evdən çıxmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 08:00 radələrində küçəyə hava almağa çıxmışdır. Bu zaman küçədə olan adını bilmədiyi qonşu Məhərrəmin öldüyünü demişdir. Onun sözünə inanmamış, elə həmin şəxsin gözü qarşısında gedib Məhərrəmin evinin qapısını döymüş, bu zaman həmin şəxs ona yenidən Məhərrəmin öldüyünü və sonuncunun morqa aparıldığını bildirmişdir. Bundan sonra o, evə gəlmişdir. Bir neçə saat evdə oturduqdan sonra Məhərrəmin ölməsi barədə dəqiq məlumat öyrənmək üçün yenidən sonuncunun evinə getmişdir. Ora çatdıqda çoxlu sayda insanları görmüşdür. Orada olan şəxslərin sözlərindən ona məlum olmuşdur ki, Aydın və Məhərrəm arasında yaranmış mübahisə zamanı Aydın Məhərrəmin başından yumruqla zərbə vurmuş və bunun nəticəsində sonuncu yerə yıxılmış və ölmüşdür. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid6 və Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə verərək onunu göstərdiyi halları tam təsdiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizasının 13 may 2022-ci il tarixli, 94 №-li rəyinə əsasən, Mərhum M.D.Məlikovun meyitində göstərilən xəsarətlər aşkar edilmişdir: sol alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı və baş beyinin sol alın-təpə payının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin sol yarısının qançırı, sol qaş nahiyəsinin əzilmiş yarası, sol üst göz qapağının qançırı və alın nahiyəsinin sıyrıqları;burun sümüyünün sınığı ilə müşayiət olunan burun belinin sıyrığı;sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması;burun ucunun sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, onun ölümündən bir qədər əvvəl əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən: sol alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı və sol alın-təpə payının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin qançırı, sol qaş nahiyəsinin əzilmiş yarası, sol üst göz qapağının qançırı və alın nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya aiddirlər, onun ölümü ilə səbəbli əlaqəsi vardır. Burun sümüyünün sınığı ilə müşayiət olunan burun belinin sıyrığı və sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyalarm) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Burun ucunun sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Mərhum M.D.Məlikovun meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən burun ucunun sıyrığı sillə ilə yetirilmiş zərbə zamanı əl barmağının dırnağının təsirindən əmələ gələ bilərdi. Digər xəsarətlər isə başının sağ təpə-ənsə nahiyəsinə yumruq və s. ilə yetirilmiş zərbənin təsirindən onun üzü üstə yıxılaraq yerin bərk səthinə və eləcə də bərk küt əşyalara zərblə çırpılması nəticəsində əmələ gələ bilərdilər.Mərhum M.D.Məlikovun ölümünə səbəb sol alın- təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin sol alıntəpə payının yumşaq qişasına və toxumasına qansızma olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Məhərrəm Məlikovun ölümü meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 03:20-də başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. Məhərrəm Məlikovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. İş materriallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2022-ci il tarixdə məhkəmə-genetik ekspertizasının 22/443R №-li rəyində göstərilmişdir ki, 01 (bir) ədəd “Fayton" ticarət markalı şüşə araq butulkası üzərindən götürülmüş tədqiqat nümunəsinin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən 01 (bir) ədəd “Fayton” ticarət markalı şüşə araq butulkası üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi mümkün olmadı. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd göy rəngli dəsmal üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri X8 məxsusdur. Hadisə yerindən “1” və “2” №-li pambıq tamponlar və döşəmədən 01 (bir) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri X9 məxsusdur. X5 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd üst idman paltarı və 01 (bir) ədəd tuman üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri X9 məxsusdur. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd cins şalvar üzərində qana şübhəli ləkə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş ləkələrin tərkibində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. X1 və sol əl dırnaq kəsintiləri altında olan bioloji mənşəlli materiallar onun özünə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 may 2022ci il tarixli məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 6/2940 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X6 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli poliamid kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X6 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 may 2022ci il tarixli komisyon kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1669 №-li rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidannda olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, primitivlik, impulsivlik, səthilik, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan AR DİN –nin Baş əməliyyat və X14 tərəfindən təqdim olunan tələbnaməyə əsasən məlum olur ki, Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin 02 noyabr 1993-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 144-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Rəşad Gülməmmədli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Rəşad Gülməmmədli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CMnin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində 19.20 radələrində müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 4(001)-528/2022saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 13 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Rəşad Gülməmmədli tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini və müdafiəçinin çıxışını və dövlət ittihamçısının mövqeyini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar aşkar edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi təqsirləndirilən şəxsin onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə təqsirli olması qismən özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, çoxsaylı şahidlərin ifadələri və ekspertizanın rəyləri ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir . Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməli CM-nin 124.1 -cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, cinayətin xarakterini, ağırlıq dərəcəsini, hadisə nəticəsində zərərçəkmiş şəxsin ölməsini AR CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, ona təyin edilmiş cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 233 (iki yüz otuz üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X12 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə maddi sübut - Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan - Məhərrəm Məlikova məxsus 01 ədəd uzunqol üst idman gödəkçəsi, 01 ədəd uzunqol sviter, 01 ədəd uzunqol alt gece köynəyi, 01 ədəd qısaqol mayka, 01 ədəd cins şalvar, 01 ədəd alt gece şalvarı, 01 ədəd tursik, 01 cüt qara rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, habele 01 ədəd dəsmal Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, iş üzrə maddi sübut Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 05 ədəd bıçaq, 01 ədəd açar (çox funksiyalı bıçaq), 01 ədəd şüşə butulka, əl-dırnaq kəsintiləri, tük və qan nümunəsi, qan ləkələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-in 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat məbləğində pul keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün çəkilmiş məhkəmə xərci – 233 (iki yüz otuz üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X12 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan - Məhərrəm Məlikova məxsus 01 ədəd uzunqol üst idman gödəkçəsi, 01 ədəd uzunqol sviter, 01 ədəd uzunqol alt gece köynəyi, 01 ədəd qısaqol mayka, 01 ədəd cins şalvar, 01 ədəd alt gecə şalvarı, 01 ədəd tursik, 01 cüt qara rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut – Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Aydı n Məmmədova məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, habele 01 ədəd dəsmal Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut - Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 05 ədəd bıçaq, 01 ədəd açar (çox funksiyalı bıçaq), 01 ədəd şüşə butulka, əldırnaq kəsintiləri, tük və qan nümunəsi, qan ləkələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN********** m/hAZ37NABZ**********00********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB************** ******, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar