Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-572/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Yusibova (Kazımovskaya) İnarə Əli qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yusibova (Kazımovskaya) İnarə Əli ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 20 may 2024-cü il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.259 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd kağız bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 16:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, Rahat marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.259 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqribən 3 ildir ki, psixotrop maddələrdən istifadə edir. Saxlanıldığı müddətdən sonra bir daha istifadə etməmişdir. Özü 10 yaşından etibarən həndbol idman növü ilə məşğuldur və idman ustasıdır. 20 may 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, Rahat marketin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 6-cı Polis bölməsinə gətirilmişdir. Polis bölməsində olarkən videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman üzərində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümü Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdı. Ona verilmiş suallara cavab olaraq nigaha girdikdən sonra soyadını dəyişərək Kazımovskaya soyadını götürdüyünü, şəxsiyyət vəsiqəsini dəyişmədiyini, boşandıqdan sonra da hər hansı yerə mütacit etmədiyini, onda olan şəxsiyyət vəsiqəsində soyadının Yusibova olduğunu bildirərək şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızı son sözündə etdiyi əməldən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı Polis Bölməsinin sahə inspekotru Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. X6 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 20 may 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra ondan və Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 20 may 2024-cü il tarixdə saat: 16:30 radələrində X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, Rahat marketin yaxınlığında saxlayıb bölməyə gətirmişlər. Bölmədə şəxsi axtarış keçirilən zaman X15 əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bir ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. X6 üzərindən aşkar edilmiş maddəni Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, X6 barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X15 həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Yusibova (Kazımovskaya) İnarə Əli qızının azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il, saat 16:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X6 üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha X1 təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0.47 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı X15 üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhərində yerləşən Papanin adlanan yerdə, tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2848 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №175...” dairəvi möhür əksləri, “...(imza) Yusibova..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,259 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,209 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, X6 üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatların Nəsimi rayonu, “Papanin” adlanan ərazidən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirərək törətdiyi əməli etiraf etmiş və həmin protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X15 psixotrop maddə istifadəçi olduğunu, üzərindən aşkar edilmiş metamfetamini 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, X15 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru X10 barəsində axtarış və götürmə aparılan şəxs X11 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra X15 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş bükümü masanın üzərinə qoyur. X1 üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha X1 təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0.47 qram olması müəyyən edilir. Sorğu zamanı X15 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhərində yerləşən Papanin adlanan yerdə, tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını bildirir. Sonda aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut heasb edilməsi haqqında” qərardan görünür ki, X13 məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,259 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalmış 0,209 qramı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanması üçün Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin xx.xx.2024-cü il tarixli, 4762 saylı ambulator X2 rəyindən görünür ki, X7 NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X11 AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Psixotrop maddə metamfetaminin 0,259 qram miqdarında olması nəzərə alınmışdır. Şəxsi axtarış və götürməni əks etdirən bir ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərar nəzərə alınmışdır. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 834 nömrəli vəsiqədən görünür ki, X11 həndbol idman növü üzrə Azərbaycan Respublikasının “İdman Ustası” dərəcəsi verilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.1991-ci il təvvəllüdlü İnarə Əli qızının soyadı Kazımovskayadır, həyat yoldaşının adı isə X3r. Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Həmin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi ASAN 1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş və təqsirləndirilən şəxsin soyadı Yusibova olaraq qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2763/2022 saylı qətnaməsindən görünür ki, X5 ilə Yusibova (Kazımovskaya) İnarə Əli qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1644 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızına CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Yusibova (Kazımovskaya) İnarə Əli qızının təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızına cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, həmçinin onun həndbolüzrə “İdman Ustası” dərəcəsinə malik olmasını təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əmƏli qızının sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızına təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızına törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) ildir və şəxsin barəsində 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızının üzərinə ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızının faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 16:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:10-dan 15:40-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 10:30-dan saat 11:00-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməyərək Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Yusibova (Kazımovskaya) İnarə Əli qızı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızının, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəyə minənədək dəyuişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,209 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Yusibova (Kazımovskaya) İnarə Əli qızından tutulmalıdır. xx.xx.2024-cü il tarixli, 4762 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyi nəzərə alınmaqla Yusibova (Kazımovskaya) İnarə Əli qızına narkomaniyadan məcburi mülaicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Yusibova (Kazımovskaya) İnarə Əli qızına göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Yusibova (Kazımovskaya) İnarə Əli qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Yusibova (Kazımovskaya) İnarə Əli qızının şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Yusibova (Kazımovskaya) İnarə Əli qızının hazırda yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Yusibova (Kazımovskaya) İnarə Əli qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Yusibova (Kazımovskaya) İnarə Əli qızının yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Yusibova (Kazımovskaya) İnarə Əli qızı barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yusibova (Kazımovskaya) İnarə Əli qızına narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış, çəkisi 0,209 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Yusibova (Kazımovskaya) İnarə Əli qızından tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Yusibova (Kazımovskaya) İnarə Əli qızına məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-572/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-572/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver