Məhkəmə qərarları › İş №1(001)-557/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-557/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-557/2024 20.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayət verərək Kərimli (Şəfiyeva) Fəridə Vaqif qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 148-ci maddəsi ilə xüusi ittiham qaydasında cinayət təqibinə başlanılaraq ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərmişdir ki, X18 onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi internet informasiya ehtiyyatı olan “Getcontact” tətbiqində dəfələrlə yaymış, həmin məlumata 360 nəfər baxmışdır. X8 nə özü, nə də yaxın qohumları ona və onun ailə üzvlərinə heçbir zaman maraqlı olmayıb, həmçinin olmayacaqdır. Getcontact, "Spam Bloklama" və "zəng edən şəxsiyyəti müəyyənləşdirmə" tətbiqidir. Getcontact, narahat edən zəngləri filtrləməyə və yalnız istədiyiniz insanların ünsiyyət qurmasına imkan verir, həmçinin həmin proqram vasitəsi ilə zəng edən nömrənin teqlərinə, kimliyinə və şəxs barəsində yazılan şərhlərə baxmaq mümkündür. Bu proqramı həm sadə şəkildə yükləmək olur, həm də ki “premimum” versiyada. “Premimum” versiyadan istifadə ödənişlidir. Ödəniş həftəlik və ya aylıq olur. “Premimum” versiya getcontactın istifadə funksiyası daha böyükdür, bunla nömrənizin kim tərəfindən sorğulandığını və kimin nə şərh yazdığını müəyyən etmək olur. İstənilən şəxsin nömrəsinə şərh yazıb-silmək olar. Sadə Getcontactdan istifadə zamanı isə şərh yazanın kimliyini müəyyən etmək, həmçinin yazılan şəhri silmək olmur. GETCONTACT-ın ünvanı Rua dos İlheus, n 6, 9000-176 Funchal, Madeira Portugal ünvanıdır. Fəridə Şəfiyeva qardaşı X9 ilə 27 iyun 2022-ci ildə nikaha daxil olmuş, ancaq nikahları uzun müddət davam etməmiş və qardaşının iddiası əsasında Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahına xitam verilmişdir. Fəridə Şəfiyeva özünə məxsus ********** mobil telefon nömrəsi ilə 09 dekabr 2023cü ildə Getcontact tətbiqində əvvəlcə anonim adla qeydiyatdan keçmiş, sonradan öz adıyla, daha sonra isə "jajananska s" adıyla, ən son isǝ "ьЮ, чб" adıyla həmin tətbiqdə fəaliyyətinə davam edir. Müxtəlif vaxtlarda sözügedən tətbiqdə onun mobil telefon nömrəsinə şərh yazaraq onu "petux" adlandırmışdır. X2-da 10 dekabr 2023-cü ildə "Ürək" işarəsi olan profili ilə onun "Elimdar Hüseyin" profilinin altında "petux" yazmışdır. 8 yanvar 2024-cü ildə isə öz şəkili yerləşdirilmiş "Feride Shefiyeva" profili adı altında yenə onun profilinin altına "petux" yazıb. 7 aprel 2024-cü ildə isə "jajananska s" profili adı altında onun profilinin altına yenə "petux" şərhini yazmışdır. 17 aprel 2024-cü ildə bu dəfə istifadə etdiyi "ьЮ, чб" profili adı altında yenə onun profilinin altına "petux" yazmışdır. Həmin profillərin Fəridə Şəfiyevaya məxsus olduğu həm istifadəçi adı ("Feride Shefiyeva"), həm də istifadə etdiyi mobil telefon nömrəsi “+**********16” ilə təsdiq olunur. xx.xx.2024-cü ildə Şəfiyeva Fəridənin vəkili X6 fəaliyyət göstərdiyi 19 saylı vəkil Bürosuna getmiş, özü olmadığı üçün büronun müdiri X13 ilə görüşmüş və xahiş etmişdir ki, Şəfiyeva Fəridənin vəkili X10 bildirilsin ki, “X5 büroya gəlib sübutlar təqdim etməklə (fəridənin yazdığı təhqirləri) Şəfiyeva Fəridəyə qanuna zidd əməlləri yığışdırmasını, qanunu da, hüquqlarını bildiklərini söylənməsini bildirmişdir” Buna baxmayaraq Fəridə Şəfiyeva yazıları silməmiş, bacısına da bildirilsə də, əməlindən əl çəkməmişdir. O, Yasamal Rayonu 29-cu Polis Şöbəsinin sahə müvvəkkili Qərib Məmmədova “Whatsapp” vasitəsiylə X8 yazdığı təhqirlərin şəklini göndərmiş, həmçinin bildirmişdir ki, “getcontact”a baxaraq görə bilər. Sahə müvəkkili X14 bölməyə çağıraraq, ona və ailə üzvlərinin ünvanına yazdığı təhqiramiz şərhləri sildirmiş, X28 sonradan təhqiramiz şərhlərini yenə də davam etdirmişdir. Onun bu dəfə Bakı şəhəri Baş polis idarəsinə şikayətlərindən sonra, həmin qurumun ictimai təhlükəsizlik idarəsinin əməkdaşı X27 Şəfiyevanı polisə dəvət edib, xəbərdarlıq etmişdir. X28 yenə də oxşar əməllərini davam etdirmiş, “Getcontact” tətbiqində onun və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlərini davam etdirmişdir. Bu dəfə isə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi onun şikayətinə əsasən Fəridə Şəfiyevanı polisə dəvət edib, sonuncunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) təqsirli bilərək barəsində inzibati tənbeh tətbiq etmişdir. Başqa sözlə, polis tərəfindən Fəridə Şəfiyevanın barəsində inzibati tənbeh tətbiq edilməsi və onun barəsində “Getcontact” tətbiqində yazılmış təhqiramiz şərhlərin bir hissəsinin sildirilməsi də həmin profillərin barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsə məxsus olduğunu təsdiq edir. Fəridə Şəfiyevanın onun barəsində adı çəkilən sosial şəbəkədə yazdığı şərhlər onun şərəf və ləyaqətini ləkələyib, həmin ifadənin məzmununda barəsində təhqiredici məzmunun olmasını görməmək mümkün deyildir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 onu dəfələrlə təhqir edib, barəsində ləkələyici xarakterli məlumatları yaymaqda məqsədi onun nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. Hesab edir ki, bu şəxs barəsində AR CM-nin 148-ci maddəsi ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən X18 barəsində AR CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, sonuncuya həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətini müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, Kərimli (Şəfiyeva) Fəridə Vaqif qızı 27 iyun 2022-ci ildə qardaşı Vüsal İsmayılov ilə ailə həyatı qurmuş, 40 gün onların ailəsində gəlin olmuşdur. xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahına xitam verilmişdir. 2022-ci il tarixdən Fəridə ailə üzvləri ilə onların başına oyunlar açmışdır. Fəridə Kərimli 2023-cü ilin dekabr ayından getcontact tətbiqində onların ünvanına təhqirlər yazmış, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində verdiyi izahatında da getcontactda yazılan təhqirləri özünün yazdığını etiraf etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 bildirmişdir ki, 2022-ci il tarixdə Baş Polis İdarəsindən Elnur Kərimova onun və ailəsinin təhlükəsizliyi təmin olunmasını xahiş etmişdir. Həmin sənədi də iş materiallarına əlavə etmişdir. Fəridənin və ailə üzvlərinin izahatları alınmış və xəbərdarlıqlar olunmuşdur. Buna baxmayaraq Fəridə onlardan əl çəkməmişdir Qardaşının qaynanası qardaşının intim videolarını və şəkillərini dayısı oğluna göndərmişdir. Ona da bir başqa nömrədən xanım calayıb, onları işə salmaq istəmişdirlər. Fəridə Şəfiyeva bildirir ki, həmin nömrədən istifadə etmir. Nömrənin istifadə olunmadığı halda, əgər telefonda həmin tətbiq qalırsa, bunun vasitəsi ilə istənilən vaxt internetə qoşulmaqla getcontacta daxil olmaq mümkündür. Fəridə bunu bildikdən sonra getcontactda ayarlar sistemindən gizlilik bölməsindən hesabını anonimləşdirmişdir. Əgər şəxs öz nömrəsini məhkəməyə gətirərsə və burda nömrəsini aktiv edərsə, bütün yazdıqları hamısı üzə çıxacaqdır. Həmin qeyd etdiyi nömrə ***-***-**-** saylı nömrədir. X21 bildirir ki, guya həmin sözləri o yazmamışdır. Əgər həmin sözləri o yazmamışdırsa o zaman niyə polis bölməsində etiraf edərək özünün yazdığını bildimişdir. Hər dəfə polis şöbəsinə və ya baş polis idarəsinə dəvət olunanda Fəridə öz yazdıqlarını silmiş, bu hal 3 dəfə təkrarlanmışdır. O, axırıncı dəfə polisə şikayət etdikdən sonra Fəridə heç nə yazmamışdır. Fəridə 29-cu polis şöbəsində İXM-nin 510-cu maddəsi ilə cərimə olunduqdan sonra yazılarını dayandırmış, cərimə olunduqdan sonra heç bir şərh yazmamışdır. Onun sübutları şikayətinə əlavə etdiyi “screenshot”lardır. Həmin söyüşlərdən yalnız 09 dekabr 2023-cü il tarixdə yazılan onun barəsində yazılmışdır. Digərlərini ailə üzvləri barəsində yazmışdır. Fəridə Şəfiyeva yazını gizliyə aldığı zaman görsənməmiş, sonradan isə yenə aktiv etmişdir. Polislər həmin yazıları sildirmiş, lakin bir müddət sonra o yenidən aktiv etmişdir. Fəridə onun barəsində yazdığı söyüşlü şərhi bir dəfə yazmış, sonra isə gizlətmişdir. O, müxtəlif tarixlərdə ekrandan həmin yazını “screenshot” etmişdir. Hər dəfə başqa profillər ilə görüb “screenshot” etmişdir. Məsələn 10 dekabr 2023-cü il, 08 yanvar 2024-cü il, 07 aprel 2024-cü il, 17 aprel 2024-cü il tarixlərdə müxtəlif profillərdən həmin yazını görüb “screenshot” etmişdir. Ekran görüntülərindən həmin təhqirin 09 dekabr 2023-cü il tarixdə yazılması görünür, lakin o, həmin ekran görüntülərini müxtəlif tarixlərdə çəkmişdir. 17 aprel 2024-cü il tarixdən sonra heç bir şərh yazılmamışdır, çünki o həmin vaxtı artıq məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsiləndirilən şəxs X18 bildirmişdir ki, hazırda nigaha girdiyindən soyadını dəyişmiş, hazırkı soyadı Kərimlidir və bunu təsdiq edən şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim edir. Əlavə olaraq 9 ay müddətdir ki, eyni məsələ üzrə əziyyət çəkdiyini bildirmişdir. X5 qeyd edir ki, guya 2022-ci il tarixdən o Elimdarı və ailəsini təhqir edir. Əgər bu belə idisə, niyə həmin vaxtı Elimdar İsmayılov şikayət etmirdi. O, yenidən ailə həyatı qurduqdan 1 ay keçməmiş Elimdar və ailəsi şikayət etməyə başlamışlar. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində yazılan izahatla bağlı bildirmək istəyir ki, polis bölməsindən ona zəng vuraraq Elimdar İsmayılov artıq 4 aydır ki, bölmədən əl çəkmədiyini, ona görə də bölməyə getməsini tələb etmişlər. Bölmədə polis əməkdaşları ona bildirmişlər ki, izahat yazaraq əməlini etiraf etsin, ona yazılacaq cəriməni ödəsin və iş məhkəməyə getməsin, şikayətçidən canı qurtulsun. O da polisin dediyi kimi izahat yazmış, ona yazılmış 50 manat da cəriməni ödəmişdir. 29-cu Polis Bölməsində etiraf edici izahatı buna görə vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsiləndirilən şəxs X21 bildirmişdir ki, Polis Bölməsindəki izahatla bağlı onu qeyd edir ki, o, bölmədə polis əməkdaşının ona dediyi məzmunda izahat vermişdir. “Getcontact” tətbiqində uzun müddət əvvəl qeydiyyatdan keçmiş, 2 il olar ki, orada qeyd olunan nömrələri istifadə etmir. Artıq 2 ildir həmin nömrədən istifadə etmir. ***-***-**-** saylı telefon nömrəsi onun istifadəsində olmamışdır. Həmçinin ***-***-**-** saylı mobil nömrəni də istifadə etməmişdir. Bundan başqa “Getcontact” mobil tətbiqində 2023-cü il tarixdə ürək işarəsi olan profil də ona məxsus olmamışdır. Fəridə Şəfiyeva profili isə saxtadır, o profil hansısa üsullarla hazırlanaraq göstərilmişdir. ***-***-**-** saylı nömrə onun istifadəsində olmuşdur, lakin 1 ildən çoxdur ki, istifadə etmir. Getcontact üzərindən olan ekran görüntüləri hamısı saxtadır. Bölmədə yazdığı izahata gəldikdə isə polis ona bildirmişdir ki, ailəli adamdır, məhkəməyə getməsin, etiraf etsin, 50 manat cərimə ödəsin, Elimdar ondan əl çəksin. O da buna görə razılaşmışdır. ***-***-**-** saylı nömrəni 2023-cü ilin sentyabr-oktyabr aylarına kimi istifadə etmiş, daha sonra ailə həyatı qurduğu üçün həmin nömrəni istifadə etməmişdir. Telefonununu da dəyişmiş, həyat yoldaşı təzə telefon almış, bundan sonra getcontact proqramından da istifadə etməmişdir. 2023-cü ilin oktyabr-noyabr ayından telefonunu dəyişib, həmin vaxtdan da getcontacdan istifadə etmir. Yəni 09 dekabr 2023-cü il tarixdə, həmin şərh yazılan zaman o nə həmin nömrədən, nə də getcontact proqramından istifadə etməmişdir. Köhnə telefonu satmışdır, hazırda o telefondan istifadə olunur, lakin həmin tətbiq telefonda yoxdur. X7 sözündə barəsində Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən bəratverici hökmün çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in 29-cu polis şöbəsinin sahə rəisi Şahid bildirmişdir ki, X5 şöbəyə yaxınlaşıb ərizə ilə müraciət etmişdir ki, “getcontact” tətbiqində rəy bölməsində onun və yaxın qohumlarının ünvanına qarşı nalayiq ifadə yazılmışdır. Həmin nalayiq ifadəni də ekran görüntüsü şəkilində gətirib göstərmişdir. Həmin ifadə 09 dekabr 2023-cü il tarixdə yazılmış “petux” ifadəsi olmuşdur. Daha sonra o da Fəridə Şəfiyevanın qardaşı ilə əlaqə saxlamış, özləri ilə danışmış, həmin günün sabahı şöbəyə dəvət etmişdir. Fəridə Şəfiyeva, qardaşı və atası birlikdə şöbəyə gəlmişlər. Fəridə Şəfiyeva bölmədə olarkən bildirmişdir ki, ailələrində problemlər olmuş, əvvəlki yoldaşı kənarda qalsa da, yoldaşının qardaşı Elmidar İsmayılov ondan əl çəkmir. Fəridə Şəfiyevanın yazdığı şərhlərə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Fəridə Şəfiyevaya barəsində inzibati tənbeh tətbiq edildikdən sonra cəriməni ödəməyi məsləhət görmüşdür. Zənn etmişdir ki, cərimə ödəndikdən sonra aralarında olan münasibət sakitləşəcəkdir. Tənbeh tədbiri tətbiq olunduqdan sonra bu barədə Elimdara da məlumat verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fəridə Şəfiyevaya həmin vaxt Elimdarın təqdim etdiyi ekran görüntülərindən olan çıxarışları göstərmiş, Fəridə Şəfiyevaya həmin yazının tərəfindən yazılmasını etiraf etmiş, buna səbəb kimi əsəbi olmasını bildirmişdir. O, Fəridə Şəfiyevaya etdiyi əməli etiraf etməsi barədə heçnə deməmiş, Fəridə Şəfiyeva özü könüllü şəkildə getcontact təbiqində Elmidar İsmayılova məxsus telefon nömrəsinin altına nalayiq şərhlər yazdığını özü səmimi etiraf etmişdir. Fəridə Şəfiyeva bildirmişdir ki, ailələrində olan problemlərlə bağlı həyat yoldaşı qalıb qıraqda, Elimdar isə ona şər-böhtan atır. Buna görə də əsəbləşərək Elmidar barəsində nalayiq şərhlər yazmışdır. Fəridənin izahatı alınarkən onun qardaşı və valideyini də orda olmuş, Fəridəyə hər hansı təziq və təsir olmamış, izahatı könüllü şəkildə özü yazmışdır. Fəridə Şəfiyeva barəsində inzibati tənbeh tədbiri tətbiq edilənə qədər Elmidar İsmayılov tərəfindən bir dəfə yazılı ərizə təqdim edilmiş, bir dəfə də telefonla zəng edərək maraqlanmışdır. Şəfiyeva Fəridə barəsində isə bir də araşdırma aparılmış, getcontactda Elmidar İsmayılovun və onun ailə üzvlərinin ünvanına nalayiq şərhlər yazdığını özü könüllü olaraq etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 mobil nömrə ilə qeydiyyatdan keçmiş “Elimdar Huseyin” adlı profil sahibinə “ürək” işarəsi qoyulmuş profil tərəfindən 09 dekabr 2023-cü il tarixdə “petuxdu” rəyi yazılmışdır. “Getcontact” mobil tətbiqindən olan 10 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “ürək işarəsi” qoyularaq qeyd edilmişdir. “Getcontact” mobil tətbiqindən olan 17 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “ьЮ, чб” kimi qeyd edilmişdir. “Getcontact” mobil tətbiqindən olan 7 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “Jajananska S” qoyularaq qeyd edilmişdir. “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Elmidar Hüseyn” adlı profilinin altında profil şəkilində Fərida Kərmiliyə (Şəfiyevaya) məxsus foto olan “Feride Shefiyeva” profilinin sahibi tərəfindən 09 dekabr 2023-cü il tarixdə “Petuxdu” şərhi yazılmışdır. “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Elmidar Hüseyn” adlı profilinin altında profil şəkili mövcud olmayan “urək işarəsi” olan profilinin sahibi tərəfindən 09 dekabr 2023-cü il tarixdə “Petuxdu” şərhi yazılmışdır. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı “X29 Haqqında” qərarın surətindən görünür ki, X18 AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati qaydada 50 manat cərimə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2024-cü il tarixli MN seriyalı 18668822 saylı “X25” protokolun surətindən görünür ki, X18 barəsində AR İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş protokollda etdiyi əməldən peşman olmasını bildirərərk həmin protokolu öz imzası ilə imzalamışdır. X18 barəsində aparılan inzibati araşdırma zamanı verdiyi xx.xx.2024-cü il tarixli izahatında aşağıdakı məzmunda izahat vermişdir. “Yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. 2023-cü ilin aprel ayında rəsmi qaydada nigahda olduğum İsmayılov Vusal adlı şəxslə rəsmi boşanmışam. Ailə münasibətində baş verən problemlərlə bağlı dəfələrlə təhqirə məruz qalmışam. Boşandıqdan sonra məndən əl çəkməmiş dəfələrlə telefonla narahat etmişlər. Bunun qarşılığında əsəblərimə hakim ola bilməyib get contact proqramının rəy bölməsində şəxsin adına nalayiq ifadə işlətmişəm. Bununla bağlı 29-cu Polis Şöbəsinə dəvət olunmuşam və barəmdə inzibati protokol tərtib olunmuşdur. Həmin protokolla bağlı heç bir şikayətim yoxdur. Səmimi olaraq qeyd etmək istəyirəm ki, bir daha belə hala yol verməyəcəm. İzahatı özüm yazdım, düzdür, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm.” Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X21 tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması, yayması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Belə olan halda aydın olur ki, təqsiləndirilən şəxs X21 tərəfindən “Getcontact” mobil tətbiqində (internet informasiya ehtiyatında) xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 barəsində təhqir xarakterli məlumatlar yaymışdır. Bununla da X12 törətmiş olduğu bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin təsiri altına düşür. Belə ki, X21 məhkəmə çıxışında özünü təqsirli bilməməsi, çıxarışların saxta olmasını qeyd etsə də, iş materiallarında olan və məhkəmə iclasında toplanmış sübutlarla X12 X5 barəsində təhqir xarakterli məlumatlar yayması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların təhqir xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X21 öz adına olmasa da istfadəsində olmuş +**********16 saylı mobil nömrə ilə “Getcontact” mobil tətbiqində qeydiyyatdan keçərək X4 özünə məxsus +**********35 saylı mobil nömrə ilə qeydiyyatdan keçirdiyi “Elmidar Hüseyn” adlı profilin şərh bölməsində 09 dekabr 2023-cü il tarixdə “petuxdu” şərhini yazmışdır. Tədqiq edilmiş subutlarla eyni zamanda müəyyən edilmişdir ki, X21 +**********16 saylı mobil nömrə ilə “Getcontact” mobil tətbiqində ilkin olaraq qeydiyyatdan keçərkən profil şəkilində özünə məxsus foto yerləşdirilməklə “Feride Shefiyeva” profil adı ilə ilə istifadə olunmuş, daha sonra həmin profilin adı ürək işarəsi qoyulmuş ada, "jajananska s" adına və "ьЮ, чб" adına dəyişdirilmişdir. X21 +**********16 saylı mobil nömrənin onun istifadəsində olmasını təsdiq etsə də, həmin mobil nömrəni 2023-cü ilin oktyabr-noyabr ayından sonra istifadə etmədiyini, qeyd edilən profillərin ona məxsus olmadığını, Elmidar İsmayılovun “getcontact” internet tətbiqində olan profilinə aid hissəyə təhqiredici şərhlər yazmadığını, 29-cu Polis Bölməsində verdiyi izahatın polislərin diqtəsi ilə yazması barədə bildiridiklərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadələr təqsiləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillərdir, iş materiallarında olan sübutlar, eyni zamanda məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in 29-cu polis şöbəsinin sahə rəisi Şahid ifadəsi ilə tam təkzib edilmişdir. Belə ki, Kərimli Fəridə məhkəmə iclasında 29-cu Polis Bölməsində verdiyi izahatı polislərin bildirdiyi kimi yazmasını qeyd etmişdir. Lakin şahid qismində dindirilmiş Rəsulov X19 Fəridənin qeyd etdiklərinin təkzib edərək ona hər hansı təsir və təziq olmadığını, X20 İsmayılovun barəsində yazılmış “petuxdu” şərhini və eyni zamanda onun ailə üzvlərinin ünvanına yazılmış şərhlərin özü tərəfindən əsəbləşərək yazdığını etiraf etməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, X21 bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşımır. Lakin Şahid bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbardarlıq edilmiş, yalnız bundan sonra məhkəmə iclasında ifadəsi alınmışdır. Şahid məhkəmə iclasında verdiyi ifadə X12 barəsində inzibati araşdırma zamanı tərtib edilmiş protokol və qərara, habelə Kərimli Fəridənin izahatına uyğun olmuş, lakin Fəridə Kərimli hazırkı iş üzrə məhkəmə iclasında verdiyi ifadələr onun barəsində aparılan inzibati araşdırma zamanı tərtib edilmiş protokol və qərarla, eyni zamanda öz əlyazması ilə verdiyi izahatla ziddyət təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Kərimli Fəridə hazırda belə bir məzmunda ifadə verməsi onun məsuliyyətdən yayınmaq üçün düşünülmüş addımıdır. Məhkəmə eyni zamanda onu da nəzərə alır ki, Fəridə Kərimli həmin izahatı polislərin diqtəsi ilə yazmasını qeyd etsə də, həmin araşdırma ilə bağlı qərarı mübahisələndirməmiş, barəsində tətbiq edilmiş cəriməni də ödəməklə həmin aradırmanın nəticəsi ilə də razılaşmışdır. Odur ki, onun X4 “getcontact” internet tətbiqində olan profilinin şərh bölməsinə “petuxdu” şərhini yazması öz təsdiqini tapır. Məhkəmə X4 “getcontact” internet tətbiqində olan profilinin şərh bölməsinə yazılmış “petuxdu” sözünü təhqir hesab edilib edilməməsinə münasibətdə isə qeyd edir ki, həmin ifadənin işlədilməsi təhqir hesab olunur. Bunun səbəbi cəmiyyətdə həmin ifadənin alçaldıcı və aşağılayıcı bir ifadə kimi istifadə edilməsidir. Bu söz xüsusilə postsovet ölkələrində, cəmiyyətin müxtəlif səviyyələrində hörmətsizlik, alçaltma və şəxsi ləyaqəti təhqir etmək məqsədilə istifadə olunan ifadədir. Eyni zamanda həmin ifadə cinsi zorakılığa məruz qalmış şəxslərə və ya sosial olaraq “ən aşağı səviyyəli” kimi qəbul edilən insanlara aid edilir. Bu söz eyni zamanda mənfi mənalar daşıyır və insanları aşağı səviyyədə təsvir etmək üçün istifadə olunur. Ümumiyyətlə, şəxsin ləyaqətini və ya şərəfini zədələmək məqsədilə işlədilir. Hazırkı halda həmin ifadə birbaşa X4 şərəf və ləyaqətini alçaltmağa yönəldildiyindən məhkəmə hesab edir ki, həmin ifadə təhqir hesab edilməldir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə X15 istinad edilən (CM-in 148-ci maddəsi ilə) cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində X12 təqsirliliyi tam sübuta yetirilir. X12 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə X15 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X12 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X12 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X15 CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin etməklə cəzanın məqəsinə nail olmaq mümkündür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X15 təyin edilmiş cəzanın icrası onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar