Məhkəmə qərarları › İş №1(001)-600/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-600/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-600/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,346 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd gümüşü rəngli kağıza bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 05 may 2024-cü il tarixdə, saat 05:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu döngə 12 -də qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 07:05-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,346 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Az müddət idi ki, narkotik vasitələrdən istifadə edirdi. 04 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşımışdır. 05 may 2024-cü il tarixdə saat 05:10-da Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, DSK yolunda, qəbirstanlığın yaxınlığında Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq elə həmin bölməyə aparılmışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur, bölmədə olan zaman üzərinə şəxsi axtarış keçirilən zaman özü üstündə olan narkotik vasitəni çıxarıb təhvil vermişdir. Polis əməkdaşları tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində olan zaman ona hər hansı bir təzyiq olmamışdır. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, etdiyi əməlindən peşmandır. Atası dünyasını dəyişmiş, himayəsində anası, az yaşlı övladı və həyat yoldaşı vardır. Halhazırda yeni işə düzəlmiş, artıq o cür işlərdən uzaqdır. Göstərilənlərə əsasən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in polis sahə rəisi, polis mayoru Şahid2 Qüdrət oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 05 may 2024-cü ildə işlədiyi Binəqədi RPİnin 6-cı PB-nə Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə əməliyyat tədbiri həyata keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 05 may 2024-cü il tarixdə saat 05:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu döngə 12-də qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq 6-cı Polis Bölməsinə aparılmışdır. Bölmədə təhqiqatçı tərəfindən şəxsi-axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti video çəkiliş aparılmaqla baş tutmuşdur və həmin zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini təhvil vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 Qüdrət oğlunun ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il, saat 05:10-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0,44 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİNin 175 nömrəli möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2497 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 175...” dairəvi möhür əksi və “Ş.Ş.Babayev-imza, CA. Əliyeva-imza, S.İ.Salahov-imza, KTQ Bəylərbəyov-imza, Təh. T.Osmanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi – 0,346 qram açıq qəhvəyi rəngli toz şəkilli madə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,346 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,296 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru X6 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülmüş, içərisində açıq qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və 0,44 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və DİN-in 175 nömrəli möhürü ilə möhürlənib zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 1 ədəd bükümdə 0,346 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,296 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmışlar. 0,296 qram narkotik vasitə heroin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli, 5396 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən və Kannabinoidlərin istifadə etmə halları olub. Lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin çəkisi 0,346 qram hesab edilmişdir. “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərar sübut növü hesab edilmiş və iş üzrə nəzərə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-cü təvəllüdlü X3 və xx.xx.2018-ci təvəllüdlü X4 adında azyaşlı övladları var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-in 59.2-ci maddəsi), himayəsində az yaşlı övladının olmasını (CM-in 59.1.4-cü maddəsi) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) ildir və şəxsin barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt Şosesi döngə 1-də yerləşən yaşayış yerini gecə saat 00:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 05:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 06:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 18:30-dan saat 20:00-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə 10:00-dan saat 11:30-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməyərək Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,296 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. xx.xx.2024-cü il tarixli, 5396 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyi ilə təqsdirləndirilən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamış, lakin sonuncunun ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnım şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt Şosesi döngə 1-də yerləşən yaşayış yerini gecə saat 00:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,296 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar