Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-552/2021 22.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talama məqsədilə 20 avqust 2021-ci il tarixdə, saat 10:11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış sahəsində «Mini market»in qarşısında dayanmış Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «X2 Sərnişin» markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin qapı şüşəsinin açıq olmasından istifadə edərək qabaq sağ oturacağın üzərində olan sonuncuya məxsus 400 manat dəyərində «Samsung A20» markalı mobil telefonu açıq talayıb, həmin ərazidə olan kənar şəxs Şahid1 hadisəni görüb onun qarşısını kəsməsinə və Zərərçəkmiş şəxs onun arxasınca gələrək dayanmasını tələb etməsinə baxmayaraq hadisə yerindən uzaqlaşmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə məhkum olmuşdur. Azadlığa çıxdıqdan sonra tikintilərdə fəhlə kimi işləyib pul qazanmışdır. 20 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində o, təklikdə Motodrom yaşayış massivində «Coşqun» adlı marketin yanında olan zaman orada «Ford» markalı yük avtomobilinin dayandığını və avtomobilin qapı şüşələrinin açıq olmasını görmüşdür. O, avtomobilin yanından keçən zaman qabaq sağ oturacağının üstündə mobil telefon olmasını görmüş və pula ehtiyacı olduğundan həmin telefonu oğurlayıb satmaq qərarına gəlmişdir. O, ilk əvvəl ətrafı müşahidə etmiş və yenidən avtomobilin yanına gedib əlini salona salıb oturacağın üstündə olan mobil telefonu götürüb iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Avtomobildən təxminən 10 metr uzaqlaşmışdır ki, bir nəfər cavan oğlan oğurluq etməsini deyib onun qarşısını kəsmişdir. O, oğlanı çaşdırmaq üçün telefon sahibinin tanış olduğunu demiş, lakin həmin şəxs onun qarşısından çəkilməmişdir. Bundan sonra o, həmin şəxsi əli ilə kənara çəkib qaçaraq oradan uzaqlaşmışdır. O, qaçan zaman «Ford» markalı avtomobilin sürücüsünün arxasınca gəldiyini hiss etmişdir. O, evlərin arası ilə oradan uzaqlaşmış, həmin ərazini yaxşı tanımadığı üçün özünə yol axtarmış, bir qədər sonra polis əməkdaşı onu saxlayaraq 40-cı Polis Bölməsinə gətirmişdir. O, polis bölməsində törətdiyi cinayəti səmimi etiraf edib ələ keçirdiyi mobil telefonu polis əməkdaşına təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «X2 sərnişin» markalı, ** OD *** nömrəli avtomobil faktiki olaraq ona məxsus olsa da, bacısı oğlunun adına rəsmiləşdirmiş və etibarnamə əsasında idarə edir. 20 avqust 2021-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi həmin avtomobillə təklikdə yaşadığı evə qayıdan zaman ərzaq almaq üçün avtomobili Motodrom yaşayış massivində yolunun üstündə yerləşən mağazanın qarşısında saxlamış və avtomobildən düşərək mağazaya girmişdir. Həmin zaman avtomobilin qabaq sol qapısının, yəni sürücü qapısının şüşəsi açıq vəziyyətdə olmuş, həmçinin avtomobilin qapısı örtülü olsa da kilidləməmişdir. O, marketə girən zaman işlətdiyi üzərində mobil nömrə olan telefonunu özü ilə götürmüşdür. Lakin taksi fəaliyyəti ilə əlaqədar taksi proqramının işlədilməsində istifadə etdiyi özünə məxsus olan «Samsung A 20» markalı mobil telefonu isə ehtiyac olmadığından özü ilə götürməyib avtomobilin qabaq sağ oturacağının üzərinə qoymuşdur. O, marketə girib təxminən 3-4 dəqiqə sonra çıxaraq avtomobilinə yaxınlaşmaq istəyəndə sol tərəfdə təxminən 20-25 metr aralıda yol ayrıcında dayanmış bir nəfər üzdən tanıdığı, adını sonradan bildiyi Abdusseyyid adlı oğlan ona «əmi telefonunu oğurladı» qışqırmışdır. Həmin vaxt Abdusseyyidin qarşısında dayanmış arxası ona tərəf olan başqa bir oğlan onun gəldiyini bildiyi üçün ani anda əli ilə Abdusseyyidi kənara itələyib sağa doğru qaçıb uzaqlaşmışdır. O, həmin oğlanın onun avtomobildə qalan telefonunu oğurladığını başa düşmüşdür. Bu an o, avtomobilə əyləşmiş və həqiqətən də 400 manat dəyərində olan «Samsung A20» markalı telefonun oturacağın üstündə olmamasını görmüşdür. O, avtomobili sürüb qaçan oğlanın getdiyi istiqamətdə getmiş, təxminən 30-40 metr getdikdən sonra yolun təsadüfən başqa bir avtomobil tərəfindən bağlandığını görmüşdür. Avtomobildən düşüb irəliyə baxdıqda artıq həmin oğlanı görə bilməmiş, onun hansı küçəyə girdiyini bilmədiyi üçün ətrafda olan bütün küçələri gəzib axtarmış, lakin tapa bilməmişdr. Hadisə baş verəndən təxminən 20 dəqiqə sonra o, 102 xidmətinə zəng vurub məlumat vermişdir. İstintaq zamanı telefonu ona geri qaytarılmış olsa da, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə, səhər saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən mağazanın yaxınlığında, küçədə duran zaman qonşuluqda yaşayan adını sonradan bildiyi Elşadın «Ford» markalı yük avtomobilinin həmin marketin qarşısında yolun kənarında dayandığını görmüşdür. Bu zaman avtomobilin qapı şüşələri açıq olduğundan bir nəfər tanımadığı, adını sonradan öyrəndiyi Vüsal adlı şəxsin avtomobilin qapısından əlini salona salıb nə isə götürdüyünü görmüşdür. O, həmin şəxsi səsləyərək nə etdiyini soruşmuş, həmin şəxs sanki özünü itirmiş və ona yaxınlaşıb avtomobilin dayısına məxsus olduğunu, əlində tutduğu mobil telefonu ona görə avtomobildən götürdüyünü demişdir. O, artıq həmin oğlanın qarşısını kəsmiş, hətta bu an Vüsal telefonu ona uzadıb götürməyini də demiş, o, isə telefona əlini vurmamışdır. Elə bu vaxt Elşad marketdən çölə çıxmış və maşınına tərəf getməyə başlamışdır. O, ani anda qışqıraraq Elşaddan həmin şəxsin onun avtomobilindən mobil telefon götürdüyünü, onu tanıyıb-tanımadığını soruşmuşdur. Bu an Vüsal əli ilə onu kənara itələyib qaçaraq oradan uzaqlaşmışdır. Elşad da qışqırıb Vüsalın dayanmağını tələb etsə də, Vüsal dayanmayıb qaçdığı üçün Elşad dərhal öz «Ford» markalı avtomobilinə əyləşib onun arxasınca sürmüşdür. Vüsal evlərin arası ilə qaçıb oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Vüsalı saxlayıb Polis Bölməsinə aparmış, o, da avtomobildən götürdüyü mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 20.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20 avqust 2021-ci il tarixdə olan soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış sahəsində baş vermişdir. 20.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirdiyi bir ədəd «Samsung A20» markalı mobil telefonu istintaqa təqdim etmişdir. 20.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli, 4(001)-875/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmışdır. 27.08.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış sahəsində küçədə təklikdə sağa-sola piyada hərəkət etdikdən sonra 20 avqust 2021-ci il tarixdə saat 10:11-də küçənin yuxarı tərəfində olan “Ford” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşır və cəld hərəkətlə avtomobilin qabaq sol qapısının açıq pəncərəsindən bədənini qarın nahiyəsinə qədər içəri salıb nə isə götürərək dərhal da geri çıxıb gəldiyi istiqamətdə qaçaraq avtomobildən uzaqlaşır, Təqsirləndirilən şəxs küçənin digər tərəfində dayanmış bir oğlanla, istintaqa məlum olan Şahid1 ilə qarşılaşır, Şahid1 onun qarşısını kəsən anda Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən mobil telefona oxşar əşyanı çıxarıb oğlana vermək istəyir, lakin Şahid1 “Ford” markalı maşın istiqamətini göstərir, bu an Təqsirləndirilən şəxs Şahid1 sol əli ilə sola doğru yüngül formada itələyərək qarşısından çəkib özü qaçıb oradan uzaqlaşır, bundan sonra Şahid1 da Təqsirləndirilən şəxs arxasınca zəif formada qaçır, həmçinin “Ford” markalı avtomobil də sürətlə Təqsirləndirilən şəxs qaçdığı istiqamətdə hərəkət edir. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müşahidə kamerasının qeydə aldığı görüntülərin ona qarşı baş vermiş soyğunçuluq hadisəsini əks etdirdiyini, görüntüdə olan “Ford” markalı avtomobilin ona məxsus olmasını, həmin avtomobili marketin qarşısında saxlayıb marketdə olan zaman görüntüdən göründüyü kimi Təqsirləndirilən şəxs onun avtomobilinin qabaq sol qapısının açıq pəncərəsindən bədənini yarıya qədər salona salıb salonda oturacağın üstündəki ona məxsus “Samsung” markalı mobil telefonu ələ keçirdiyini, o, Təqsirləndirilən şəxs arxasınca qaçsa da onu tuta bilmədiyini bildirmişdir. 07.09.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2006-cı il tarixli hökmü ilə CM-in 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli hökmü ilə CM-in 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə və yenə həmin Məcəllənin 67-ci maddəsinə əsasən qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 4 il 11 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 yanvar 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 04 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. 24.09.2021-ci il tarixli, 9/6380 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, «Samsung» markalı, SM-A205FN/DS model, Vyetnamda istehsal edilmiş, 32 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 170 manat müəyyən olunmuşdur. İbtidai istintaq zamanı alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. 27.10.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd «Samsung A20» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş və baş vermiş hadisənin görüntülərini əks etdirən bir ədəd disk iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı alınmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus «Samsung A20» markalı mobil telefonu salamat vəziyyətdə müstəntiqdən təhvil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 4(001)- 1204/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma 10 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfədən çox azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi onun əməlində CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Çünki qanunvericiliyin tələblərindən müəyyən olunur ki, təhlükəli residivin mövcud olması üçün şəxsin əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə növündə məhkumluğu ilə yanaşı, belə məhkumluğun sayının ən azı iki olması tələb olunur. Belə ki, CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və hazırda əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli, 4(001)-875/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 4(001)-1204/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma 10 dekabr 2021-ci il tarixədək uzadılmış və sonuncu 20 avqust 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd «Samsung A20» markalı mobil telefonun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd «Samsung A20» markalı mobil telefonun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-552/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-552/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver