Məhkəmə qərarları › İş №1(001)-544/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-544/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-544/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Xüsusi ittihamçı X5 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 xüsusi ittiham qaydasında şikayət verərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan X6 «Futbol+» qəzetinin baş redaktoru X2 informasiya vasitəsində - internet informasiya ehtiyatlarında təhqir etmişdir. X3 qarşı yol verilmiş cinayət əməlinin araşdırılması və həmin əməllərə cinayət hüquqi qiymət verilməsi tələbi ilə bağlıdır. X12 jurnalistdir, müxtəlif media qurumlarında çalışmışdır. 30 ilə yaxındır ki, «Futbol+» qəzetinin baş redaktorudur. İdman, xüsusilə də futbol sahəsində müxtəlif televiziya, radio proqramlarında təcrübəli jurnalistekspert kimi çıxışlar edir. Rəhbərlik etdiyi qəzet dəfələrlə müxtəlif qurumlar tərəfindən «Azərbaycanın ən yaxşı idman nəşri» sayılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2017-ci il iyulun 19-da evlə mükafatlandırılmışdır. 13 mart 2024-cü il tarixdə «Facebook» platformasında etdiyi paylaşımı təkrar olaraq votsap sosial şəbəkəsində paylaşaraq aşağıdakı mətni qeyd etmişdir. «Bır ölkədəki iki çağırış üzrə deputat kürsüsündə əyləşəsən dünyanın əksər beynəlxalq siyasi təşkilatları ilə əməkdaşlıq edən, sonrada tamamile «demokratikləşərək dövlətinə qarşı barışmaz mövqe sərgiləyib də, çıxışlarında «başı batmış Putin Rusiya ika müqayisədə Fransanın Ermənistanda maraqları və yardımı cuzidi» (absurd olduğu halda), «Çox sevinirəm ki, ABŞ ile Türkiye dostlaşır, arzum odur ki, bu dövlətlər daim dost-qardaş olsun», «Albaniya ilə Atropatena bizim tarix deyil, onair mədəniyyətimizə, kimliyimizə yaddı» və digər bu kimi siyasi səhvlər, tarixi bisavadlıq (əslində quşlamalar) sərgiləyən ünsürlərin «demokratikmilliyyətçi-müxalifət» cəbhəciyində yer alırsa, təbii ki, bu «savadı» püskürənlərin idman mətbuatında ideya qardaşı Mahir Rüstəmli kimi siyasət ilə idmanı bir-birinə qarışdıran, çay daşıyan donosçunu 6 ilin jurnalistinə və işçisinə üzünə durğuzan, 27 illik «jurnalist» karyerasında «başına çəkmək» frezeoloji ifadəsi ilə «əyyaş» sözünü fərqlərini bilməyib də, bu sözlərin eyni anlam daşıdığı kimi qanan zurnalistlərin olması normal haldı. Yardımlıdan olan «baş redaktorla profilaktik tədbirlər bütün cəbhə boyu davam edəcək.» İfadələrini onun barəsində paylaşmışdır. Belə məlumatlar əvvəlcə A.İbrahimli tərəfindən demotiya.com saytında yayılıb. A.İbrahimli müəllifi olduğu «Futbol+»un psevdovətənpərvərlıyı sərlövhəli məqalədə baş redaktoru olduğu qəzeti, onun kollektivinin fəaliyyətinin məzmununu aşağılamağa, gözdən salmağa çalışıb: «Hazırda ucuz populizm ilə reyting toplamağa çalışan qurumdan biri da «Futbol+» qəzetidi... Futbolu siyasətə qarışdırmaq, onu milliyətçilik mətbəxinə salmaq psevdovətənpərvərlikdən və ucuz populizmdən başqa bir şey deyil ki, «Futbol+» bu ampluada diqqət çəkməklə məşğuldu. Mahir əfəndi və təqlidlə məşğul olan həmkar deyə bilməyəcəyi cavan «jurnalist»lər. 2024cü ilin may ayının 4-də «X24 ilə X25-dakı xaç atalar»ı Cozef Barel də dünən etiraf etmişdir ki, bir neçə gün Ukraynaya hərbi yardımı dayandırsaq Putin Rusiyası qalib gələcək. Bu dəfəki May ayı Yardımlıdan olan Mahır bay üçün 3 qat zərbə və «aşura» olacaq. Belə ki, həm NATO-un hərbi texnikalarının məhv edilib sərgiyə çıxarılması, həm sabah (mayın 5da) Vladimir Putinin andiçmə mərasimi (Mahir «hoca»nın ona nifrət edir, həm da 9 May Faşizm üzərində Qələbə gününün 79-cu ildönümün gəlməsi rusofob baş redaktorun nəyi var içini və ruhunu göynədir.» 14 may 2024-cü il tarixində «Martın 13-dən Mahir Rüstəmli donosçu işçiləriylə birgə barəsində xüsusi ittiham qaydasında əvvəlcə Yasamal Rayon Məhkəməsinə, sonra isə Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdi. 40 gün davam edən qarşıdurmadan sonra Vüsal Tağıyevin sədrliyi ilə keçən məhkəmədə qarşı tərəfin iddiası təmin olunmadı. Hazırda Ermənistandakı qatı sağçıların revanşıst fəaliyyətləri puç olduğu kimi Mahir Rüstəmlinin də «barbarossa»sı içində qaldı. Qarşıdan onun məhkəməsi davam gəlir.. sabahın xeyir «Yardımlı kralı» ifadələri qeyd edilən yazıları paylaşmışdır. 15 may 2024-cü ildə tarixdə votsap sosial şəbəkəsindən «Mahir Rüstəmlinin barəsində Binəqədi Rayon Məhkəməsinə iddiası 25 aprel 2024-cü tarixdə təmin edilmədi. O gündən bu yana yardımlıdan olan luzer vatçap hekayələrində cəsusluq etməklə məşğuldu. Nə vaxt baxırsa burdakı paylaşımlarını izləyir. Təbii ki, onu əngəlləmək kimi niyyəti olmayıb. Adam kompromat axtarır. Amma hələki tilovuna nəsə düşmür. Ey başına çəkmək ifadəsinin anlamını dərk etməyən «jurnalist» May ayı sənin üçün olduqca gərgin, matəmli, aşurəli keçdiyindən xəbərdaram. Çoxlarının da agah olması üçün barəndə irəlidəki səhifədəki paylaşımı edirəm. Bunu da məhkəmə də əleyhimə istifadə edə» fikirlərini paylaşmışdır.19 iyun 2024-cü il tarixdə votsap platformasında «Hər Rusiyanın uğuru, Ukraynanın darmadağını və Qərbin məkirli planları pozulanda Gəncə və Ağsu şərab evinin araqlarını başına çəkən Mahir Rüstəmli dəvəsi ölmüş ərəbi, qatırı gəbərmiş mollanı saqqalı qırxılmış ravini xatırladır» ifadələrini paylaşmışdır. Elə həmin gün yani 19 iyun 2024-cü il tarixində votsap platformasında növbəti paylaşımın mətni belə olmuşdur. «!!!! Son 5 gün rusafob, sovetfob, keçmişinə tüpürən və jurnalist etikasından pəhrizdə olan Mahir Rüstəmli üçün olduqca depressiyalı va müsibətli keçib. Belə ki, gərgin döyüşlərdən sonra ruslar 2 mindən çox banderovçulan gəbərtməklə Staramayorsk yaşayış məntəqəsini ələ keçirib, möhkəmlənməklə Xarkov istiqamətində daha bir koridor açdı. Ardınca Ukrayna yığmasının AÇ-na darmadağınlı məğlubiyyətlə başlaması, nəhayət X19 Xalg Demokratik Respublikasına rəsmi səfər etməklə X26 ilə yeni iqtisadı, hərbi müttəfiklik sazişi imzalaması Yardımlıdan olan baş redaktorun xəyallarını puç edib». A.İbrahimli «Futbol+»un psevdovətənpərvərliyi» məqaləsində onu içki düşkünü, əyyaş kimi təqdim etməklə gözdən salmağa, təhqir etməyə çalışıb: «Yardımlıdan olan baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi... Deməyim o ki, Mahir bəy arağın təsirindən yuxarıdakı ifadəni işlətsəydi, bunu başa düşüb yola vermək olardı. İş orasındadı ki, oyaq halda məntiqə sığmayan mülahizələr irəli sürür. Qəzet başqanının ruslar demiş «trezvi» vaxtında Bojovic haqqında yazı dərc etdirməsi «Leon» filmindəki Matildanın bolluca şampanla dolu qədəhləri başına çəkib dəm olmasından sonra yüksək səslə hırıldayıb diqqət çəkməsinə bənzəyir. Bu ifadələrin arasında «içki düşkünü», «əyyaş» kimi ifadələr birbaşa işlədilməsə də, mətnin ümumi məzmunundan aydın görunür ki, müəllifin əsas məqsədi həmkarları, oxucular arasında onu nüfuzdan, gözdən salmaq. aşağılamaq, təhqir etmək olub. Belə paylaşımların sayı onlarladır, onların hamısını izləyə bilməmişdir. Güman ki, xəbərdar olmadığı, ancaq A.lbrahimli tərəfindən onu təhqir etmək, gözdən salmaq niyyətilə yayılmış olan başqa məlumatlar da var.A.İbrahimlinin onun haqqımda yaydığı həqiqətə uyğun olmayan məlumatlar ayrı-ayrı ifadələri detallı araşdırılmadan, ümumilikdə, onun şərəf və ləyaqətini aşağılamaq, onu nüfuzdan salmaq məzmundadır. O, kütləvi informasiya vasitələrində ona xitabən yalan olduğunu bilə-bilə qəsdən aşağılayıcı ifadələri işlədib yaymaqla, şərəf və ləyaqətini başqalarının gözündə ləkələyib, onun nüfuzunu aşağılayıb. O, həyatının bütün hissəsini jurnalistikaya həsr etmişdir, peşə fəaliyyətilə bağlı heç vaxt hər hansı qüsuru olmayıb. Rəhbəri olduğu qəzet həmişə idmanı, xususilə futbolu təşviq edib, bu sahədə dövlətin yürütdüyü siyasətə dəstək verib. Bütün idman ictimaiyyətinin yaxından tanıdığı ona və rəhbəri olduğu qəzetə qarşı aşağılayıcı ifadələrdən və müqayisələrdən istifadə etmək, ən yüngül halda təhqirdən başqa bir şey deyil.A.İbrahimli onun barəsində yalan məlumatları qəsdən yaymaqla təhqirə yol verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, təhqirə yol vermək cinayət məsuliyyəti yaradır. Hesab edir ki, A.İbrahimlinin əməllərinə hüquqi qiymət verilməli və o, Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 yazılı etiraz verərək etirazında göstərmişdir ki, xüsusi ittihamçı X11 Binəqədi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsindəki cinayət əməlinin tərkibi mövcud olduğuna görə,təhqir cinayətinə görə məsuliyyətə cəlb edilməsi və cəzalandırılmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdirş. Aşağıdakı səbəb və əsaslara görə şikayətin rədd edilməsini xahiş etmişdir. 1)Rüstəmov Mahir şikayətində qeyd etdiyi şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlər bölümünün 2-ci bəndində, xx.xx.2024-cü il tarixdə Facebook platformasında onun barəsində yazı paylaşdığını qeyd edir. Facebook olduqca geniş virtual məkandır. Onun barəsində paylaşımı şəxsi profilində, səhifələrdə yoxsa qrupda paylaşdığı vurğulanmır. Çünki Facebookda yalnız sadalanan üç seçimlərin hər birində və ya eyni zamanda hamısında paylaşım edilə bilər. Həmçinin həqiqətənmi o paylaşım etmişdir? O paylaşmışsa hansı profillə bunu etməyi və proiılindəki insiallar mütləq qeyd edilməlidir. Ardınca şikayətçi deyir ki, həmin paylaşımı whatsapp sosial şəbəkəsində də paylaşmışdır. Qeyd edir ki, whatsapp sosial şəbəkə yox, smartfon telefonlar üçün nəzərdə tutulmuş sevris proqramıdır. Whatsappda isə Facebook, instagram və digər sosial şəbəkələrdəki kimi paylaşımlar etmək mümkün deyil. Whatsapp servisində paylaşım ya mesaj bölümündə kiməsə atmaqla, ya yaxın insanlarla yaradılan qrup(lar)da mesaj kimi göndərmək ya da 24 saat mövcud olan hekayə bölümündə paylaşmaq olar. Qarşı tərəfə whatsappda nə vaxt və bu servisin sadaladığı hansı bölümündə paylaşım etdiyini də qeyd etmir. Onun təqdim etdiyi kserosürətdə paylaşımın tarixi (gün, ay. il) göstərilmir. Eləcə də qeyd olunan şikayətlə bağlı məhkəməyə təqdim edilən kserosurətin altında qırmızı boyalı qələmlə “Yazı 3 nüsxədə. Kopiyanın (nüsxə) biri Mahir Rüstəmliyə (onu idman mətbuatında bu adla tanıyırlar) təqdim olunub» sözləri yazılıb. Bunu kim təqdim edib, hansı tarixdə verilib göstərilməyib. Əgər onu nəzərdə tutmuşlarsa, ona 2-ci bənddə qeyd edilən və onun məhkəməyə təqdim etdiyi kserosürətlə bağlı yazı təqdim etməmişdir. Etmişsə də (hərçənd bu absurddu) bunu niyə Facebook paylaşımı kimi təqdim edir? 2) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 3-cü bölümündə Rüstəmov Mahir onu və qəzet kollektivini demotiya.com saytında aşağıladığını qeyd etsə də, bunun hansı tarixdə (gün, ay, il) olduğunu göstərməyib. 3) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərlə bağlı 4-cü bənddə xx.xx.2024-cü il tarixdə onun barəsində yazı paylaşdığını vurğulasa da, həmin yazının harda və hansı profillə paylaşıldığı haqqında məlumat yoxdur. Məhkəməyə təqdim olunan kserosürətdə də yazının onun tərəfindən yazılması barədə sübut olunan fakt yoxdu. Sadəcə kağız üzərində quru yazının kserosürətidir. 4) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 5-ci bəndində xx.xx.2024-cü il tarixdə Rüstəmov Mahirlə bağlı paylaşım etdiyi qeyd olunsa da, harda, hansı profildən paylaşıldığı barədə məlumatlar yoxdu. Məhkəməyə təqdim olunan kserosürətdə də yazının onun yazdığını sübut edən fakt yoxdu. Cırılmış kağızda sadəcə quru yazı var. 5) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 6-cı bəndində xx.xx.2024-cü il tarixdə whatsappda paylaşım etdiyi vurğulansa da, bunun mesaj, qrup yoxsa hekayə bölümündə etdiyi qeyd edilmir. Həmçinin onun yazdığını sübut edən detallar da göstərilmir. Məhkəməyə təqdim olunan kserosürətdə də yazının onun yazdığını sübut edən fakt yoxdu, sadəcə quru yazının kserosurət var. 6) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 7-8-ci bəndlərində xx.xx.2024-cü il tarixdə whatsappda Rüstəmov Mahir barəsində iki paylaşım etdiyi vurğulansa da, hansı bölümdə və şəraitdə etdiyi yenə göstərilmir. Məhkəməyə təqdim olunan kserosürətdə də yazının onun yazdığı barədə sübut olunan fakt yoxdu, sadəcə quru yazı kserosurəti var. 7) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərlə bağlı 9-cu bənddə Rüstəmov Mahir iddia edir ki, “Futbol+”un psevdovətənpərvərliyi məqaləsində onu əyyaş adlandırmışdır. Amma nədənsə həmin yazının nə vaxt dərc olunması (gün, ay, il) barədə məlumat yoxdur. Həmçinin onu da xüsusi vurğulayır ki, o, heç vaxt, nə şifahi, nə də yazılı şəkildə Rüstəmov Mahirin ünvanına “əyyaş” sözü işlətməmişdir. Bu onun atdığı şər və böhtanlardır. 8) Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 10-cu bəndində Rüstəmov Mahir deyir ki, güya onun şərəf və ləyaqətini aşağılayan yazıları, paylaşımları çoxlu saydadır. Sadəcə həmin paylaşımları izləyə bilməmişdir və ya qarşısına çıxmamışdır. Sual olunur ki, faktsübut olmadan necə belə qənaətə gəlir ki, onunla bağlı “n” sayda paylaşımlar edir. Bu ona qarayaxma, imicinə zərbə vurmaq və gələcək fəaliyyətini təsiraltına almaq və jurnalist karyeranı ləkələməkdir. 9) Rüstəmov Mahir israrla güya onu “əyyaş”, “içki düşkünü” adlandırdığını qeyd edir. Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlərin 9-cu bəndində barəsində deyilir: “Bu ifadələrin arasında “içki düşkünü”, “əyyaş” kimi ifadələr birbaşa işlədilməsə də, mətnin ümumi məzmunundan aydın görünür ki, müəllifin əsas məqsədi həmkarlarım, oxucular arasında məni nüfuzdan, gözdən salmaq, aşağılamaq, təhqir etmək olub”. Sual olunur ki, Rüstəmov Mahir hüquqi cəhətdən ona qarşı heç bir təhqirə yol vermədiyi halda, necə onu aşağıladığını, təhqir etmək, gözdən salmaq barədə məqsədi olduğu qənaətinə gəlib? Ümumiyyətlə o, məqsəd və məramından necə xəbərdar ola bilər? Bu birbaşa etmədiyi hərəkətlərdə onu ittiham etmək, şərləməkdir. 10) Şikayətin hüquqi əsasları bölməsinin 27-ci bəndində Rüstəmov Mahir yenidən onun ünvanına nalayiq ifadələr, o cümlədən güya onu “əyyaş” və “içki düşkünü” sözləri işlətdiyini yazır. Özünə 27 ilin jurnalisti, baş redaktoru deyən şikayətçi bir qədər irəli gedərək “yüksək savadı”yla Azərbaycan dilinə “yenilik” gətirərək “başına çəkmək” frazeoloji sözünü və “trezvi vaxtında” ifadəsinin Azərbaycan X13rşılığının “əyyaş”, “içki düşkünü” olduğunu qəti şəkildə vurğulayır. X20 israrla deyir ki, onun barəsində “sərxoş”, “daim spirtli içkilərin təsirində olduğunu” kimi sözlərdə yazmışdır. Bu sadalananlar böhtan, şər atmaqla yanaşı, savadsızlığın, qərəzliliyin göstəricisidir. Belə ki, onun dediyi faktların heç biri dilimizin izahlı lüğətində yoxdur. Bunu aşağıdakı dəlillər də sübut edir. Belə ki, “Azərbaycan Dilinin İzahlı Lüğətində” içki düşkünü, daim içki içən, bunu yaşam tərzinə çevirən və içki təsirindən hərəkətlərini idarə edə və danışığını bilməyənlərlə bağlı işlədilən sözlər bunlardı: “Əyyaş”, “əyyaşlıq”, “sərxoş”, “sərxoşluq”, “alkoqollu”. “Azərbaycan Dilinin İzahlı Lüğəti”nin İ cildinin 101 -ci səhifəsində içki düşkünü və əyyaşlığı izah edən “Alkoqol”, “Alkoqolizin”, “Alkoqollu” sözləri var. “Alkoqol” dedikdə bunun iki mənası başa düşülür. 1. Spirt; 2. Araq, ümumiyyətlə spirtli içkilər nəzərdə tutulur. “Alkoqolizin” sözündə isə həddindən aılıq spirtli içkilər içmə, spirtli içkilərə aludə olma, içki düşkünlüyü, əyyaşlıq ifadə edilir. “Alkoqollu” sözündə isə tərkibində alkoqol (spirtli) olan içkilər, məhsullar nəzərdə tutulur. «Azərbaycan Dilinin İzahlı Lüğəti”nin 11 cildinin 159-cıı səhifəsində içki düşkününü iladə edən “Əyyaş”, “Əyyaşlıq” sözləri işlədilir. “Əyyaş” və “Əyyaşlıq” sözləri ərəb sözü olub vaxtını eyş-işrətlə, sərxoşluqla keçirən, içki düşkünü olan şəxsə deyilir. “Azərbaycan Dilinin İzahlı Lüğəti”nin İV cildinin 90-cı səhifəsində içki düşkününü ifadə edən “Sərxoş” və “Sərxoşluq” sözləri keçir. “Sərxoş” fars sözü olub, mənası içmiş, kefli deməkdi. “Sərxoşluq” isə sərxoş adamın halı, кеflilik, daima içib keflənməyə adət etmə, içki düşkünlüyü nəzərdə tutulur. “Başına çəkmək” sözü frazeoloji birləşmədir. X16 və dossent Rafiq İsmayılovun 2018-ci ildə “Altun kitab” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycan Dilinin Frazeologiya Lüğəti”nin (Təkmilləşdirilmiş ikinci nəşr) 41-ci səhifəsində “başına çəkmək” ifadəsinin iki mənası olduğu qeyd edilir: 1. Birnəfəsə içmək; 2. Acgözlüklə içmək. 2007-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap olunan “Azərbaycan Dilinin Sinonimlər Lüğəti”ndə “əyyaş”, “əyyaşlıq” sözlərinin hansı sözlərlə sinonimlik təşkil etməsi 129-cu səhifədə ətraflı, geniş, zəngin misallarla göstərilir. Belə ki, “əyyaş” (vaxtını eyş-işrətdə, sərxoşluqla keçirən adam) sözünün sinonimi kimi “badəpərəst”, “xərabati”, “içki/araq düşkünü”, “içkiçi”, “meypərəst”, “şərab düşkünü”, “şərabxor”, “alkoqolik”, “alkoqolçu”, “badənuş” işlədilir. Göründüyü kimi “başına çəkmək” ifadəsində “əyyaş”, “əyaşlıq”, “alkoqolizin”, “alkoqolik”, “sərxoş”, “sərxoşluq” sözləriylə yaxından-uzaqdan əlaqəsi yoxdur, eyniyyət, sinonimlik də təşkil etmir. “Başına çəkmək” tamamilə ayrı sözdür, heç bir halda da içki düşkünü kimi xarakterizə oluna bilməz.“Trezvi vaxtında” sözünə gəlincə, rus dilindəki “trezviy” (трезвый), “trezvost” (трезвость) sözləri “sərxoş olmayan”, “içkidən uzaq olmaq”, “oyaq”, “ağlı özündə olan” deməkdir. Odur ki, “trezvi” sözünün də “sərxoş”, “sərxoşlu”, “əyyaş”, “əyyaşlıq”, “alokoqolik”, “şərabxor”, “meypərəst” və digər bu kimi eyniyyət təşkil edən sözlərə heç bir aidiyyatı yoxdu. Rüstəmov Mahir “luzer” (iddia ərizəsində səhvən “lüzer yazıb) sözünü də təhqir, söyüş kimi təqdim edib. “Luzer” ingilis “loser” sözüdür. Bütün dünyada İngilis dilini öyrənmək üçün mötəbər və əsas qaynaq olan Oksford Universitetinin və Kembric Universitetlərinin tərtib etdiyi beynəlxalq lüğətlərdə “loser”, yəni dilimizdəki luzer kimi yazılan və tələffüz olunan söz “məğlub olmuş”, “uduzmuş”, “uğursuzluğa düçar olan” deməkdi. “Luzer” (loser) sözünün yuxarıda qeyd etdiyi lüğətlərdə izahlı mənası belədir: “şəxsin və ya komandanın oyunda yaxud yarışmada məğlub olması”. Luzer sözü Azərbaycan dilində yeni sözdü. Əsasən publisistik, araşdırma yazılarda, jurnalistikada (əsasda idman jurnalistikasında) və bədii ədəbiyyatda istifadə edilir. Bundan başqa “luzer” sözü siyasət, sosial, ictimaiyyət, müxtəlif cəmiyyətlərdə və digər bu kimi mühitlərdə geniş istifadə olunmaqla daim məğlub olan, uğursuzluğa düçar olan, uğur qazanmayan fiqurlar çağrılır. Rüstəmov Mahir isə savadsızlığından, məlumatsızlığından, xəbisliyindən və qərəzliliyindən dolayı ona böhtan atmaq üçün “luzer» sözünü düzgün tərcümə etməyərək onu “həyatı məhv olmuş”, “bacarıqsız”, “əzilmiş” kimi məhkəməyə təqdim edib. Rüstəmov Mahir ona qarşı bu cür qarayaxma, böhtan atma, nüfuzdan salmaq, cəmiyyətdə, media mühitində, jurnalistlər arasında və məhkəmə qarşısında mənfi imic formalaşdırmaq, aşağılamaq və qaralamaqdan başqa bir şey deyil. Barəsində hər dəfə məhkəməyə təqdim etdiyi iddia ərizələrində, Azərbaycan Respublikasının Mətbuat Şurasına yazdığı şikayətində də bu cür ifadələr çoxdu, hədsiz uzunçuluq olmasın deyə onları əlavə edib, izahlar gətirməmişdir. Məhkəmənin hazırlıq iclasında ehtiyac olsa bu barədə geniş danışacaqdır. Odur ki, Rüstəmov Mahir güya onu təhqir etdiyini vurğulayır. Əslində isə ona qarşı min bir böhtanlar atır, özünü jurnalistikanın “şah”ı hesab edir. Rüstəmov Mahir bundan əvvəl də demək olar ki, bu məzmunda ona böhtanlar atmaqla bir dəfə Yasamal Rayon Məhkəməsində, iki dəfə isə Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmiş, ancaq onun verdiyi şikayətlər məhkəmə tərəfindən imtina edilmişdir. Fəaliyyət və şikayətçinin rəhbəri olduğu “Futbol+Qəzetində əmək münasibətlərində olduğu dövrlərdə də heç kimin şərəfi ilə ləyaqətinin açaldılması barədə yazı və çıxışları olmadığı halda ona min bir böhtan atmaq. üzünə adamları (o cümlədən jurnalist olmayan şəxsləri) üzünə qoymaqla nəyə isə nail olmaq istəyir. O, Rüstəmov Mahir və onun əməkdaşları dediyi şəxsləri yazılarında da təhqir etməmişdir. Həmçinin yazar, köşə yazarı, jurnalist olduğu vaxtlar da, elə indi də saytlarda, qəzetlərdə, sosial şəbəkə hesablarında və digər bu kimi yerlərdə fikirlərini, mövqeyini ortaya qoyarkən daim Azərbaycan Respublikasının qanunlarının əsasını təşkil edən Konstitusiyanın 47-ci (Fikir və söz azadlığı), 50-ci (Məlumat azadlığı), 51-ci (Yaradıcılıq azadlığı), 54- cü (Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ), 57ci maddənin İİ bəndinə (Müraciət etmək hüququ), Eləcə də “Məlumat azadlığı haqqında» qanunun 2-ci, 5-ci maddələri, “Kütləvi İnformasiya vasitələri haqqında» qanunun 1-ci, 7-ci, 8-ci maddələri, “Media haqqında» qanunun 5-ci və 6-cı maddələri həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalardan irəli gələn qanunlardakı nüasnları rəhbər tutmaqla tənqid qeyd etmişdir. Bu da onun vətəndaş, yaradıcı insan, publisist, jurnalist olaraq haqqı və hüququdur. Rüstəmov Mahir jurnalist etikasından, prinsiplərindən kənara çıxaraq, Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilərdən irəli gələn qaydalar, idman prinsipləri haqqında qanunları, xalqımızın nüfuzuna, ölkə başçısının xarici və daxili siyasətinə xələl gətirən yazısına tənqidlə cavab verdiyim üçün əvvəlcə ona qarşı qondarma iclas (üzümə adamlar qoymaqla) keçirib, qanunsuz əsaslarla işdən qovdu, sonra isə Mətbuat Şurasına barəsində həqiqəti əks etdirməyən məsələlərlə bağlı şikayət bildirib nüfuzuna xələl gətirib. O da Rüstəmov Mahirlə bağlı aidiyyatı orqanlara - Vergilər Nazirliyinə, X9, Azərbaycan Respublikasının Ombusmanma, X17, Mətbuat Şurasına yazılı şikayətlərini bildirmişdir. Daha sonra qanunda göstərildiyi müdəalara əsasən “İşə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsiylə bağlı 8 saylı Mediyasiya qurumuna müraciət etmişdr. Hazırda onunla cavabdeh arasında mülki mühakimə qaydasında məhkəmə mübahisəsi davam edir. Nərimanov rayon Məhkəməsi aidiyyəti üzrə işi Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Bakı Kommersiya Məhkəməsi isə işə aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsində baxılmasını əsas gətirərək işi Ali Məhkəməyə göndərmişdi. Sonuncu məhkəmənin avqustda çıxardığı qərara əsasən işinə yenidən Nərimanov Rayon Məhkəməsində baxılması məqsədəuyğun hesab edilmiş və xx.xx.2024cü il tarixdə qarşı tərəflə məhkəmənin hazırlıq iclası təyin edilmişdi. Amma qarşı tərəfin nə özü, nə də vəkili məhkəməyə gəlməmişdir. O, bununla ədalət mühakiməsində qaçmağa, işi maksimum uzatmağa çalışır. Qısası qarşı tərəfin onun barəsində şikayəti qərəzdən və onun qanunsuz əməllərinə qarşı susmayıb tədbirlər görməyindən dolayı əmələ gəlmişdir.Yazılarında və çıxışlarında Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin tərkib hissəsini təşkil edən əməl yoxdur. Cinayətin 4 əlaməti və tərkibi yoxdur. Qarşı tərəf onu mütəmadi təhqir etdiyini deyir. Amma bu barədə konkret zaman, məkan və hansı adla etdiyini göstərmir. Eləcə də iddialarında bir çox hüquqi faktlar göstərilmir, sübut olmadığı üçün çirkin əməllərə yol verilir. Odur ki, qarşı tərəfin şikayət rədd edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X5 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 bildirmişdir ki, o iş materialları ilə tanış olmuşdur. Materiallarda konkret tarix göstərilməmişdir. Bununla bağlı etirazında da geniş şəkildə yazmışdır. Etirazı ondan ibarətdir ki, xüsusi ittihamçı tərəf bildirir ki, sonuncu onun tərəfindən mütəmadi olaraq təhqir edilir. Təhqirin müddəti, vaxtı, harada olunması ilə bağlı isə heç bir məlumat yoxdur. Həmçinin dəqiq olaraq necə təhqir etməsi qeyd olunmamışdır. İş materialları ancaq şəkillərdən ibarətdir. Bu şəkillər də bilinmir ki, onun “Whatsapp” tətbiqindən yoxsa “Facebook” hesabından götürülmüşdür. Həmin məsələyə də konkret olaraq aydınlıq gətirilməmişdir. İş materiallarında onun 05 yanvar 2024-cü il tarixli məqaləsi göstərilmişdir. O məqalədə çoxdandır orada qalmışdır. Həmin məqaləyə görə qanunsuz iclas keçirib, onu işdən qovmuşlar. Bununla da bağlı o xüsusi ittihamçını məhkəməyə vermişdir. O, heç kimi təhqir etməmişdir, bu barədə bildirilənlər yalandır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətə ekran görüntüləri əlavə olunsan da, qeyd olunan paylaşımların barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 tərəfindən yayılması konkret olaraq öz təsdiqini tapmır. Həmçinin həmin görüntülərdə olan yazıların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını da müəyyən etmək mümkün olmur. Qeyd olunması zəruridir ki, şikayətə əlavə edilmiş ekran-görüntülərinin kim tərəfindən paylaşıılmasını müəyyən etmək mümkün olmur. Əlavə olaraq isə şikayətə qoşulmuş ““Futbol+”un psevdovətənpərvərliyi” adlı yazı, həmçinin “Neftçinin yeni baş məşqçisi Miodraq Bojoviç başa çatmaqda olan ildə kimi Rusiya premyer-liqasının ən yaxşı baş məşqçisi saymasıyla bağlı suala cavab verib” adlı yazı sadəcə komputerdə yazılaraq çap edilmişdir. Həmin yazılarında kütləvi şəkildə yayılması yaxud yazının müəllifinin X6 olması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətə əlavə edilmiş rəyləri yazmış hesabın sahibinin X6 olmasını təsdiq edən yaxud həmin rəylərin X6 tərəfindən yazıldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin X6 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X12 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən xüsusi ittihamçının təhqir edilməsi göstərilmişdir. X1 hansı formada kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı əsaslandırılmamışdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətiin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə dair şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar