Məhkəmə qərarları › İş №1(001)-545/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-545/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-545/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinin tələblərini pozaraq, sərxoş vəziyyətdə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib 19.06.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Mehdiabad avtomobil yolu ilə 20-30 km/saat sürətlə hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, avtomobili qarşı əks hərəkət zolağına çıxarmış, bu zaman əks istiqamətdə 50-60 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ- 21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi toqquşaraq, ehtiyyatsızlıqdan «VAZ-21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 boyun nahiyəsinin qançırı, sağ mil sümüyünün qapalı yerdəyişməli sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və həmin avtomobilin qabaq sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs2 alın nahiyəsinin, sağ əlin İİ barmağının sıyrıqları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, «VAZ-21074» markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiyaya uğraması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 1722 (bir min yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan vurmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını sərxoş halda pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşadığı evin həyətində avtomobil mühərriklərinin təmiri ilə məşğul olur. 17.06.2021-ci il tarixdə uzaq qohumu Şahid idarə etdiyi «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün onun yanına gətirmişdir. 19.06.2021-ci il tarixdə avtomobilin təmiri işləri ilə məşğul olmuş və həmin zaman “GO” adlanan spirtli içkidən istifadə etmişdir. Həmin gün saat 18 radələrində «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə detal almaq üçün və ümumilikdə avtomobilin mühərrikini yoxlamaq məqsədi ilə o, həmin avtomobili idarə etmiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda 20- 30 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin sükan dartqısı deyilən hissəsi avtomobildən çıxmış və bu zaman avtomobilin sükanı sola doğru fırlanmışdır. Onun idarə etdiyi avtomobil qarşı əks zolaqda düzünə hərəkətdə olan «VAZ-2107» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə baş verən zaman «VAZ-2107» markalı avtomnobili təxminən 2 metr məsafədən görmüşdür. Hadisə zamanı avtomobildə tək olmuş və toqquşma nəticəsində boynundan xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardımla Respublika Kliniki Xəstəxanasına, sonra isə 3 saylı Sabunçu rayon xəstəxnasına getmiş və orada ilkin müayinə olunduqdan sonra evə buraxılmışdır. Cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Həmçinin rəsmi olaraq subay olsa da, qeyri-rəsmi nikahda olduğunu və həmin nikahdan himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, «VAZ - 21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 19.06.2021-ci il tarixdə saat 18 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda hərəkətdə olmuşdur. Həmin yolda düzünə 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman, qarşı əks zolaqda hərəkətdə olan «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən avtomobilini sola doğru döndərmiş və onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. «ZAZ-11057» markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili anidən sola doğru idarə etdiyindən o, həmin avtomobili hadisə baş verdiyi anda görmüşdür. Hadisə zamanı avtomobildə özündən başqa qaynı Zərərçəkmiş şəxs2 olmuş və sonuncu avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Hadisə baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. O, təcili tibbi yardımla Respublika Kliniki Xəstəxanasına getmiş və orada ilkin müayinə olunduqdan sonra evə buraxılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona fiziki ziyanla yanaşı, 1722 manat məbləğində maddi ziyanda dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur və onlar barışmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19.06.2021-ci il tarixdə saat 18 radələrində qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ- 2107» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Qohumu Zərərçəkmiş şəxs1 avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda düzünə idarə edərkən, qarşı əks zolaqda hərəkətdə olan «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən avtomobili sola doğru idarə etmiş və bu zaman Vahidin idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. «ZAZ-11057» markalı avtomobilin sürücüsü Vahidin idarə etdiyi avtomobilə çatanda anidən avtomobili sola doğru idarə etdiyindən, həmin avtomobili o, hadisə baş verdiyi anda görmüşdür. Hadisə baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Vahid təcili tibbi yardımla xəstəxanaya getmiş, o, isə yüngül dərəcəli bədən xəsarəti aldığından ilk öncə heç bir tibb müəssisəsinə getməmişdir. Lakin, sonradan tibbi müayinədən keçdikdə, bədənində alın nahiyəsinin və sağ əlin İİ barmağının sıyrıqları kimi, dərəcəsi təyin olunmayan xəsarətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur və onlar barışmışdır. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23.09.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 19.06.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, 19 iyun 2021-ci il tarixdə olan yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolu ərazisində baş vermişdir. 19.06.2021-ci il tarixli, 2/8173 nömrəli protokoldan görünür ki, 19 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. 21.06.2021-ci il tarixli, 893 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin və sağ qulaq seyvanının sıyrıqları bərk küt əşya (əşyaların) təsirindən törənmişdir; 19.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 22.06.2021-ci il tarixli, 901 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırı, sağ mil sümüyünün qapalı yerdəyişməli sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanasına müraciət etdiyi 19.06.2021-ci il saat 21:10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, 19.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, əyni sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdildər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiylərində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüydən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. 22.06.2021-ci il tarixli, 902 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin, sağ əlin İİ barmağının sıyrıqları bərk küt əşya (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, 19.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 02.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 11.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 14.02.2016-cı il tarixdə (14.02.2016-cı il tarixədək müddətə etibarlı olan) AF 001742 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. 08.09.2021-ci il tarixli, 409 nömrəli arayışdan görünür ki, «VAZ 21074» markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən güclü zərbə nəticəsində avtomobilin dəyişməli hissələrin və bərpa işlərinin qiyməti 1722 (bir min yeddi yüz iyirmi iki) manat təşkil edir. 17.09.2021-ci il tarixli, 8/1861 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, 1. ZAZ-11057 markalı ** OU *** dövlət qeydiyyat nişanlı sistemi hadisədən əvvəl işlək vəziyyətdə olmuşdur. Yəni avtomobilin sükan sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən ZAZ-11057 markalı ** OU *** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rafikov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Rafikov ZAZ-11057 markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Rafikov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. 26.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 26.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 26.10.2021-ci il tarixli qərardan görünür ki, «VAZ-21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaları üçün sahiblərinə qaytarılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə İƏDÜN tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 29.10.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı özünə məxsus «VAZ-21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. 29.10.2021-ci il tarixli qəbzdən görünür ki, Şahid ibtidai istintaq zamanı özünə məxsus «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. 14.12.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam şəkildə ödənilmiş, onlar barışmışlar və sonuncunun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. 15.12.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam şəkildə ödənilmiş, onlar barışmışlar və sonuncunun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. AZE 12920091, AZE 12920090 nömrəli şəxsiyyət vəsiqələrindən və “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamələrdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.07.2008-ci il təvəllüdlü X4 adlı və 03.03.2010-cu il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263- 1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cərimə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1, «ZAZ-11057» markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Şahid təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197-198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsndan tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1, «ZAZ-11057» markalı, **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Şahid təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsndan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar