Məhkəmə qərarları › İş №1(001)-57/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-57/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-57/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Cəbrayıl rayonu Qərər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumkuluğu olmayan, işləməyən, Cəbrayıl rayonu Qərər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində ticarətlə məşğul olmaq üçün iaişə köşkünün quraşdırılmasma səlahiyyətli dövlət orqanları tərəfindən icazə alınması ilə əlaqədar 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2023-cü ilin may ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən “Red-black” adlanan çay evində 7.000 manat, eyni niyyətlə 2023-cü ilin iyun ayının əvvəllərində 6.000 manat məbləğində pul vəsaitini eyni məkanda Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 13.000 (on üç min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs, qazi olan Raqif adlı şəxsin vasitəsi ilə tanımışdır. Təxminən 2023-cü ilin yay aylarında Biləcəri qəsəbəsində yerləşən “Red-Black” adlı çay evində o, Raqif, Nəzər, Rəşad və Elşad ilə birlikdə əyləşib çay içib söhbət edirmişlər. Elşad təklif etmişdir ki, ona 18000 manat pul versin, o, Elşada Yasamal rayonu ərazisində Köşk qoydursun. O, Elşad ilə razılaşmış və demişdir ki, “7000 manat pul ver ki, mən gedib yerli icra hakimiyyətindən icazə alım və həmin vaxt icra hakimiyyəti işçiləri məndən pul istəsələr mən onlara pul verə bilim”. Elşad isə bununla razılaşmışdır. 2023-cü ilin may ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Red-Blek” adlı kafedə o, Elşad ilə görüşmüş və Elşad ona kafedə 7000 manat pul vermişdir. O, 2023-cü ilin hazırda xatırlamadığı yay aylarının birində Elşaddan 7000 manat pulu almış lakin heç bir orqana icazə almaq üçün getməmişdir. Həmin gündən təxminən 1 gün sonra yenidən o, Raqif, Nəzər və Elşad “Red-Black” çay evində görüşmüş və əyləşib spirtli içki qəbul etmişdirlər. Həmin vaxtı o, Elşada 6000 daha lazım olduğunu demişdir. Elşad da həmin günün səhərisi yenidən “Red-Black” çay evində görüşmüş və Elşad ona 6000 manat pul vermişdir. Həmin vaxt o, Elşadın istədiyi “köşkü” Yasamal rayonu ərazisində onun dediyi yerə qoydurmuş və “köşkü” həmin yerə qoymağı ilə bağlı heç bir orqandan icazə almamış və pul verməmiş və bu barədə Rəşad, Nəzər və Raqifin məlumatı olmamışdır. Həmin Elşaddan aldığı ümumilikdə 13000 manat puldan 4000 manatı o özünə götürmüş, qazi yoldaşlarının müalicə və dərmanları üçün 3000 manat pulu Raqifə, 2000 manat pulu Nəzərə, 4000 manat pulu da Rəşada borc olaraq vermişdir. Həmin köşk də icazəsiz olduğu üçün Yasamal RPİ tərəfindən götürülmüşdür. Bundan sonra Elşad ilə aralarında narazılıq yaranmış və o, Elşad ilə danışmışdır ki, həmin pulu bankdan götürdüyü üçün pulu aylıq kreditini o özü ödəsin. Lakin Elşad buna razı olmamışdır. O, digər təklif edərək Elşada demişdir ki, 3 ay müddətinə hissə hissə olmaqla 7000 manatı Elşada geri qaytarsın, qalan 6000 manatı isə aylıq 500 manat olmaqla geri qaytarsın. Lakin Elşad bu təklifi ilə də razılaşmamış və demişdir ki, 1 ay müddətinə 7000 manatı geri qaytarsın, qalan 6000 manatı isə hissə hissə olmaqla geri qaytarsın. Daha sonra isə onu hədələmişdir ki, Prezident Mühafizəsində yaxını işləyir və əgər geri qaytarmasa onu həmin yaxını vasitəsi ilə həbs etdirəcək. Daha sonra isə o, Elşad ilə pulu geri qaytarmağı üçün danışıqlar aparsa da Elşad razılaşmamışdır. O, Zərərçəkmiş şəxs 13000 manat pulu ona Yasamal rayonu ərazisində köşk qoydurmağı üçün almağını boynundan atmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, 13000 manat pulu Zərərçəkmiş şəxs işlətməsi üçün Yasamal rayonu ərazisində köşk qoydurmağı üçün almışdır. Həmin köşkün qoyulması üçün heç kimə pul verməmiş, icazə almamış və icazəsiz köşkü qoyduğu üçün də həmin köşk oradan götürülmüşdür. Vurduğu ziyandan 3000 manat qaytarmışdır. Odur ki, İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağı olduğunu, vurduğu zərəri qismən ödədiyini, qalan hissəsini isə hissə-hissə ödəyəcəyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində, «İnşaatçılar» metrostansiyasının ətrafında köşk qoydurub ticarətlə məşğul olmaq qərarına gəlmişdir. O, köşkün qoyulması üçün razılıq əldə edilməsi ilə bağlı maraqlanmışdır. Eyni zamanda bu fikrini tanıdığı Raqifə də bildirmişdir. Raqif ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan qazi olan Qorxmaz adlı şəxsin bu işlərdə köməklik etdiyini bildirmiş və ona demişdir ki, “get Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə Qorxmaz daim orda olur”. Raqif ona Qorxmazın əlaqə nömrəsini, yəni ***-***- **-** mobil nömrəsini vermiş və o, Biləcəri qəsəbəsinə getmişdir. Orada Qorxmaz adlı şəxsin mobil telefon nömrəsinə zəng edib, harada görüşməklərini soruşmuşdur. Qorxmaz Biləcəri qəsəbəsində yerləşən «Red-Black» adlı kafedə olduğunu bildirib və onu da ora dəvət etmişdir. O, həmin kafedə özünü qazi kimi təqdim edən Qorxmaz adlı şəxslə kafedə əyləşib bir qədər söhbət etmişdir. Söhbət zamanı o, Bakı şəhəri, Yasamal rayonu ərazisində, «İnşaatçılar» metrostansiyasının ətrafında köşk qoydurub ticarətlə məşğul olmaq fikrini demişdir. Qorxmaza həmin köşkün qoyulması üçün 18000 manat pul lazım olmasını bildirmişdir. Həmin pulun 7000 manat pulu İcra Hakimiyyətinə, 6000 manat pulu polisə verib razılıq alacaq, qalan 5000 manat pul isə ona qalacaqdır. Əgər həmin pulu verə biləcəksə Qorxmaz da tez bir zamanda köşkün qoyulmasını həll edəcək. O, Qorxmaz ilə razılaşmışdır. O, Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən «Gül Deposu» adlı gül satılan mağaza ilə üzbəüz ərazinin şəklini çəkib votsap proqramı vasitəsi ilə Qorxmazın telefonuna göndərib şəkildə əksi olan ərazidə köşk qoymaq istədiyini telefon vasitəsi ilə bildirmişdir. Həmin günün səhərisi də Qorxmaz sonradan adını bildiyi Nəzər adlı şəxslə də gəlib həmin əraziyə baxmış və ona demişdir ki, arxayın ol, Yasamal rayon ərazisində istədiyi yerdə köşk qoya bilər. Qorxmazla görüşünün səhərisi günü təxminən 2023-cü ilin may ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Red-Black» adlı kafedə Qorxmazla görüşmüş və kafedə Qorxmaza 7000 manat pul vermişdir. Qorxmaz demişdir ki, “narahat olma, mən gedib Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətindən icazə alacam, qalan pulu da gətirdikdən sonra isə polisdən icazə alacam”. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin iyun ayının əvvəllərində günorta saatlarında aparıb həmin ünvanda Qorxmaza 6000 manat pul vermişdir. Həmin vaxt onların yanında Raqif və Nəzər olmuşdur. Qorxmaz icradan icazə aldığını ona demişdir. Qorxmaz pulu aldıqdan sonra ona demişdir ki, “sən burda gözlə mən gedib polisdən icazə alıb gəlirəm. Bundan sonra isə Qorxmaza demişdir ki, köşkü qoyduqdan sonra qalan 5000 manat pulu verəcək. 2023-cü ilin avqust ayında köşk hazır olduğu üçün aparıb Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən «Gül Deposu» adlı gül satılan mağaza ilə üzbə-üz əraziyə qoymuşdur. O, köşkü qoyduqdan sonra həmin yerə polis əməkdaşları gəlmiş və ondan köşkü götürməyini tələb etmişdirlər. O, polis əməkdaşlarına icazə alındığını bildirmişdir. Lakin ona heç bir icazə olmadığını demişdirlər. Ona görə də o məcbur olub köşkü oradan götürmüş və aparıb köşkün düzəldiyi Binəqədi rayonu ərazisində yerləşən sexin qarşısına qoymuşdur. Bununla da ona məlum olmuşdur ki, özünü qazi kimi təqdim edən Qorxmaz adlı şəxs köşkün qoyulması üçün heç bir icazə almamış, onu aldadıb 13000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Köşk qoyulub-götürülən günün səhərisi o, Qorxmazla əlaqə saxlamış və o, Biləcəri qəsəbəsində yerləşən «Yubiley» adlı kafedə Qorxmaz, Raqif, Nəzərlə birlikdə görüşmüşdür. Söhbət zamanı Qorxmaz ona demişdir ki, “narahat olma, köşkün harasa qoyulacaq, əgər alınmasa pulun qaytarılacaqdır” və bunun üçün ondan bir həftə vaxt istəmişdir. O, Qorxmazla razılaşsa da, lakin həmin vaxtdan halhazıradək nə köşk hər hansı bir əraziyə qoyulmuşdur, nə də ki, Qorxmaz onun pulunu qaytarmamışdır. O, Qorxmazdan dəfələrlə pulunu istəsə də Qorxmaz müxtəlif bəhanələrlə onu aldatmışdır. O, həmin pulu qardaşı Elnurun adına banklardan kredit vasitəsi ilə götürmüş və həmin krediti özü bir neçə ay ödəsə də, lakin sonradan ödəyə bilməmişdir. Ona görə də məcbur olub polis orqanına şikayət etmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən “Redblack” çay evində ilkin olaraq 7000 (yeddi min) manat pulu Rəşad adlı Qorxmazın tanışı olan qazinin iştirakı ilə, 2023-cü ilin iyun ayının axırlarında isə 6000 (altı min) manat pulu da həmin ünvanda Qorxmazın tanışları, Raqif, Nəzərin iştirakı ilə vermişdir ki, ona Bakı şəhəri, Yasamal rayonu ərazisində “Köşk” qoymağıma aidiyyəti orqanlardan icazəsini alıb qoydursun. Ona ümumilikdə 13000 manat maddi ziyan dəymişdir. Həmin ziyandan isə cəmi 3.000 manat ödənilib. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X5 iştirakçısıdır, Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etdiyinə görə medalları vardır və Şuşa rayonunda yaralanmışdır, 3-cü qrup əlildir. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs də 2 il olar ki, Qazi olduğuna görə tanımışdır. 2023-cü ilin yay aylarında Tbilisi prospektində yerləşən “Yaşıl Ada” restoranında o, Qorxmaz və Elşad birlikdə yemək yeyən zaman Elşad Yasamal rayonu ərazisində “Köşk” qoyub ticarət ilə məşğul olmaq istədiyini dedikdə X7 rayon İcra Hakimiyyətində onun tanışları olduğunu və o, “Köşkün” qoyulmasını öz öhdəsinə götürmüşdü, Elşad da onunla razılaşmışdır. Qorxmaz Elşada bunun üçün yəni icazə alınması üçün pul lazım olduğunu demiş lakin o, həmin məbləği xatırlamır. Bir müddət sonra onlar Biləcəri qəsəbəsində yerləşən “Red- Blak” adlı kafedə görüşmüş və orada Qorxmaz bildirmişdir ki, Yasamal rayonu İcra Hakimiyyətindən “Köşkün” qoyulması üçün icazə alıb, Elşad da “Köşkün” hazır olmasını bildirmiş və Elşad Qorxmaza həmin vaxt pul vermişdir lakin o, həmin məbləği xatırlamır. X8 aldatmaq niyyətindən məlumatı olmayıb. Çünki Qorxmaz çox bacaraqlı olduğu üçün o, fikirləşib ki, qazi olmasına görə ona hörmət edərlər. Lakin o, heç vaxt qaziliyindən istifadə etməmişdir. Qorxmaz isə qazi olmasından istifadə edirdi. Müəyyən müddətdən sonra Elşad bildirib ki, köşk qoyulub və ona həmin köşkə malların yığılmasında kömək etməsini xahiş edib o, Nəzər və Elşad ilə birlikdə Yasamal rayonu Şərifzadə küçəsinə getmişlər və həmin “Köşkün” içərisinə də satmaq üçün olan malları yerləşdirmişlər. Həmin vaxt Yasamal RPİ-nin əməkdaşları gəlib bildiribilər ki, yerli icra hakimiyyəti orqanından rəsmi icazə alınmadığı üçün “Köşk” götürülməlidir. Həmin vaxt Qorxmaza nə qədər zəng etsələr də zənglərə cavab vermədi. “Köşk” oradan götürüldü. Bundan sonra məlum oldu ki, Qorxmaz Elşadı aldadaraq onun pulunu mənimsəyib. Əlavə olaraq bildirmişdir ki, onun Qorxmazın haradan və kimdən köşk qoyulması barədə icazə alıb almamasından heç bir məlumatım olmayıb və Qorxmaz bu barədə ona heç bir söz deməyib. Sadəcə olaraq o, Qorxmazdan müalicəsi üçün borc məqsədi ilə pul istəmiş, Qorxmaz da ona 3000 manat borc məqsədi ilə pul verib və nə vaxt imkanı olarsa ona qaytarmasını bildirib. Qorxmazın Elşadı aldadaraq pulunu ələ keçirməsi niyyətindən məlumatı yox idi, əgər məlumatı olsaydı buna imkan verməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 22). 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyasının 819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə anamnezində qıcolma tutulmaları diaqnozları qoyulmuşdur (cild 1, i.v 32). xx.xx.2022-ci il tarixli, 025 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 44 medalı ilə təltif edilmişdir (cild 1, i.v 31). Azərbaycan Respublikasının Baş naziri tərəfindən verilmiş İ-49152 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 1, i.v 33). Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən verilmiş 097 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ uğrunda medalı ilə təltif edilmişdir (cild 1, i.v 33). xx.xx.2022-ci il tarixli, 068 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Zəfər medalı ilə təltif edilmişdir (cild 1, i.v 31). 10 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 330 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən poliklinikada RƏXD müşahidəsindədir (cild 1, i.v 35). “Psixi Sağlamlıq Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F07.0 diaqnozu qoyulmuşdur (cild 1, i.v 36). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuşdur (cild 1, i.v 48). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 60-61). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur (cild 1, i.v 76-77). Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2500 manat cərimə cəzası verilmişdir. xx.xx.2022-ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir (cild 1, i.v 82- 83, 86-91). “Məhkəmə-X3” X9 xx.xx.2024-cü il tarixli, 1424 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, "üzvi şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən "üzvi şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs Nazım oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 1, i.v 104-108). Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı İlkin İsmayılov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia,üzərinə həbs qoyulmuş əmlak, müsadirə olunası təklif edilən əmlak yoxdur. İş üzrə maddi ziyan 13.000 manat təşkil edir. İş üzrə məhkəmə xərci yoxdur (cild 1, i.v 132). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində bir azyaşlı uşağın olmasını, CM-in 59.1.14-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, CM-in 59.2-ci maddəsinə əsaslanmaqla İİ Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı”, bundan başqa “Qarabağ uğrunda”, “Azərbaycan Respublikası 44” və “Azərbaycan Respublikası Zəfər” medalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 95 (doxsan beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 92 saatın hər iş saatının 6 manatdan, 3 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 585 manat (92 saat x 6 AZN + 3 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 1) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərər çəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 585 (beş yüz səksən beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar