Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-556/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X3, Müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 və X6 "xxxx" saytında və “1Xəbər” xəbər kanalının “Tik-tok”, “YouTube” və “İnstagram” səhifələrində X5 “dələduzluq” kimi ağır cinayətlər törətməkdə ittiham etməklə ona bilə-bilə qəsdən böhtan atmış və təhqir etmiş, habelə şərəf və ləyaqətinə xələl gətirmək niyyəti ilə işgüzar nüfuzunu qəsdən alçaltmaqla, peşə fəaliyyətinə kölgə salmışlar. Belə ki, X2 "xxxx" saytında “Zaur Tağıyevin daha bir dələduzluq əməli” adı altında X3 şəkli qoyulmaqla dərc edilmiş yazıda qeyd etmişdir ki, “Ağayeva Sahibə başına gələn dələduzluq əməli ilə bağlı bizim vasitəmizlə cənab Vilayət Eyvazova və cənab Kamran Əliyevə müraciət edərək bildirir ki, 2019-cu ildə “MAN” markali yük avtomobilini Zaur Tağıyev və Əsgərov İldırım əlbir olub etibarından sui-istifadə edərək mənimsəmişlər. Zaur Tağıyev zərərçəkənin dayısı oğlu olduğuna görə ona avtomobilə müştəri tapdığını 3 aylıq nisyə verərək Əsgərov İldırıma 56000 manata sata biləcəyini bildirmişdir. Amma əslində Zaurun məqsədi İldırıma qarşı etdiyi dələduzluğu ört-basdır etmək, ona olan 60500 manat borcu bağlamaq olub ki, İldırım Zaurdan aidiyyəti üzrə orqanlara şikayət etməsin. Əsgərov İldırım ödənişi etmədikdə Ağayeva Sahibə müvafiq orqanlara müraciət etdikdən sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar qəbul olundu ki, Zaurun və İldırımın əməlində AR CM-in 178ci maddəsinin tərkibi var və iş Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Xahiş edirik Daxili İşlər Nazirliyi və Baş Prokurorluq işi nəzarətə götürsün”. X6 isə “1Xəbər” xəbər daşıyıcısının “Tik-tok”, “YouTube” və “İnstagram” səhifələrində analoji qaydada və məzmunda çıxış edərək, X5 dələduzluq kimi ağır cinayət əməli törətməkdə ittiham etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid deyil və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, xüsusi ittihamçının təhqir və böhtan xarakterli məlumatlar olaraq şikayətində göstərdiyi məlumatlar "xxxx" saytında və “1Xəbər” internet xəbər kanalının “Tik-tok”, “YouTube” və “İnstagram” sosial şəbəkə səhifələrində yayılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemində vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" MMC xx.xx.2017-ci ildə qeydiyyatdan keçmişdir (VÖEN **********), ünvanı AZ5004, ünvan 1net xəbər kanalının Azərbaycan Respublikasında qeydiyyata alınmadığı məlum olmuş, kanalın redaktoru telefonla danışıq zamanı kanalın hüquqi qeydiyyata alınmadan fəaliyyət göstərdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə də baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir:.. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalarına dair xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid deyil və şikayət baxılması üçün hüquqi ünvanı məlum olan kütləvi informasiya vasitəsinin ("xxxx" MMC) fəaliyyət göstərdiyi yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74-75 və 300-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-556/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-556/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver