Məhkəmə qərarları › İş №1(001)-579/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-579/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-579/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs, xx xxxxx 1980-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, hal-hazırda subay, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Zaqatala rayonu, Kbeloba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Elit» ticarət mərkəzinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,008 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 15 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində «Elit» ticarət mərkəzinin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının üst hissəsindəki cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,008 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir.O, 14 iyun 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Elit ticarət mərkəzinin yanında tanımadığı və özünü Ataş ləqəbli şəxs kimi təqdim edən şəxsdən “kokos” adlanan narkotik vasitəni 18 manata almışdır.Həmin şəxs ona şəffaf selofana bükülmüş bir ədəd büküm vermişdir. O, həmin bükümü əldə etdikdən sonra üzərində gəzdirmişdir ki, istifadə etsin. 15 iyun 2022-ci il tarixdə saat təxminən 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən Elit ticarət mərkəzinin yanında olduğu zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər.Həmin şəxslər ona narkotik vasitə istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPl-nin 5-ci PB-nə getməyi təklif etmişlər.O, həmin şəxslərə etiraz etmədən polis bölməsinə gəlmişdir.Bölmədə inzibati otaqların birində ona dövlət hesabına vəkil ayrılmış, hüquq və vəzifələri ona izah edilmişdir.Bundan sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir.O, baxış zamanı əlində olan qara rəngli əl çantasının üz hissəsində olan birinci cibinin içərisindən 01 ədəd şəffaf selofana bükülmüş içərisində el arasında “kokos” adlanan narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuş və 14 iyun 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Elit» ticarət mərkəzinin yanında tanımadığı, özünü Ataş ləqəbli şəxs kimi təqdim edən şəxsdən 18 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Narkotik vasitəni əldə şəxsi ilk dəfə gördüyünü, tanımadığı üçün heç bir münasibəti olmadığını, barəsində heç bir məlumatı olmadığını, yalnız həmin qısamüddətli söhbət zamanı özünü «Ataş» ləqəbli kimi təqdim etdiyini bildirmişdir.14 iyun 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Elit» ticarət mərkəzinin yanında narkotik vasitə əldə etdikdən sonra oradan uzaqlaşmış, daha sonra istifadə etmək üçün açmış, uzun illər istifadə etdiyi üçün anlayışı olduğundan keyfiyyətsiz olduğunu anlamış və həmin şəxsi tapıb geri qaytarmaq üçün oraya gəlmişdir.O, narkotik vasitə satmaqla məşğul olmadığını, yalnız özünün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və qadın olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Əlizamin Dadaşovun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 15 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yanına gəlmişlər.Həmin küçədə yerləşən marketin yaxınlığında əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətlərinə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır.Onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 5ci PB-nə dəvət etmişlər.Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasının üz hissəsinin aşağıdan birinci cibindən 01 ədəd şəffaf selofana bükülmüş kütləni çıxararaq təqdim etmişdir.Həmçinin, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibində bir qutu Rohtmans markalı siqaret, xarici pasport və şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol qabaq cibindən açar aşkar edilmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içində narkotik vasitə olan «kokos» olduğunu, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Elit» ticarət mərkəzinin yaxınlığında tanımadığı və həmin zaman özünü Ataş kimi təqdim edən şəxsdən şəxsi istifadəsi üçün 18 manat müqabilində əldə etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmiş, aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdırılaraq götürülmüşdür.Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə idarəyə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 5-ci PB-də CA üzrə əməliyyat müvəkkili polis kapitanı X2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, eyni məzmunlu ifadə verərək digər Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3361 nömrəli rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,008 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə olan heroindir.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4102 №-li rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını və qadın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, qadındır, himayəsində 1 (bir) azyaşlı övladı vardır, ixtisasca rəssamdır, əməlində cəzanı ağırlaşdıran hallar, ümumiyyətlə, yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 1921-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə gecə saat 04.00-da tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 16 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Emil Abdullayevin 16 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.Bundan sonra, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Emil Abdullayev tərəfindən qəbul olunmuş 16 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir.Həmin qərarda təqsirləndirilən şəxsin buraxılma saatı göstərilməsə də, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Emil Abdullayev tərəfindən tərtib edilmiş təqsirləndirilən şəxsin dindirilmə protokoluna əsasən məlum olur ki, dindirilmə saat 11.20-də başlamış, saat 12.10-da başa çatmışdır.Beləliklə də, aydın olur ki, təqsirləndirilən şəxs ən azı 16 iyun 2022-ci il saat 12.10-dək sərbəst hərəkət etmək imkanı olmamışdır.Beləliklə də, məlum olur ki, faktiki olaraq Təqsirləndirilən şəxs 1 (bir) sutkadan, yəni 24 saatdan artıq tutulduğundan ona təyin edilmiş cəzadan 2 (iki) gün çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, nömrəsiz fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,908 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X7 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, nömrəsiz fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroin 0,908 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə müdafiəçi X4 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar