Məhkəmə qərarları › İş №1(001)-574/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-574/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-574/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tərtər rayonu, Azadqaraqoynlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Azadqaraqoynlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əfəndiyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən «Xırdalan dairəsi» adlanan dayanacaqda qeyri-rəsmi ailə münasibətində olduğu X1 ilə şəxsi münasibətlər zəminində mübahisə edən zaman, həmin mübahisənin qarşısını almaq niyyəti ilə mübahisəyə müdaxilə edən sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs küçədə, ictimai yerdə əsaslı səbəb olmadan, orada olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib baş və sifət nahiyəsinə yumruqla vuraraq, sonuncuya alın nahiyəsinin əzilmişcırılmış yarası, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, təpə nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində telefonla Səbinə ilə danışan zaman, onlar arasında sözlə mübahisələri yaranmış və buna görə də o, Səbinəni Xırdalan dairəsi deyilən yerə sonuncu ilə söhbət etmək üçün dəvət etmişdir. Həmin vaxt Səbinə rəfiqəsi Zərərçəkmiş şəxs ilə Sulutəpə dairəsi yaxınlığında yerləşən “555” çay evində çay içirmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində o, Xırdalan dairəsinə gəlib, dayanacaqda Səbinəni gözləmiş və bir müddət sonra Səbinə taksi avtomobili ilə onun olduğu yerə Rəfiqəsi Günayla birlikdə gəlmişlər. Sonuncular taksidən düşdükdən sonra, onunla Səbinə arasında mübahisə yaranmış və bu məsələyə Günay müdaxilə etmək istəyən zaman, sonuncuya getməsini bildirmiş, lakin, Günay onun sözünə qulaq asmadığından və yaxasından tutduğundan o, bundan əsəbləşmişdir. O, əli ilə Səbinəni vurmaq istəyərkən Günay araya girdiyindən zərbə sonuncunun sifət nahiyyəsinə dəymiş və sağ əlinin barmağında böyük ölçülü üzük olduğundan, Günayın alın nahiyyəsi cırılmışdır. Günayı vurduqdan sonra, tanımadığı şəxslər onu ayırmış və bundan sonra o, həmin yerdən çıxıb getmişdir. Təqsirini səmimi etiraf etməsinin, himayəsində az yaşlı uşağının olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində rəfiqəsi Səbinə ilə görüşüb Sulutəpə dairəsi yaxınlığında yerləşən “555” çay evinə getmişlər. Həmin yerdə olduqları zaman, rəfiqəsi Səbinə mobil telefon vasitəsi ilə qeyri-rəsmi ailə münasibətində yaşadığı Təqsirləndirilən şəxslə mübahisə etməyə başlamışdır. Həmin vaxt artıq xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Səbinə ona Eminlə aralarında mübahisənin baş verməsini və Eminin onu hal-hazırda Xırdalan dairəsi deyilən yerdə gözlədiyini bildirmişdir. Həmçinin Səbinə onunla birlikdə Eminin olduğu yerə getməsini ondan xahiş etmiş, həmin yerə tək getdiyi halda Emin tərəfindən döyüləcəyini bildirmişdir. Bu səbəbdən o, Səbinə ilə razılaşıb taksi avtomobili ilə Xırdalan dairəsi deyilən yerə getmişdir. Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə, gecə saatlarında onlar Eminə yaxınlaşan zaman, Emin ilə Səbinə arasında mübahisə yaranmış və həmin vaxt Emin sillə ilə 1-2 dəfə Səbinənin sifət nahiyəsindən vurmuşdur. O, Təqsirləndirilən şəxs yaxasından tutduğundan sonuncu bundan əsəbləşmiş, əli ilə onu vurarkən barmağında üzük olduğundan alın nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onu vurmaq istədiyini yaxud Səbinəni vurmaq istəyərkən ona dəydiyini dəqiq deyə bilməyəcəkdir. Hadisə zamanı həmin yerə təxminən 20-30 nəfərə yaxın əvvəllər tanımadığı şəxslər yığışmışdır. Hadisə yolun kənarında dayanacaqda baş verdiyindən, bir neçə avtomobilin sürücüləri avtomobillərini saxlayaraq, hadisəyə tamaşa etmişlər. Yalnız Emin həmin yerdən uzaqlaşıb getdikdən sonra, bir nəfər tanımadığı sürücü avtomobili onun yanında saxlamış və həmin şəxs onu öz avtomobili ilə yaşadığı ünvana aparmışdır. O, əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda “Emin onun üzərinə gələrək, bir dəfə yumruqla alın nahiyəsindən vurmuş, həmin zərbədən sonra o, yerə yıxılmış və yerdə uzanmış vəziyyətdə olduğu haman, Emin bir neçə dəfə yumruqla baş və sifət nahiyəsinə zərbələr endirmişdir” kimi ifadələr verməmişdir. Belə ki, o, izahatına oxumadan qol çəkmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin əlamətləri ilə cinayət işi başlanmışdır (i.v.1) xx.xx.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən «Xırdalan dairəsi» adlanan yerdə baş vermişdir. (i.v. 7-10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 766 nömrəli rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, təpə nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, xx.xx.2022-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetrilməsi az inandırıcıdır. (i.v.23-24) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 42-44) xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i. v.54-55) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i. v. 67-68) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada baş verməsini əyani olaraq göstərmişdir. (i.v. 73- 75) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 972 saylı sərəncamına əsasən əhf olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v.78-79, 82-97) AZ-İİ seriyalı, 210017 saylı, Az-İİİ seriyalı, 909982 saylı doğum haqqında şəhadətnamələrindən surətindən gprünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X5 adında az yaşlı uşaqları vardır. (i.v. 99) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 112) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (i.v. 112) Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs Quliyev və Zərərçəkmiş şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 221.1-cimaddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatdan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar