Məhkəmə qərarları › İş №1(001)-547/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-547/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-547/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olmayan, Azərsu ASC-də çilingər işləyən, orta təhsilli, Füzuli şəhəri, XX Partiya qurultayı küçəsi dalan 3 ev 24də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S. ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,235 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd qızılı rəngli kağıza bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 19 aprel 2024-cü il tarixdə, saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:55-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,235 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Psixotrop maddə olan metamfetamin həqiqətən üstündən çıxmışdır. Amma hadisənin nə vaxt olması yadından çıxmışdır. Cibində gələrkən onu saxlayaraq bölməyə dəvət edilmiş və üzərinə baxış keçirilmişdir. Üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Ayın neçəsində olmasını unutduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq psixotrop madəddən əvvəllər arada istifadə etdiyini, sonuncu dəfə üstündən çıxanda istifadə etmək istədiyini, saxlanıldıqdan sonra istifadə etmədiyini bildirmişdir. Əvvəllər də narkotik vasitə ilə məhkum olunduğunu, qeyd etmişdir. Daha sonra üzərindən metamfetamin aşkar edildiyini, cibində yadından çıxıb qaldığını, üzərində balaca bir bükümdə metamfetamin olduğunu, yerdən tapdığını, tutulan günü toyda olduğu üçün yadından çıxıb həmin maddə üzərində qaldığını bildirmişdir. Daha sonra metamfetamini tapdıqdan sonra istifadə etmədiyini, 3 gün üstündə qaldığını qeyd etmişdir. Bundan başqa tutulan zaman ona təzyiq, hədə-qorxu olunmadığını, ifadəsini də müdafiəçinin yanında verdiyini, üzərindən aşkar edildiyini qeyd etmişdir. Daha sonra tapdığı psixotrop maddədən istifadə etməsini tam xatırlamadığını, tutulan vaxtı nə ifadə veribsə doğru olduğunu qeyd etmişdir. Verilmiş suallara cavab olaraq məhkəmə iclasında dindirilmiş Şahid2 dediklərinin doğru olmasını qeyd etmişdir. Son sözündə əməlindən peşman olduğunu qeyd edərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Əməliyyatçı Şahid1 məlumatı əsasında bölmə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra 6-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında video çəkiliş ilə şəxsin üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində olanı könüllü surətdə çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs psixotrop maddəni taparaq üzərində gəzdirdiyini və şəxsi istifadəsi üçün istifadə edəcəyini onlara bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs o və əməliyyatçı Şahid1 birlikdə Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsində saxladıqlarını, ona qarşı hər hansı bir hədə-qorxu, təzyiq olunmadığını qeyd etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən fadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızıh rəngli kağıza bükülmüş, içərisində ağ rəngli kristallik maddə, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0,36 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 nömrəli möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Mənzil İstismar İdarəsinin (RJU) yaxınlığında çilingər kimi iş icra edən zaman kibrik qutusunun içərisindən tapdığını, psixotrop maddəni götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/2146 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzrində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 175 dairəvi möhür əksi, şübhəli şəxs Ə.Samir sözləri, soyad və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,235 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,235 qram maddə tədqiqat üçün qəbul edilmiş, 0,05 qram maddə nümunə götürülmüş, 0,185 qram maddə geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altımış beş) manat təşkil etmişdir. 21 aprel 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülmüş, içərisində ağ rəngli kristallik, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0,36 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Mənzil İstismar İdarəsinin (RJU) yaxınlığında çilingər kimi iş icra edən zaman kibrik qutusunun içərisindən tapdığını, psixotrop maddəni götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və DİN-in 175 nömrəli möhürü ilə möhürlənib zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan başqa videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Ağahüseyn Həsənov tərəfindən tərtib edilmiş 19 aprel 2024- cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,235 qram psixotrop maddə - metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,185 qramı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Həmin narkotik vasitə möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin təqhqiqatçısı polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 may 2024-cü il tarixli, 3869 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini polis əməkdaşına təqdim etməsi psixotrop maddəni könüllü təhvil vermə kimi qiymətləndirilməmiş və onun cinayət məsuliyyətindən azad edilməməsi qərara alınmış, iş üzrə ekspertiza rəyləri, şahidlərin ifadələri şəxsi axtarış və götürmə, diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “psixotrop maddələri” adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 20:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:30-dan hesablanmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş cəza 1 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-223/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Aysu Əlizadə adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və onun CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-223/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğu (AR CM 83.3.2) və Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ictimai təhlükəli əməl 19 aprel 2024-cü il tarixdə, yəni cəzanı çəkib qutardığı gündən 1 ildən artıq müddət keçdiyindən o məhkumluğu olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,185 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 18:30-dan şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2024-cü il tarixdə, saat 10:00-dan 11:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S. ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S. ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,185 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar