Məhkəmə qərarları › İş №1(001)-56/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-56/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-56/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Qumlaq ərazi dairəsi, Mastalıbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 24 radələrində ünvan 2 ünvanında yerləşən “Red Black” çay evinin 3 saylı otağında tanışı X3 başqa şəxslərlə ona xəyanət etməsindən şübhələnməsi və mobil telefonuna daxil olan zəngləri ona göstərməkdən imtina etməsi səbəbindən qısqanclıq zəmnində aralarında şəxsi münasibətlərinin pozulması nəticəsində baş vermiş mübahisə zamanı Şəbinə Məlikovanın bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri ilə vuraraq alın nahiyyəsinin, sağ və sol almacıq nahiyyələrinin, sol üst göz qapağının, sol yanaq nahiyyəsinin, üst dodağın dərisinin, sol çənə nahiyyəsinin, sağ və sol bud nahiyyələrinin qançırları kimi həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər, sağ göz qapaqları və gözaltı nahiyyənin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 7/11 ünvanında yerləşən 20 saylı tam orta məktəbin qarşısında «Nissan Tida» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonunda tanışı X3 başqa şəxslərlə ona xəyanət etməsindən şübhələnməsi və mobil telefonuna daxil olan zəngləri ona göstərməkdən imtina etməsi səbəbindən qısqanclıq zəmnində aralarında şəxsi münasibətlərinin pozulması nəticəsində baş vermiş mübahisə zamanı Şəbinə Məlikovanın bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri ilə vuraraq alın nahiyyəsinin mərkəzə yaxın sağ yarısının cüzi şişkinlik fonunda qançırı, sağ almacıq nahiyəsinin və yanağın yuxarı yarısının şişkinlik fonunda qançırı və qançırın aşağı kənarında yanağın sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra həmin gün saat 17 radələrində ünvan 4 ünvanında yerləşən «Salt» otelin 6 nömrəli otağında eyni zəmində mübahisəni davam etdirərək Şəbinə Məlikovanm bədəninin müxtəlif nahiyələrinə yumruq ,təpik zərbələri vuraraq hər iki qolunu dişləməklə sonuncuya sağ kürəküstü nahiyənin qançırı, sağ saidin orta aşağı 1/3nin arxa səthi ətrafının məhdud sahədə qançırla əhatə olunmuş sıyrıqlar toplusu kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər və sol bazunun ortaaşağı 1/3-nin arxa-bayır və dirsək oynağının bayır səthinin lövhəvari hematoması və hematoma fonunda sıyrıqlar toplusu kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 təxminən 3 il olar ki, tanıyır. O, Səbinə ilə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. O, Səbinə ilə saatlıq ev, kafe, hətta otellərə getmiş və aralarında könüllü formada intim münasibətlər olmuşdur. Əvvəllər psixoloq olduğunu bilsə də sonradan Səbinənin “tatu” ustası kimi sosial şəbəkələrdə elan yerləşdirməsinin şahidi olmuşdur. O, Zərərçəkmiş şəxs ilə sevgili münasibətində olmuş və son iki il olar ki, Şəbinə ilə mütəmadi olaraq müxtəlif kafe, çay evi və otellərdə görüşmüşdür. 31 oktyabr 2022-ci il tarixdə axşam saat təxminən 19 radələrində Şəbinə ilə görüşüb ünvan 5 ünvanında yerləşən ”Red Black” çay evinə getmiş və çay evinin birinci mərtəbəsindəki 3 saylı kabinetdə əyləşib özü üçün pivə və Şəbinə üçün çay sifariş verərək söhbət edib istirahət etmişlər. Həmin vaxt Səbinənin mobil telefonuna tanımadığı şəxsdən zəng daxil olmuş və həmin zəngin kimə məxsus olduğunu öyrənmək üçün Səbinənin telefonuna zən edən nömrəni öyrənmək istəmiş, lakin, Şəbinə özünü şübhəli apararaq telefondakı zəngi gizlətməyə çalışmışdır .Aralarında bu zəmində sözlü mübahisə yaranmış, telefonu Səbinənin əlindən alıb baxmaq istəsə də kiliddə olduğundan aça bilməyib özünə qaytarmalı olmuşdur. Saat təxminən 24 radələrində mübahisə zamanı əli ilə Səbinənin sifət nahiyəsinə iki dəfə sillə və sonra hər iki bud nahiyəsinə ayaqla iki dəfə yüngül formada zərbə vurmuşdur. Bu əməlindən peşman olub Səbinənin könlünü almağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Səbinə taksi ilə aparıb yaşadığı ünvanın həyətində düşürüb evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, atası Rövşən onun döyülmüş vəziyyətini görüb bu barədə polisə şikayət etmiş və xx.xx.2022-ci il tarixdə isə Şəbinə özü şikayət etmişdir. Bundan başqa 14 may 2023-cü il tarixdə saat 14 radələrində Namik adlı dostu ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Seval” kafesində çay içərkən Namiklə tatu ilə bağlı danışmış və o, qoluna tatu döydürmək istədiyini bildirmişdir. Bundan sonra Şəbinə ilə telefonda danışıb Namik adlı dostunun tatu ilə bağlı ona müraciət etmək istədiyini bildirmişdir. Şəbinə isə 40 manata Namikin qoluna tatu döyə biləcəyini və birlikdə onun Səbail rayonu “İçərişəhər” adlanan ərazidəki salonuna gəlməsini demişdir. Bundan sonra olduqları kafenin yaxınlığından yoldan keçən taksilərdən birinə əyləşib Səbinənin tatu salonunun yerləşdiyi İçərişəhərə getmək istəmiş və Səbinəyə zəng vurub taksidə olduqlarını və yolüstü götürə biləcəyini söyləmişdir. Lakin, Şəbinə əlində işi olduğunu və bir saata özü taksi ilə gələ biləcəyini demişdir. Onlar artıq taksidə olduqlarını və Səbinənin yaşadığı Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi tərəfə istiqamətləndiklərini, evdən çıxıb onlarla birlikdə getmələrini xahiş etmişdir. Sonrakı zənglərə Səbinə cavab vermədiyindən taksi ilə onun yaşadığı əraziyə gedərək orada xeyli gözləməli olmuşdur. Təkrar və mütəmadi zənglərindən sonra Şəbinə taksi sürücüsünə aid olduğunu dediyi başqa bir nömrədən ona zəng edib Yasamal rayonu “20 Yanvar” dairəsinə gəlmələrini bildirmişdir. Səbinənin onları xeyli gözlətməsi, yaşadığı ərazidə deyil “20 Yanvar” dairəsinə onu dəvət etməsi onda Səbinənin hərəkətlərinə şübhə oyatmışdır. “20 Yanvar” dairəsi, "xxxx" QSC-nin qarşısında Səbinə onları qarşılayaraq orta yaşlı arıq bir kişinin idarə etdiyi taksiyə dəvət etmişdir. O, Səbinənin oturduğu arxa oturacaqda, dostu Namik isə qabaq sağ oturacaqda əyləşdikdən sonra sürücüyə “İçərişəhər” tərəfə sürməsini sifariş vermişdir. Sürücü hərəkətə başlamış və yolda olarkən Səbinənin telefonuna zəng daxil olmuş və Səbinə sanki telefonu ondan gizlətmək istəmişdir. Telefonu Səbinənin əlindən alıb baxmaq istəsə də kiliddə olduğuna görə açıb baxa bilmədiyindən özünə qaytarmışdır. Səbinənin onu taksidə yarım saatdan çox gözlətməsi, özünün başqa taksi ilə gələcəyini deməsi, yaşadığı ünvanın ərazisində deyil tamam başqa yerdə onlarla görüşməsi və görüşən kimi ona şübhəli zənglərin daxil olmasından şübhə edib, başqası ilə əlaqə saxlayıb görüşməsindən şübhə edib qısqanmağa başlamış, taksi hərəkətdə olan zaman bu zəmində salonda mübahisə etməyə başlamışlar. Saat təxminən 16 radələrində 20 saylı tam orta məktəbin qarşısı ilə hərəkətdə olarkən Səbinəyə verdiyi suallara məntiqli cavab verə bilmədiyindən əsəbiləşməyə başlamış, telefonunu açıb ona göstərməkdən imtina etməsindən daha da şübhələnərək qısqanclıqdan maşının salonunda əli ilə Səbinənin alın və sağ yanaq nahiyələrinə iki dəfə zərbə vurmuşdur. Bu zaman taksi sürücüsü və dostu Namik ona öz iradlarını bildirmiş, hətta sürücü maşını kənara verib saxlayaraq onun maşından düşməsini tələb etmişdir. O, isə sürücüdən üzr istəyib maşından bir dəqiqəliyə düşmələrini, Səbinədən üzr istəməsi üçün onları yalnız buraxmalarını xahiş etmişdir. Sürücü və dostu Namik maşından düşüb siqaret çəkdikləri vaxt Səbinədən üzr istəmiş və qayıdıb “Salt” otelinə getməyi, orada münasibətlərinə aydınlıq gətirməsini xahiş etmişdir. Həmin vaxt taksi sürücüsü qapını açdıqda onların barışıb öpüşdüklərinin şahidi olmuş və bundan sonra Səbinənin razılığı ilə istiqamətlərini dəyişib Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 12 ünvanda yerləşən “Salt” otelinə getmişlər. Dostu Namik yolda taksidən düşüb getmiş və sürücü onları otelin qarşısına düşürərək öz işinə getmişdir. Bundan sonra saat təxminən 16 radələrində otelə daxil olaraq şəxsiyyət vəsiqəsini verərək otaq kirayələmiş və onlara otaq ayrıldıqdan sonra həmin otağa daxil olmuşlar. Təxminən bir saata yaxın orada istirahət etmiş, münasibətlərə aydınlıq gətirmiş, Səbinənin razılığı ilə intim münasibətdə olmuşlar. Saat 17 radələrində otaqdan çıxmağa hazırlaşarkən Səbinənin mobil telefonuna təkrar zəng daxil olmuş və eyni qaydada yenə onda qısqanclıq hissləri baş qaldırmışdır. Zəng edənin kim olduğunu ona deməkdən imtina etməsi səbəbindən aralarında sözlü mübahisə düşmüş və nəticədə əsəbiləşərək yumruq, sillə təpiklə qollarına, kürəyinə və digər nahiyyələrinə zərbələr vurmuş, hətta əsəbiləşərək hər iki qolunu dişləmiş və bundan sonra onu qucaqlayıb öpərək könlünü almağa çalışmışdır. Saat təxminən 17 radələrində hər ikisi bir yerdə oteli tərk edib getmiş, növbəti gün Səbinənin ondan şikayət etdiyi məlum olmuşdur. O, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda X8 ilə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 03 il olar ki, tanış olmuşdur. O, Təqsirləndirilən şəxs sosial şəbəkədə “PUBG” oyunu oynayan zaman tanış olmuşdur. Məhəmmədli ilə tanış olan zaman Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən “X5” psixoloq kimi fəaliyyət göstərmişdir. O, Məhəmmədəli ilə təxminən 04 ay müddətində danışıb qarşılıqlı münasibətlər yaratmış və sonradan aralarında sevgi münasibətləri başlamışdır. Həmin vaxt o, rəsmi olaraq ailəli olsa da, həyat yoldaşı ilə aralarında soyuqluq olduğundan və ayrı ünvanlarda yaşadıqlarından, həmçinin boşanmaq üçün məhkəməyə müraciət etdiyindən Məhəmmədəli ilə aralarında sevgi münasibətləri yaranmışdır. Məhəmmədəli ilə vaxt olduqca şəhərin müxtəlif yerlərində mütəmadi görüşmüşdür. Növbəti görüşlərinin birində, yəni 31 oktyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində Məhəmmədəli ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Red Black” çay evinə gedərək çay evinin birinci mərtəbəsindəki 3 saylı kabinədə oturmuş, pivə və çay sifariş edərək söhbət etməyə başlamışlar. Birlikdə söhbət edərkən istifadəsində olan mobil nömrəsinə tanımadığı nömrədən zəng daxil olmuşdur. Bu zaman Məhəmmədəli onu qısqanaraq dərhal yerindən qalxıb telefona baxmaq üçün ondan telefonu alıb baxmaq istəmişdir. Tanımadığı nömrə olsa da Məhəmmədəlini başa sala bilməyəcəyi üçün telefonu vermək istəməmiş və buna görə də hər ikisi telefondan tutmuş vəziyyətdə dartışmış və sonunda telefonu vermişdir. Telefon kiliddə olduğu üçün versə də açıb baxa bilmədiyindən Məhəmmədəli telefonu özünə qaytarıb əsəbiləşmişdir. Bu zəmində aralarında sözlü mübahisə başlamışdır. Təxminən bir neçə dəqiqə aralarında sözlü mübahisə davam etmişdir. Mübahisənin sonunda gecə saat 24 radələrində Məhəmmədəli ona inanmayaraq əli ilə sifətinə iki dəfə sillə və ayağı ilə sol və sağ bud nahiyyələrinə iki ayaq zərbəsi vuraraq xəsarətlər yetirmişdir. Sonra onun bağışlanması üçün çox yalvarıb dilə tutmağa, könlünü almağa çalışmışdır. Bunun üçün bir neçə saat əlavə kabinetdə qalmalı olmuşlar. xx.xx.2022-ci il tarixdə gecə 03 radələrində Məhəmmədli onu taksi ilə aparıb yaşadığı ünvanda düşürmüşdür. Mənzilə daxil olan zaman atası Rövşən onun gözünün göyərdiyini görüb Məhəmmədəli tərəfindən vurulduğunu başa düşərək baş vermiş hadisə ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-yə müraciət etmiş və bundan iki gün sonra isə özü bu barədə şikayətlə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Məhəmmədəli ona zəng edərək Namik adlı dostuna tatu döydürmək lazım olduğunu bildirmiş və o, isə 40 manata tatu vura biləcəyini demişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Məhəmmədəli ona zəng edərək dostu Namiklə birlikdə Biləcəri qəsəbəsində olduğunu və oradan taksi ilə gəlib onu götürə biləcəyini təklif etmişdir. O, vacib işlərinin olduğunu, bir saat gözləmələrini, özü taksi ilə tatu salonuna gedəcəyini desə də Məhəmmədəli ona mütəmadi zəng edib narahat etmiş və evdən tez çıxmağa tələsdirmişdir. Bu səbəbdən o, işlərini yerinə yetirib “20 Yanvar” dairəsinə gəlmiş və orada tanımadığı orta yaşlı kişinin idarə etdiyi ağ rəngli taksi avtomobilinə əyləşmişdir. Telefonunda kontur olmadığına görə Məhəmmədəlinin harada olmasını öyrənmək üçün sürücüdən xahiş edib telefonu ilə Məhəmmədəliyə zəng edərək “20 Yanvar” dairəsinə dəvət etmiş və həmin ünvanda Məhəmmədəli və Namiklə görüşərək tatu salonunun yerləşdiyi İçərişəhər ərazisinə doğru hərəkət etmişlər. Məhəmmədəli taksidə arxa oturacaqda onun yanında Namik isə qabaq sağ oturacaqda oturmuşdur. Taksi hərəkətdə olarkən Məhəmmədəli onun nə üçün gec gəldiyini və zənglərinə gec cavab verdiyini deməklə danlamağa, hətta mobil telefonunu əlindən alıb yoxlamağa başlamışdır. Bu səbəbdən aralarında sözlü mübahisə başlamış və saat 16 radələrində avtomobil 20 saylı orta məktəbin qarşısı ilə hərəkət edərkən Məhəmmədəl əli ilə onun alın nahiyyəsinə, sonra isə sağ yanaq nahiyyəsinə zərbələr vurmuşdur. Bu zaman tanımadığı orta yaşlı kişi sürücü və Namik Məhəmmədəliyə öz iradlarını bildirmiş, hətta sürücü maşını yolun kənarına verərək saxlayıb Məhəmmədəlinin maşından düşməsini tələb etmişdir. Məhəmmədəli sürücüdən üzr istəmiş və təkrar etməyəcəyi və onunla bir dəqiqə danışmağa vaxt verməsini istəmişdir. Bunun üçün sürücü ilə Namik maşından yerə düşüb siqaret çəkdikləri müddətdə Məhəmmədəli ondan üzr istəməyə və bir daha təkrar etməyəcəyinə söz vermiş və sonra qayıdıb əvvəllər getdikləri “Salt” otelə gedərək orada söhbət edib münasibətlərə aydınlıq gətirməyi xahiş etmişdir. Onun razılığı ilə tatu salonuna deyil istiqaməti dəyişib Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” Otelinə getmişlər. Namik otelə çatmazdan əvvəl yolda düşüb getmiş və onlar saat təxminən 16:10 radələrində otelə daxil olmuşlar. Onlara ayrılmış otağa daxil olaraq orada təxminən bir saat vaxt keçirmiş, yaxın münasibətdə olmuş və saat təxminən 17 radələrində çıxmağa hazırlaşarkən telefonuna təkrar tanımadığı nömrədən zəng daxil olmuşdur. Məhəmmədəli zəng edənin kim olduğunu öyrənməsi üçün onu qısqanaraq telefona baxmaq istədikdə buna imkan vermədiyi üçün təkrar yumruq, şillə ilə sifətinə, qollarına sağ kürəyinə zərbələr vurmuş, hətta hər iki qolunu dişləyərərk ona xəsarətlər yetirmiş, sonra isə onun könlünü almağa başlamışdır. Bundan sonra hər ikisi oteli tərk etmiş və növbəti gün bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus baş etibarnamə ilə idarə etdiyi “Nissan Tida” markalı ağ rəngli **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X1rşısındakı “Minkənd” kafesinin önündə dayanıb müştəri gözləmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində qeyd etdiyi ünvanda olduğu zaman adını sonradan bildiyi Səbinə adlı qadın yaxınlaşaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmək istədiyini bildirmişdir. Yolda olarkən Səbinə ondan telefonunu bir nəfər tanışına zəng etmək üçün istəmişdir. O, Səbinənin xahişini yerinə yetirib istifadəsində olan mobil telefonunu vermiş və sonuncu zəng edib danışdıqdan sonra telefonu ona qaytarmışdır. Bundan sonra Səbinə ona maşını “20 Yanvar” dairəsindəki "xxxx" QSC-nin qarşısına sürməyi xahiş etmişdir. Səbinənin sifarişi əsasında maşını həmin ünvana sürmüş və orada Səbinə maşından düşüb iki nəfər oğlanı qarşılayıb maşına tərəf gətirmişdir. Sonradan adını bildiyi Məhəmmədəli arxa oturacaqda Səbinənin yanında, Namik isə ön oturacaqda əyləşmişdir. Məhəmmədəli maşını İçərişəhərə sürməyi xahiş etmişdir. O, idarə etdiyi avtomobillə 20 nömrəli məktəbin yanından keçərkən Səbinənin telefonuna zəng daxil olmuş və Məhəmmədəli Səbinədən telefonu alıb baxmaq istədikdə sonuncu telefonu ona vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Məhəmmədəli telefona baxmaq üçün Səbinədən almaq istədikdə sonuncu vermədiyi halda gözlənilmədən maşında mübahisə yaranmış və Məhəmmədəli əli ilə Səbinənin sifətinə zərbə vurmuşdur. Baş vermiş hadisəni güzgüdə görüb Məhəmmədəliyə iradını bildirmiş və maşını sağda bir kənara verib saxlayaraq düşməsini istəmişdir. Məhəmmədəli üzr istəyib onları bir dəqiqəliyə tək buraxmağı xahiş etdiyindən Namik adlı şəxslə maşından düşüb kənarda siqaret çəkib bir qərara gəlmələrini gözləmişlər. O, toya gedəcəyinə görə az sonra maşının qapısını açaraq toya tələsdiyini demək istədikdə onların qucaqlaşıb öpüşdüklərinin şahidi olmuşdur. Həmin vaxt Məhəmmədəli onları qaytarıb Biləsəri qəsəbəsindəki “Salt” otelində düşürməyi xahiş etdiyindən istiqaməti dəyişib Yasamal rayonu 2 saylı Asan Xidmətinin yanındakı məhlə ilə Yasamal rayonu Xarici Dairəvi yolu ilə Biləcəri qəsəbəsinə doğru hərəkət etmiş və saat təxminən 16 radələrində Namik adlı şəxs yolda düşdükdən sonra Şəbinə ilə Məhəmmədəlini Biləcəri qəsəbəsində yerləşən “Salt” otelinin qarşısında düşürüb 20 manat pulunu alaraq öz işinə qayıtmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5-6 il olar ki, yaxından tanıyır və onunla dostluq edir. 14 may 2023-cü il tarixdə saat 14 radələrində Məhəmmədəli ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Seval” kafesində çay içərkən Məhəmmədəlidən onun Şəbinə adlı sevgilisinin tatu vurmaqla məşğul olduğunu eşitdikdə, tatu döydürmək istədiyini Məhəmmədəliyə söyləmişdir. Məhəmmədəli Səbinəyə zəng vuraraq bu işi hansı qiymətə görə biləcəyini və hara gəlmək lazım olduğunu soruşmuşdur. Səbinə həmin işi 40 manata edə biləcəyini və İçərişəhərdəki tatu salonuna gəlmək lazım olduğunu demişdir. Bundan sonra Məhəmmədəlinin təklifi ilə Biləcəri qəsəbəsində yoldan keçən taksiyə əyləşib Səbinənin İçərişəhərdə yerləşən tatu salonuna getmək qərarına gəlmişlər. Getməzdən əvvəl Məhəmmədəli Səbinəyə təkrar zəng edib artıq yola düşmələri barədə məlumat vermiş, işdə olmadığı halda onu yolüstü taksiyə götürə biləcəyini demişdir. Şəbinə Məhəmmədəliyə işdə olmadığını, lakin özü tək taksi ilə gələcəyini ona bildirmişdir. Taksi ilə Biləcəri qəsəbəsindəki “Seval” kafesinin qarşısından Bakı şəhəri, Nəsimi rayonu, Hərbi hospitalın yaxınlığındakı “Kəpəz” klinikasının qarşısına getmiş və həmin ünvanda Səbinəni gözləməli olmuşlar. Taksidə xeyli gözləmələrinə baxmayaraq Şəbinə gəlməmiş və bundan sonra Məhəmmədəli onunla danışarkən Şəbinə özü “20 Yanvar” dairəsinə gəlib orada görüşəcəyini bildirmişdir. Bir qədər sonra Səbinə özü Məhəmmədəliyə zəng edərək “20 Yanvar” dairəsi, "xxxx"nun binası qarşısına gəlməyi bildirmiş və onlar həmin ünvana gedərək Səbinənin gəldiyi ağ rəngli taksi avtomobilinə əyləşmişlər. Bundan sonra onlar tatu döydürmək üçün Səbinənin tatu salonunun yerləşdiyi İçərişəhər ərazisinə yollanmışlar. O, taksidə ön oturacaqda Məhəmmədəli isə Səbinənin oturduğu arxa oturacaqda oturub yola davam etmişlər. Taksiyə oturan kimi Məhəmmədəli Səbinəyə onları gözlətməyini səbəbini soruşmuş və taksi sifariş etdikləri halda özünün başqa taksi ilə gəldiyinə iradını bildirmişdir. Bu kimi iradlarla Səbinəni danladıqda həmin vaxt Səbinənin telefonuna daxil olan zəngin kimə aid olduğunu bilmək üçün telefonu alıb baxmaq istədikdə Səbinə buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Saat təxminən 16 radələrində 20 saylı məktəbin qarşısı ilə hərəkət edərkən gözlənilmədən Məhəmmədəli taksinin arxa salonunda Səbinənin alnına və sifətinə əli ilə şillə yumruq vurmuşdur. Bu anda sürücü tərəfindən, eləcə də onun özü tərəfindən Məhəmmədəliyə irad bildirilmişdir. Hətta sürücü maşını sağa verib saxlayaraq Məhəmmədəlinin maşından düşməsini xahiş etmişdir. Məhəmmədəli sürücüdən üzr istəyərək bir dəqiqəliyinə onları maşında tək buraxmağı xahiş etmişdir. Sürücü və o, maşından düşüb siqaret çəkdikdən sonra sürücü Məhəmmədəli tərəfindən qapını açıb nə qərara gəldiyini soruşduqda artıq tatu üçün getməyəcəklərini deyərək Biləcəri qəsəbəsindəki “Salt” otelə getmək lazım olduğunu demiş və istiqaməti dəyişərək həmin otelə yollanmışlar. O, özü Biləcəri qəsəbəsindəki “Nehrəm” marketin qarşısında düşdükdən sonra Məhəmmədəli ilə Səbinə otelə getmişlər. Növbəti gün Məhəmmədəlidən eşitmişdir ki, Səbinə ilə oteldə də aralarında mübahisə baş vermiş və Səbinəni döydüyünə görə sonuncu polisə şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Salt” otelində nəzarətçi işləyir. 14 may 2023-cü il tarixdə saat 16 radələrində sonradan adı məlum olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı tanışı ilə “Salt” otelə gəlmişdir. Məhəmmədəli adlı şəxs sənədini təqdim edib otaq sifariş vermiş və qeydiyyatdan keçdikdən sonra onlara 6 saylı otaq ayrılmış və həmin şəxslər birlikdə qeyd olunan otağa yerləşmişlər. Təxminən bir saatdan sonra isə həmin şəxslər birlikdə oteli tərk edərək getmiş və bundan sonra 6 saylı otaqda müvafiq təmizlik işləri aparılaraq başqa müştərilərə verilmişdir. O, sonradan Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət olunarkən Şəbinə adlı qadının Məhəmmədəli adlı şəxs tərəfindən həmin gün otelin 6 saylı otağında döyülməsi barədə şikayət etdiyini öyrənmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən “Salt” otelin 6 saylı otağında baş vermişdir. xx.xx.2023-cü il tarixli 879 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X12 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 3 (üç) qrupa bölünür: “a”-alın nahiyəsinin mərkəzə yaxın sağ yarısının cüzi şişkinlik fonunda qançırı, sağ almacıq nahiyəsinin və yanağın yuxarı yarısının şişkinlik fonunda qançırı və qançırın aşağı kənarında yanağın sıyrıqları, sağ kürəküstü nahiyyənin qançırı; “b” sol bazunun orta-aşağı 1/3-nin arxa-bayır və dirsək oynağının bayır səthinin lövhəvari hematoması və hematoma fonunda sıyrıqlar toplusu; “c”-sağ saidin orta aşağı 1/3-nin arxa səthinin ətrafı məhdud sahədə qançırla əhatə olunmuş sıyrıqlar toplusu; 2.”a”-bəndində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl ilə, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; “b” - bədənində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (alətin) və eyni nahiyyəyə məhdud təsir səthli əşyanın (əşyaların) təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyəyə yumruqla zərblə vurma və həmin nahiyyənin dişlənməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddilər; “c”bəndində göstərilmiş bədən xəsarətləri məhdud təsir səthli əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyənin dişlənməsi zamanı dişlərin küt təsirindən törənmişdir və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 687/2020 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 04 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(001)-600/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2023cü il tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, cinayət işinin istintaqı CM-in 128 və 221.1-ci maddələri ilə ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CMin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 2944 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X12 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ göz qapaqları və gözaltı nahiyyənin dərialtı hematoması, alın nahiyyəsinin, sağ və sol almacıq nahiyyələrinin, sol üst göz qapağının, sol yanaq nahiyyəsinin, üst dodağın dərisinin, sol çənə nahiyyəsinin, sağ və sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 34 gün əvvələ əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ göz qapaqları və göğzaltı və gözaltı nahiyənin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə və həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl, yumruq, təpik və s)ilə edilmiş zərbələr nəticəsində əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada və necə baş verməsini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin harada və necə baş verməsini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 128 və 221.1-ci maddələrindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməklə CM-in 221.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması, sonuncunun ondan heç bir şikayət və tələbinin olmaması, qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan təqibinə xitam verilməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(001)-600/2022 nömrəli qərarı ilə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilmişdir. CM-in 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(001)- 600/2022 nömrəli qərarı ilə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən, yenidən eyni əməli törədərək CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi alt) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar