Məhkəmə qərarları › İş №1(001)-549/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-549/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-549/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayət verərək X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, 28 iyul 2024-cü il tarixdə X2 bağlarında yaşayan ögey qardaşı X8 tərəfindən anası X4 öldürməklə hədələməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Binəqədi rayonu Novxanı bağları 589-589A saylı bağ evində yaşayan X1 rayon polis idarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət edərək yuxarıda göstərilən tarixdə oğlu X8 onun yaşadığı bağ evinə gəlib onun başına oyun açacağını və onu öldürməklə hədələdiyini bildirmişdir. Göstərilən xüsusatları X7 araşdırma zamanı verdiyi izahatında bir daha təstiq etmişdir. X11 polis bölməsində verdiyi izahatında göstərmişdir ki, X10 ögey qardaşıdır və aralarında miras əmlakdan qalan payların bölünməsi ilə bağlı mübahisələləri vardır. Belə ki, qardaşı Aydın Cabarov anası tərəfindən bağışlama müqaviləsi əsasında ona verilmiş torpaq sahəsinin bir qismini satmış və qalan hissəsini isə qanunsuz olaraq ələ keçirtmişdir. Ona görə də o, qardaşı Aydının anasının mülkiyyətində olan bağ evinə gəlməsini istəmir. 28 iyun 2024-cü il tarixdə Təranə Qasımova saat 9 radələrində anasının olduğu bağ evindən çıxıb getmiş anası Həbibə isə evdə tək qalmışdır. Həmin günü ona qonşuları tərəfindən zəng edilərək anasının yaşadığı evin 2-ci mərtəbəsinə çıxıb kömək istədiyini bildirmiş və sonra da evin bisetkasından anasını aşağıya düşürərək evə aparmışlar. Ona görə də o, dərhal anasının yaşadığı evə qayıtmış, onun əsəbi vəziyyətdə olduğunu təzyiqinin qalxdığını görüb dərhal təcili tibbi yardım xidmətinə zəng etmiş və anasına tibbi yardım göstərilmişdir. Bununla əlaqədar olaraq 3 iyul 2024-cü il tarixdə bacısı X11 dəfələrlə onu yalan və böhtan xarakterli şikayətlərlə hədələyərək bu barədə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43 polis bölməsinə eyni məzmunda ərizələrlə müraciət etmişdir. 1932-ci il təvəllüdlü anası X7 atasından ayrılmış, 1962-1963-cü illərdə X18 ilə nigaha daxil olduqdan sonra 589 saylı bağ sahəsini bağlar idarəsindən icarəyə götürmüşlər. 1965-ci ildə ögey bacısı X11 anadan olmuşdur. 1977-ci ildə anası X22 Əliyevdən rəsmi qaydada ayrılmışlar. 1996-cı ildə Adil Əliyev vəfat etmiş, daha sonra 589 nömrəli bağ anasının adına müqavilə əsasında keçmişdir. Bir ilə yaxındır ki, X11 və onun oğlu X15 bağa gəlib gedərək ona qarşı hədə-qorxu və şantaj xarakterli hərəkətlər edib onun anasının adına olan bağa gəlib-getməyimə maneəçilik törədirlər. Təranə Qasımovanın ona qarşı şantaj xarakterli hərəkətləri davamlı hal almışdır. 28 iyun 2024-cü il tarixdə saat 13 radələrində bağ evinə gəlib anasını ziyarət etdikdən sonra şəhərə qayıtmışdır. Həmin günü axşam vaxtı Təranə Qasımova anasının yaşadığı evə gəlmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə yalan məlumat verərək anasını öldürməklə hədələdiyi barədə yalan və böhtan xarakterli şikayət vermişdir. Bakı şəhəri Binəqədi RPİ 43-cü polis bölməsinin tətqiqatçısı polis mayoru Aqil Cəfərov tərəfindən 31 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Qaımov Tofik adlı şəxsin onu təhqir etməsi və öldürməklə hədələməsi barədə DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı halda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Novxanı bağları 589 nömrəli bağ evində yaşayanlar Cabarovlar Qasımovlar ailəsi gələcəkdə baş verə biləcək xoşagəlməz və arzu olunmaz hərəkətlərin qarşısının alınmasından ötrü həmin ailələrin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı münaqişəli ailə kimi nəzarətə götürülməsindən ötrü qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Binəqədi RPİ 43-cü polis bölməsinin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Bununla da aparılmış araşdırma zamanı əməlində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə hədənin icra ediləcəyi üçün real əsaslar müəyyən edilməmişdir. Toplanmış materiallarla X9 DİN 102 Xidmətinə onun barəsində anası X7 qızını öldürməklə hədələməsi barədə verdiyi məlumat öz əksini tapmamışdır. Belə ki, Təranə Qasımova həmin məlumatı verərkən evdə olmamış, eləcə də anası X7 onun tərəfindən onu öldürməklə hədələmədiyini, yalnız təhqir etdiyini bildirmişdir. Ona görə də toplanmış materialda cinayət işinin başlanılması üçün dəlillər cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş X11 bilə-bilə yalandan polis orqanlarını çağırmağısına görə Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, eləcə də onun və Qasımovlar ailəsinin münaqişəli ailə kimi qeydiyyata götürülməsinə baxmayaraq hazırda aralarında mülklə bağlı münaqişənin davam etməsini nəzərə alaraq gələcəkdə baş verə biləcək xoşagəlməz və qanuna zidd hərəkətlərinin qarşısı alınması məqsədi ilə qabaqlayıcı tədbirləri və həmin ailələr üzərində nəzarətin gücləndiriməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. X11 ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları kütləvi şikayətlərdə və məni ağır cinayətlərdə ittiaham etməklə böhtan xarakterli məlumatları yaymaqla işgüzar nüfuzunu alçaltmışdır. Buna görə də X9 CM-nin 147.2 madəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 məhkəmə iclasında izahat verərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayət araşdırılaraq müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 anaları X4 öldürməklə hədələdiyi üçün DİN-nin 102 xidmətinə şikayət etmiş, bundan başqa Təranə Qasımova aralarında olan mülk mübahisəsinə görə dəfələrlə X5 polisə şikayətlər etmişdir. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X9 şikayətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, X11 tərəfindən onun barəsində polisə şikayətlər verilməsini ona qarşı böhtan, yəni yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi şikayətlərdə və onu ağır cinayətlərdə ittiaham etməklə böhtan xarakterli məlumatları yaymaqla işgüzar nüfuzunu alçaldılması kimi hesab etmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə X11 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 barəsində şikayətlə polisə şikayət etmiş və nəticədə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bununla da X8 barəsində X11 tərəfindən Daxili İşlər Nazirliyinə şikayətlər verilməsi, şikayətdə göstərilən məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmədiyindən X9 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət tərkibinin olması istisna edilir. Eyni zamanda X3 xüsusi ittiham qaydasında şikayətində, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları mövcud deyil. CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Hazırki iş üzrə X9 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət tərkibinin olmaması müəyyən edilmiş, eləcə də həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin X11 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Bununla da xüsusi ittiham qaydasında şikayətin məzmununa dair, yəni CPM-nin 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətində cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, habelə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməmiş, eləcə də xüsusi ittiham qaydasında şikayətin məzmununa dair tələblərə riayət edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar