Məhkəmə qərarları › İş №1(001)-599/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-599/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-599/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, İİ Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 may 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,332 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd gümüşü rəngli kağıza bükümdə əldə edərək əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 05 may 2024-cü ildə, saat 14:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 15:55-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,332 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdən sonra keçirdiyi psixoloji sarsıntı nəticəsində başında ağrılar olur. Digər dərman vasitələrilə həmin ağrıları kəsmək mümkün olmadığından psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda “Pasyolka” deyilən ərazidə olarkən bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxslə söhbət zamanı onun psixotrop maddə istifadəçisi olmaqla yanaşı satışı ilə də məşğul olduğu məlum olmuş, ondan 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli kağız bükümdə içərisində psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü ildə saat 14:00-da yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi,C.Cabbarlı küçəsi ev 25 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan Binəqədi RPİ-in 4-cü polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək 4-cü polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə 4-cü polis şöbəsinə gəlmiş, polis şöbəsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, psixotrop maddələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etmək təklif olunmuş, şəxsi istifadəsi üçün əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd gümüşü rəngli kağıza bükümüş psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyduqdan sonra üzərinə şəxsi axtarış keçirilsə də, qanunsuz başqa heç bir şey aşkar olunmamiş, şifahi sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonunda “Pasyolka” deyilən ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin tərəzidə çəkildikdə çəkisinin 0,46 qram olması məlum olmuş, bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamış, habelə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə və psixotrop maddələrdən yalnız özünün şəxsi istehlakı üçün istifadə etmişdir. Əməlindən peşmandır. İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, döyüşlərdə fərqləndiyinə görə bir neçə medalla təltif olunmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 4-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsini daşıyır. xx.xx.2024-cü ildə işlədiyi 4-cü PŞ-yə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin xx.xx.2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş və PŞin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 14:00-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ev 25 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq işlədiyi bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, ona üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxslə aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonunda “Pasyolka” deyilən ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəm üçün əldə edərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə elektron tərəzidə çəkildikdə çəkisinin 0,46 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzə maddə olduğu məlum olmuş, aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 173 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, qeid olunanlar barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 4-cü PŞ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 15:55-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.30-31). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2508 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksləri olan, “..Təqsirləndirilən şəxs “imza”...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd rəngli kağız bükümdə təmiz çəkisi 0,332 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,282 qram (cild 1, i.v.39-41). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 55-56). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 78-80). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,332 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,282 saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 89-90). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.107-108). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.115). Cinayət işinin materiallarına əlavə edilmiş № İ-8037 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş № İ-19025 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in CM-in 59.2-ci maddəsinə əsaslanmaqla İİ Qarabağ Müharibəsinin iştirakçısı olmasını,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3071 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar