Məhkəmə qərarları › İş №1(001)-563/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-563/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-563/2024 21.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, sürücü işləyən,Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 13:22-də “B1, B, C1, C, C1E və CE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «DAF CF85.410» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerdə Xırdalan şəhəri istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində dayandığı yerdən hərəkətə gətirərək sola doğru sürətlə manevr edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozaraq onunla əks istiqamətdə dayanmış vəziyyətdə olan “X10” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və bu zaman sağdan sola doğru keçən piyada X8 hər iki avtomobilin aralığında qalaraq, sonuncuya baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ gicgah-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ ağciyərə qansızma və sağ ağciyərin orta payında əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağ tərəfdən İİ-Vİ qabırğaların sınığı, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İİ-İX qabırğaların sınıqları, qarın boşluğuna qanaxma ilə müşayiət olunan dalağın zədələnməsi, sağ baldır sümüyünün qapalı sınığı, ənsə nahiyəsinin sağ yarısının və sol qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, ənsə nahiyəsinin, burun əsasının, burun qanadının, burun ucunun, sol almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin, alt dodağın dərisinin, sol çənə bucağı nahiyəsinin, sol qulaq seyvanı nahiyəsinin, sağ bazu nahiyəsinin, sol said nahiyəsinin, bel nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları, sağ qulaq seyvanı nahiyəsinin və burun əsasının qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 ildən çoxdur ki, sürücülük vəsiqəsi var, həmin vaxtdan avtomobil idarə edir. Hal-hazırda sürücülük vəsiqəsi E kateqoriyalıdır. Özünə məxsus “DAF” markalı, “CF85.410 yük” modelli, **-HF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı tipli yük avtomobili var və həmin yük avtomobilinə “Şahin” markalı, “Tanker STYT yarımqoşqu” modelli bitum çəni qoşmuş və idarə etmişdir. 19 yanvar 2024-cü il tarixdə “DAF” markalı, “CF85.410 yük” modelli, **- HF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı tipli yük avtomobili və həmin yük avtomobilinə qoşduğu “Şahin” markalı, “Tanker STYT yarımqoşqu” modelli bitum çəni yük avtomobili ilə Xırdalan şəhəri istiqamətindən Mehdiabad qəsəbəsinə getmiş, saat 13:15 radələrində Binəqədi rayonu, “Mərkəz” adlanan yerə çatan zaman həmin yerdə adəti üzrə tıxac olduğu üçün avtomobili saxlamışdır. Bu vaxt onunla əks istiqamətdə sol tərəfində hərəkətdə olan “Mercedes Ateco yük” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobil də dayanmış vəziyyətdə olmuş, həmin vaxt ondan sağ tərəfdə də başqa avtomobillər olmuş, qarşılarından piyadalar da keçdiyi üçün orada yol açıldıqda dərhal hərəkət etmək çətin olmuşdur. Onun avtomobilinin kabinası ondan sol tərəfdə olan, əks istiqamətdə hərəkət etmək istəyən “Mercedes Ateco yük” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobililin təxminən ortasında olmuş və hər ikisi dayanmış vəziyyətdə olmuşdur. Onun yolu açıldığı üçün o avtomobili hərəkətə gətirmiş və bu vaxt sağ tərəfində olan markası və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillər onu sol istiqamətdə sıxdığı üçün məcburən o da avtomobili sola meyilli 5-7 km/saat sürətlə hərəkətə gətirmişdir. Təxminən 7-8 metr məsafə qət etmişdir ki, avtomobilimin nəyəsə toxunub sürtündüyünü hiss etmiş və tappıltı səsi eşitən zaman cəld əyləci sıxıb avtomobilini saxlamış və yan güzgüdən baxdıqda görmüşdür ki, sol tərəfdə olan ən arxada yerləşən təkərinin yanında bir nəfər asfaltın üzərində uzanmışdır. “Mercedes Ateco yük” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobil isə bayaqkı kimi dayanmış vəziyyətdə olmuş və asfaltın üzərində uzanmış kişi həmin avtomobilə nisbətdə sol arxa tərəfdə olmuş, onların avtomobillərinin arasında ən yaxın məsafə 5-10 sm olmuşdur. O cəld avtomobildən düşmüş, “Mercedes Ateco yük” markalı avtomobilin sürücüsü də avtomobildən düşmüş və həmin vaxt o onun dövlət qeydiyyat nişanına baxmış, **-HY-*** olduğunu müəyyən etmişdir. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər, eləcə də yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşmış, tanımadığı şəxslərdən biri 103-ə zəng etmişdir. Asfalt üzərində uzanmış şəxs təxminən 60-65 yaşlarında kişi cinsindən olan şəxs olmuşdur. Bir neçə dəqiqə sonra TTYS avtomobili gəlib onu aparmış, onlar isə digər avtomobillərin hərəkətinə mane olmamaq üçün avtomobilləri kənara çəkmiş və digər polis əməkdaşlarını gözləmişlər. Daha sonra onlara məlum olmuşdur ki, həmin şəxs ölmüşdür. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış etmiş X5 göstərmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü X8 onun əridir. Akif fiziki cəhətdən sağlam olmuş və səhhətində hər hansı ciddi problem olmamışdır. Akif Nəzirovla 1995-ci ildə evlənmiş, birgə nikahdan 2 övladları olmuşdur. Akif fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, hər gün təxminən 06 radələrində evdən çıxıb işə getmiş, saat 23 radələrində evə qayıtmışdır. 19 yanvar 2024-cü il tarixdə Akif adəti üzrə saat 06 radələrində evdən çıxıb işə getmiş, gün ərzində nə o, nə də övladları Akiflə telefonla danışmamışlar. 19 yanvar 2024-cü il tarixdə günorta saatlarında o işə gedən zaman qızı Şahid1 ona zəng edib bildirmişdir ki, 16 nömrəli TTYS-in həyətindədir, atasını maşın vurduğu üçün bura gətirmiş və hadisə nəticəsində ölmüşdür. Bundan sonra o evə gəlmiş və sonra qızı ona məlumat vermişdir ki, Akifin meyitini müayinə edilməsi üçün morqa aparmışlar, müayinədən sonra Akifin meyitini evə gətirmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 13 ildən çoxdur ki, sürücülük vəsiqəsi var, həmin vaxtdan avtomobil idarə edir. Hal-hazırda sürücülük vəsiqəsi BC kateqoriyalıdır. Təxminən 2 ilə yaxındır ki, özünə məxsus “Mercedes Ateco yük” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili idarə etmişdir. 19 yanvar 2024-cü il tarixdə “Mercedes Ateco yük” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qala qəsəbəsindən Xırdalan şəhərinə getmiş, saat 13:15 radələrində Binəqədi rayonu, “Mərkəz” adlanan yerə çatan zaman həmin yerdə adəti üzrə tıxac olduğu üçün avtomobili saxlamışdır. Bu vaxt onunla əks istiqamətdə sol tərəfində hərəkətdə olan “DAF” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobil də dayanmış vəziyyətdə olmuş, həmin vaxt həmin avtomobilin sol yan hissəsi ilə onun avtomobilinin sol yan hissəsi arasında təxminən 60-70 sm məsafə var olmuş, ondan sağ tərəfdə səki olduğundan avtomobil olmamışdır. Qarşılarından piyadalar da keçdiyi üçün orada yol açıldıqda dərhal hərəkət etmək çətin olmuş, onun avtomobilinin kabinası ondan sol tərəfdə olan, əks istiqamətdə hərəkət etmək istəyən “DAF” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin təxminən ortasında olmuş və hər ikisi dayanmış vəziyyətdə olmuşdur. Bu vaxt həmin avtomobil hərəkətə başlamış, həmin avtomobil çox uzun və qoşqulu olduğu üçün asta, təxminən 5-7 km/saat sürətlə hərəkətə başlamış, lakin hərəkətini sol tərəfə meyilli, yəni getdikcə ona tərəfə yaxınlaşmaqla etmişdir. Bu vaxt onun qarşısından piyadalar keçdiyi üçün o dayanmış, həmin an avtomobilinə nəyinsə sürtündüyünü hiss etmiş və tappıltı səsi eşitmişdir. Bu vaxt yan güzgüdən baxdıqda görmüşdür ki, ondan sol tərəfdə hərəkətdə olan DAF markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin sol yan tərəfi onun avtomobilinin arxa sol tininə, eləcə də orada olan qeydiyyat nişanına ilişmişdir. Bu vəziyyətin yaranmasına səbəb həmin avtomobilin hərəkətə başladıqdan sonra sol meyilli hərəkət etməsi və qoşqulu olduğunu nəzərə almaması olmuş, bu vaxt həmin “DAF” markalı avtomobil dayanmış və onların avtomobilləri arasında ən yaxın məsafə 5-10 sm olmuşdur. O cəld avtomobildən düşən zaman “DAF” markalı avtomobilin sürücüsü də avtomobildən düşmüş, həmin vaxt ətrafda olan tanımadığı şəxslər, eləcə də yaxınlıqda olan polis əməkdaşları onlar yaxınlaşmışlar. O düşüb sürücüyə demək istəmişdir ki, olan şeydir, çıxıb getsinlər. Amma avtomobilin arxa tərəfinə yaxınlaşdıqda görmüşdür ki, avtomobilinin arxa tərəfinin sol hissəsində asfaltın üzərində təxminən 58-60 yaşlarında kişi uzanmışdır. Bu vaxt o başa düşmüşdür ki, avtomobillər arasında piyada olmuş və o xəsarət almış, tanımadığı şəxslərdən biri 103-ə zəng etmişdir. Bir neçə dəqiqə sonra TTYS avtomobili gəlib onu aparmış, onlar isə digər avtomobillərin hərəkətinə mane olmamaq üçün avtomobilləri kənara çəkmiş və digər polis əməkdaşlarını gözləmişlər. Daha sonra onlara məlum olmuşdur ki, həmin şəxs ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şücayət oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ildən Binəqədi RPİ-in PPXB-də polis nəfəri vəzifəsində işləyir. Xidmət etdiyi ərazi 19 saylı piyada marşrutudur. Həmin marşrut Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazinin yaxınlığını əhatə edir. 19 yanvar 2024-cü il tarixdə saat 13:20-də ona post yoldaşı Rəşad Qiyamovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Mərkəz adlanan ərazidə mərkəzdə dayandıqları zaman onlar olduqları yerdən təxmini 10 metr kənarda 179 nömrəli orta məktəbin qarşısında qışqırıq səslərini eşidən kimi dərhal səs gələn yerə qaçmışlar və o həmin vaxtı təxmini 60-65 yaşlarında kişinin əzilmiş və yerdə huşsuz vəziyyətdə üzündən qan gəldiyini görmüş, o həmin şəxsin Akif Nəzərov olduğunu bilmiş, həmin şəxsi o xidmət etdiyi ərazidə tez-tez görmüşdür və o bildiyinə görə həmin əraziyə yaxın yerdə yaşamışdır. Akif Nəzərov DAF CF85.410 markalı 77-FH157 nömrə nişanla avtomobillə Mersedes benz markalı **-HY-*** nömrə nişanlı avtomobilin arasında sıxılaraq ölmüşdür. DAF CF85.410 markalı 77-FH157 nömrə nişanlı yük avtomobili Xırdalan şəhəri istiqamətindən Novxanı istiqamətində hərəkət edərək avtomobilin sükanını sola doğru idarə edərkən Akif “Mercedes Ateco yük” avtomobili ilə həmin avtomobilin arasında qalmışdır. Hadisə zamanı DAF CF85.410 markalı 77-FH157 nömrə nişanlı yük avtomobilin sürücüsü hadisə yerində olmuş, o maşından düşərək Akifin yerdə uzanıqlı vəziyyətdə olduğunu görəndə özünün günahkar olduğunu demiş, çünki əks istiqamətdən gələn və sol tərəfdə olan digər yük avtomobili, yəni Merseles Ateco markalı avtomobil yolun sol hissəsində əks istiqamətdə üzü Xırdalan istiqamətində dayanmış vəziyyətdə olmuşdur. Akif iki avtomobilin arasında qalaraq yerə yıxıldıqdan sonra o 1-2 dəqiqə nəfəs almış, daha sonra nəbzini yoxlamış, onun keçindiyini görmüşdür. Bu barədə rəhbərliyə məlumat vermiş və TTYX-na zəng etmişdir. Hadisə yerində sıxlıq olduğundan və Mərkəzin dairəsində hər 5 giriş çıxışı bağlı olduğundan həmin yerə TTYX-yə zəng edərək məlumat versələr də, hadisə yerinə həkimlərin gec gələcəyini bildikdən sonra qərara gəlmişlər ki, Akifi tez xəstəxanaya aparsınlar. Orada olan insanların köməkliyi ilə Akifə tibbi yardım göstərilməsi üçün onu yaxınlıqda olan tanıdıqları Şahid2 adlı şəxsin idarə etdiyi Azsamant markalı avtomobilin arxa oturacağına uzandırıb tez yaxınlıqdakı 16 saylı TTYS-ən həyətinə gətirmişlər. O qabaq oturacaqda, Akif isə arxa oturacaqda uzanmışdır. Onun səsi gəlməmiş, sükan arxasında isə Emin əyləşmiş, onlar Akifə tibbi yardım göstərilməsi üçün onu yaxınlıqda yerləşən 16 saylı TTYS-ın həyətinə gətirmişlər. Emin maşından düşüb stansiyaya daxil olaraq orada həkimlərə hadisə barədə məlumat vermiş, həkimlər dərhal maşında Akifi yoxladıqları zaman nəbzinin döyülmədiyini və ölmüş olduğunu demiş və onlar məsləhət vermişlər ki, meyiti Binəqədi meyitxanasına aparsınlar. O oradan posta gəlmiş, taksi sürücüsü Şahid2 isə Akifin meyitini Binəqədi Rayon MTE və PA birliyinin meyitxanasına aparmışdır. Onlar avtomobillə Akifi 16 saylı TTYX-na apardıqları zaman sürücü yolda düşərək Akifi tanıdığından qapısını döymüş və ailəsinə hadisə barədə məlumat verərək tez maşına əyləşmiş və onlar yoluna davam edərək xəstəxanaya gəlmişlər. Xəstəxananın həyətində olduqları zaman Akifin qızı da ora gəlmiş, onlar Akifin öldüyünü biləndən sonra oradan Emin Akifin meyitini Binəqədi MTE və PA birliyində yerləşən meyitxanaya gətirmiş, o isə posta qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid3 Şücayət oğlunun bildirdikləni təsdiq etmişdir. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerdə Xırdalan şəhəri istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində baş vermişdir (cild 1, i.v.5-11). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/3618 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.12). Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C, C1E və CE” kateqoriyalı sürücülük hüququ olmuşdur. Vəsiqə xx.xx.2022-ci ildə verilməklə xx.xx.2032-ci ilədək etibarlıdır (cild 1, i.v.23). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, X6 meyitində - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ gicgah-əncə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ ağciyərə qansızma və sağ ağciyərin orta payında əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağ tərəfdən İİ-Vİ qabırğaların sınığı, sol ağ ciyərə qansızma müşayiət olunan sol tərəfli İİ-İX qabırğaların sınıqları, qarın boşluğuna qanaxma ilə müşayiət olunan dalağın zədələnməsi, sağ baldır sümüyünün sınığı, ənsə nahiyyəsinin sağ yarısının və sol qulaq seyvanı nahiyyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, burun əsasının, burun qanadlarının, burun ucunun, sol almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin, alt dodağın dərisinin, sol çənə bucağı nahiyəsinin, sol qulaq seyvanı nahiyəsinin, sağ bazu nahiyəsinin, sol said nahiyəsinin, bel nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ ayağın bacır topuğunun sıyrıqları sağ qulaq seyvanı nahiyəsinin və burun əsasının qançırları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X6 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan yük avtomaşınlarının arxa hissələrinin bir-biri ilə toqquşması zamanı A.Nəzirovun hər iki yük avtomaşının arasında saxılaraq qalması nəticəsində əmələ gələ bilərdilər. A.Nəzirovun ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ gicgah-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı olmuşdur. İlkin meyit əlamətlərinin imkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum A.Nəzirovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə, saat 16:00-da meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. A.Nəzirovun meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (cild 1, i.v.45-52). Zərərçəkmiş şəxsin hüquqi varisi X3 imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti, tələbi və ona qarşı iddiası yoxdur, onunla barışmışdır (cild 1, i.v.53). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.57). Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 01 aprel 2024-cü il tarixli 3-13-16/2-49796/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə BA 057350 nömrəli «B1, B, C1, C, C1E, CE» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, i.v.81). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 avqust 2024-cü il tarixli 8/2107 nömrəli rəyindən görünür ki, DAF CF85.410 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.103-106). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus DAF CF85.410 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikası DİN-in X4 Xidmətindən xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-yə 3-13-3/2-3247/2024 nömrəli müşayiət məktubla daxil olmuş bir ədəd ağ zərfin üzərində qırmızı qələmlə «hadisənin görüntüsü TŞ8-105, xx.xx.2024 (13:22:58)» sözləri yazılmış şəffaf diskin üzərində qara qalın qələmlə «əsas disk» sözləri yazılmış DVD disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobil sahibinə qaytarılmış, bir ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, i.v.123-124). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.129-130). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v.143-144). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsaslanmaqla hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan uşağın olmasını, CMin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus DAF CF85.410 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, hadisənin görüntüsünün köçürüldüyü DVD disk cinayət işinin materillarında saxlanmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Maddi subut – DAF CF85.410 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hadisənin görüntüsünün köçürüldüyü DVD disk cinayət işinin materillarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar