Məhkəmə qərarları › İş №1(001)-551/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-551/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-551/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 181.2.2, 181.2.5-ci və 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 01 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanında yerləşən “Dominart” restoranın qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Wolksvagen Passat” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi istiqamətində hərəkət etdirməyini istəmiş, həmin gün saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində avtomobili saxlatdıraraq xidmət haqqı olaraq 15 manat pulun verilməsi üçün üzərində 100 manatlıq əskinazın olduğunu yalandan bildirməklə sürücü Zərərçəkmiş şəxs 85 manat pul istəmiş, sonuncu ona 85 manat pul verən zaman həmin pulu götürüb qaçmaqla özgənin əmlakını açıq talama yolu ilə ələ keçirərək soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və orada yaşayır.Bakı şəhərində konkret yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda kirayədə yaşamışdır. O, əvvəllər cinayət törətməyə görə bir neçə dəfə məhkum olunmuşdur.Belə ki, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1,180.2.2,181.2.5-ci maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və xx.xx.2021 -ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır.Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində o, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosu yaxınlığında yerləşən “Dominant” restoranının qarşısında olmuşdur.Həmin vaxt taksi sifariş vermiş, bir taksi gəlmişdir, həmin maşın ağ rəngli “Wolksvagen” markalı taksi maşını olmuşdur.Sürücüyə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə sürməyini, Sulutəpədən qız götürəcəyini demişdir.O, yol boyu həmin sürücüyə özünü Türk vətəndaşı kimi təqdim etmiş, adının Yavuz olduğunu bildirmişdir.O, sürücünü Sulutəpəyə öz bildiyi əraziyə sürdürmüşdür, güya qız dalınca getdiyini demişdir.O, tez bir zamanda geri qayıtmış və sürücüyə qalası olduğunu, 15 manat məbləğində yol pulunu vermək istədiyini, lakin xırdasının olmadığını demişdir.Həmin vaxt sürücü maşında oturmuş, o isə onun tərəfdə yerdə dayanmışdır.O, sürücüyə 100 manatının olduğunu bildirərək ondan 85 manat məbləğində pul istəmişdir ki, guya 15 manat yol pulu ödəsin.Beləliklə, onu inandırmışdır.Sürücü ona 85 manat məbləğində pulu vermişdir, o isə o pulu götürdükdən sonra ona demişdir ki, pulu götürüb birazdan qayıdacaq və dalan küçələrlə oradan uzaqlaşmışdır.Bir qədər aralaşandan sonra taksi çağırıb Bakı şəhərinə getmişdir.O, həqiqətən sürücüdən 85 manat məbləğində pul almış və gələcəyini bildirmiş, lakin gəlməmişdir, amma qaçmadığını, sakitcə yeriyib getdiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, o cümlədən, atasının vəfat etməsi səbəbindən ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində şəkər xəstəsi olan anasının olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında inzibati binada qeydiyyatdadır və ünvan 6 ünvanında yaşayır.O, özünə məxsus “Wolksvagen” markalı, “Passat” modelli, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğuldur, “Ulduz 2111” taksi xidmətinə qoşulmuşdur.xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında “Dominant” restoranının yanına sifariş qəbul etmişdir.Bir nəfər müştəri qismində onun avtomaşınına əyləşmiş, Sulutəpə qəsəbəsinə gedəcəyini bildirmişdir.Yol boyu həmin müştəri özünü Türk vətəndaşı kimi təqdim etmiş, adının Yavuz olmasını, yük avtomaşını sürməsini, ilk dəfədir ki, Bakı şəhərində olmasını bildirmişdir.Belə ki, o, səlist türk dilində danışmışdır.Həmin müştəri ona Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində hansısa qızı götürüb istirahət üçün harasa aparacağını bildirmişdir.Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmişlər, o, onu ara küçələrin birinə aparıb demişdir ki, orada gözləsin, o qızı götürüb gələcək.O, maşından düşüb getmişdir və tez bir zamanda qayıtmışdır, qızı götürəsi olmadığını, ona qızın evində qalası olduğunu demişdir.Həmin şəxs onun tərəfdə yerdə ayaq üstə dayanmışdır, yol pulu olan 15 manat məbləğində pulu vermək istədiyini demişdir, onda 100 manatlıq əskinaz olduğunu və xırdasının olmadığını bildirmiş və ondan 85 manat məbləğində pul istəmişdir ki, 100 manatı ona versin.O, sükan arxasında əyləşə-əyləşə ona 85 manat məbləğində pul vermişdir, o, 85 manat məbləğində olan pulu ondan alan kimi 100 manat məbləğində ona verməli olduğu pulu ona vermədən qaçıb gözdən itmişdir.O, maşında oturmuş vəziyyətdə onun arxasınca qışqırmış və hara qaçdığını soruşmuşdur.Həmin şəxs arıq olduğu üçün və cəld qaçdığı üçün o, piyada onun arxasınca qaçsa da ona çata bilməyəciyini düşünmüşdür və avtomobili işə salaraq onu tuta biləcəyini fikirləşmişdir.O, həmin yerə nabələd olduğu üçün qorxmuş və maşından düşməmişdir, maşını işə salmışdır, əvvəlcə sol küçəyə, sonra isə sağ küçəyə maşının işığın ısalmışdır ki, bəlkə onu görsün, lakin, görməmişdir. O, sağ küçə ilə maşını bir qədər qabağa sürmüşdür, lakin oranın dalan, maşın yolu olmadığını görmüşdür.O, maşından düşmüş, həmin dalan ilə piyada getmiş və oranın dar piyada yolu və qarşıda bir neçə küçə olduğunu görmüşdür.O, ətrafa boylanmış, lakin, onu tapa bilməmişdir.O, maşını ilə ətraf küçələri də axtarmış, lakin onu tapa bilməmişdir.Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin gün qazandığı pulun hamısını həmin şəxs onun əlindən almış və qaçmışdır.Səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə “Dünya uşaq günü” bayramı münasibətilə o, oğluna şəhəri gəzdirəcəyini söz vermişdir.Pulu olmadığı üçün gecə bir qədər işləmiş, pul qazanmağa çalışmışdır ki, uşağa vermiş olduğu sözü yerinə yetirsin.Buna görə də o, həmin vaxt polisə şikayət etməyə getməmişdir.Həmçinin, o, “Ulduz 2111” taksi xidmətinə sifariş verdiyi üçün fikirləşmişdir ki, bəlkə onu özü tapa bilər, lakin, tapa bilmədikdə boş vaxt tapıb polisə şikayət üçün ərizə yazmağa getmişdir.Həmin vaxtı orada onun pulunu alıb qaçan şəxsdən başqa heç kim olmamışdır.Küçə qaranlıq olduğundan kənardan onları kimlərin görübgörmədiyini bilməmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, təqsirləndirilən şəxsin vəkilinin çıxışını, dövlət ittihamçısının mövqeyni dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 181.2.2, 181.2.5-ci və 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs oğu qəsdən cinayət törətməyə görə əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə CM-nin 18.1-ci maddəsinə əsasən əməlində cinayətin residivi vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan tam ödənildiyindən hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, gələcəkdə də heç bir şikayət və ya tələbi olmayacaqdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.1 maddəsi ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində şəkər xəstəsi olan anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə, cinayətin xarakteri və ağırlıq dərəcəsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, CM-nin 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olduğuna görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi Müdafiəçi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ**********0000001944 .S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar