Məhkəmə qərarları › İş №1(001)-554/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-554/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-554/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində cəza təyin edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayət verərək X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrlə ən ağır cəza təyin edilməsini xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X8 tərəfindən müxtəlif internet resurslarında onun barəsində müxtəlif xarakterli, o cümlədən məni ağır cinayət törətməkdə ittiham edən böhtanlar yaymaqla cinayət törədilmişdir. Bu gün də o böhtan xarakterli məlumatları yayır. Həmin məlumatlarda şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla yanaşı, onu və qardaşı X6 oğurluq cinayət törətməkdə ittiham edən məlumatlar da yer almışdır. Hesab edir buna görə o cinayət məsuliyyətinə cəlb olunmalıdır. Barəsində şikayət etdiyi şəxs internet resurslarında böhtanları ilə birlikdə onu və ailə üzvlərini (anası, qardaşı) təhqir edici ifadələr və fotolar yaymışdır. Qeyd edilən bu materialda instagram səhifəsində, şəxsi məlumat bölməsində ictimayyətə açıq şəkildə paylaşmışdır. 10 sentyabr 2023-cü il tarixdə barəsində instagram saytında yazdığı yazılarda faktı təsdiqləyən sənədlər əsasında iddia edir ki, o və qardaşı oğurluq cinayətlərində ittiham edir, mənzildən pul və zinyət əşyaları götürməklə, anasının cadu və falçılıqla məşğul olub ailə dağıtdığını iddia edir və təhqir edici sözlərlə onun və ailə üzvlərinə ünvanlanaraq yazmışdır. Uşağın ondan olmadığını və onun əxlaqsız həyat tərzi keçirməklə böhtan atmışdır, DNK analizi istəmiş, həmçinin bununla bağlıda paylaşımı şəxsi profilində yerləşdirmişdir. DNK analizi cavabında uşağın atası olduğu sübut edilmiş və bu da X3 onun haqqında dediyi şəxsinə növbəti təhqir və böhtan olduğu açıq-aydın sübut olunmuşdur. Daha sonra sms vasitə ilə bunu qərəzli olaraq etdiyini bildirmişdir. Böhtan və təhqir dolu paylaşımları qohumları, dostları, iş yoldaşları görmüşlər və bu paylaşımlar dayanmadığı üçün məcbur olub hüquqlarını qorumaq üçün Dövlət qurumlarına, o cümlədən Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sosial şəbəkədə təhqir və böhtanları dayandırsa da, sms vasitəsi ilə və şifahi hədə və təhqir dolu mesajlar göndərir. Nəticədə ailəsinin və onun həyatı təhlükədə olduğunu hiss edirlər, bu tərz şər, böhtan və təhqirlər onun iş nüfuzuna və qohumluq münasibətinə xələl yetirir. Yayılmış bu yazılarda X8 tərəfindən atılmış böhtanlarda onu AR CM-nin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifat bölgüsünə görə aşağıda qeyd edilən ağır cinayət hesab edilən əməlləri törətməkdə ittiham olunmuşlar. onun barəsində yayılan böhtanlarla bağlı öz mövqeyini bildirmiş və barəsində şikayət etdiyi şəxsin yaydığı məlumatların böhtan olduğunu ifadə etmişdir. Dəfələrlə bu işlərdən uzaq durmağı, belə qanunsuz hərəkətlərə yol verməmək üçün onu xəbərdar etmişdir. Lakin o, daha da irəli gedərək, eyni böhtanları müxtəlif ictimai yerlərdə internet resurslarında yaymaqla ona və ailə üzvlərinə böhtan atmaq yarışına çıxaraq cinayət törətməkdə davam etmişdir. Bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. X8 onunla bərabər ailə üzvlərinin də barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları eyni ilə yayır. Ona görə də xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Barəsində yayılan böhtan xarakterli məlumatların X8 tərəfindən aşkar və mübahisəsiz şəkildə də məlumdur. Barəsində şikayət etdiyi şəxsin əməlində AR CM-nin 147.2 və 148-ci maddələrdə nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkibi vardır. Böhtan və təhqir cinayətinə görə məsuliyyəti yalnız böhtan və təhqir məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Bu cinayətlərin motivi müxtəlif ola bildiyindən hansı səbəbdən X3 ona böhtan atmasının əhəmiyyəti yoxdur. Ona görə də hazırkı cinayətin motivi əməlin tövsifinə təsir göstərmir. X8 yalan olduğunu bilə-bilə, qəsdən ona ağır cinayət törətməkdə ittiham edən böhtanlar atmış və bunu internet resurslarında yaymışdır. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salan şəxsin özünə deyilməsi CM-nin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. İndiki halda barəsində şikayət etdiyi şəxs onun barəsində böhtan xarakterli, həm də onu ağır cinayət törətməkdə ittiham edən böhtan dolu məlumatları internet resurslarında yerləşdirmişdir. Böhtan cinayəti hər hansı formada, yəni yazılı və şifahi törədilə bildiyindən X8 ona internet resurslarında audio və video görüntülü məlumatları yaymaqla yalan olduğunu bilə-bilə böhtan atmışdır. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir-neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən, X3 AR CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək sosial şəbəkələrdə X8 tərəfindən onun barəsində böhtan xarakterli məlumatlar paylaşıldığını qeyd edərək, aralarında münaqişəli boşanmanın baş verdiyini, seyfdən pul və qızıl zinət əşyalarının oğurlanması ilə bağlı böhtanlar və barəsində nalayiq ifadələr işlədilərək hədələndiyini bildirərək şikayətinin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Naftalan şəhərində anadan olduğunu, sübutlarının instaqram çıxarışlarının olduğunu, həmin instaqram profilinin X7 məxsus olmasını, aralarında olan mesajlaşmalarla bunun təsdiq edilməsini bildirmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında izahat verərək xüsusi ittiham qaydasında verilmiş şikayətin qanun pozuntuları ilə tərtib edildiyini, CPM-nin tələblərinin yerinə yetirilmədiyini, cinayətin baş verməsi üsulları, harada baş verməsi, nə vaxt baş verməsi və dəlillər göstərilmədiyi üçün, habelə məlumatların kütləvi informasiya vasitəsində yayımlanmadığını, həmçinin oğurluq faktının olmadığını, bu işin istintaqda olmasını qeyd edərək şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsX8 qeyd edilən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayət ərizəsində xüsusi ittihamçının Bakı şəhərində anadan olması qeyd edilmiş, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin isə Naxçıvan şəhərində anadan olması qeyd edilsə də məhkəmə iclasında tərəflərə verilmiş suallara cavab olaraq müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 şəhərində, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 isə Bakı şəhərində anadan olması müəyyən edilmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayətin forma və məzmuna dair tələbləri pozulmuş və şikayətdə natamam məlumatlar qeyd edilmişdir. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müxtəlif vaxtlarda “İnstagram” sosial media platformasında onun və ailə üzvlərinin barəsində məlumatlar yazdığını göstərsə də cinayət qanununda nəzərdə tutulmuş bu əməllərin nə vaxt törədilməsi barədə şikayətdə hər hansı məlumat göstərilməmiş, bunları təsdiq edən sübutlar isə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununa dair, yəni CPM-nin 293.3.1 və 293.3.2-ci maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətində şikayət vermiş şəxs haqqında məlumatlar düzgün qeyd edilməmiş, eləcə də xüsusi ittiham qaydasında şikayətin məzmununa dair tələblərə riayət edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar