Məhkəmə qərarları › İş №1(001)-579/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-579/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-579/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 15 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 16:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanında yerləşən 85 saylı sərnişin avtobusunun sonuncu dayanacağında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 17:50də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idaman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Həmin psixotrop maddə metamfetamini 15 aprel 2024-cü il tarixdə səhər saatlarında “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etmiş, sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin tarixdə axşam radələrində ünvan 4 ünvanında yerləşən 85 saylı sərnişin avtobusunun sonuncu dayanacağında olarkən polis əməkdaşları onu saxlayaraq 7-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərinə video-çəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilən zaman özü üzərində olan psixotrop maddəni təqdim etmişdir. Psixotrop maddələrdən tez-tez istifadə edən olmamış, nadir hallarda istifadə etmişdir. Bölmədə olarkən yaxud saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı bir formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, himayəsində az yaşlı uşaqlarının olduğunu, ailəsinin tək gəlir gətirən üzvü özünün olduğunu və ailənin bütün maddi vəziyyətinin ondan asılı olduğunu bildirirək ona yüngül cəza verilməsini məhkəmlədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-in 2-ci PŞ-in sahə inspekoru, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 15 aprel 2024-cü il tarixdə həmin zaman işlədiyi Binəqədi RPİnin 7-ci PB-nə Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Şahid2 birlikdə 15 aprel 2024-cü il tarixdə saat 16:10-da ünvan 4 ünvanında yerləşən 85 saylı sərnişin avtobusunun sonuncu dayanacağında Təqsirləndirilən şəxs saxlayaraq şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Binəqədi RPİ- nin 7-ci PBnin inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükümdə olan psixotrop maddəni həmin tarixdə, səhər saatlarında Bakı şəhərində yerləşən və “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirildikdən sonra həmin şəxsə qarşı heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərindən “Attenti” markalı elektron qolbağı və “Nokia” markalı mobil telefon, 4 manat pul aşkar edilmişdir. 4 manat pul əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0.34 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 15 aprel 2024-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində «Papanin» kimi tanınan yerdən tanımadığı şəxsdən 10 manat müqabilində alaraq üzərində saxladığını və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2032 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Zərflər üçün №176 dairəvi möhür əksləri və “ Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,290 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,240 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsivə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi İlkin İsmayılovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxsin saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Dvd diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin təhqiqatçısı polis mayoru Rəşad İsmayılov barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş, içərisində ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, “Attenti” markalı elektron qolbağının cihazını, sol yancibindən “Nokia” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0.34 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 15 aprel 2024-cü il tarixdə, səhər saatlarında «Papanin» kimi tanınan ərazidə, tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını, psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0,290 qram, ekspert tədqiqatından sonra qalan 0,240 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Mansurov X5 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-ci il tarixdə amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Bundan başqa o, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 11 ay, 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-233/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 (altı) ay, 13 (on üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2465 saylı ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16/2-14485/2024 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə, saat 16:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçsəi 99 ünvanında olmuşdur. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Psixotrop maddə metamfetaminin miqdarı 0,290 qram olaraq əsas götürülmüş və tədiqatdan sonra qalıq qalmış 0,240 qram metamfetaminin maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bird disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3-22612-2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-233/2022 saylı hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasına görə xx.xx.2022ci il tarixdə qeydiyyata götürülmüş, cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmış və cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan, doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixli X4 və xx.xx.2013-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yusif oğlu adlı iki azyaşlı övladı var. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan videogörüntülər xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-233/2022 saylı hökmü ilə 1 il, 11 ay, 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq onun əməlində cinayətlərin residivi mövcud deyildir. Təqsirləndirilən şəxs hazırki ictimai təhlükəli əməli 15 aprel 2024-cü il tarixdə törətmişdir. Qeyd olunmalıdır ki, AR CM-nin 18.4.4-cü maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğu istisna olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) ildir və şəxsin barəsində 2 (iki) il, 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 16:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:55-dən 17:35-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:30-dan saat 12:45-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməyərək Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0.240 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. xx.xx.2024-cü il tarixli, 2465 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mülaicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 48 (qırx səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixinədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 0,240 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar