Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-596/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi ev 58 mənzil 32də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda ƏN-nin PX-nin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,414 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:30-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 14-cü sıranın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş, orada saat 16:05-də bölmədə xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli siqaret kağıza bükülmüş halda təmiz çəkisi 0,414 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq təsdiq etdiyini, əlavə nəsə demək istəmədiyini bildirmişdir İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikasıın CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, əvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 178.3.2-ci maddələri ilə məhkum olunduğunu, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, 10 iyun 2023-cü il tarixdə saat 14:00-da narkotik vasitə almaq üçün Nəsimi rayonu Papanin kimi tanınan əraziyə getdiyini, orada tanımadığı şəxsdən şəxsi istifadə üçün 30 manata “kakos” adlanan narkotik vasitə heroini aldığını, geri qayıdan zaman Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 14-cü sıranın qarşısında tanışı – X5 ilə görüşmüşdüyünü, həmin şəxsin də narkotik vasitələrdən istifadə etməsini bidiyini, 1-2 dəqiqə sonra, həmin məkanda olan zaman 4 nəfər mülki geyimli olan şəxslərin onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdiklərini, onun və Vüsalın narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirdiklərini, buna görə 7-ci PB-nə dəvət edildiklərini, bölmədə onu və Vüsal Cavadovu ayırdıqlarını, üzərinə keçirilmiş baxış zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən qara rəngli siqaret kağızına bükülmüş bükümü, sağ yan cibindən isə istifadə etdiyi köhnə və yarım-yararsız vəziyyətdə olan “VİAAN” markalı sadə telefonu ( mob: ***-***-**-**) masanın üzərinə qoyduğunu, həmin bükümdəki maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin olmasını bildirdiyini, təhqiqatçı tərəfindən həmin bükümün qadlaşdırılaraq tədbir işitrakçıları tərəfindən ardıcıl olaraq imzalandığını bildirmişdir. Məhkəmədən, aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 7-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılmasında o və digər polis əməkdaşı Şahid2 iştirak etmişdir. Həmin şəxsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində saxlamışlar. Daha sonra onu bölməyə dəvət etmişlər. X12 artıq könüllü şəkildə siqaret kağızına bükülmüş bir büküm narkotik vasitəni təqdim edərək, həmin bükümdə “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, narkotik vasitəni “Papanin” adlanan yerdən aldığını bildirmişdir. Fuad Cabbarov saxlanılan zaman yanında tanışı Cavadov Vüsal olmuşdur. Cavadov Vüsalın da üzərindən narkotik vasitə aşkar olunmuş, sonuncu da cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin cinayəti törətməkdə birgə iştirakçılıqları olmamış, sadəcə tanış olmuşlar. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 7-cı PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Fuad adlı şəxs tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılmasına və daşınmasına əsaslı şübhələr mövcud olduğu göstərilmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılaraq 7-ci polis bölməsinə dəvət etmişlər. Video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilən zaman üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v 4-5) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da şübhəli şəxs kimi saxlanılaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə gətirilmiş, həmin tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v 17-18) xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olubolmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü, sağ cibindən isə “VİAAN” markalı üzərində ***-***-**-** nömrəsi olan sadə mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, sonuncudan aşkar edilən bükümün açılması tələb edilmiş, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olması aşkar edilmişdir. Həmin bükümün içərisində olan maddələrin “Kakos” adlanan narkotik vasitə olan heroin olmasını bildirmişdir. (i.v 30-31) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. (i.v 37) xx.xx.2023-cü il tarixli, 6/3296 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs: imza,...iştirak edən: üç imza...” yazı əlavə qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,414 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. (i.v 38-39) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 54-55) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v 77-81) AZ-İİİ 085547 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X3 xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladı var. (i.v 90) AZ-İİ 059346 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X3 xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladı var. (i.v 91) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və 21 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. (i.v 93-95) Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-90/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 ( iki ) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. (i.v 122-129) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-278/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Həsən oğluna Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il, 5 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 17.010.2023-cü il tarixli 3-16-17/20/2-3478/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağa oğlu xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının 18 iyul 2023-cü il tarixli, 4549 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v 130-131) xx.xx.2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,414 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonra 0,364 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v 136-143) xx.xx.2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd disk CD disk maddi sübut kimi tanınmışdır. (i.v 136-143) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-940/2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi, törətdiyi əməli səmimi etiraf etməsi və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzası yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-90/2021 saylı hökmü ilə CM-nin 234.1 ilə təqsirli bilinərək qəti olaraq 02 ( iki ) il 05 (beş) ay 29 ( iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-278/2023 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il, 5 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Görünüdyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-cü il tarixdə azad edildikdən sonra iki il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30-da şübhəli şəxs kimi saxlanılmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, daha sonra həbsdə saxlama müddətləri uzadılmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hazırkı tarixədək həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn əməlində residiv müəyyən edildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,364 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,364 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-596/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-596/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver