Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-56/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,291 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 17:45-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metrostansiyasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19:25-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,291 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu “Nəsimi” metrostansiyasının yaxınlığında iki nəfər mülki geyimdə olan polis əməkdaşları saxlayıb PB-yə gətirmişlər. Üzərinə baxış keçirilən zaman üzərindən heç nə aşkar olunmamışdır. Önünə narkotik vasitəni qoymuşlar ki, boynuna götürsün, əks halda o, narkotik vasitələrinin satışı ilə ittiham olunacaq. O da məcburiyyət qarşısında qalıb cinayəti etiraf etmişdir. Lakin, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı Binəqədi RPİ-in 4-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 30 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş və PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü ildə, saat 17:45 radələrində Binəqədi rayonu, “Nəsimi” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq işlədiyi şöbənin təhqiqatçısının xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə müdafiəçinin iştirakını istəmədiyini bildirmişdir, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün içərisindəkinin “metamfetamin” olduğunu, həmin “metamfetamini” 30 yanvar 2024-cü il tarixdə günorta saatlarında Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açılmış və içərisində spesifik iyə malik ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüş, həmin büküm elektron tərəzidə təhqiqatçı tərəfindən çəkilmiş və çəkisinin bükümlə birgə 0,39 qram olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə “metamfetamin” adlanan maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcədə üzərində axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə ə/m polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 18). Şəxsi axtarış və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd 0.39 qram çəkidə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan kristal halda psixotrop maddəyə bənzər kütləni təqdim edərək həmin bükümdə ki, maddənin psixotrop maddə olan "metamfetamin" olduğunu, həmin psixotrop maddəni 30 yanvar 2024-cü il tarixdə günorta saaatlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini, həmçinin 30 yanvar 2024-cü il tarixdə 17:45-də Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman bildirmişdir. Daha sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 173 saylı möhürü ilə möhürlənmişdir (cild 1, i.v 30-31). Məhkəmə kimyəvi ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/614 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Həsənov ...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.291 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,241 qram (cild 1, i.v 39-41). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 54). Qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir (cild 1, i.v 75-76). Məhkəmə-narkoloji ekspertizanın 02 fevral 2024-cü il tarixli, 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.102-103). 02 fevral 2024-cü il tarixli “videogörüntünün əks olunduğu DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X6 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilir və 0.39 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “metamfetamin” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 30 yanvar 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını bildirir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır (cild 1, i.v 86). 05 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında və 20 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, 01 ədəd kağız zərfdə qablaşdırılmış və 01 ədəd bükümdə 0,291 qram, ekspert tədqiqatından sonra qalan 0,241 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,241 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həli edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 89-92, 120-128). "xxxx" MMC-in 23 iyul 2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi DVD diskdə olan anten məlumatlardan habelə, məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X3 aydınlaşdırıcı məlumatından görünür ki, Şahid2 istifadəsində olan +9945177-77-99 mobil nömrə ilə 30 yanvar 2024-cü il tarixdə, saat 17:00-18:25 aralığında telefon danışıqları qeydə alınmadığından, əhatə dairəsi müəyyənləşdirilə bilinməmişdir (cild 1, i.v 196-199). "xxxx" MMC-in 12 sentyabr 2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi DVD diskdə olan anten məlumatlardan habelə, məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X5 aydınlaşdırıcı məlumatından görünür ki, Şahid1 istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə 30 yanvar 2024-cü il tarixdə, saat 17:56 radələrində Binəqədi rayonu, Hollivud restoranı yaxınlığında internet şəbəkəsinə qoşulmuşdur (cild 1, i.v 223). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Buna baxmayaraq təqsirləndirilən şəxs ilkin istintaq və məhkəmənin əvvəlki iclasları zamanı narkotik vasitələrdən daha öncə istifadə etdiyini açıq şəkildə etiraf etsə də, lakin sonrakı məhkəmə iclaslarında ifadəsini dəyişdirərək heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini iddia etmişdir. Bu ziddiyyətli ifadələrinin səbəbi soruşulduqda isə “oxumamışam” və “polis bölməsində qorxudulmuşam” kimi cavablar vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə bağlı irəli sürdüyü arqumentləri aşağıdakı hüquqi və faktiki əsaslara görə əsassız hesab edir. Birincisi, təqsirləndirilən şəxs ifadələrinin ziddiyyətli olmasını izah edərkən "oxumamışam" cavabını verməsi qanun qarşısında məsuliyyətin əsaslarını dəyişmir. İkincisi, iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs həm ilkin istintaq zamanı, həm də məhkəmə isintaqı zamanı özünü təqsirli bildiyini dəfələrlə bəyan etmişdir. Həmin ifadələrin hüquqi yardım şəraitində, yəni onun hüquqlarını qoruyan vəkilin iştirakı ilə verildiyi xüsusilə qeyd olunmalıdır. Əlavə olaraq, istintaq və məhkəmə mərhələsində təqsirləndirilən şəxsi eyni vəkil təmsil etmiş, bu da təqsirləndirilənin ifadələrində ardıcıl hüquqi müşayiətin təmin olunduğunu və hüquqlarının pozulmadığını göstərir. Belə şəraitdə verilmiş ifadələrin sonradan inkar edilməsi və “qorxudulmuşam” kimi izahlarla əsaslandırılması məhkəmə tərəfindən inandırıcı hesab edilə bilməz. Hətta fərz etsək ki, ilkin istintaq zamanı hansısa formada təzyiq göstərilmişdir, bu halda ilk növbədə onun hüquqlarını müdafiə edən vəkil tərəfindən bu hal dərhal qeydə alınmalı və qanuni şikayət mexanizmləri işə salınmalı idi. Lakin belə bir müraciətin və ya şikayətin mövcud olmaması, əksinə ifadələrin təsdiqlənərək müdafiə mövqeyi olaraq qəbul edilməsi, onların könüllü, hüquqi yardım şəraitində verildiyini sübut edir. Digər tərəfdən, təqsirləndirilən şəxsin dedikləri həqiqəti əks etdirsə idi, onun məhkəmə iclaslarında tam açıq, azad və hüquqi təminatlar altında ilk gündən etibarən istintaqda verdiyi ifadəni inkar etməsi gözlənilən idi. Lakin əksinə, təqsirləndirilən şəxs məhz məhkəmənin ilk iclasında özünü təqsirli bildiyini təsdiqləmiş, əvvəlki ifadələrinə sadiq qalaraq törətdiyi əməli ətraflı izah etmişdir. Bu hal göstərir ki, təqsirləndirilən şəxs məhkəmədə heç bir təzyiq və məcburiyyət olmadan, tam hüquqi təminatlar çərçivəsində dəfələrlə eyni etirafedici mövqedə dayanmışdır. Onun yalnız prosesin irəliləyən mərhələlərində ifadəsini dəyişməsi, artıq cinayət məsuliyyətindən yayınmaq və mövcud sübutları şübhə altına almaq cəhdindən başqa bir məqsədə xidmət etmir. Üçüncüsü, iş üzrə təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının nəticələrinə əsasən təqsirləndirilən şəxsdə narkomaniyadan asılılıq müəyyən edilmiş, bu isə onun narkotik vasitədən təkrarlanan və vərdiş halında istifadə etdiyini təsdiq edir. Göründüyü kimi, təqsirləndirilən şəxsin son ifadələri ekspert rəyinin elmi əsaslarla müəyyən olunmuş nəticələri ilə təkzib edilir, bu da etirafdan imtinanın qeyri-obyektiv və inandırıcılıqdan uzaq olduğunu göstərir. Dördüncüsü, təqsirləndirilən şəxs onu tutan polis əməkdaşlarının məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşlarının olmadığını bildirsə də, bu halda məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində həmin polis əməkdaşlarından yalnız birinin mobil cihazı üzərində olmuş və mobil operator məlumatlarına əsasən onun hadisənin baş verdiyi tarixə və əraziyə yaxın bir mövqedə olduğu təsdiq edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs öz mövqeyini heç bir məntiqi və sübuta əsaslanan dəlilərlə əsaslandıra bilməmişdir. Bu baxımdan, təqsirləndirilən şəxsin əvvəlki ifadələrini inkar etməsi yalnız müdafiə strategiyasının dəyişməsi ilə bağlı olub, sübutlar sistemində əsaslı yer tutaraq təqsirin sübuta yetirilməsinə xidmət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.106). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəzasını yüngülləşdirilən halları və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 02 fevral 2024-cü il tarixli, 676 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,241 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 1) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,241 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-56/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-56/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver