Məhkəmə qərarları › İş №1(001)-59/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-59/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-59/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1967-ci ildə Yardımlı rayonunda doğulmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayonu, Kürəkçi ərazi dairəsi, Kürəkçi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suai istifadə etmək yolu ilə ələ keçirtmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 satdığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə mülkiyyət hüququna dair çıxarış düzəldəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə 21 may 2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu 15 ünvanında yerləşən «Axundov bağı» deyilən ərazidə Zərərçəkmiş şəxs2 sonuncuya məxsus 500 manat və Zərərçəkmiş şəxs1 məxsus 1500 manat olmaqla, ümumilikdə 2000 (iki min) manat pulu, sonuncu dəfə isə 2021-ci ilin iyun ayının axırlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul vəsaitini sonuncunun qonşusu Şahid alaraq cinayət əməlini başa çatdırıb verdiyi vədə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs2 isə 500 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2018-ci ildən tanımışdır. Belə ki, Raya ilə kitab-dəftər dükanında söhbət əsnasında tanış olmuş, həmin vaxt Raya ondan ata mülküni hansı qaydada vərəsələr arasında bölünməli olduğunu soruşmuş, o, isə Rayaya hüquqşünas olmasa da, bu işlərdən anlayışının olduğunu bildirmiş və qaydaları izah etmişdir. Daha sonra kənddən Raya ilə ortaq tanışları çıxmış və söhbət əsnasında Raya onun mobil telefon nömrəsini götürüb bir neçə gündən sonra ona zəng edərək evinə dəvət etmişdir. Evdə olarkən Raya ona ata mülkünün bölünməsi ilə bağlı topladığı sənədləri göstərmiş və o, sənədlərə baxarkən Rayaya bütün işlər görüldüyünü, yalnız iddia ərizəsi ilə mülklərin yerləşdiyi ərazi üzrə rayon məhkəməsinə müraciət etmək lazım olduğunu bildirmişdir. Bunun üçün Raya ona adından bank əməliyyatlarından başqa bütün digər işləri görə bilməsi üçün etibarnamə vermişdir. Həmin etibarnaməni Raya ona avtovağzal dairəsi yaxınlığında “ARM” marketin yaxınlığında olan notariusda vermişdir. O, da həmin etibarnamə əsasında Səbail Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs1 adından iddia ərizəsi vermişdir. Bundan əlavə o, Zərərçəkmiş şəxs1 bütün işlərinə köməklik etmişdir. 2020-ci ilin noyabr ayında ödəməli olduğu borcuna görə Rayadan 500 manat borc pul istəmişdir. Raya pulu olmadığını bildirdikdə, o, təkrar xahiş etdiyindən Raya özünə məxsus bir cüt sırğa və bir ədəd qızıl üzük vermişdir ki, o aparıb Vüqara verərək əvəzində pul götürsün. Raya Vüqarın ona hər 100 manata əlavə olaraq 5 manat qazanc götürməklə pul verəcəyini bildirmiş, o da Vüqarı tanıdığı üçün Rayanın ona verdiyi sırğa ilə üzüyü sonuncunun razılığı ilə Vüqara verərək əvəzində 400 manat pul götürmüşdür. Vüqarla pulu ödəyənə qədər hər ay 20 manat verəcəyi barədə razılaşmışdır. Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 9 ünvanında yerləşən ev satıldıqdan sonra o, Rayaya yeni ev tapmaqda köməklik göstərmiş, onunla birlikdə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, müxtəlif evlərə baxmışlar. Raya Sulutəpə qəsəbəsində özünə çıxarışsız həyət evi aldıqdan sonra ona sənədləşməni bacarmadığından həmin evin çıxarışını almaqda köməklik etməsini demişdir. O da həmin evə dair çıxarışı 2500 manata düzəldə biləcəyini bildirmiş, 500 manat da mələğində pulun da ona qalacağını düşünmüşdür. O, Rayadan 2500 manat pulu çıxarış düzəltmək üçün alsa da, rayonda yaşayan əmisi vəfat etdiyi üçün Yardımlı rayonuna getməyə məcbur olmuş, orada başı qarışmış və aldığı pulu xərcləmişdir. Daha sonra o, Bakı şəhərinə qayıdaraq Rayaya çıxarışı düzəldə bilmədiyini və çıxarışın pulunu öz ehtiyaclarına xərclədiyini bildirmiş, Rayadan möhlət istəmiş və aldığı pulu hissə-hissə qaytaracağını demişdir. O, 2021-ci ilin avqust ayının ortalarında çıxarış üçün aldığı puldan 500 manat pulu Sulutəpə qəsəbəsində mağazada işləyən Həbibin yanında Rayaya qaytarmış, qalan pulu da qaytarması üçün Rayadan möhlət istəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir, Zərərçəkmiş şəxs1 500 manat ödəmiş, bundan əlavə ibtidai istintaq zamanı müstəntiq Ramil Əliyevə həmin puldan 500 manat və 200 manat ümumilikdə 700 manat ödəmişdir. Himayəsində iki azyaşlı uşağı vardır, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayına qədər təxminən 30 il ünvan 2 ünvanında yerləşən mənzildə yaşamışdır. 3 il öncə vəfat etmiş atasından miras qaldığını bilmiş və bu məsələnin həllini qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həvalə etmişdir. Atasından miras qalmış əmlakla bağlı məsələlərin həllini Təqsirləndirilən şəxs ona görə tapşırmışdır ki, Fikrət ona vəkil olduğunu bildirmiş, eyni zamanda uzaq qohumluq əlaqələri olmuşdur. O Fikrət Abbasova miras qalmış əmlakla bağlı hüquqi məsələlərin həll edilməsi üçün notariusda etibarnamə vermişdir. Təqsirləndirilən şəxs ona bu məsələlərdə kömək edən zaman tez-tez maddi vəziyyətinin aşağı olmasını, təmir-tikinti işlərini də bacardığını bildirdiyi üçün o özünə məxsus evin də təmir-tikinti işlərini Fikrətə həvalə etmiş, o ara-sıra ona məxsus mənzildə santektik işlərini görmüşdür. Daha sonra Fikrət ondan borca pul istəmiş, o Fikrətin istədiyi məbləğdə deyil, hissə-hissə gördüyü işlərə uyğun ona pul vermişdir. 2020-ci ilin dekabr ayında o özünə məxsus evi satıb, Sulutəpə qəsəbəsində ev almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat amanı vermiş olduğu ifadəsinə əlavə olaraq bildirmişdir ki, o ümumiyyətlə hazırki cinayət işi üzrə ibtidai istintaqın aparılmasından narazıdır. Belə ki, Təqsirləndirilən şəxs nəinki onun Sulutəpə qəsəbəsində almış olduğu evin çıxarışını düzəltmək vədi ilə onu aldadaraq pul almış, eyni zamanda ona məxsus evdən oğurluq etmiş, onun qızıl-zinət əşyalarını oğurlmamış, özünü ona vəkil kimi təqdim etmiş, bundan əlavə usta kimi də bacarıqlarının olduğunu bildirmişdir.Fikrət ona teztez maddi vəziyyətindən şikayət etdiyi üçün Fikrətə yazığı gəlmiş, bu səbəbdən evinin santexnik işlərinin görülməsini də ona həvalə etmiş və Fikrətə gördüyü bütün işlərin müqabilində zəhmət haqqını vermişdir. O ümumiyyətlə Fikrətə qarşı bir insan kimi hər zaman mərhəmətli davranmış, əlindən gəldiyi qədər hər zaman ona yardım etməyə çalışmışdır. Fikrət isə onun bir insan kimi mərhəmətindən, ona inanmasından sui istifadə etmiş, onu aldatmış, bununla kifayətlənməyərək onun evindən qızıl-zinət əşyalarını oğulamış, ona məxsus dəyəri 500 manat məbləğində çıl-çırağı tavandan asacağını bildirib, bacarmamış, onu da sındırmış, ona xeyli ziyan vurmuşdur. Məhkəmə tərəfindən ona təqdim edilmiş sənədlərlə tanış olan zaman bilmişdir ki, hazırda Fikrət barəsində cinayət işi Cinayət Məcəlləsinin yalnız 178-ci maddəsi ilə açılmışdır. Lakin, təkrar olaraq bildirir ki, Fikrət nəinki onun aldığı evin çıxarışını düzəltmək adı ilə onu aldadıb pul almış, eyni zamanda onun evindən oğurluq edib qızıl-zinət əşyalarını oğurlamış, usta olduğunu, təmir-tikinti işlərini bacardığını bildirib onun evinə də maddi ziyan vurmuşdur. Hazırki vaxta qədər Fikrət tərəfindən ona cəmi bir dəfə 500 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində cinayət işinin ibtidai istintaqını aparan müstəntiqə 500 manat və 200 manat olmaqla ümumilikdə 700 manat ödəməsini bildirdi. Lakin, müstəntiq tərəfindən ona hər hansı bir ödəniş edilməmişdir. Hazırki vaxta qədər Fikrət ona vurmuş olduğu ziyandan ödəniş etməmiş və buna cəhd belə etməmişdir. Bundan əlavə, o yenə də Fikrətin həbsdə qalmasını istəmir, onun tək istəyi ona vurulmuş olan zərərin ödənilməsidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində «Bibiheybətneftin» 2013cü ildə ona verdiyi üçotaqlı həyət evi olmuş və həmin evi 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 satmışdır. Aralarında olan ilkin razılığa görə Raya ona 1500 manat pul ödəməklə evin mülkiyyət hüququnu müəyyən edən çıxarışı düzəldib verdikdən sonra 30 000 manat pul ödəməli idi. Raya ilkin olaraq ona 1500 manat verərək satdığı evə köçdükdən sonra evin təmir işlərini qardaşı kimi təqdim etmiş Fikrət adlı şəxsə gördürmüş, lakin sonuncu vəd etdiyi kimi satdığı evin çıxarışını düzəldə bilməmişdir. Buna baxmayaraq, Raya ona bildirmişdir ki, Fikrət jurnalistdir, çox yerdə tanışı var və evin sənədlərini düzəldə bilər. Fikrət özü də ona belə işlərin peşəsinə aid olduğunu deyib, iki həftə ərzində sənədləri düzəltməyi öhdəsinə götürmüş və evin çıxarışını düzəltmək üçün 2000 manat pul lazım olduğunu söyləmişdir. Bu söhbət 21 may 2021-ci il tarixində Yasamal rayonunda yerləşən Asan xidmət mərkəzinin qarşısında olmuş və Rayanı evə yola saldıqdan sonra o, Fikrətlə birlikdə Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariusa getmişlər, orada o, 2 ay müddətinə Təqsirləndirilən şəxs onun adından satdığı evin mülkiyyət hüququna dair çıxarış sənədini əldə etmək üçün etibarnamə vermişdir. Notariusdan çıxıb Fikrətlə birlikdə taksi avtomobilində metronun «İçərişəhər» stansiyasının yaxınlığında yerləşən «Axundov bağı»na gəlib taksidən düşdükdən sonra Rayanın evi almaq üçün verdiyi 1500 manatın üstünə 500 manat da qoyaraq evinin sənədləri ilə birlikdə Fikrətə vermiş, sonuncu da iki həftəyədək çıxarışı təqdim edəcəyini bildirərək çıxıb getmişdir. Lakin iki həftə keçməyinə baxmayaraq Fikrət evin çıxarışını düzəldə bilməmiş və ona zəng edərək çıxarışın hazır olduğunu, çıxarışı alıb gətirmək üçün beş yüz manat da lazım olduğunu bildirmişdir. O, Fikrətə pulu olmadığını, gedib Rayadan ona evin alqısatqısı üçün veriləcək puldan həmin məbləği almasını demişdir. Sulutəpə qəsəbəsində kirayədə qalan Fikrət aradan bir qədər keçmiş zəng edərək telefonu Rayaya vermiş və o, Raya ilə danışıb evin veriləcək pulundan 500 manat pulu Fikrətə verməsini xahiş etmişdir. Raya da onun sözü ilə Fikrətə 500 manat vermişdir. Sonra o, Fikrətlə telefonla danışarkən sonuncu Rayadan 500 manat aldığını təsdiq etmişdir. Bundan sonra Fikrət yoxa çıxmış və həmin vaxt pandemiya dövrü olduğundan o, beş ay müddətində Fikrəti axtarıb tapa bilməmişdir. X14 taparaq evinə gətirmiş və o da evin Fikrətə verdiyi sənədlərini geri almış, həmçinin pulunu tələb etmişdir. Lakin Fikrət pulu xərclədiyini və yaxın günlərdə düzəldərək qaytaracağını söyləmişdir. Həmin gün Rayanın axırıncı dəfə Fikrətə verdiyi 500 manat pulu geri aldığını öyrənmişdir. Hazırki vaxta qədər Fikrət evin çıxarışı üçün aldığı pulu qaytarmamışdır. X5 qardaşı olmadığını, Biləcəri qəsəbəsində yerləşən evində təmir işlərini görərkən qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs evin mülkiyyət hüququna dair çıxarışı düzəltmək üçün verdiyi 2000 manat pul vəsaitinin 1500 manatını Zərərçəkmiş şəxs1 evi almaq üçün verdiyi ilkin məbləğ, 500 manat isə onun özünə məxsus olmuşdur. İkinci dəfə Təqsirləndirilən şəxs Raya tərəfindən verilmiş 500 manat pul məbləği də onun xahişi ilə verilmişdir. Təqsirləndirilən şəxs, ümumilikdə verilmiş 2500 manat pul onun Zərərçəkmiş şəxs1 ilə razılaşaraq satdığı evə görə alacağı 31500 manat pul məbləğinə daxil olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş olan ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən göstərilən halın nəzərə alınmasını və onun barəsində qanunverciliyin tələblərinə uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayından, yəni Bəhram adlı şəxsdən Yuxarı Sulutəpə qəsəbəsində yerləşən evi aldığı vaxtdan tanımışdır. Həmin vaxt o, həmçinin Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Belə ki, Rayanm aldığı evin yaxınlığında o, ərzaq malları satılan dükan işlətmiş, Fikrət isə Rayanın evində tikinti-təmir işləri aparmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində o, mağazada olarkən Raya zəng edərək 500 manat borc pul istəmiş, o da həmin məbləği düzəldərək Rayanın evinə gətirmiş, Fikrət də həmin vaxt Rayanın həyətində olmuş və o, Rayanm iştirakı ilə 500 manat pulu Fikrətə vermişdir. Fikrət həmin pulun Rayanın Bəhramdan aldığı evin çıxarışını düzəltmək üçün lazım olduğunu söyləmiş, Raya ondan Fikrəti idarə etdiyi avtomobillə istədiyi yerə aparmasını xahiş etmiş, o da Rayanın xahişi ilə Fikrəti «Opel» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə otuzdurub Bakı şəhərində yerləşən metronun «20 Yanvar» stansiyasının qarşısına gətirmişdir. Orada Fikrət avtomobildən düşərək beş-altı metr aralıda bir şəxsə görüşüb geri qayıdaraq pulu verdiyini bildirmişdir. Sonra da birlikdə Sulutəpəyə Rayanın evinə gəlmiş, Fikrət Rayaya pulu sənədi düzəldən şəxsə verdiyini, səhər çıxarışın hazır olacağını bildirmişdir . Lakin Fikrət vəd etdiyi kimi səhəri gün evin çıxarışını gətirib çıxarmamışdır. Aradan bir həftə keçmiş Fikrət arvad-uşağını da götürüb Sulutəpədə qaldığı evi tərk edərək çıxıb getmişdir. X12 adlı qonşudan aldığı evinə çıxarış düzəltmək üçün Rayanın Bəhrama evin alqısatqısına görə beh verdiyi 1500 manat pulu, Bəhramın özünün verdiyi 500 manat pulu, axırıncı dəfə isə onun Rayanın xahişi ilə borc verdiyi 500 manatı da evə çıxarış almağı vəd edərək aldadıb almışdır. Həmçinin o X8 qəsəbəsində yerləşən evindən qızıl-zinət əşyalarını oğurlayaraq Vüqar adlı şəxsə girov qoyaraq pul aldığını, lakin pulları qaytarmadığı üçün Vüqarın da həmin qızılları satdığını öyrənmişdir. Fikrətin Rayanm evindən hansı məbləğdə və sayda qızıl-zinət əşyalarının oğurladığını bilməmişdir. Lakin qızıllar barədə onun Vüqarla telefon danışığı olmuş və Vüqar ona Fikrətin qızıllara görə aldığı pulu gətirmədiyinə görə qızılları satdığını bildirmişdir. Rayanın xahişi ilə qızılların qaytarılması barədə Fikrətlə də danışığı olmuş və sonuncu ona söz vermişdir ki, imkan tapan kimi Rayanın qızıllarının pulunu qaytaracaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9 ünvanında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Qələbə dairəsində tutularaq Binəqədi RPİ-yə gətirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə X3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə X1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü madəsindən həmin Məcəllənin 177.2.4 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 78.2.2-ci maddələri ilə təqsirli bilinib, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cərimə cəzası 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 78.2.2-ci maddələri ilə təqsirli bilinib, 5500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerinə yoxlanılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani göstərmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerinə yoxlanılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 23:20-də yaşadığı ünvanda saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.4 və 178.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 05 (beş) ayadək, yəni 10 iyul 2023-cü il tarixə kimi uzadılmışdır. 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, onun cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-in 177.2.4 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan,həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi,yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi,onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi. öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, CM-nin 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pulu ilk dəfə 2021-ci ilin may ayında və daha sonra 2021-ci ilin iyun ayının axırlarında alaraq zərərçəkmiş şəxslərə məxsus cəmi 2500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitamverilməlidir); CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Müdafiəçi X2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmiş. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar