Məhkəmə qərarları › İş №1(001)-567/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-567/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-567/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə, Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,221 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 14:20-də Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanında saxlanılıb oradan ünvan 3 yerləşən 6-cı Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,221 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03 iyun 2022-ci il tarixdə səhər saatlarında tanışı Hacalı ilə görüşüb birlikdə narkotik vasitə olan “heroin” almağa qərar vermiş və bu məqsədlə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığına piyada şəkildə getmişlər. Qeyd olunan ünvanda olan zaman qaraçı milliyyətindən olan tanımadığı şəxsdən 01 büküm 5 manat olmaqla narkotik vasitə olan “heroin”, tanışı Hacalı isə xatırlamadığı çəkidə narkotik vasitə olan “heroin” alıb oradan uzaqlaşmışdır. Həmin gün saat 14 radələrində tanışı Hacalı ilə birlikdə ünvan 4 ünvanda olan zaman olan üç nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları onlara bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddələrin saxlanmasında şübhəlidirlər və üzərilərinə baxış keçirmək istəyirlər. Bundan sonra onların razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan “heroin”i xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, evli və 3 övladı olduğunu, birinci Qarabağ müharibəsində fəal iştirak edərək Ağdam rayonu ərazisində “Siqnal” dağı uğrunda gedən döyüşlərdə sol baldırından güllə yarası aldığını bildirib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 iyun 2022-ci il tarixdə 6-cı PB-nə mötəbər mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 03 iyun 2022-ci il tarixdə saat 14:20 radələrində ünvan 4 ünvanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib 6-cı PB-nə dəvət etmişlər. 6-cı PBdə ona dövlət hesabına müdafiəçi təyin edilərək, təqdim edildikdən sonra, şübhəli şəxs qismində tutulmuş bu barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman o əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun ağ rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, Təqsirləndirilən şəxs şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O üzərində aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin narkotik vasitə olan “heroin”i 03 iyun 2022-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu, Dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən 5 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 6-cı PB-nin sahə müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 14:20-də Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3148 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,221 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-1300/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-635/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisində heroin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,171 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd CD disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli, 4208 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 1(001)- 442/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək həbsdə olduğu 2(iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2(iki) il 11(on bir)ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 nömrəli hökmü ilə 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günü”münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri probasiya İdarəsində qeydiyyata düşmüş, xx.xx.2022-ci il tarixə cəzasından 23 gününü çəkmiş, çəkilməmiş 1(bir) il 11(on bir) ay 3(üç) gün cəzası qalmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 20 avqust 2010-cu il tarixdə rəsmi nikah qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs hərbi biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə Ağdam rayonu ərazisindəki “Siqnaq” dağı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sol baldırından güllə yarası almışdır. DİN-in Daxili Qoşunları tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, baş çavuş Təqsirləndirilən şəxs N saylı hərbi hissənin yaradılmasının 4-cü ildönümü münasibətilə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, evli və 3 uşaq atası olmasını, birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 nömrəli hökmü ilə 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 nömrəli hökmü ilə məhkumluğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 03 iyun 2022-ci il tarixdə saat 14:20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 635/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,171 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-442/2021 hökmü ilə məhkum edildiyi 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,171 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar