Məhkəmə qərarları › İş №1(001)-591/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-591/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-591/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Laçın rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, Laçın rayonu, Zabux ərazi dairəsi, Qızılca kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup bir şəxs tərəfindən özgənin əmlakını talama məqsədi ilə tanışı X7 ilə əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, 09 aprel 2023-ci il tarixdə saat 20 radələrində sonuncu ilə birlikdə idarə etdiyi **-GO-*** dövlər qeydiyyat nişanlı “Mercedes-Benz” markalı minik avtomobili ilə ünvan 1 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən və cinayət planına uyğun olaraq, o, avtomobilində gözləmiş, Amid isə həmin ünvanda yerləşən "xxxx"MMC-yə məxsus saxlanc yeri hesab olunan mobil baza stansiyasının qida qurğusunun içərisinə qanunsuz daxil olaraq üzərində olan kəlbətindən istifadə etməklə 01 ədədənin qiyməti 340 manat olmaqla 4 ədəd “LEOC” markalı 150 amperlik akumlyatorları gizli olaraq taladıqdan sonra Amidlə birlikdə idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin daşıyıb baqaj və salonuna yükləyib gizli olaraq talamaqla zərəçəkmiş hüquqi şəxs "xxxx"MMC-yə ümumilkdə 1360 manat (min üç yüz altımış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Amid adlı şəxsi 1 ilə yaxın müddətdir ki tanımış, yanına gələrək bəzi şeylər demiş, onun dediklərini başa düşə bilməmiş, özü heç vaxt belə bir şey (oğurluq) etməmiş, özü dövlət işində işləmiş, işdən sonrada taksi fəaliyyəti ilə məşğul olmuş, Amid ona yanacaq pulunu verəcəyini bildirmiş, onu götürüb dediyi yerdə düşürməyi demiş, o da onunla razılaşmış, birlikdə Zərifə Əliyeva adına göz klinikasının yanına gedərək avtomobili saxlamış, özü avtomobildən düşməmiş, Amid düşərək 2-3 dəqiqə sonra geri qayıdaraq gətirdiklərini onun avtomobilinin arxa oturacağına qoymuş, Amid 3 dəfə gedib gələrək həmin əşyaları avtomobilə qoymuş, Amidi dediyi ünvanda, Pirəkəşkül qəsəbəsində düşürərək 20 manat yanacağın pulunu alıb getmiş, idarə etdiyi avtomobili akkumulyatorun olduğu yerdən təxminən 4 metr kənarda saxlamış, hadisə aprel ayında təxminən axşam üstü saat 7-8 radələrində baş vermiş, Amid sərbəst şəkildə içəriyə daxil olaraq qurğuları açıb avtomobilə qoymuş, ora getməmişdən əvvəl Amiddən nə məqsədlə getdiyini soruşmuş, Amidin ona hər şeyin onluq olduğunu bildirdiyi üçün ona heçnə deməmiş, ora gedərkən Amidin cibində rəngli bir əlcək olmuş, istintaqda ifadə verərkən ona fiziki, psixi təsir olmamış, həyəcandan və qorxudan ola bilsin ki, nəyisə düzgün ifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 05 aprel 2023-cü il tarixdə Amidin ona Binəqədi rayonu 9-cu mikrarayon Cavadxan 3 ünvanında "xxxx" MMCyə məxsus mobil baza stansiyasının qida qurğusunda 4 ədəd “LEOC” markalı 150 amperlik akkumulyatorlar olduğunu və həmin akkumulyatorları oğurlayaraq satıb pul əldə etməyi təklif etdiyini, Amidin təklifi ilə razılaşdığını, 09 aprel 2023-cü il tarixdə saat 20 radələrində Amidlə zəngələşərək görüşüb idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı “Mercedes C klas” markalı avtomobillə Binəqədi rayonu 9-cu mikrarayon Cavadxan 3 ünvanına gəldiklərini, birlikdə həmin ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının qida qurğusuna yaxınlaşaraq qurğunun bağlı olmayan, örtülü vəziyyətdə olan dəmir qapısını açıb içəri daxil olduqlarını, Amidlə köməkləşib özləri ilə gətirdikləri kəlbətinlə 4 ədəd “LEOC” markalı 150 amperlik akkumulyatorları qurğudan ayıraraq avtomobilə qoyaraq oradan uzaqlaşdıqlarını, həmin günü saat 22 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinə yaşadıqları ünvanın yaxınlığına gələrək orada zibillik adlanan ərazidə akkumulyatorları yandıraraq əridib divarın yanında gizlətdiklərini, 10 aprel 2023-cü il tarixdə saat 15 radələrində akkumulyatorları gizlətdikləri yerə getdiklərini, həmin əridilmiş akkumulyatorları biri orta yaşlı, digəri isə 40-50 yaşlarında metal alan şəxslərə satılması barədə 74 manata razılaşaraq satdıqlarını, əldə edilmiş pulu öz aralarında bölüşdürüb şəxsi ehtiyyaclarına xərclədiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir formada fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əmələ görə peşman olduğunu, himayəsində 2 azyaşlı övladı və yataq xəstəsi olan bacısının olduğunu, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, çalışdığı “Azərconnect" MMC mobil baza stansiyaların quraşdırılması və texniki xidmət göstərən şirkətdir. 09 aprel 2023-cü il tarixdə mobil baza stansiyasından 4 ədəd akkumulyatorun oğurlanması barədə məlumat gəldiyindən bu barədə ərazi üzrə polisə məlumat vermişdir. İstintaq dövründə “Azərconnect" MMC-yə dəymiş ziyan ödənilmişdir. Belə ki, “Azərconnect" MMC-yə 1360 manat ziyan dəymiş, lakin onlara 1000 manat ödənilmişdir. Cəmiyyət tərəfindən məbləğin geri qalan hissəsi güzəşt edilərək tələb edilməmişdir. Nümayəndəsi olduğu cəmiyyətin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Daha sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş ziyanın tam şəkildə ödənildiyi, onunla barışdıqlarını, şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, sonuncunun idarə etdiyi avtomobil də ona məxsus olmuşdur. Həmin avtomobil həyətdə olmuş, açarı da evdə olmuşdur. Oğlunun X19 övladına yük olmasını bildirmiş və gedib gətirməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da gəlib evdən özbaşına avtomobilin açarını götürmüş və Amid Adgözəlovla birlikdə getmişlər. Həmin yerdə oğlu avtomobildən özünün dediyi kimi avtomobildən düşməmişdir. X19 akkumulyatorları gətirərək avtomobilə qoymuşdur. Daha sonra şikayət olunmuş və övladı Təqsirləndirilən şəxs saxlanılmışdır. Övladının hadisədə iştirakını saxladıqdan sonra öyrənmişdir. Oğlu ona bildirmişdir ki, hadisədə günahsızdır, sadəcə yük daşımaq üçün dostu ilə getmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində ona məlum olmuşdur ki, oğlu Orxan, Amid adlı tanışı ilə birlikdə ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının qida qurğusundan 4 ədəd markasını bilmədiyi akkumlyatorları oğurlayıb ona məxsus “Mercedes C klas” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq həmin yerdən uzaqlaşmış, həmin günü akkumlyatorları Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinə yaşadıqları ünvanın yaxınlığına gələrək orada zibillik adlanan əraziyə aparıb orada yandıraraq əridib divarın yanında gizlətmiş və 10 aprel 2023-cü il tarixdə saat 15 radələrində akkumlyatorları gizlətdikləri yerə gedib orada yoldan keçən metal alan şəxslərə satmışlar. Bütün bunlar barədə oğlu Orxanın polislər tərəfindən tutulduqdan sonra məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif olunması haqqında qərardan görünür ki, X7 və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.3-maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X1 RPİ-nin İŞ-də CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Həsənov X13 RPİ-nin İŞ-də CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə həmin tarixdə saat 22:40-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rövşən Cavadovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, iş üzrə təqsirləndirilən şəxs X4 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rövşən Cavadovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tahir Rəcəblinin icraatına verilmiş, cinayət işi icraata qəbul edilmiş və iş üzrə icraat təzələnməklə istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə zərərçəkimiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınması qərara alınmışdır. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışlar, şikayət və tələbləri yoxdur. Cinayət işinə əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 2 fayl var. 1-ci fayl 38 saniyədən ibarətdir. Görüntüdə müxtəlif avtomobillərin hərəkət etdiyi görünür. Həmin fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmişdir. 2-ci fayl 04 dəqiqə 35 saniyədən ibarətdir. Görüntünün 35-ci saniyəsində saat 19:52-də gümüşü rəngli “Mersedes” markalı avtomobilin oğurluq olmuş əraziyə daxil olduğu, 04 dəqiqə 21-ci saniyədə saat 20:02-də isə həmin avtomobilin oradan çıxması müəyyən edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdəki avtomobil atasına məxsus “Mersedes” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildir, 09 aprel 2023-cü il tarixdə tanışı X7 ilə birlikdə atasına məxsus həmin avtomobillə məlum oğurluq hadisəsini törədən zaman qeydə alınmışdır. 21 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. 21 iyul 2023-cü il tarixli ”Cinayət işini materiallarından digər cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü baddələri ilə ibtidai istintaq aparılan ********* nömrəli cinayət işinin materiallarından X5nun barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. AZ-İİ 095452 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, Təqsirləndirilən şəxs və X16 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. AZ-İİİ 929281 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, Təqsirləndirilən şəxs və X10 xx.xx.2017-ci il təvəllüdlü X15 adlı övladları var. AZ-İV 507330 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, Təqsirləndirilən şəxs və X10 xx.xx.2020-ci il təvəllüdlü X17 adlı övladları var. AA5256259 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X15 adlı və xx.xx.2020-ci il təvəllüdlü X17 adlı 2 azyaşlı övladı vardır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış “İş yerinə dair arayışdan” görünür ki, Təqsirləndirilən şəxs “4-li X9” MMC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləyir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə isə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsində qismən təqsirli bilməsi, edilmiş oğlurluq hadisəsindən məlumatının olmaması, onun yalnız 20 manat müqabilində taksi sürücüsü kimi oğlurlanmış akkumulyatorların götürülməsi üçün getməsi, oğlurlanmış həmin əşyaların satılmasından hər hansı vəsaitin ona çatmaması, oğurluq hadisəsindən məlumatının olmaması məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Məhkəmə hesab edir ki, onun ibtidai istintaq zamanı həyəcandan və qorxudan nəyisə düzgün ifadə etməməsi barədə bildirdikləri həqiqəti əks etdirmir. O, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs atasına məxsus “Mersedes” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə oğurluq edilən əraziyə gəlməsi öz təsdiqini tapır. X2 tərəfindən "xxxx" MMC-yə məxsus akkumulyatorların oğurluq yolu ilə götürülməsindən məlumatlı olmaması isə iş üzrə tədqiq edilmiş sübutlarla təkzib edilir. Bundan başqa o, məhkəmədə son sözündə törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini daha mötəbər hesab edir, məhkəmə iclasında verdiyi ifadəsini isə özünü müdafiə xarakterli hesab edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2017-ci il təvəllüdlü X15, xx.xx.2020-ci il təvəllüdlü X17 adlı azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zəzərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin, 59.2-ci maddəsinə əsasən “4 nömrəli X6” MMC-də çilingər vəzifəsində çalışmasını və iş yerinin olmasını, ailəli olmasını, bacısısı Ağakişiyeva (Həsənova) Arzu Malik qızının birinci dərəcəli əlil olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddələrinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə, saat 22:40-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 10:10dan 10:45-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, xx.xx.2023-cü il tarixdə tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qərar sonuncuya elan edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X18 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddələrində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar