Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-603/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 21 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, “Avanqard” avtoservisdə rəngsaz işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində yerləşən «Avanqard» avtoservisdə rəngsaz işləyərkən tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun sahibliyində olmaqla ABŞ-dan gətirdiyi 2018-ci il buraxılışlı “Honda İnsight (Hibrid) minik” markalı **-HB-*** qeydiyyat nişanlı avtomobilin hissələrini yeni ehtiyat hissələri ilə dəyişərək təmir edəcəyini yalandan vəd verib aldadaraq, bu məqsədlə avtomobilə yeni ehtiyat hissələri almaq üçün Zərərçəkmiş şəxs 06 avqust 2022ci ildə bank kartına göndərdiyi 170 manat, 09 avqust 2022-ci ildə 88 manat, 23 avqust 2022-ci ildə 1700 manat, 02 sentyabr 2022-ci ildə 200 manat və 300 manat, 09 sentyabr 2022-ci ildə 800 manat, 14 sentyabr 2022-ci ildə 500 manat, 12 noyabr 2022-ci ildə 160 manat pulu, habelə 2022-ci ilin noyabr ayının əvvəllərində işlədiyi «Avanqard» avtoservisdə şəxsən verdiyi 780 manat nağd pulu, cəmi 4698 manat pulunu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayının sonlarında həmin avtomobilin 3000 manat dəyərində 4 ədəd qapısını, 1500 manat dəyərində arxa baqaj hissəsini, 1000 manat dəyərində arxa bamperini, 1000 manat dəyərində arxa fara işıqlarını, 1000 manat dəyərində alt katalizatorunu, 1500 manat dəyərində qabaq torpedosunu, 2500 manat dəyərində ön təhlükəsizlik yastıqlarını, 1500 manat dəyərində iki ədəd təkərini, 2000 manat dəyərində salon oturacaqlarını, cəmi 15000 manat dəyərində ehtiyat hissələrini işlədiyi avtoservisdə söküb sataraq zərər çəkmiş şəxs F.Qəhrəmanoviçə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 19698 (on doqquz min altı yüz doxsan səkkiz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu S.Axundov küçəsində yerləşən «Avanqard» avtoservisdə rəngsaz işləyir. Fariz adlı şəxsi təxminən 1 il olar ki, tanıyır. Belə ki, Farizin atası Qəhrəmana məxsus avtomobili təmir edib təhvil verərək pulunu almışdır. Fariz 2022-ci ilin avqust ayında ona zəng vuraraq demişdir ki, **- HB-*** qeydiyyat nişanlı Honda markalı avtomobili ABŞ-dan özünə ucuz qiymətə gətizdirir. Avtomobili gətirməkdə məqsədi nisbətən baha satıb qazanc əldə etməkdir. Fariz demişdir ki, avtomobilin bəzi detallarını dəyişmək lazımdır, belə ki, bəzi detallar yararsız və köhnə vəziyyətdədirlər. Buna görə də avtomobilin təmirə ehtiyacı olduğunu ona demişdir. Farizə demişdir ki, narahat olmasın, maşını gətirsin, maşını yığdırıb düzəldərək ona təhvil verəcəkdir. İlk öncə maşının şəklini telefonda ona atmasını demişdir ki, maşına baxsın və hansı təzə detallar lazımdırsa özü gətizdirəcək. Fariz işlədiyi servisə gələrək demişdir ki, avtomobil artıq ABŞ-dan dəniz yolu ilə gəlir. Mobil telefonda olan həmin avtomobilin şəklinə, vinkod məlumatlarına baxmışdır. Farizə demişdir ki, maşın Azərbaycana gələnə kimi onun ehtiyat hissələrini sifariş edib gətizdirəcək, avtomobili saz vəziyyətə gətirmək üçün bir kapot, iki qanad, qabaq bufer, iki fara, sükanın təhlükəsizlik yastığı lazımdır. Həmin xərclər təxminən 5000 manata yaxındır. Özünün usta pulu da həmin məbləğə daxil imiş. Farizə demişdir ki, həmin maşına müştəri tapılmasında da ona kömək edəcəkdir. Fariz ona demişdir ki, pulu nağd və kartına köçürmə yolu ilə göndərəcəkdir. Beləliklə Farizlə razılaşmışlar. Fariz avtomobili 2022-ci ilin sentyabrın 2-də gətirib işlədiyi avtoservisə qoymuşdur. Farizə demişdir ki, avtomobili 2022-ci ilin oktyabr ayının sonuna kimi tam hazır vaziyyatdə ona təhvil verəcəkdir. İlk olaraq 06 avqust 2022-ci ildə Farizə göndərdiyi kart nömrəsinə Fariz 170 manat pul atmışdır. Daha sonra 09 avqust 2022-ci ildə 88 manat, 23 avqust 2022-ci ildə 1700 manat, 02 sentyabr 2022-ci ildə 200 manat və 300 manat, 09 sentyabr 2022-ci ildə 800 manat, 14 sentyabr 2022-ci ildə 500 manat, 12 noyabr 2022-ci ildə 160 manat pul göndərmişdir. Sonuncu 780 manat pulu 2022-ci ilin noyabr ayının əvvəllərində Fariz ona işlədiyi həmin avtoservisdə vermişdir. Ümumilikdə 4698 manat pulu Fariz ona vermişdir. Oktyabr ayının əvvəllərində Farizə demişdir ki, Rafız adlı şəxs var, maşını almaq istəyir. O, Rafız və Fariz Narimanov metrosunun yaxınlığında çayxanada görüşmüşlər. Fariz Rafızla özləri danışmış və maşını tam təmir edəndən sonra 32000 manata maşını alacağına Rafız razılaşmış, Farizə 500 manat beh vermişdir. Sonradan şəxsi problemləri ilə bağlı Farizin ona kartla göndərdiyi və nağd verdiyi bütün pulları xərcləmiş, əlavə pula ehtiyacı olduğundan Farizin ona etibar etdiyi həmin avtomobilin detallarını hissə-hissə söküb ayrı-ayrı şəxslərə satmışdır. Əməlindən peşmandır, vurduğu maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nurlan adlı şəxsi təxminən 1 il olar ki, tanıyır. O, S.S.Axundov küçəsində yerləşən «Avanqard» avtosevisdə rəngsaz işləyir. Nurlan atası Qəhrəmana məxsus avtomobili təxminən 1 il əvvəl təmir etmişdir. 2022-ci ilin avqust ayında **-HB-*** qeydiyyat nişanlı Honda markalı avtomobili ABŞ-dan gətizdirmişdir. Avtomobili gətirməkdə məqsədi o imiş ki, nisbətən baha satıb qazanc əldə etsin. Lakin satmamışdan əvvəl avtomobilin bəzi detallarını dəyişmək lazım imiş, belə ki, bəzi detallar yararsız və köhnə vəziyyətdə imişlər. Buna görə də avtomobilin təmirə ehtiyacı olmuşdur. Avtomobili gətirməmişdən əvvəl Nurlana zəng vuraraq avtomobil gətirməyini və təmir edib satmaq istəyini ona bildirmişdir. Nurlan demişdir ki, narahat olma, maşını gətir, maşını yığdırıb düzəldib ona təhvil verəcək və o maşını baha qiymətə satacaq. Nurlan ona maşının şəklini, vinkod məlumatlarını və s. onun mobil telefonuna atmağını bildirmişdir. Avtomobil artıq ABŞ-dan dəniz yolu ilə gələndə, maşın yolda ikən həmin avtomobilin şəklini, vinkod məlumatlarını Nurlana demişdir. Belə ki, onun işlədiyi servisə gəlmiş və ona bu barədə deyərək şəkilləri ona göstərmişdir. Nurlan maşına, vinkod məlumatlarına və s. mobil telefonda baxmışdır. Nurlan avtomobilin şəklinə baxandan sonra həmin maşına hansı ehtiyat hissələrinin lazım olduğunu ona demişdir. Eyni zamanda da bildirmişdir ki, maşın Azərbaycana gələnə kimi onun ehtiyat hissələrini sifariş edib gətizdirəcək. Nurlan hansı ehtiyat hissələrinin gətirmək lazım olduğunu, pulunu və usta haqqını ona demişdir. Avtomobili saz vəziyyətə gətirmək üçün bir kapot, iki qanad, qabaq bufer, iki fara, sükanın təhlükəsizlik yastığının alınmasınının lazım olduğunu demişdir. Həmin xərclər təxminən 5000 manata yaxın olmuşdur. Sonradan Nurlan ona təklif etmişdir ki, həmin maşına müştəri də tapacaq və satacaqlar. Nurlana demişdir ki, həmin pulu nağd və kartına köçürmə yolu ilə ona göndərəcək. Beləliklə də 2022-ci ilin avqust ayında Nurlanla onun işlədiyi servisdə söhbətləri olmuş və razılaşmışlar. Avtomobili 2022-ci ilin sentyabr ayının 2-də gətirib Nurlanın işlədiyi servisə qardaşı Nurlanla birlikdə qoymuşdur. Həmin maşının bütün xərclərini, yəni Azərbaycana gəlməsinin xərclərini özü ödəmişdir. 02 sentyabr 2022-ci ildə maşını qardaşı Nurlanın adına keçirmişdir. Belə ki, avtomobilin bütün xərclərini özü ödəsə də avtomobili qardaşının adına sənədləşdirmişdir. Maşını ora qoyanda Nurlan ona demişdir ki, avtomobili ona 2022-ci ilin oktyabr ayının sonuna kimi tam hazır vəziyyətdə təhvil verəcəkdir. İlk olaraq 06 avqust 2022-ci il tarixdə Nurlanın ona verdiyi kart nömrəsinə 170 manat, 09 avqust 2022-ci il tarixdə 88 manat, 23 avqust 2022-ci il tarixdə 1700 manat, 02 sentyabr 2022-ci il tarixdə 200 manat və 300 manat, 09 sentyabr 2022-ci il tarixdə 800 manat, 14 sentyabr 2022-ci il tarixdə 500 manat,12 noyabr 2022-ci il tarixdə 160 manat pul göndərmişdir. Sonuncu 780 manat pulu 2022-ci ilin noyabr ayının əvvəllərində Nurlana onun işlədiyi servisdə vermişdir. Ümumilikdə 4698 manat pulu Nurlana vermişdir. Həmin ərəfələrdə oktyabr ayında Nurlan ona demişdir ki, Rafiz adlı şəxs var, həmin maşını almaq istəyir. Nurlanın təkidindən sonra razılaşmış və ona demişdir ki, onları görüşdürsün. Nurlan, Rafiz və o Nərimanov metrosunun yaxınlığında «Montin» qəsəbəsində çayxanada görüşmüşlər. Rafizlə danışmış və maşını Nurlan tam təmir edəndən sonra 32000 manata maşını alacağına Rafiz razılaşmışdır. Hətta ona Rafiz 500 manat beh vermişdir. Rafiz demişdir ki, hansısa layihədən təxminən 15 günə əlinə pul gələcək və pul gələn kimi maşını olduğu kimi alacaq, təmiri ilə də özü məşğul olacaq. Sonradan Rafizlə danışmış, Rafiz demişdir ki, evlərindən oğurluq olub, başı qarışıqdır, bir həftəyə ödəniş edəcək. Bir həftə sonra da demişdir ki, xəstələnmişdir, reanimasiya şöbəsindədir, çıxıb ödənişi edəcək. Beləliklə də məsələ uzanmışdır. Nurlana yuxarıda qeyd etdiyi 780 manat pulu verəndə, avtomobil artıq servisdə olmamış, Nurlan əvvəlcə demişdir ki, maşın Honda servisdədir və oradan da aparacaq Bakıxanov qəsəbəsinə orada təmiri davam etdirəcək. Nurlana demişdir ki, oktyabr ayında maşını təmir edib qurtaracağını ona demiş, artıq noyabr ayıdır. Nurlan demişdir ki, artıq yekunlaşır. Nurlana demişdir ki, gedərik Bakıxanov qəsəbəsinə maşını göstərər. Nurlan razılaşmışdır. Bir neçə gün də keçmiş, o Bakıxanov qəsəbəsinə getmiş, Nurlana zəng vurmuşdur ki, maşının yerini göstərsin. Nurlan demişdir ki, darıxmasın maşını ona göstərəcək və bundan sonra Nurlan mobil telefonu söndürmüşdür. Daha sonra Rafizə zəng vurmuş, Rafiz də bildirmişdir ki, Nurlana zəng vurur, onun telefonuna zəng çatmır. Nurlanın qardaşı Maksimə zəng vurmuş, Maksim də demişdir ki, Nurlan nə avtoservisə, nə də evə gəlir. Nurlana zəng çatmadığını ona Maksim də demişdir. Bundan sonra şikayət ərizəsi ilə Binəqədi RPİ 5-ci PB-yə müraciət etmişdir. Müəyyən olmuşdur ki, onun avtomobili Novxanı qəsəbəsindədir. Belə ki, Nurlan həmin maşını Novxanı qəsəbəsindəki bağa, dostunun həyət evinə aparıb orada qoymuşdur. Həmin ünvana getmiş və görmüşdür ki, maşının üstündə olan ehtiyat hissələri də sökülmüşdür. Belə ki, 4 ədəd qapı, arxa baqaj, arxa bamper, arxa stop işıqları, alt katalizatoru, qabaq torpedo, qabaq sağ sol təhlükəsizlik yastıqları, iki ədəd təkər, maşının salonundakı oturacaqlar sökülmüşdür, mühərrik isə maşından çıxarılıb yerə qoyulmuşdur. Nurlan maşının akkumlyatorunu da sökmüşdür. Həmin ehtiyat hissələrinin təxmini qiyməti 15000 manat təşkil edir. Ona dəymiş maddi ziyanın məbləğini 22000 manat qiymətləndirir, çünki maşın ələ gəlmir, həmin maşının gətirilməsi də ona 22000 manata başa gəldiyinə görə həmin məbləğdə ona maddi ziyan dəymişdir. 22000 manatdan başqa da yuxarıda qeyd olunan 4700 manat. Beləliklə də ona Nurlan 26700 manat maddi ziyan vurmuşdur. Belə ki həmin avtomobil hazırda yararsız vəziyyətdədir. Təqsirləndirilən şəxs şikayətçidir, onun ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, «Avanqard» avtoservisdə rəngsaz işləyir. Nurlan qardaşıdır, o da həmin servisdə usta köməkçisi işləyir. 2022-ci ilin sentyabr ayında Fariz adlı şəxs Honda markalı avtomobili işlədikləri avtoservisə gətirmiş və təmir etdirmək üçün Nurlana vermişdir. Belə ki,onun öz müştərilərinin maşınları çox olduğu üçün başı həmin maşınların təmirinə, rənglənməsinə qarışmışdır. Nurlanla Farizin arasında həmin Honda markalı avtomobilin təmir olunması ilə bağlı onların işinə qarışmamışdır. Yalnız 2022-ci ilin noyabr ayında eşitmişdir ki, Nurlan Farizin həmin Honda markalı avtomobilini harasa aparıb, maşını düzəltməyib. Bu barədə ona Fariz bildirəndə o Nurlanla əlaqə saxlamağa çalışsa da, Nurlana zəng çatmamışdır. Nurlan artıq avtoservisə və evlərinə getməmişdir. Fariz ona demişdir ki, Nurlan onu aldadıb, bundan sonra Fariz şikayət ərizəsi ilə polisə müraciət emişdir. Nurlanın kartı olmadığı üçün öz kartının şəklini ona atmasını Nurlan ondan xahiş etmişdir. O da kartının şəklini Nurlana atmış, Fariz də həmin karta Nurlanın sözü ilə pul atdıqdan sonra Nurlan həmin pulları çıxarıb öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nurlanı 2022-ci ilin ortalarından tanıyır. 2022-ci ilin sonlarında Nurlan ona demişdir ki, maşın təmir etdirir və işlədiyi servisdə yer olmadığı üçün Honda markalı avtomobili onun evinin həyətinə qoymaq istəyir. Nurlan demişdir ki, iki-üç günə maşını aparacaq. Nurlanla razılaşmış və sonuncu evakuatorla həmin avtomobili gətirib onun yaşadığı evin həyətinə qoymuşdur. Avtomobilin üstü tentlə örtülü vəziyyətdə olmuşdur, bununla belə avtomobilin üzərində ehtiyat hissələrinin çoxu olmamışdır. Bir müddət avtomobil həyətdə qalmışdır. Sonradan bilmişdir ki, həmin avtomobili Nurlan təmir etmək adı ilə başqasından götürüb və ehtiyat hissələrini satıb. Avtomobil onun həyətində olanda Nurlan maşından heç bir ehtiyat hissələri sökməmiş, maşın sökülmüş vəziyyətdə həyətə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, avtomobil alıb satmaqla məşğul olur. Nurlanla orta məktəbdə bir yerdə oxumuşlar. Məktəbi bitirdikdən sonra demək olar ki, onu görməmişdir. 2022-ci ilin dekabr ayında Nərimanov rayonu ərazisində kafedə təsadüfən Nurlanı görmüş, Samir adlı tanışı ilə ora gəlmişlər. Söhbət əsnasında Nurlan bilmişdir ki, o avtomobil alqı satqısı ilə məşğul olur. Nurlan ona demişdir ki, tanışının Honda markalı avtomobili var, xaricdən gətizdirib. Həmin avtomobili özü yığacağını və satmaq istədiyini ona demişdir. Nurlan avtomobilin şəkillərini ona göstərmişdir, normal maşın olduğunu görmüşdür. Nurlan demişdir ki, avtomobili tam yığandan sonra satacaq. 32000 manata razılaşmışlar. Nurlana demişdir ki, tam yığılmış vəziyyətdə həmin qiymətə alar. Nurlan demişdir ki, avtomobilin sahibini onunla görüşdürəcək. Bir neçə gündən sonra həmin avtomobilin sahibi Fariz adlı şəxslə Nurlan həmin çayxanaya gəlmişlər. Söhbətləşərək 32000 manata razılaşmışlar. O 500 manat pulu Farizə beh kimi vermişdir. Nurlan demişdir ki, avtomobili hazırda təmir edir və təxminən bir aydan sonra avtomobil tam hazır vəziyyətə gətiriləcək və bundan sonra alqı-satqıya gedərlər. Sonradan onun evindən oğurluq olduğu üçün başı qarışmış, Nurlanla və Farizlə əlaqə saxlaya bilməmişdir. 2023-cü ilin yanvar ayında Nurlanla əlaqə saxlasa da ona zəng çatmamışdır. Farizlə danışmış, Fariz demişdir ki, Nurlana zəng çatmır, maşınının da harda olmasını bilmir, Nurlan maşını gizlədir. Nurlanın qardaşı Maksimlə danışmış, Maksim də demişdir ki, Nurlanı tapa bilmir, Nurlan evə də gəlmir. Sonradan bilmişdir ki, Nurlan Farizi aldadıb, maşını düzəltməyib, əksinə maşının üstündəki ehtiyat hissələrini də başqalarına ucuz qiymətə satıb. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuşdur (cild 1, i.v 88). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, i.v 98). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 101-102). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 126-130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 1272 saylı rəyindən görünür ki, X3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədilən vaxt və hal-hazırda öz hərəkətlərini dərk emək və onları idarə etmək iqtidarında olmuş,hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i.v 158-159). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2959 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, qərarda göstərilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan tarixə qiyməti ilə təxminən 11520 (on bir min beş yüz iyirmi) manat təşkil edir (cild 1, i.v 175-178). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi və göndərdiyi pullara dair qəbzlər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, “Honda İnsight (Hibrid) minik” markalı **-HB-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla duracaqda saxlanılır (cild 1, i.v 256-257). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yəxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 185-186). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şəxsi məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2010-cu il təvəllüdlü Azər və xx.xx.2015-ci il təvəllüdlü Fatimə adlı iki uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı ödəmədiyi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutlar – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi və göndərdiyi pullara dair qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, “Honda İnsight (Hibrid) minik” markalı **-HB-*** qeydiyyat nişanlı avtomobil (qalan hissəsi) zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. “Honda İnsight (Hibrid) minik” markalı **-HB-*** qeydiyyat nişanlı avtomobil (qalan hissəsi) zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Zərər çəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-603/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-603/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver