Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-576/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi ev təmirçisi işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,281 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 07 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən 6-cı Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,281 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. 07 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata psixotrop maddə hesab edilən metanfetamin alıb üzərində saxlamışdır. 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində psixotrop maddə və narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6cı PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Törətdiyi əməldən peşman oluğunu, tutulduqdan sonra istifadə etmədiyini bildirərək himayəsində yaşlı anası olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baki şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 07 iyul 2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünavnında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Daxil olmuş məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 07 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Bu zaman onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və sonuncunu şübhəli olduğundan həmin PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Orxan Şirinova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs razılığı ilə vəkil iştirak etmədən və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış qərarı ilə tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü və həmin şalvarın sol yan cibindən iki ədəd “Nokia” markalı mobil telefonları çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya aşkar edilməmişdir. Soruşduqda o, həmin bir ədəd bükümün içərisində olan maddə psixotrop maddə metamfetamin, bundan istifadə etdiyini, bu bükümü Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olanda 10 manat ödəyərək tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini sərbəst şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, şəxsi axtarış nəticəsində protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 xidməti iş yoldaşı Şahid1 ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040655 №-li Həmin cinayət işi 08 iyul 2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PBnin təhqiqatçısı, polis baş leytenantı Orxan Şirinov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. 07 iyul 2023-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Şirinov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 09 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 09 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədova verilmiş vəsatət onun tərəfindən müdafiə edilməmiş və təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 08 iyul 2023cü tarixli 3-16-16/2-6/3683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,281 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 11 iyul 2023-cü il tarixli 4350 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 07 iyul 2023-cü il tarixli raportla, “şəxsi axtarış və götürülmə haqqında” protokolla və ona əlavə edilimiş videçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərilərində daşıyaraq saxlaması faktı təsdiq olunmuşdur. İş üzrə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,281 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd «DVD» diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetamin 0,231 qram qalığı möhürlənmiş zərfdə istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin MSSK-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirildiyi, ona axtarış qərarı ilə tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildiyi, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü və həmin şalvarın sol yan cibindən iki ədəd “Nokia” markalı mobil telefonları çıxardaraq masanın üzərinə qoyduğu müəyyən edilmişdir. Soruşduqda o, həmin bir ədəd bükümün içərisində olan maddə psixotrop maddə metamfetamin, bundan istifadə etdiyini, bu bükümü Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olanda 10 manat ödəyərək tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini sərbəst şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, şəxsi axtarış nəticəsində protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X1 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicə təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,231 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-576/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-576/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver