Məhkəmə qərarları › İş №1(001)-562/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-562/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-562/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10.45 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-58/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadılqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1-də pasport qeydiyyatda olmaqla, yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixində səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» adlandırılan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,407 qram ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 may 2023-cü il tarixində Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:30 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 13:00 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,407 qram ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etdiyinə görə məhkum olunsa da, sonuncu dəfə polis əməkdaşları tərəfindən qanunsuz saxlanılmışdır.Belə ki, 20 may 2023-cü il tarixdə o, evdə anası ilə mübahisə etmişdir.Sonradan anası ona telefonla zəng edəndə bildirmişdir ki, polis bölməsindədir.Polis əməkdaşları onu saxlayanda yaşadığı evin həyətində olmuşdur.Bu zaman polis əməkdaşları gəlmiş və onu saxlayaraq bölməyə aparmış və orada ona təzyiq göstərilmiş və məcburi izahatı alınmışdır.Polis əməkdaşları onu saxlayarkən onun üzərində hər hansı narkotik vasitə olmamışdır.Təqsirləndirilən şəxs əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 3 polis əməkdaşı tərəfindən saxlanılmış və ona qarşı edilən təzyiqlərlə bağlı şikayət etmiş və həmin şikayətin prokurorluqda araşdırılması ilə bağlı hər hansı məlumatı yoxdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsini daşıyır.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün rəhbərlikdən müvafiq icazə alınmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1, digər üzvü isə o, olmuşdur.20 may 2023-cü il tarixində saat 11:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında görüb saxlamışlar.Xidməti vəsiqələrini göstərərək özlərini saxlanmış şəxsə təqdim etmiş və sonuncunu 43-cü polis bölməsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri Vəkillər kollegiyasının 11 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş və hüquq və vəzifələri izah edilmişdir.Onun, Binəqədi RPİ-nin 43cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nin ekspertkriminalisti, polis mayoru X3 videoçəkiliş aparması ilə təhqiqatçı Nahid Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Nahid Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir.Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni “patı” adlandıraraq psixotrop maddə olduğunu etiraf etmiş, bu bükümü həmin gün tanımadığı şəxsdən şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir.Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı, özü və digər əməliyyat müvəkkili tərəfindən imzalanmışdır.Bundan sonra təhqiqatçı tərəfindən çəklişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspert rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2023-cü il tarixli, 6/2928 nömrəli ekspert rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs (imza) sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,407 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 19 iyul 2023-cü il tarixli, 4569 nömrəli rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, 27 mart 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(001)-58/2022 nömrəli hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 05 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25 iyun 2022-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir və CM-nin 18.1-ci maddəsinin tələbinə əsasən əməlində cinayətin residivi vardır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən məhkməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, BKC/LGL-15593/23 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinin siyahısı məhkəmə tərəfindən götürülmüş, iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halın məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, habelə əməlində cinayətin residivinin olmasını nəzərə alaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndiriməlidir.Həmçinin, Təqsirləndirilən şəxs polis idarəsində ona təzyiq göstərilərək ondan ifadə alındığını iddia etsə də, məhkəmə baxışı zamanı bu faktlar öz təsdiqini tapmamışdır.Belə ki, təqsirlənidirlən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin əməli törətməsi iş üzrə toplanmış sübutlar – şahid ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair video görüntülər və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 may 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 1.357 qram metamfetamin qalığı məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 1,357 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NAB Z**********000000 1944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab№AZ48 AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar