Məhkəmə qərarları › İş №1(001)-550/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-550/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-550/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı şəxsin vasitəsi ilə 200 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 15,867 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 06 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 13:10-da ünvan 3 ünvanının yaxınlığında, yaşadığı evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinə gətirilmiş və saat 14:20-də xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 15,867 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin qəbulu ilə məşğul olur, onların aludəçisidir. 04 may 2022-ci il tarixdə günorta saatlarında öz istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Rza adlı şəxsdən 200 manata bir büküm narkotik vasitə olan qurudulmuş marixuana almış, həmin narkotik vasitənin bir hissəsini evdə özü istifadə etmiş, qalan hissəsini isə evdə aşkarlanmasın deyə cibində saxlamış, 06 may 2022-ci il tarixdə günorta saatlarında evdən məhəlləyə çıxıb bir qədər piyada hərəkət etmiş, həmin vaxt iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər, onlara adını, soyadını deyəndən sonra onun barəsində məlumat daxil olduğunu, ona görə də onlarla birlikdə Binəqədi rayon polis idarəsinə gedərək üzərində baxış keçirmək lazım olduğunu bildirmişlər, o isə onlara etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, oradakı xidməti otaqların birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki göy rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükümünü çıxardıb təqdim etmiş, polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını təsdiq etmişdir. İlk dəfə cinayət törətməsinin və əməlindən peşman olmasının, himayəsində 3 azyaşlı uşaq olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 06 may 2021-ci il tarixdə tərəfimdən xx xxxxxx 1983-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan, faktiki ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları, Şahid2 və Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, sonra həmin əməkdaşlarla birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 13:10da ünvan 3 ünvanının yaxınlığında xarici görünüşcə Ənvərə oxşar şəxsi saxlamışlar, ona özlərini təqdim etdikdən sonra saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Ənvərə külli miqdarda narkotik vsitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz əldə etməsində və üzərində gəzdirməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından Binəqədi rayon polis idarəsinə getməklərini, polis idarəsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxsi axtarış keçiriləcəyi tərəfndən bildirilmiş, Ənvər adlı şəxs heç bir etirazının olmadığını bildirmiş, birlikdə Binəqədi rayon polis idarəsinə getmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd şəffafa sellofan bağlamada olan bükümü, həmin gödəkçənin sol yan cibindən içərisində ***-***-**-** mobil nömrə olan «Samsunq» markalı mobil telefonu təqdim edərək masanının üzərinə qoymuş, bundan sonra Ənvərdən üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra Ənvərin üzərindən aşkar olunmuş həmin bükümə baxış keçirilən zaman bükülüdə yaşıl rəngli bitki mənşəli narkotik vasitə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofana bükülmüş bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin yaşıl rəngli maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmin narkotik vasitəni 04 may 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə 200 (iki yüz) manata öz istifadəsi üçün aldığını, özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını və özü ilə gəzdirdiyini narkotik maddələrin satışını həyata keçirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı digər şahid Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 eyni məzmunlu ifadə verərək xidmət yoldaşı Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı, Şahid3 eyni məzmunlu ifadə verərək xidmət yoldaşları Şahid1 və Şahid2 ifadələrində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. Törətdiyi cinayət əməlinə görə, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 07 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 07 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi İlqar Həmidov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Binəqədi rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin 07 may 2022-ci il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbinin seçilməsi və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi haqqında qərar qəbul edilmişdir. 08 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi İlqar Həmidov tərəfindən iş üzrə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli 7/448 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 15,867 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqat zamanı narkotik vasitə qurudulmuş marixuananın 0,05 qramı istifadə olunandan sonra 15,817 qram qalıq qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 22 iyun 2022-ci il tarixli 3414 №-li rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 15,867 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 08 iyun 2022ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınması haqqında qərar qəbul edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,817 qram narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 adlı iki uşağı vardır. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş X10 adlı uşağı vardır. Məhkəmə istintaqı zamanı cinayət işinin obyektiv araşdırılmasını təmin etmək üçün "xxxx" MMC-dən Azərfon” MMC tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxsə məxsus mesaj mətnlərinin olduğu 1 ədəd CD diskə baxış keçirilmiş və həmin mesaj mətnlərində Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir fakt müəyyən edilməmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə İƏDÜN-nin sədri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığnı, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Dadaşov X7, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 8 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və məhkəmə istintaqı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxsə məxsus mesaj mətnlərinin olduğu 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmanın iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 8 ünvanı axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, işlədiyi Bakı şəhəri ərazisini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 15,817 qram qurudulmuş halda marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxsə məxsus mesaj mətnlərinin olduğu 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar