Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-558/2022 30.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X5 vəkili (“BHM və Partnyorları” Vəkil Bürosunun vəkili) X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və vəkili (“Prospekt” Vəkil Bürosunun vəkili) Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, "xxxx" MMC bizim.media İnformasiya portalının baş redaktoru X12 və "xxxx" MMC axar.az informasiya portalının baş redaktoru X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X10 məhkəməyə müraciət edərək, "xxxx" MMC bizim.media İnformasiya portalının baş redaktoru X12 və "xxxx" MMC axar.az informasiya portalının baş redaktoru X6 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, işlədiyi İnstitutun (6 saylı doğum evi) pasiyenti X7 xx.xx.2022-ci il tarixində tibb müəssisəsində daxil olmuş və doğuş həyata keçirmişdir. Uşağın vəziyyəti ilə bağlı həkimlər tərəfindən müalicələr aparılmış, lakin buna baxmayaraq körpə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Müəssisə tərəfindən bununla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə və Yasamal rayon Prokurorluğuna məlumat verilmişdir. Yasamal rayon Prokurorluğundan uşağın meyitinin yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilməli olduğu bildirilmişdir. Meyitin xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Patoloji Anatomiya Bürosuna təhvil verilməsi üçün müəssisənin əməkdaşları - direktorun inzibati məsələlər üzrə müavini İkram Ağayev, neonatoloq Nigar Şahbazova və YDRŞ-nin əməkdaşı Cahan Qəmbərova müəssisəyə məxsus avtomobillə meyiti Patoloji Anatomiya Bürosuna aparmaq istəyərkən müəssisənin həyətində X3 qohumları tərəfindən müəssisənin balansında olan “Niva” markalı ** AR *** dövlət nişanlı avtomobilə hücum edilmiş, söyüş və təhqirlər edilmiş, avtomobilə zərbələr endirilməklə ön şüşəsi qırılmış, C.Qəmbərovadan uşağın meyiti dartılıb alınmışdır. Bu zaman müəssisənin həyətində hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı həm də A.Əsədbəyli və onun əvvəlcədən həmin ünvana dəvət etdiyi jurnalistlər də olmuşdur. Özlərini təqdim etməyən həmin jurnalistlər jurnalist etikasına uyğun olmayan hərəkətlər etməklə, Z.Əkbərovanın qohumlarını qızışdırmağa çalışmışdır. Məsələ ilə bağlı mühafizə xidməti müdaxilə etmiş, Yasamal rayon 27-ci polis bölməsinə və Yasamal rayon Prokurorluğuna məlumat verilmişdir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra, Yasamal rayon Prokurorluğunun əməkdaşının iştirakı ilə meyit uşağın atası tərəfindən Patoloji Anatomiya Bürosuna verilməsi üçün götürülmüşdür. Hadisədən əvvəl və sonra özünü Z.Əkbərovanın qohumu kimi təqdim etmiş Aynurə Əsədbəyli bizim.media informasiya portalına müsahibələr vermiş, müəssisə və həmin müəssisənin işçisi olaraq ona qarşı böhtan xarakterli məlumatlar paylaşmışdır. Bizim.media informasiya portalında paylaşılan 15:10, xx.xx.2022 tarixli məqalədən: Uşağın vəziyyəti ilə bağlı 26 gündür ki, məlumat ala bilmirik. Nə onu bizə göstərirlər, nə də sağ qaldığı və ya öldüyünü deyirlər. Bir neçə gün əvvəl uşaq həkimi körpənin öləcəyini, hətta 2 saatının qaldığını demişdi. Uşaq isə yaşayır. Amma bitkisəl həyatdadır. Bəlkə də ölüb, bizə demirlər. Doğulandan indiyədək uşaq nəfəs aparatındadır, ürək döyüntüsü var, amma gözü açılmır və tərpənmir. Gah komadadır, gah da “özümüz yatızdırırıq ” deyirlər. Həkimlə heç cür əlaqə qura bilmirik. Zəngə cavab verəndə isə ‘‘Xoşunuz gəlmirsə, evinizdə doğuzdurardız. Bundan sonra məni narahat etməyin’ ’deyir. Uşaq həkimlərindən soruşanda başlarını aşağı salırlar. Çünki bilirlər ki, ginekoloqun məsuliyyətsizliyi ucbatından körpə əziyyət çəkir. Özləri ilə həkim aparıb yaxud da uşağı çıxarıb başqa xəstəxanaya yerləşdirmələrinə imkan vermirlər. A.Əsədbəyli tərəfindən verilən müsahibədə uşağın vəziyyəti ilə bağlı 26 gün ərzində məlumatsız olduqları qeyd edilir. Halbuki, şikayətə əlavə olunan diskdəki görüntülərdən də aydın olduğu kimi, uşağın yaxınları dəfələrlə reanimasiya şöbəsinə uşaqla görüş üçün buraxılıb, mütəmadi uşağın müalicəsi və vəziyyəti barədə ailəyə məlumat verilmişdir. Belə olan halda uşağın öldüyünü və ya sağ qaldığını bilməmələrini iddia etmək ən azı böhtandır. Digər tərəfdən istintaq orqanları tərəfindən hər hansı araşdırılma aparılmadan, ittiham hökmü olmadan həkimi günahlandırmaq özü təqsirsizlik prezumpsiyasına zidd bir hərəkətdir. Bizim.media informasiya portalında uşağın ölümündən əvvəl və sonra aşağıdakı başlıqla məqalələr paylaşılmışdır. 15:10, xx.xx.2022-ci il tarixdə “6 saylı Doğum Evində DƏHŞƏT - Yeni doğulan körpə 26 gündür niyə GİZLƏDİLİR? - VİDEO” başlığı ilə paylaşılmış məqalədə yazılmışdır: “Bakıda yeni doğulan körpə 26 gündür ki, komadadır. Söhbət iyunun 30-da Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) doğuma alınan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərovanın dünyaya gətirdiyi oğlan uşağından gedir. Ailənin iddiasına görə 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovanın səhlənkarlığı və səriştəsizliyi ucbatından körpə doğuş vaxtı başından ciddi travmalar alıb. O vaxtdan indiyədək körpənin öldüyü və ya sağ qaldığı barədə məlumatsızdırlar”. İnformasiya portalının paylaşdığı hazırki məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı yoxlanılmamış, hər hansı dəlilə söykənməyən böhtan xarakterli məlumatlardır. Bu cür yalan məlumatlar yayılması nəticəsində institutun əməkdaşı olaraq barəsində cəmiyyət arasında mənfi rəylər formalaşdırmışdır. 10:35, xx.xx.2022-ci il tarixdə yenə Bizim.media informasiya portalı tərəfindən “Doğum evi qarşısında İNSİDENT - Ölmüş körpəni qaçıran həkim yaxalandı”- başlığı ilə məlumat paylaşılmışdır. 18:03, xx.xx.2022-ci il tarixdə yenə Bizim.media informasiya portalı tərəfindən “Ölmüş körpənin doğum evindən qaçırdması ilə bağlı ANBAAN VİDEO - ÖZƏL” başlıqla məlumat paylaşılmışdır. Məlumatda göstərilmişdir: “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) 26 günlük körpənin ölümündən sonra pediatr Nigar Şahbazova tərəfindən təcili xəstəxanadan çıxarılması itə bağlı xəbər vermişdik. Ailənin iddiasına görə, özlərinin razılığı olmadan Nigar Şahbazova sürücü və tibb bacısı ilə birgə ölən körpəni xəstəxananın arxa qapısından çıxararaq “Niva” markalı avtomobillə müəmmalı şəkildə harasa aparırmış. Buna mane olan ailə ilə həkim arasında insident yaşanmışdır”. Axar.az informasiya portalında isə “Bakıda həkimlər meyiti qaçırmağa cəhd etdi” başlığı ilə məlumat paylaşılmışdır: “Bakıda 26 günlük uşağın ailənin razılığı olmadan xəstəxanadan qaçırılma anının görüntüləri yayılıb. Axar.az xəbər verir ki, bizim.media-nın yayımladığı videoda “Niva” markalı maşında ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür. Bu zaman körpənin yaxınları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını alırlar. Həm sürücü, həm də tibb işçiləri hərəkətlərinə aydınlıq gətirə bilməyiblər”. Məhkəmənin hazırlıq iclasında iştirak edən X5 vəkili X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 vəkili Müdafiəçi bildirmişdir ki, Azərbaycan Respublikasının CPMnin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham üzrə məhkəmənin hazırliq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Belə ki, Azərbaycan Respublikasının Media haqqında Qanunun 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya- əldə olunması, ötürülməsi və istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırıılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədi ilə media subyektləri tərəfindən dərc olunan və ya yayılan məlumatlardır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Azərbaycan Respublikasının CM-in 147-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş olunan əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyyatında yaymaq böhtan hesab olunur. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən isə ağır və xüsusilə ağır cinayətə ittihamla bağlı böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulur. Xüsusi ittiham qaydasında şikayət ərizəsinin mahiyyətindən də görünür ki, saytda qeyd olunan məlumatlar yalan deyil. Birincisi həqiqətən də körpə travmalı dünyaya gəlmişdir, 26 gün xəstəxanada qalmışdır və xx.xx.2022-ci il tarixində klinikada ölmüşdür. Qeyd olunan fakt üzrə hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır. İkincisi, məqalədə qeyd olunan körpənin qaçırılmasma, yəni klinikadan çıxarılmasına dair qeyd olunan məlumatlar xüsusi ittiham qaydasında şikayətin özündə də qeyd olunmuşdur və körpənin meyitinin Pataloji Anatomiya Birliyinin Bürosuna aparılarkən körpənin qohumları ilə xəstəxananın əməkdaşları arasında qarşıdurma olması da ərizədə öz əksini tapmışdır. Üçüncüsü, körpənin həkimin səhlənkarlığı nəticəsində ölməsinə dair saytda öz əksini tapan məlumatlar ailənin sayta verdiyi məlumat əsasında saytda öz əksini tapmışdır və məqalələrin hər birində məlumatın zərərçəkmiş şəxsin ailə üzvləri tərəfindən verilməsi məlumatlarda öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, saytda öz əksini tapmış məlumatlarda Nigar Şahbazovanın ağır cinayətdə ittiham olunmasına dair heç bir məlumat yoxdur. Bundan başqa xüsusi ittiham qaydasında şikayət ərizəsinin sonuncu səhifəsinə Şahbazova Nigar tərəfindən imza edilməsi öz əksini tapsa da ərizənin Cahan Qəmbərova tərəfindən yazılması müəyyən olunur. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinin 5-ci və 10-cu sətirlərindən görsənir ki, ərizə Cahan Qənbərova adlı şəxs tərəfindən yazılıb. Bundan əlavə Cinayət Prosessual Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Belə ki xüsusi ittiham üzrə şikayət ərizəsində "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanı isə ünvan 2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hər bir rayon məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasmda baş vermiş cinayətlərlə bağlı işlər və materiallar aiddir. Həmçinin xüsusi ittiham üzrə şikayət ərizəsində cinayətin harada baş verməsi və onun hansı sübutlarla təsdiq edilməsi də öz əksini tapmamışdır. Odur ki, şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində müəyyən edilmiş tələblərə cavab vermir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 vəkili Müdafiəçi izahatına uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, həmin vaxt onların əməkdaşları xəstəxanada olmamış, bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş X10 bizim.media saytında iki dəfə çıxış etmişdir. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 bildirmişdir ki, o, "xxxx" MMC-də məşğulluq təsnifatı üzrə baş redaktor vəzifəsində əmək müqaviləsi üzrə işləyir, "xxxx" MMC axar.az informasiya portalının baş redaktoru vəzifəsində isə Anar Niftəliyev adlı şəxs işləyir. Bundan başqa axar.az informasiya portalında yayımlanan xəbərdə həkimin adı qeyd olunmamış və həmin informasiya bizim.media informasiya portalına istinad olunaraq verilmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;.... 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubudan görünür ki, X2.az saytının baş redaktoru deyil, sonuncu "xxxx" MMC-də məşğulluq təsnifatı üzrə baş redaktor vəzifəsində əmək müqaviləsi üzrə işləyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sadalanan normalarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi şikayətdə göstərilməli olan hallardan biridir. Şikayətdə isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs qismində “Axar Media" MMC axar.az informasiya portalının baş redaktoru X11 göstərilsə də məhkəmə iclasında sonuncunun həmin informasiya portalının baş redaktoru olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC bizim.media İnformasiya portalının baş redaktoru X12 və "xxxx" MMC axar.az informasiya portalının baş redaktoru X6 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaları barədə şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC bizim.media İnformasiya portalının baş redaktoru X12 və "xxxx" MMC axar.az informasiya portalının baş redaktoru X6 CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-558/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-558/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver