Məhkəmə qərarları › İş №1(001)-592/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-592/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-592/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 19 fevral 2024-cü il tarixdə, saat 11 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı AC 554836 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, X12 məxsus “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Binəqədi rayonu, ibrahimpaşa Dadaşov küçəsində yerləşən 71 nömrəli evin qarşısında arxa istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni arxaya hərəkət etməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına, arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdırdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli və lazım gəldikdə isə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə arxaya doğru hərəkət edərkən onunla eyni istiqamətdə hərəkətdə olan piyada X7 vurub üzərindən keçməklə, sonuncuya baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızıma ilə müşayiət olunan sol təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən ll-V qabırğaların sınıqları, sağ ağciyərə qansızıma ilə müşayiət olunan sağ tərəfdən ll-İV qabırğaların sınıqları, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ və sol gözaltı nahiyələrinin qançır şişkinlikləri, sağ və sol qaş nahiyələrinin, burun belinin, sağ almacıq sümüyü nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodaq nahiyəsinin, döş qəfəsinin, sağ baldır nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 19 fevral 2024-cü il tarixdə saat 10 radələrində tanışı Ülvi ilə birlikdə su sifarişini çatdırmaq üçün “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsndəki 71 nömrəli evin qarşısına getmiş, həmin vaxtı əlində sellofan torda olan, sonradan adının Məryəm olduğunu bildiyi qadının keçdiyini görüb, sonuncuya yol vermişdir. Məryəm keçdikdən sonra o, avtomobili binanın girişinin qarşısına sürmək üçün sükanı döndərib, avtomobili binanın qabağındakı yolla arxaya hərəkət etməyə başlamışdır. Yaşayış sahəsi olduğu üçün həmin vaxt avtomobılii 5-10 km/saat sürətlə hərəkət etdirmiş və avtomobilin yan güzgüləri ilə arxaya baxıb, yolun boş olduğunu görüb arxaya hərəkətinə davam etmişdir. Təxminən 8-10 metr məsafə qət etdikdən sonra Məryəm xanımı avtomobillə vurmuşdur, tappıltı səsi eşitmişdir, lakin avtomobil tam yüklü olmadığına görə həmin səsin avtomobilin yük yerindəki su qabının aşması səsi olduğunu düşünüb hərəkətinə davam etmişdir. Avtomobilindən düşüb vəziyyəti gördükdən sonra Məryəm xanıma ilkin yardım göstərmiş, həmçinin DİN 102 xidmətinə və X18 hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxsin ailəsi ilə barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələb yoxdur. Təqsirləndirilən şəxs son sözündən evli olmasını və himayəsində övladının olmasını, ailəsinə onun baxmasını bildirməklə məhkəmədən sürücülük hüququnun məhdudlaşdırılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. X3 onun anasıdır. 19 fevral 2024-cü il tarixdə günorta saatlarında o, iş yerində olduğu vaxt hazırda xatırlamadığı mobil telefon nömrəsindən tanımadığı polis əməkdaşı ona zəng edib anası Məryəmin yaşadıqları binanın həyətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünə görə meyitxanaya aparılması barədə məlumat vermişdir. O, hadisənin şahidi olmamış sadəcə video-görüntüləri ona göstərmişlər. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 19 fevral 2024-cü il tarixdə saat 10 radələrində su sifarişini çatdırmaq üçün “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsndəki 71 nömrəli evin qarşısına getmişlər. Avtomobili Təqsirləndirilən şəxs idarə edirdi. Təqsirləndirilən şəxs avtomobili arxaya doğru sürən zaman X7 vurmuşdur, həmin zaman o telefonla məşğul olmuş, başı telefonfa qarışdığı üçün hadisəni görməmişdir. Hadisə vaxtı səs eşitmişdir, lakin həmin səsin avtomobildə olan balonların səsi olmasını güman etmişdir. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs dərhal təcili tibbi yardım xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla bağlı CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanının qarşısındakı həyətdə nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda baş vermişdir, yolda hər hansı üfüqi və yaxud şaquli yol nişanları mövcud olmamışdır. xx.xx.2024-cü il tarixli, 2/9242 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs və onun hüquqi varisi qismində tanıma haqqında” qərardan görünür ki, X13 ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. X8 X1 hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 xx.xx.2024-cü il tarixli, 57 nömrəli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə müşayiət olunan sol təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən ll-V qabırğaların sınıqları, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən ll-V qabırğaların sınıqları, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ və sol gözaltı nahiyələrinin, burun belinin, sağ almacıq sümüyü nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodaq nahiyəsinin, döş qəfəsinin, sağ baldır nahiyəsinin sıyrıqları həyati olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb- sol təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X6 ölümü onun meyitinin meyitxana müayinəsi başlanandan (xx.xx.2024-cü il saat 14:00-dan) təxminən 2- 4 saat əvvəl baş vermişdir. X2 meyitində aşkar edilmiş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. X6 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43773/2024 nömrəli məktubundan görünür ki. xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028- ci il tarixədək etibarlı olan) AC 554836 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Ford-Transit” markalı, 99- OB-162 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 -ci il tarixdən X11 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023- cü il tarixdən xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, “DVD” formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 1 ədəd video fayl var. Həmin faylda olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 71 nömrəli evin qarşısında qeydə alınmışdır. Həmin videogörüntüdə ağ rəngli “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa istiqamətdə hərəkətdə olarkən arxasında eyni istiqamətdə hərəkətdə olan piyada qadını vurduqdan sonra həmin qadının üzü üstə yerə yıxılaraq avtomobilin altına düşməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdəki həmin yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmiş və həmin vaxtı avtomobilin arxasında piyada hərəkətdə olan, sonradan adının X13 olduğunu bildiyi qadını ehtiyatsızlıqdan vurmuş, həmin qadın da avtomobilin altında qalaraq hadisə yerində ölmüşdür. Həmin DVD diskə Binəqədi rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqda “HP” markalı kompyuter vasitəsilə baxış keçirilmiş, qeyd edilən DVD formatlı bir ədəd kompakt disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 8/3106 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli, 8/2106 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. X12 məxsus “Ford Transit” markalı 90OB162 dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerindən götürülmüş videogörüntü olan 01 ədəd DVD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olunduqdan sonra avtomobilin saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi qərara alınmış, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncu tərəfindən vurulmuş ziyan ödənişmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini, hadisədən dərhal sonra təcili tibbi yardım xidmətinə və polisə məlumat verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.12-ci maddəsində isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi göstərilmişdir. Hazırkı halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından, onun əməlində ağırlaşdırıcı hallar olmadığından ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının aşağı həddi iki il, yuxarı həddi isə dörd il altı aydan artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərəçəkmiş şəxsin hüquqi varisinin onun həbs olunmamasını istəməsini, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 1 (bir) il, 6 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Tranzit” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar