Məhkəmə qərarları › İş №1(001)-582/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-582/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-582/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu Xanərəb kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda fərdi yaşayış evində yaşamış, hazırda PX-in 3 saylı İT-də saxlanılan, ********* nömrəli cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,388 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü ildə, saat 01:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq, ünvan 3 polis bölməsinə gətirilmiş, orada həmin tarixdə saat 02:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,388 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitənin heroin növündən istifadə edir. 16 aprel 2024-cü ildə axşam saatlarında heroin əldə etmək məqsədi ilə «Kubinka» kimi tanınan əraziyə getmişdir. Orada zahiri görünürüşündən narkotik vasitə istifadəçisinə oxşar bir şəxsə yaxınlaşaraq, bədənində ağrılar olduğunu və buna görə də narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxs ona, 10 manata bir büküm heroin verə biləcəyini demişdir. O, razılaşaraq həmin şəxsə 10 manat pul verib qarşılığında şəffaf selofona bükülmüş halda olan heroini əldə edərək əynində olan şalvarın sağ yan cibinə qoymuş və gecə vaxtı yaşadığı evdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2024-cü ildə saat 01:10 radələrində Binəqədi rayonu, K.Rəhimov 79 ünvanın qarşısında olarkən ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, Binəqədi RPİ-in 5-ci Polis bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiyini bildirərək onu 5-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən təhqiqatçı tərəfindən ona müdafiə hüquqları izah edilmiş və o, maddi imkanı olmadığı üçün dövlət hesabına pulsuz müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıda adları qeyd olunan istənilən vəkil tərəfindən müdafiə olunmağına etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən ona, 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. O, həmin vəkillə tanış olduqdan sonra hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən buna dair protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti təqdim edilmiş, o cümlədən şübhəli şəxs kimi bütün hüquq və vəzifələri ona izah edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona, barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Proses başlamadan öncə təhqiqatçı tərəfindən ona, eləcə də digər iştirakçılara, həmin prosesin videoçəkilişlə baş tutacağı bildirilmiş və heç biri buna etiraz etməmişlər. Bundan sonra təhqiqatçı ona, üzərində narkotik vasitə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan, şəffaf selofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və başqa heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, təhqiqatçıya, masanın üzərinə qoyduğu bükümün içərisində olan kütlənin heroin olduğunu, iki ildir ki, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitəni də xx.xx.2024-cü il tarixdə axşam saatlarında «Kubinka» kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin xx.xx.2024-cü il tarixdə saat 01:10 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı üçün istifadə edə bilmədiyini bildirmişdir. Onun təqdim etdiyi və içərisində narkotik vasitə olan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərf möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı ona, üzərindən aşkar edilmiş bükümün içərisindəki kütlənin narkotik vasitə olubolmamasının və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən onun barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və o, həmin protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. O saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün şəxsi istifadəsi üçün istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-cı PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 aprel 2024-cü ildə işlədiyi Binəqədi RPİ-in 5-ci PB-yə etimad doğuran mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1988-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində doğulmuş Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 5-ci PB-in rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, rəhbərlik etdiyi, Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru polis mayoru Şahid2 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izldədikdən sonra 17 aprel 2024-cü il tarixdə saat 01:10-da ünvan 2 ünvanın qarşısında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə ona özlərini təqdim etmişlər və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar, həmin şəxsə, narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-in 5-ci PByə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Orada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər təhqiqatçı polis kapitanı Elnur Əvəzliyə təqdim edilməklə araşdırmanın aparılması da ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə 5-ci PB-in inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, o, iki il olar ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə heroindir, o, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında «Kubinka» kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. İstintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və Binəqədi RPİ-in 5-ci Polis bölməsinə gətirildikdən sonra ona qarşı heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq, ünvan 3 polis bölməsinə gətirilmiş, orada həmin tarixdə saat 02:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroini bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 36-37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/2051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,388 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v 40-43). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 57-58). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 76-78). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,388 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,338 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir (cild 1, i.v 87). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2501 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 112-113). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 127-128). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və başqa maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 111). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2014-cü il təvəllüdlü Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Akif adlı uşaqları var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlar olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr aludəçisi olduğunu və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 1 (bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 2501 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,338 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,338 qram (qalıq çəkisi) narkotik vasitə heroin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar