Məhkəmə qərarları › İş №1(001)-55/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-55/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-55/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, hal-hazırda subay, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,496 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 17.00-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 0,496 qram olan ağ rəngli kristalşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən “Ağdam” kafesinin qarşısında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etməklə üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 40-cı PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 40-cı PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofona bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o üzərində başqa hər hansı bir əşyanın olmamasını bildirmişdir.Baxış zamanı üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar edilmiş bir ədəd bükülünün içərisində olan psixotrop maddə metamfetamin olmasını bildirmişdir.O, həmin psixotrop maddə olan metamfetamini tutulduğu gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08.00 radələrində Bakı şəhəri,Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün almışdır.Psixotrop maddəni öz istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamış, psixotrop maddəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini demişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leylenantı Şahid2 bildirmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir.Onun cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur.İş yoldaşı 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 17.00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən “Ağdam” kafesinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.O, sonunculara narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib sonuncunu 40-cı PB-yə dəvət etmişlər. Binəqədi 40-cı PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüquqdan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir.O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və videoçəkilişə etiraz etməmişdir. Onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə ona deyildikdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs başqa hər hansı bir əşyanın olub-olmadığı soruşulduqda bundan başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülünün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saat 08.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi Təqsirləndirilən şəxs bildirildi. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leylenantı Orucov X10 da mahiyyəti üzrə eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi həmin xüsusatları təsdiqləmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 6/3130 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi – 0,496 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi: 0,496 qr, sərf edildi: 0,05 qr, qalıq: 0,446 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 11.07. 2023-cü il tarixli, 4355 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. .Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan AZ-T seriyalı 130950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bəxdiyar Sahib oğlunun uşağıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 630998 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Bəxdiyar Sahib oğlunun uşağıdır. Beləliklə, məşkəmə tərəfindən müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, himayəsində 2 (iki) azyaşlı övladı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 18.25 tarixdən xx.xx.2023-cü il saat 11.55 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18.25-də tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 03 iyun 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ramil Qabulovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur.Həmçinin, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ramil Qabulovun xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 11.55-də azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 2 ünvanda çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə metamfetamin 0,446 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 2 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,446 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ01350 **********01944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar