Məhkəmə qərarları › İş №1(001)-607/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-607/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-607/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Şəki rayonu, Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Pirşağı qəsəbəsində kirayədə yaşayan, barəsində "başqa barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, ünvanında "Rahat" marketin yaxınlığında aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs çənə nahiyyəsindən yumruqla vuraraq ona çənə sümüyünün sağ mental və sol oynaq çıxıntısının yerinidəyişmiş sınıqları kimi bədən xəsarətləri yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o fərdi evlərin çardağının təmiri ilə məşğul olur. Hadisə olan günü işdən çıxıb birlikdə işlədiyi X7 rayonunda yerləşən “Çempion” kafesi deyilən yerə gəlmişlər. Elşadgil spirtli içki alıb gətirmişlər. Həmin kafedə birlikdə içki qəbul etmişlər. Kafedə Vidadi, Gəray, Elşad, İsmayıl və o olmuşdur. Zərərçəkmiş şəxs daha əvvəl yaxından tanımamışdır. Həmin günə qədər cəmi iki dəfə görmüşdür. Onlara işi Gəray adlı şəxs tapıb vermiş və onlar da həmin işləri yerinə yetirmişlər. “Çempion” adlı kafedə spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul edəndən sonra Zərərçəkmiş şəxsla aralarında mübahisə başlamışdır. Mübahisəyə səbəb onun və İsmayılın işləri gec görməsi barədə Elşadın iradı olmuşdur. Belə ki, o 9-cu mikrorayonda bir evin üstünü təmir edirdi. Elşadın da bundan xəbəri olmuşdur. Elşadla o başqa başqa yerlərdə işləmişdir. Elşad ona işləri niyə tez görüb bitirməməsi barədə irad bildirmişdir. O isə Elşada həmin işin hündürlükdə olduğu üçün çətin olduğunu, onunla işləyən uşaqların təcrübələrinin az olduğunu bildirmişdir. Aralarında mübahisə də bu səbəbdən başlamışdır. İçkili olduqları üçün bir-birlərini başa düşməmişlər. “Çempion” adlı kafedə spirtli içki qəbul etdikdən sonra birlikdə Binəqədi rayonunda yerləşən “Rahat Market”in üstündəki kafeyə gəlmişlər. Orda da spirtli içki qəbul etmişlər. Həmin kafedə də Elşad yenidən işə görə irad bildirirək mübahisə etməyə başlamışdır. Bu zaman onunla birlikdə işləyən İsmayıl əlini stola vuraraq, söhbəti bağlamağı tələb etmişdir. Bu vaxt Elşad İsmayıla ondan böyük adamların əyləşdiyini, onun hərəkətinin yersiz olması barədə irad bildirmiş və buna görə onlar arasında mübahisə başlamışdır. Elşad İsmayılın qolundan tutub kafenin mətbəxinə tərəf aparmış və o da onların arxasınca getmək istəyəndə stolda oturanlar onu getməyə qoymayaraq özlərinin yoluna qoyub gələcəklərini bildirmişlər. Təxminən 10 dəqiqədən sonra qayıdanda Elşad bildirmişdir ki, İsmayılı başa salıb gətirdi. O isə İsmayılın uşaq olduğunu, onun 23 yaşının olduğunu, onu harasa aparmağının düzgün olmadığını, söhbəti qurtarmağını bildirmişdir. Elşad isə çox içkili olmuş və ona bildirmişdir ki, “istəyirsən səni də aparım başa salım”. Bundan sonra aralarında olan mübahisə artmışdır. Elşad onu aşağıya çağırdığı üçün iki dəfə liftin qapısına qədər getmişlər, lakin Gəray və digər şəxslər onların aşağı getməsinə icazə verməmişlər. Stolda çox mübahisə getdiyindən digər şəxslər artıq çıxıb getmişlər. Elşad yenidən onu aşağı aparmışdır. Aşağı aparakən Elşad ona “düşək aşağı səni başa salacam” demişdir. Aşağı düşüb marketin küncündə qaranlıqda bir birlərindən bir metr məsafədə dayanmışlar. Elşad yenidən həmin işə görə mübahisə etməyə başlamış və sağ əli cibində ona tərəf yaxınlaşmış və tam üzbəüz dayanmışlar. Elşadı əvvəlcədən yaxşı tanımadığından və necə insan olmasını bilmədiyindən onun üstündə silah olmasından və ona xəsarət yetirməsindən qorxduğu üçün Elşadın bir dəfə çənəsindən yumuruqla vurmuşdur. Daha sonra oturduğu şəxslərə Elşadı vurduğunu bildirərək evə getmişdir. Səhər işə gələndə Elşadın necə olduğunu soruşmuş, ona Elşadı aparıb evə qoyduqlarını bildirmişlər. Beş gün sonra Elşadın xəstəxanaya aparıldığını, xəsarət aldığını öyrənmişdir. İndiyə kimi heç kimi vurmadığını, heç kimin ondan narazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə hadisənin istəməyərəkdən baş verdiyini, onu bu hadisəyə qarşı tərəfin məcbur etdiyini və əsəbləşərək bu hadisəni etdiyini, hadisədən sonra bu günə kimi zərəçəkən şəxsin bütün xərclərini çəkdiyini, dəymiş ziyanı ödədiyini, əməlində xuliqanlıq niyyətinin olmadığını, evin tək oğlu olduğunu, yeganə qazanc gətirən şəxs olduğunu, valideyinlərinin yaşlı olmasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vidadi adlı şəxslə başqa yerdə işləmişlər. Nurlan, İsmayıl və Gəray onlar işlədiyi yerə gəlmişdir. Onlara «Çempion» kafesinin sahibi demişdir ki, yaxınlaşsınlar kafeyə və oradan gördükləri işin pulunu götürsünlər. Onlar ora gəlmiş, sonra o və Vidadi gedib araq almışlar. Orada yeyib-içdikdən sonra Rahat marketin üstündəki kafeyə getmişlər. Oturub söhbət etmişlər. O, Nurlanı təxmini 2 dəfə görmüş, bir az iş barəsində danışmışlar. Bu zaman İsmayıl əlini stola vurmuşdur. Orada da böyüklər oturduğundan İsmayıla bildirmişdir ki, burada böyüklər var. Həmin yer səs-küylü olmuş, ona görə də rahat söhbət etmək üçün İsmayılla qırağa çəkilmişdir. Söhbət zamanı da İsmayıla irad bildirmişdir ki, stolda ondan böyüklər olmasına baxmayaraq əlini stola vurur. Sakitçiliklə İsmayılla söhbət etmişdir. Daha sonra geri qayıtmışlar. Nurlan da ona bildirmişdir ki, İsmayıl ondan balacadı, cavandı. O da Nurlana bildirmişdir ki, danışaraq hər şeyi başa salmışdır. Sonra iş barəsində yenə Nurlanla danışmışdır. Aşağıya getməklərinin səbəbi isə həmin yerin çox səs-küylü olması olmuşdur. Orada bir-birilərini nə təhqir etməmiş, nə də dava etməmişlər. Sadəcə danışmaq üçün aşağı düşmüşlər. Rahat marketin tinində dayanmışlar. Özü və Nurlan içkili olmuşdur. Qış ayı olduğundan əli cibində olmuşdur. Onun dava etmək niyyəti olsa idi əli çöldə olardı. O Nurlana demişdir ki, düşüb aşağıda söhbət etsinlər. Artıq hamı dağılışırdı və onlar da aşağı düşmüşlər. Hər şey anidən baş vermiş və o özündən getmişdir. Onu oradan bərbər qaldırmışdır. 5-6 gün sonra xəstəxanada çənəsinin iki yerdən sındığını bilmişdir. Ona dəymiş ziyan ödənilib, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Nurlan onu vurarkən yanlarında heç kim olmamışdır. Mübahisələri olmamış, bir-birilərinə bərk qışqırmamış və ya yaxalarından tutmamışlar, təhqir də etməmişlər. Onun cibində bıçaq və ya başqa bir şey olmamışdır. Mübahisə zamanı aşağı düşmək üçün bir dəfə liftlə getmək istəslər də, Gəray onları geri qaytarmışdır. Onlar liftə çatanda liftdən Gərayla bir nəfər çıxmış, Gəraya bildirmişlər ki, aşağı düşürlər. Gəray da onlara demişdir ki, lazım deyil, stolda oturun bir azdan düşərlər. Marketin tininə keçəndə yanlarında kimsə olmamış, ikisi olmuşlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Elşadla birlikdə işləyir. İşlərini qutardıqdan sonra “Çempion” kafesinə gəlib oturmuşlar. Nurlan da ora gəlmiş, oturub yeyib içmişlər. Orada onların arasında bir az mübahisə olmuşdur. Daha sonra Rahat marketin üstündəki kafeyə getmişlər. Orda da onların arasında mühabisə davam etmişdir. Aşağı düşmüşlər. O heç dava söhbətini bilməmiş, siqaret almağa getmişdir. Qayıtdıqdan sonra Elşaddan nə olduğunu soruşmuş, o da yıxıldığını demişdir. Elşadı avtomobilə qoyub, evə gətirmişlər. Daha sonra öyrənmişdir ki, Elşad vurulmuşdur. Elşadla Nurlan stolda mübahisə edəndən sonra hansının aşağı düşməyi təklif etməsini eşitməmişdir. Elşadla Nurlanın arasında böyük bir mübahisə olmamış, liftə qədər 2 dəfə gedib qayıtmalarını isə həmin vaxtı içkili olduğu üçün xatırlaya bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar fəhləliklə məşğul olurlar. “Çempion” adlı kafenin sahibinin işini görmüşlər. Həmin şəxs də onlara qonaqlıq verəcəyini bildirdiyindən həmin kafeyə gəlmişlər. Kafedə spirtli içki verilmədiyindən qardaşı Vidadi və Elşad araq alıb gətirmişlər. Orda bir az spirtli içki içmiş, sonra Binəqədi rayonunda yerləşən “Rahat Market”in yuxarı hissəsindəki kafedə oturmuşlar. Mübahisə həmin yerdə başlamışdır. Mübahisənin səbəbi Nurlanın təmir işlərini gec görməsi ilə bağlı Elşadın iradı olmuşdur. Elşadla Nurlan arasında mübahisə olanda 3- 4 dəfə onları sakitləşdirmişdir. Əsas mübahisəni Elşad etmişdir. Hətta Elşad bir ara İsmayıl adlı şəxslə də mübahisə etmiş, Elşad çox bərk içkili olmuşdur. Onlar çalışmışdır ki, Elşad çay içib ayılsın, götürüb Elşadı evə aparsınlar. Aşağı düşmüşlər və o marketə getmişdir. Marketdən çıxandan sonra görmüşdür ki, Elşad yerdə uzanıb. Onu qaldırmış və nə olmasını soruşmuşdur. Ondan başqa bir nəfər də kömək etmiş və Elşadı qaldırmışlar. Elşad həmin vaxt yıxıldığını bildirmişdir. Bundan sonra Elşadı avtomobillə aparıb evinə düşürmüşlər. Səhəri gün Elşadı yenə görmüş və nə olduğunu soruşduqda Elşad yenə yıxıldığını bildirmişdir. Birinci mübahisə İsmayıl və Elşad arasında olmuş, həttta qırağa çəkilib söhbət də etmişlər. Nurlanla Elşad arasında mübahisə olmuş, Elşad bildirmişdir ki, İsmayılı başa salıb gətirmiş, indi Nurlanı da başa salacaqdır. Bir dəfə onları liftin qapısından geri qaytarmışdır ki, getməsinlər, gəlib otursunlar. Oturduqdan sonra yenə mübahisə baş verməmişdir. Elşadın İsmayılı kənara çəkib nə deməyini dəqiq bilmir. Elşad spirtli içki içdikdən sonra özünü idarə edə bilmir. Nurlanın götürdüyü evin üstünün təmirini gecikdirməsi ilə bağlı Elşad onunla mübahisə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həmin məhllədə bərbər olaraq çalışır. Axşam təxminən saat 11 radələrində uşağı ilə birlikdə məhəllədə dükana getmək üçün yuxarı qalxarkən kiminsə yerə yıxıldığını gördüyündən yaxınlaşıb ona kömək edərək yerdən qaldırmışdır. Elşad qonşuluqda yaşamış, əvvəlcədən Elşadı tanımışdır. Qaldırdıqdan sonra Elşad yaxşı olduğunu bildirmiş, o da uşaqla olduğundan çıxıb getmişdir. Köməyə başqa heç kim gəlməmişdir. Elşadı ilk dəfə idi ki, həmin vəziyyətdə görürmüşdür. Elşad bildirmişdir ki, yıxılmışdır. Uşaq yanında olduğu üçün çox suallar verməmiş, Elşadın üzərində xəsarət görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, keçən ilin qış ayı Nurlanla birlikdə işləmişlər. Gəray adlı şəxs onlara pul verəcəyi üçün Binəqədi ərazisində “Çempion” deyilən kafeyə gəlmişlər. Eyni zamanda Vidadi və Elşad da ora gəlmişdir. O və Nurlan birlikdə başqa yerdə işləmişlər. Kafedə ilk öncə Elşad, Nurlan, o və Vidadi oturmuşlar. Vidadi və Elşad bildirmişdir ki, araq alıb gətirsinlər və içsinlər. Onların isə içmək niyyəti olmamış, pulu alıb evə getmək istəmişlər. Lakin Elşad içmək istədiyindən Gəraydan pul götürüb araq alıb gətirmişdir. Elə orada yeyib-içmişlər. Daha sonra işdən söhbət düşmüş, Gəray narazçılıq etmişdir ki, işi tez qutarsınlar. Elşad onları hələ tam tanımamışdır. Elşad acı şəkildə və kobudca bildirmişdir ki, “işi niyə tez qutarmırsız, siz orada işləmirsiz.” Nurlan həmin vaxt heç nə deməmişdir. Elşad çox içkili olduğundan onu orada bir şəkildə yola vermişlər. Həmin yerdən çıxdıqdan sonra “Rahat Market”in üstündəki çayxanaya gəlmişlər. Orda oturub söhbət etmişlər. Bir az spirtli içki içdikdən sonra həmin söhbət yenidən başlamışdır. O da həmin zaman əsəbləşmiş və əlini stola vuraraq “bəsdir söhbəti bağla və sən bizdən nə istiyirsən” demişdir. Bu zaman Elşad onun qoluna girmiş, Nurlan bu vaxtı heç bir şey deməmiş və sakit durub baxmışdır. Elşad onu mətbəxə aparıb, orada onu təhqir etmiş, Elşad çox içkili olduğundan ona heç nə deməmişdir. Elşada bildirmişdir ki, içkilidir, yola salsınlar, evə getsin. Elşad da ona əlini stola vurduğu üçün iradını bildirmişdir. Daha sonra mətbəxdən çıxıb geri qayıtmışlar. Qayıdan zaman qoluna girmiş və stola çatdıqda Gərayın yanında bildirmişdir ki, birini aparıb başa salmış və növbə ikincinindir. Daha sonra Nurlana demişdir ki, istiyirsən aparım səni də başa salım. Nurlan da ona bildirmişdir ki, “yerində otur, içkilisən, ya da çıx get.” Bundan sonra Nurlanın qolundan tutmuş, onu “başa salacağını” bildirmişdir. Gəray isə onlara yerlərində oturmaqlarını demişdir. Nurlan da yerində oturmuş və söhbət etməyə başlamışlar. Həmin zaman telefonla danışmış, daha sonra Elşad bir də Nurlana bildirmişdir ki, özünü yaxşı aparmır, Nurlandan qolu zorlu oğlandır. Bir dəfə Nurlanla Elşadı liftin yanından geri qaytarmışlar. Artıq axırıncı dəfə hamı dağılışıb, öz evinə gedəndə Elşad Nurlanın qoluna girmiş və demişdir ki, gəlsin söhbət edəcəklər. Aşağı düşmüşlər və sonra nə olduğunu görməmişdir. Eşitmişdir ki, Elşad yıxılıb, özü də bunu təsdiq etmişdir. Hadisədən 2-3 gün sonra bilmişdir ki, Nurlan Elşadı vurmuşdur. Elşadla mətbəxdən qayıtdıqdan sonra Nurlan Elşada bildirmişdir ki, İsmayıl hələ uşaqdır. Elşad bir az onun yaxasından tutub silkələmiş, içkili olduğu üçün Elşada heç bir şey etməmişdir. Nurlan sadəcə ona demişdir ki, başa salacağn adam oğlun yaşındadır, qazi adamdır, onunla nə işi var. Əvvəllər Elşadın adını eşitsə də, özünü tanımamışdır. Nurlan hətta Elşad onu aparanda qoymamışdır. O da Nurlana bildirmişdir ki, sözü var bəlkə, burada demək mümkün deyil. Mübahisə iş söhbəti üstündə olmuşdur. Elşad Nurlanla dalaşmaq fikrində olmuşdur. Bunu onun əl qol hərəkətlərindən hiss etmişdir. Aşağıda heç bir şey görməmişdir. Mübahisəni birinci Elşad başlatmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Hadisə noyabrın 28-də baş vermişdir. Bu hadisədən 4-5 gün sonra xəbər tutmuşdur. Elşad ona zəng etmişdir ki, dayısı oğlu onu vurmuşdur. O da gedib, Elşadla görüşmüşdür. Onu həkimə aparmışdır. Orada bilmişlər ki, Elşadın çənə sümüyü zədələnmişdir, müalicə olunmalıdır. Həkim onu əməliyyat etmişdir. İlkin olaraq 1100 manat köməklik etmişdir. Aralarında da danışıq olmuşdur ki, dəyən ziyanı və müalicəsini elətdirəcəkdir. Buna görə də Elşad şikayət etməyəcəkdi. 1100 manatdan sonra 100 manat da onun analizlərinə vermişdir. Daha sonra onun dərmanlarına 300-400 manat pul xərcləmişdir. Bundan sonra bildirmişdir ki, işləmir 500 manat borcu var və o da Elşada həmin pulu vermişdir. Daha sonra Elşad bildirmişdir ki, 2 uşağa görə aliment ödəyir və 600 manat pul verilməlidir. Həmin məbləği də vermişdir. Bunun ardınca aradan 2 gün keçdikdən sonra Elşad zəng etmiş və bildirmişdir ki, 600 manat yenədə pul lazımdır. O da bildirmişdir ki, ayın axırına kimi möhlət verilsin, pulu düzəldib versin. O isə bununla razılaşmamış, daha sonra 3 gün keçdikdən sonra zəng gəlmişdir ki, Nurlandan şikayət vardır. 43-cü Polis Bölməsindən zəng edib onları çağırmışlar və o da Nurlanı götürüb ora getmişdir. Barışıq ərizəsi veriləndə də 2000 manat vermişdir. Bundan sonra Elşad ərizə yazaraq şikayətini geri götürmüşdür. Ümumilikdə Elşada 4700 və ya 4800 manat vermişdir. Son dəfə 2000 manatı nə vaxt verdiyi dəqiq yadında deyil, lakin polisdə araşdırma aparılarkən vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5» X9 xx.xx.2023-cü il tarixli, 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət- çənə sümüyünün sağ mental və sol oynaq çıxıntısının yerinidəyişmiş sınıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər və dərəcələrinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa-az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (yumruq və.s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi. Şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. (i.v 32-34) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 41-42) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v 55-56) xx.xx.2023-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət törətmiş şəxsin yeri müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 60-61) xx.xx.2023-cü il tarixli “Cinayət işinin ibtidai istintaqının təzələnməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnərək, icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v 64) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 87-88) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 91) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs xəstə olduğundan icraat dayandırılmışdır. (i.v 112) xx.xx.2023-cü il tarixli “Cinayət işinin ibtidai istintaqının təzələnməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnərək, icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v 114) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərini təsdiq etmiş, əməlindən səmimi peşman olmasını bildirmişdir. (i.v 116-117) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertiza rəyi işin faktiki hallara uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. (i.v 122-126) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v 129-130) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayəti yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid2, Şahid1 və X4 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən «Çempion» kafesində görüşərək spirtli içki qəbul etmiş, Zərərçəkmiş şəxs heç bir səlahiyyəti və hüququ olmadan Təqsirləndirilən şəxs və Əliyev İsmayıla işlərini gec görməsi ilə bağlı əsassız irad bildirmiş, onlar arasında sözlü mübahisə yaranmışdır. Daha sonra həmin kafedən çıxaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3 ünvanında “Rahat” Marketin üzərində yerləşən çay evinə gedərək orada da spirtli içiki qəbul etmişlər, həmin yerdə də Zərərçəkmiş şəxs tərəfindən yenidən Təqsirləndirilən şəxs və İsmayıl Əliyevə işlərini gec görmələri ilə bağlı əsassız iradlar bildirmiş, bu iradlara etiraz edən X10 Əsgərov kənara çəkərək ona əsassız iradlar bildirmiş, Zərərçəkmiş şəxs içkili olduğundan İsmayıl Əliyev ona cavab verməmiş, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iki dəfə söhbət etmək adıyla aşağı aparmaq istəmiş, lakin orda olan Şahid1 tərəfindən onların aşağı düşmələrinin qarşısı alınmşdır. Daha sonra Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs söhbət etmək adıyla Rahat marketin kənarına, heç kimin olmadığı qaranlıq yerə aparmış, orda aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çənə nahiyyəsinə yumuruqla bir dəfə zərbə vuraraq ona az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və ordan uzaqlaşmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 28 noyabr 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs heç bir huququ və səlahiyyəti olmadan Təqsirləndirilən şəxs və İ.Əliyevə işlərini gec görməsi ilə bağlı irad bildirməsi və onun təşəbbüsü ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi təqsirləndirilən və zəzərçəmiş şəxs arasında yanmış mübahisə olması göstərilsə də, istintaq orqanı tərəfindən həmin mübahisənin təşəbbüskarının kim olması, hadisənin törədilmə yeri və şəraiti, cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kim qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisənin gedişində onun sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, şahidlərin ifadələri, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübutlar toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun əsas insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Eyni zamanda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin həmin mübahisə zamanı İsmayıl adlı şəxsin də orda olmasını bildirməklərinə baxmayaraq istintaq tərəfindən adı qeyd edilən X4 müəyyən edilərək dindirilməmiş, bu istiqamətdə hər hansı hərəkət edilməmişdir. Halbu ki, istintaq orqanı tərəfindən hadisənin şahidi omuş İsmayıl Əliyev dindirilsəydi təqsilərndirilən şəxsin əməlinə daha düzgün qiymət verilmiş olardı. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsi ilə baş vermiş mübahisənin səbəbkarının Zərərçəkmiş şəxs olduğu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisəsindən əvvəl onunla da mübahisə etdiyi və baş vermiş mübahisənin səbəbkarının məhz zərərçəkmiş şəxsin yəni Zərərçəkmiş şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham təkzib olunmaqla təqsirləndirilən şəxsin ifadəsi şahid ifadələri ilə təsdiq olunur və üst-üstə düşür. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə, əslində mübahisənin iş üzrə Zərərçəkmiş şəxs heç bir səlahiyyəti və hüququ olmadan, onun nəzarəti altında çalışmayan təqsirləndirilən şəxsə işlərini gec görməsi ilə bağlı əsassız iradlara görə mübahisənin başlanmasını, onun ikrah hissi yaradan ifadələr işlətməsini nəzərə alır, bu səbəbdən də qeyd edilənlərin hadisənin baş verməsində əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, X3 hərəkətləri nəticəsində, hətta hadisənin gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, bu xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun qanunsuz və əsassız iradlarına, “səni də başa salaram” kimi ikrah hissi yaradan hərəkət və ifadələrə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işin faktik hallarına əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümum qəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, zərəçəkən şəxsin əsassız iradları nəticəsində və onun tərəfindən başlanmış mübahisə zamanı bir dəfə yumruq vurmaqla zəzərçəkən şəxsə xəsarət yetirdiyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, iş üzrə əsas şahid olan X2 dindirmədən, baş vermiş mübahisənin səbəkarının zərəçəkən Zərərçəkmiş şəxs olmasına əhəmiyyət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin iş üzrə icraata xitam verilməsi barədə xahişini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 31 (otuz bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 31 (otuz bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar