Məhkəmə qərarları › İş №1(001)-561/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-561/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-561/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kənd qəbiristanlığının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı şəxsdən 15 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,338 qram çəkidə psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadonu əldə etməklə sarı rəngli balaca qutuda gizlədib üzərində daşımaqla saxlamış, 14 may 2022-ci il tarixdə saat 15.45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən 6 saylı Məlikov adına xəstəxananın yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ 4-cü PŞ-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın qabaq sağ yan cibindən həmin qutunun içində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd konvalyut kəsiyində təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan 01 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixotrop maddə olan metamfetamin və güclü təsiredici dərman maddələrindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən qəbirstanlıqda 15 manat müqabilində Babək adlı şəxsdən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan metamfetamin və 01 ədəd üzərinə “Metadone” sözü həkk olunmuş həbi alaraq üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə günorta saat 15.45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən 6 saylı “Məlikov” adına xəstəxanın yaxınlığında piyada olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını, narkotik vasitə və psixotrop maddənin qanunsuz dövrüyyəsində şübhəli olduğunu ona bildirmişlər. Bu səbəblə onu polis şöbəsinə gətirmişlər. Şöbədə ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni nə əşya varsa təqdim etsin. Bu təklifdən sonra o əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd üzərinə “Patchi” sözü həkk olunmuş sarı rəngli açılıb-qapanan dörd künc şəkilli qutunu masanın üstünə qoymuşdur. Həmin qutunu açdıqdan sonra içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütləni və üzərinə “Metadone” sözü həkk olunmuş həbi polislərə təqdim edərək siqaret kağızına bükülmüş bükümdəki maddənin psixotrop maddə olan “metamfetamin”, həbin isə güclü təsiredici maddə olduğunu bildirmişdir. Psixotrop maddə və narkotik vasitələnin satışı satışı ilə məşğul olmadığını, öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Tutulduqdan sonra artıq istifadə etmədiyini və fərdi əməklə məşğul olduğunu (usta yanında kafel vurulması) bildirmişdir. Gənc yaşda cəmiyyətdən təcrid olunmaq istəmədiyini, ilk dəfə cinayət törətməsinin və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Gülüstan küçəsi 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin qəbulu ilə məşqul olması barədə bolməyə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. İş yoldaşı Şahid2 ilə birlikdə 14 may 2022-ci il tarixdə saat 15.45 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən 6 saylı Məlikov adına xəstəxananın yaxınılığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini ona bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd üzərinə “Patchi” sözü həkk olunmuş sarı rəngli açılıb-qapanan dörd künc şəkilli qutunu təqdim etmişdir. Qutunu açdıqdan sonra içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütləni və üzərinə “Metadone” sözü həkk olunmuş həbi təqdim edərək siqaret kağızına bükülmüş bükümdəki maddənin psixotrop maddə olan “metamfetamin”, həbin isə güclü təsir edici maddə olduğunu və hər iki maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən qəbirstanlıqdan 15 manat müqabilində Babək adlı şəxsdən almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı zahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək iş yoldaşı Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040541 №-li cinayət işi 15 may 2022-ci il tarixdə Binəqədi RPİ 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başlanılmışdır. 14 may 2022-ci il tarixdə Binəqədi RPİ 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həmin gfün saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur . Binəqədi Rayon Məhkəməsinin 4(001)-532/2022 saylıqərarı ilə Təqsirləndirilən şəxs barəsində 16 may 2022-ci il tarixdə 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmışdır. Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, 03 ayadək, 14 avqust 2022-ci il tarixinə kimi uzadılmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2795 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi – 0,338 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”-in siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi: 0,338 qr, sərf edildi: 0,05qr, qalıq: 0,288 qr.Təqdim olunmuş bir ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir.Metadon 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan “narkotik vasitələr”-in siyahısına daxildir. Metadon həbinin sayı -- 1ədəd, tədqiqata sərf edildi – ½ hissə, qalıq – ½ hissə. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 18 iyun 2022-ci il tarixli 3341 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. 05 avqust 2022-ci il tarixli qərarla şəxsi axtarış və götürmə zamanı kamera görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş və bir ədəd bükümdə təmiz çəkisi – 0,338 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0.04 qram çəkidə 01 ədəd həbdəki metadon maddi sübut kimi tanınmış, qalıq çəkisi 0, 288 qram qalmış psixotrop maddə olan metamfetamin, eləcə də metadon saxlanca təhvil verilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək, metadonun isə 0,02 qramdan 1,16 qramadək müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığnı, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məq sədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamış, həmçinin məhkəmə iclasında çıxış edərkən qəhərlənmiş və son söz verilərkən ağlamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, 02 ay 28 gün həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Şirinov X5, hazırkı cinayət işi ilə bağlı tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə olduğu 02 ay 28 gün azadlığının məhdudlaşdırıldığı müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri Binəqədi rayonu, Gülüstan küçəsi, ev 12 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə olduğu 02 ay 28 gün azadlığının məhdudlaşdırıldığı müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri Binəqədi rayonu, Gülüstan küçəsi, ev 12 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,288 qram metamfetamin və ½ qram metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar