Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-581/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində kirayədə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd qızılı kağız bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 28 may 2024-cü il tarixdə, saat 08:50-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 1 l:05-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qızılı kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək göstərmişdir ki, 28 may 2024-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis şöbəsinə gətirilmişdir. Bölmədə üzərinə axtarış aparılan zaman üzərində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin maddəni 28 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Hadisəni hazırda tam xatırlamır, bəzi şeylər yadından çıxmışdır, lakin ibtidai istintaq materiallarında olan ifadəsi doğrudur. Şahid1 ifadə verdikdikən sonra təqsiləndirilən şəxsə verilmiş suala cavab olaraq şahidin dediklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 28 may 2024-cü il tarixdə polis şöbəsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. 4-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 may 2024-cü il tarixdə saat: 08:50 radələrində o Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişdir. Şöbədə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bir ədəd qızılı kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hər-hansı bir formada təsir yaxud təzyiq olmamışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 08:50-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd qızılı kağıza bükülmüş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0.45 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 173 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan psixotrop maddə metamfetamini 28 may 2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 15 manat müqabilində alaraq üzərində saxlayıb daşımasını və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınmış diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan video-görüntü Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasını əks etdirir, həmin görüntülər xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla uyğunluq təşkil edir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3009 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243...” dairəvi möhür əksləri olan, beş ədəd “imza”lar qeyd edilmiş bir ədəd 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,330 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 0,330 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,280 qram geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantıı X5 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd qızılı kağıza bükülmüş, içərisində, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0.45 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 28 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhərində yerləşən Papanin adlanan yerdə, tanımadığı şəxsdən 15 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını bildirir. Sonda aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0.330 qram, ekspert tədqiqatından sonra qalan 0.280 qram psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0.280 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narokomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının 9 ay, 29 gün çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuşdur. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il, 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 1 il, 28 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən video çəkilişin görüntüləri olan 1 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “psixotrop maddələri” adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs cinayət işinə əlavə edilmiş tələbnaməsindən göründüyü kimi o sonuncu dəfə xx.xx.2008-ci il tarixdə ağır cinayət törətməyə görə məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 1 il, 28 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Məhkumluğun ödənilməsi müddəti cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığı üçün Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluğu xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ictimai təhlükəli əməli 28 may 2024-cü il tarixdə, yəni qeyd olunan cəzadan azad olunduqdan 6 il keçdikdən sonra törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi və ACDİÜ Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, cəzadan azad edildikdən sonra yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsiləndirilir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs hazırda təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədinə nail olmaq mümkün olmadığından ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:50-də şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 09:10-dan 09:40-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 15:00-dan saat 09:25-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, təqsirləndirilən şəxs qismində dindirildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməsindən imtina edilmiş, həmin tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan çəkisi-0.280 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. oğluna ümumilikdə Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 26 noyabr 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin, eyni zamanda onun digər cinayət işi üzrə hazırda həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müəlicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,280 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-581/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-581/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver