Məhkəmə qərarları › İş №1(001)-600/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-600/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-600/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində naməlum ünvanda “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18 iyul 2022-ci il tarixli, 712 nömrəli daxili lizinq müqaviləsi əsasında əldə etdiyi “Toyota Prius” minik markalı, 77PZ506 dövlət qeydiyyat nişanlı avtomobilə dair həmin lizinq şirkətinin direktoru Şahid1 tərəfindən ona verilmiş, avtomobili idarə etmək hüququ verən, rəsmi sənəd hesab olunan etibarnamədə öz ad, soyad və ata adı qeyd edilmiş, eləcə də, nömrə və tarix göstərilmiş hissələri kompüterdə qrafik proqram təminatından istifadə etməklə dəyişdirib, qohumu Şahid2 ad, soyad və ata adını, tarix və nömrə hissəsində isə müvafiq olaraq “27 aprel 2023-cü il” və “E13939/23” yazılarını qeyd etməklə axınlı printerdən çap edib hüquq verən rəsmi sənəd hesab olunan etibarnaməni tamah niyyəti ilə istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və saxta etibarnamə əsasında qeyd edilən avtomobili idarə etməklə taksi fəaliyyəti göstərib qazanc əldə edərək ona aylıq lizinq ödənişlərinin ödənilməsində kömək etməsi üçün həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində Şahid2 satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ili iyul ayında ona pul lazım olduğu üçün özünə məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq lizinq müqaviləsi əsasında pul götürməyi düşünmüşdür. Buna görə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “X4” şirkətinə müraciət etmiş və oradan lizinq müqaviləsi əsasında 9100 manat pul götürmüşdür. Həmin götürdüyü pula görə ödəniş cədvəli açılmış və həmin cədvəl əsasında aylıq 377 manat pul ödəmişdir. Hər ay ödənişlərini etdikcə şirkət tərəfindən ona bir ay müddətinə etibarnamə verilmişdir. Lizinq müqaviləsi əsasında avtomobil lizinq şirkətinin mülkiyyətinə keçirilmiş və buna görə də avtomobili idarə etmək üçün etibarnamə almaq zəruri olmuşdur. Sonradan ödənişlərlə bağlı maddi çətinliyi olduğu üçün düşünmüşdür ki, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün əmisi oğlu Şahid2 da versin. Azad da avtomobillə taksi kimi fəaliyyət göstərib aylıq ödənişlərinə köməklik etsin. Onlar bu barədə Azadla danışıb razılaşmışlar. O bunun üçün lizinq şirkətinin əməkdaşlarına müraciət etmiş, lakin şirkətdən buna razılıq verilməmiş, üçüncü bir şəxsə etibarnamə verə bilməyəcəklərini bildirmişlər. O da buna görə düşünmüşdür ki, əgər bu cürdürsə həmin etibarnaməni saxtalaşdırıb əmisi oğlu Azada versin. O, Azada bu barədə heç bir söz deməmişdir. 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən internet kluba getmişdir. Orada ona verilmiş etibarnamənin üzərində olan məlumatları skan üsulu ilə kompüterə köçürmüş və daha sonra proqrram vasitəsilə etibarnamədə olan öz adını silib əvəzinə əmisi oğlu Şahid2 adını yazmışdır. Bundan sonra etibarnaməni printer vasitəsi ilə çap etmişdir. Həmin gün Xocahəsən qəsəbəsində əmisi oğlu ilə görüşüb saxtalaşdırdığı həmin etibarnaməni ona vermiş, etibarnaməni lizinq şirkətindən aldığını demişdir. Bundan sonra əmisi oğlu Şahid2 da avtomobili taksi kimi idarə etməyə başlamışdır. 09 iyun 2023-cü il tarixdə əmisi oğlu ona zəng edərək bildirmişdir ki,avtomobili DYP əməkdaşları saxlayıb sənədləri yoxlanan zaman müəyyən etmişlər ki, verilmiş etibarnamə saxtadır. Buna görə də avtomobil duracağa aparılmalıdır. Bundan sonra Azada etiraf etmişdir ki, həmin etibarnamə saxtadır, onu özü çap üsulu ilə saxtalaşdırmışdır. Əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, işsiz qaldığına görə əmisi oğlu Turaldan xahiş etmişdir ki, taksi fəaliyyəti göstərdiyi avtomobili idarə etmədiyi vaxtlarda ona versin ki, o da işləyib qazanc əldə edə bilsin. Tural avtomobilin aylıq ödənişlərində köməklik etməsi şərti ilə avtomobili ona verə biləcəyini demiş, əmisi oğlu ilə razılaşmışdır. Bundan sonra, yəni 2023-cü ilin aprel ayının sonunda Tural ona “Toyota Prius” minik markalı 77PZ506 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermiş, həmin etibarnaməni onun adına lizinq şirkətindən aldığını bildirmişdir. O da 2023-cü ilin may ayında həmin etibarnamə əsasında “Toyota Prius” markalı 77PZ506 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamışdır. 09 iyun 2023-cü ildə Ramana qəsəbəsi ərazisində olduğu zaman YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlamış, sənədlərini yoxlamışdır. Sonradan YPX əməkdaşı etibarnamə verən lizinq şirkəti ilə əlaqə saxlayaraq həmin etibarnamənin verilib-verilmədiyini soruşmuş və məlum olmuşdur ki, lizinq şirkəti tərəfindən onun adına etibarnamə verilməmişdir. Buna görə avtomobil duracağa aparılmışdır. Bu barədə əmisi oğlu Təqsirləndirilən şəxs məlumat vermişdir. Əmisi oğlu isə ona etiraf etmişdir ki, həmin etibarnaməni o özü saxtalaşdırıb və çap edərək ona vermişdir. Onun isə bundan xəbəri olmamışdır. Məlumatı olsa idi həmin avtomobili idarə etməzdi və saxta sənəddən istifadə etməzdi. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “X5” MMC-in direktoru və təsisçilərindən biridir. Şirkət avtomobillərin lizinq müqaviləsi ilə alınması ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 18 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs “X5” MMC-yə avtomobilini girov qoyaraq lizinq müqaviləsi əsasında 6500 manat pul əldə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil “Toyota Prius” markalı 77PZ506 dövlət qeydiyyat nişanlı avtomobildir. Lizinq müqaviləsinə əsasən avtomobil şirkətin adına keçirilir və əldə olunmuş pul aylıq hissələrə bölünür. Hər ay ödəniş edildikdə avtomobili idarə etmək üçün etibarnamə verilir. 2023-cü ilin fevral ayında Tural şirkətə müraciət etmişdir ki, ondan başqa bir nəfər şəxsə də etibarnamə verilsin. Lakin şirkət ona izah etmişdir ki, müqavilənin şərtlərinə əsasən avtomobili idarə etmək üçün üçüncü şəxsə etibarnamə verilmir. Bundan sonra da ödənişlər olunduqca ancaq Turala etibarnamə verilmişdir. Həmin avtomobilə dair şirkət tərəfindən başqa bir şəxsə etibarnamə verilməmişdir. 09 iyun 2023-cü il tarixdə X3 əməkdaşı şirkətlə əlaqə saxlayaraq **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün sürücü Şahid2 etibarnamə verilib-verilməməsilə maraqlanmışdır. Şirkətdən isə araşdırılıb məlumat veriləcəyi deyilmişdir. Araşdırılaraq həmin avtomobilə dair Şahid2 adlı şəxsə etibarnamə verilmədiyi müəyyənləşmiş və şirkətə zəng edən əməkdaşa etibarnamə verilmədiyi bildirilmişdir. Bundan sonra avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Avtomobil şirkətin xüsusi mülkiyyətində olduğu üçün avtomobili dayanacaqdan çıxarmışlar və şirkətin dayanacağına gətirmişlər. Həmçinin YPXin əməkdaşı tərəfindən onlara saxtalaşdırılmış etibarnamə də verilmişdir. O etibarnaməyə baxmış və görmüşdür ki, etibarnamə çap üsulu ilə çıxarılmışdır. Üzərində olan imza birbaşa icra edilməmişdir. Şirkət tərəfindən verilən etibarnamələri ancaq o imza edir. Bəzi hallarda isə etibarnamələri onun əvəzinə müavini icra edir. Buna o icazə vermişdir. Həmçinin etibarnamənin alt hissəsində mühasibin də imzası olur. İmzalar hər biri birbaşa imza olunur, yəni çap üsulu ilə olmur. Lakin təqdim edilən etibarnamədə imza və möhür skan vasitəsi ilə kompüterə köçürülmüş sonradan çap edilmişdir. Etibarnamənin saxta olduğunu görüb, bu barədə ərizə ilə polis idarəsinə müraciət etmişdir. Həmçinin araşdırma üçün həmin saxta etibarnaməni də təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 320.1-ci və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə sənədlərin texniki ekspertizasının 06 iyul 2023-cü il tarixli 5/930 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid2 adına 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli etibarnamə axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş Şahid2 adına 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli etibarnamənin üzərindəki möhür əksi birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş Şahid2 adına 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli etibarnamənin üzərindəki imzalar birbaşa qələmlə icra edilməyib, axınlı prinetrdə çap edilmişdir (cild 1, i.v 17-21). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 46). Sübutların qiymətləndirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət təqibinə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsilə xitam verilmiş, Şahid2 adına 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli etibarnamə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 47-51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59-60). Qətimkan tədbiri seçilməsi barədə 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 75-76). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs elektron məhkəmə sistemində olan qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2015-ci il təvəllüdlü Ayxan adlı uşaqları var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşaqlar olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla öz əməlinə mənfi münasibətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza növü ilə bağlı qeyd edir ki, o böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə təqsirləndirilir, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şahid2 adına 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli etibarnamə cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 27 aprel 2023-cü il tarixli E13939/23 nömrəli bir ədəd etibarnamə cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlina Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar