Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-572/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 309/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyrmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-667/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixində saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olmaq istəyəndə həmin ərazinin sakini Zərərçəkmiş şəxs bununla bağlı iradlarını sərt qarşıladığından yaranmış münaqişə zamanı sonuncunun əl çantasından yerə düşmüş bir ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq əsginasları tamah niyyəti ilə talama məqsədi ilə götürüb qaçarkən yıxıldıqda Zərərçəkmiş şəxs ona çatıb 50 manatı geriyə almış, o isə qalan 100 manatı üzərində saxlayıb hadisə yerindən uzaqlaşmaqla açıq talayaraq zərərçəkmiş şəxsə, ümumilikdə 100 (bir yüz) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əqli və fiziki cəhətdən sağlam olmaqla əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmişdir.23 may 2023-cü il tarixində saat 13:30 radələrində xeyli vaxt tanıdığı Rəşad adlı şəxsi axtarmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, ev 53A ünvanına gedib orada kimsəsiz tikiliyə girmək istəyərkən bir nəfər qadın cinsinə mənsub şəxsin ona yaxınlaşaraq kobud formada orada nə etmək istədiyini soruşmuşdur.O tanışını axtardığını desə də, həmin qadın ona kobud formada cavab vermiş və əlinə götürdüyü mobil telefon vasitəsi ilə videoçəkiliş apardığını bildirmişdir.Həmin qadının çəkiliş aparmasına imkan verməmək məqsədi ilə o, qadına yaxınlaşdıqda sonuncu nalayiq ifadələrlə onu təhqir etmişdir. O məcbur qalaraq əlində olan dondurmanı əsəblə qadının üzərinə atmış, sonuncu isə ona əl-qol atmışdır.O, qadını itələməyə çalışarkən sonuncu əlini buraxamadığından aralarında yüngül formada çəkişmə yaranmış və bu zaman yerdə 50 manatlıq pul əsginazı və özünə məxsus gümüş boyunbağının olduğunu görmüşdür.Həmin pulun köynəyinin sağ sinə hissəsində yerləşən cibindən, boyunbağının isə boynundan düşdüyünü fikirləşərək yerdən götürmüşdür. Qadın pulun özünə aid olduğunu dedikdə isə o, cibində saxladığı 50 manat pulun yerində olduğunu müəyyən etdiyindən yerdən götürdüyü pulu qadının özünə qaytarmışdır.Bundan sonra qadının qışqırığına anası kimi səsləndiyi başqa bir qadın da gəlmiş, onların birlikdə üzərinə gəldiyini və beləliklə də təkləndiyini görüb onlardan aralanmağa çalışmışdır.Sonra da həmin qadınlar tərəfindən səslənmələrinə və arxasınca gəlmələrinə əhəmiyyət verməyərək tez bir vaxtda həmin yerdən uzaqlaşmışdır. Bir müddət sonra isə polis tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, yerdə 50 manatdan savayı pul əsginazı, ümumiyyətlə görməmişdir.23 may 2023-cü il tarixində saat 13:30 radələrində ünvan 3 ünvanında aralarında mübahisə yaranmış, şəxsin pulunu o, talamamış, müqavimət göstərdiyi üçün mübahisə zamanı o sonuncunu əlilə itələmiş, qadının təhqirlərinə əsəbiləşdiyi üçün üzərinə əvvəlcə əlində olan dondurmanı atmışdır. O həmin yerə soyğunçuluq etmək üçün getməmiş, qadınla aralarında baş vermiş mübahisə zamanı yerə düşmüş pulun özünə məxsus olduğunu fikirləşdiyi üçün pulu götürmüş, lakin pulun ona aid olmadığını dəqiqləşdirdikdən sonra geri qaytarmışdır. Saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı psixi və ya fiziki təzyiqlər olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun tərəfindən heç bir cinayət törətmədiyini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 23 may 2023-cü il tarixində saat 13:30 radələrində o yaşadığı ünvan 4 ünvanından çıxıb mağazaya gedərkən yaşadığı binanın arxa hissəsində yerləşən, birinci mərtəbəsində qapıları olmayan kimsəsiz tikiliyə kişi cinsinə mənsub bir nəfər şəxsin girdiyini görmüşdür.Həmin yer kimsəsiz olduğundan və oraya normal insanların yığışmadığını bir neçə dəfə müşahidə etdiyindən göstərilən şəxsin də oraya normal məqsədlə girmədiyini fikirləşib uca səslə sonuncudan nə etdiyini, oraya girməkdə məqsədinin nə olduğunu soruşmuşdur. Həmin şəxs isə ona aidiyyəti olmadığını deyib kobud cavab vermiş və oraya girməmiş ayaq saxlamışdır.O həmin şəxsə yaşadığı evin aşağı hissəsi olduğunu deyib, sonuncunun videosunu çəkmək məqsədi ilə çantasından özünə məxsus mobil telefonu çıxaranda kişi bunu başa düşərək üzərinə hücum etmiş və əvvəlcə videoçəkiliş aparmağına mane olmaq məqsədi ilə əlində olan dondurmanı onun üstünə atmışdır. O bir qədər geriyə çəkilsə də həmin şəxs əl-qol atmaqla bir neçə dəfə onun başından, sol çiyin və sol qol nahiyyəsindən vurmuşdur.Özünü müdafiə edərək buna mane olmaq istəyəndə yıxılmış və bu vaxt həmin şəxs onu təpiklə vurmuş, onun çiynindən asdığı kiçik ölçülü çantası isə yerə düşmüşdür.Sonra da çantasının ağzı açıq vəziyyətdə olduğundan içərisindəki bir ədəd 100 və bir ədəd 50 manatlıq əsginasların, cəmisi 150 manat pulunun yerə düşdüyünü görmüşdür. Həmin şəxs bunu görərək dərhal əyilib pulları götürərək geriyə dönüb qaçmışdır. O həmin kişinin arxası ilə qaçarkən sonuncu yerə yıxıldığından o, pullardan birini, yəni 50 manatlıq əsginası götürə bilmiş, qalan 100 manatlıq əsginas isə həmin şəxsin əlində qalmışdır.Həyəcanlı olduğu üçün qışqıraraq anasını səsləmiş və anası Şahid onun səsinə çıxaraq uzaqlaşmaq istəyən həmin şəxsin yanına getmişdir. Nə olduğunu soruşanda sonuncu anası Suqranın qolunu tutmuş, daha sonra isə onların yanından uzaqlaşmışdır. O isə anasına qışqıraraq həmin şəxsin onun pulunu götürdüyünü demiş, anası da götürdüyünü qaytarmasını tələb etdikdə, həmin şəxs dayanmayıb yanlarından uzaqlaşaraq tez vaxtda gözdən itmişdir.Bundan sonra o, DİN-in “102” xidməti- zəng mərkəzi sisteminə hadisə barədə məlumat vermişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, yaşadıqları binanın birinci mərtəbəsində yerləşən kimsəsiz otağa zahiri cəhətdən normal görünüşü olmayan müxtəlif şəxslərin mütəmadi olaraq gedib-gəlməsi onu, ailə üzvlərini, eləcə də ətrafda yaşayan başqa şəxsləri həmişə narahat etmişdir. Sonuncu dəfə 23 may 2023-cü il tarixində saat 13:30 radələrində yaşadığı evdə olarkən binanın həyətindən qızı Zərərçəkmiş şəxs uca səslə onu çağırdığını eşidib narahat olmuşdur.Buna görə də dərhal aşağı düşüb qızının yanına getdikdə əvvəllər tanımadığı və ilk dəfə gördüyü orta yaşlı kişi cinsinə mənsub bir nəfər şəxsin qızı ilə mübahisə edərək yanından uzaqlaşdığını görmüşdür.Aralarında nə baş verdiyini dəqiqləşdirmək üçün o, əsəbi halda həmin şəxsə yaxınlaşıb qızından nə istədiyini soruşduqda isə həmin kişi bu vaxt onun qolunu sıxmışdır. Bundan sonra həmin şəxs ondan aralandıqda qızı sonuncu tərəfindən pulunun götürdüyünü demişdir.O, qışqıraraq götürdüklərinin qaytarmasını tələb etdikdə həmin şəxs onlara məhəl qoymadan nisbətən iti addımlarla yanlarından uzaqlaşmışdır.Qızı Zərərçəkmiş şəxs isə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə bu faktla bağlı məlumat vermişdir. Qızının sonradan ona danışdıqlarından başa düşmüşdür ki, həmin şəxs Şəbnəmlə mübahisə edərkən qızının çantasından yerə düşmüş 150 manat pulu götürüb qaçarkən yıxıldığından qızı 50 manat pulu ala bilmiş, qalan 100 manat pulu isə özü ilə aparmışdır.O şəxsən qızına məxsus pulların həmin kişi tərəfindən götürüldüyünü görməsə də, sonuncunun davranışından, özünü normal aparmadığından götürdüyü pulları geri tələb etmiş, lakin kobud cavab almışdır. Həmçinin hadisə yerinə həmin şəxsin sonradan, yəni həmin şəxsin qızından aralanmasından sonra getdiyi üçün nə Təqsirləndirilən şəxs, nə də qızı Zərərçəkmiş şəxs bir-birilərinə fiziki zorakılığını görməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsini dinləyib, təqsirləndirilən şəxsin vəkilinin çıxışını, dövlət ittihamçısının mövqeyni dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsi ilə əməli 28 oktyabr 1998-ci il tarixli hökmlə birləşərək qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Həmçinin, iş materallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli, 1(011)-383/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası CM-in 317-2.1 və 67.1-ci maddələri ilə 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22 iyul 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir.Həmçinin, iş materallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021 -ci il tarixli, 1 (001 )-309/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2021 -ci il tarixində Azərbaycan Respublikası CM-in 234.1 və 69.3-cü maddələrii ilə 02 (iki) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli «Amnistiya» qərarına əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzadan 03 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş və 05 noyabr 2022-ci ildə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, habelə məhkumluğu ödənilmədiyi və ya üzərindən götürülmədiyi halda yenidən əvvəlcə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, sonra isə həmin Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyindən o, əvvəllər məhkum edilmiş şəxs hesab edilmiş və Təqsirləndirilən şəxs əməlləri hazırda cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan tam ödənildiyindən hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, gələcəkdə də heç bir şikayət və ya tələbi olmayacaqdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.1 maddəsi ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməlidir.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməməsi onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə, cinayətin xarakteri və ağırlıq dərəcəsinə və əməlində cinayətin təhlükəli residivi olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olduğuna görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı İsaq Həsənov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi Müdafiəçi1 məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi1 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut – Çin Xalq Respublikasında istehsal olunmuş bir ədəd ağ rəngli “İphone S” markalı, A 1688 FCC İD:BCG-E2946A 1C:579C-E2946A modelli mobil telefon aparatının iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – videoçəkilişin qeydə alındığı 01 ədəd «CD-R» disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ******************** .S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-572/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-572/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver